Əbu Bəkr (1191-1210) çıxdı. Lakin Azərbaycandan başqa digər əyalətləri idarə edən qardaşları ona tabe olmaqdan imtina etdilər. Mərkəzi hakimiyyəti ələ keçirmək üçün ara müharibələrinə başladılar. Bu da dövləti zəiflətdi.
Şirvanşah I Axsitan kürəkəni olan Məhəmməd Cahan Pəhləvanın digər oğlu Əmir Əmiran Ömərə qoşun verdi. Gürcü çariçası Tamar da ona hərbi qüvvə ilə yardım etdi. Birləşmiş Şirvan-gürcü qoşunları 1194-cü ildə Şəmkir və Beyləqan döyüşlərində Əbu Bəkrin ordusunu məğlub etdilər, Gəncəni mühasirəyə aldılar. Gəncə əhalisi Əmir Əmiran Ömərin tabe olmaq tələbinə belə cavab verdi: “Əgər sən üstümüzə tək gəlsəydin, şəhəri təslim edərdik. Lakin sən bir yığın kafirlə gəldiyin üçün bunu etməyəcəyik.” Əmir Əmiran Ömər hiylə ilə Gəncəni tuta bildi. Gürcü qoşunları Azərbaycanı tərk etdikdə gəncəlilər onu öldürüb şəhəri yenidən Əbu Bəkrə tabe etdilər. Gürcü qoşunu 1203-cü ildə Dəbili qarət etdi. 1210-cu ildə isə daha böyük qüvvə ilə hücüm etdi, Naxçıvanı tuta bilməsə də, Mərənd, Miyanə, Zəncan, Ərdəbil və Qəzvin şəhərlərini qarət edib, əhalisini qılıncdan keçirdi. Yalnız Təbriz hakimi çoxlu pul və sənətkarlıq məhsulu verməklə şəhəri dağıntıdan qurtardı. Eldənizlərin son hökmdarı Özbəyin (1210-1225) dövründə daxili çəkişmələr daha da gücləndi və dövlətin suqutu sürətləndi.