Rəvvadilər dövləti (981-1054). Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə sonuncu Salari hökmdarını devirib yeni - Rəvvadilər dövlətinin əsasını qoydu. Rəvvadilər sülaləsi ərəb mənşəli olsa da, sonrakı dövrdə yerli əhali ilə qaynayıb qarışdı. Rəvvadilər dövlətinə Azərbaycanın cənub torpaqları daxil idi, şimalda isə Muğan hakimliyini asılı hala salmışdı. 1028-ci ildə Rəvvadi hökmdarının icazəsi ilə 2 min oğuz türklərinə mənsub ailə Cənubi Azərbaycanda məskən saldı. Ardınca yeni-yeni oğuz ailələri axın etdi. Oğuz axınları Bizansın və erməni-gürcü feodallarının basqınlarının qarşısını almaqda yardım etdi, Azərbaycan türklərinin mövqeyini möhkəmləndirdi. Rəvvadilər dövlətin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Çünki, Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadı, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli coğrafi mövqedə yerləşmişdi. 1054-cü ildə Səlcuq yürüşləri nəticəsində Rəvvadilər dövləti asılı hala düşdü.