Azərbaycan IX əsrin II yarısı – XI əsrin ortalarında
IX əsrdə Ərəb xilafəti zəiflədi. Buna səbəb: 1)feodal münasibətlərinin inkişafı nəticəsində əyalət hakimlərinin mövqeyinin qüvvətlənməsi, müstəqilliyinin artması; 2)feodal zülmünə və ərəb əsarətinə qarşı mübarizənin geniş miqyas alması idi. İmperiyanın ucqarlarında əmirliklər tədricən mərkəzi hakimiyyətdən uzaqlaşır, müstəqil siyasət yeritməyə başlayırdılar. Belə bir şəraitdə Azərbaycanda siyasi oyanış başlandı, müstəqil dövlətlər yarandı.
Şirvanşahlar dövləti (861-1538). Şirvan ilk vaxtlar Azərbaycanın şimal şərqində kiçik bir vilayət idi və Dərbənddən Kür çayına qədər Xəzəryanı torpaqları əhatə edirdi. Bu vilayətin mərkəzi Xəzər sahilində Şirvan şəhəri idi. Vilayət, sonra da dövlət adını bu şəhərdən almışdır. Şirvanşahlar dövlətinin yaradıcısı Heysam ibn Xalid ərəb mənşəli Məzyədi sülaləsindən olduğu üçün bu dövlət Məzyədilər dövləti də adlanırdı. VIII əsrin sonunda Yezid ibn Məzyəd Cənubi Qafqaza əmir təyin edildi. O, Suriyadan və Misirdən Azərbaycana çoxlu ərəb ailəsi köçürdü, Aranda (Ərəb ağalığı dövründə Arazdan şimaldakı Azərbaycan ərazisi Aran (Arran) adlandı, Albaniya adı isə təkcə Dağlıq Qarabağa şamil edildi), Şirvanda və Dərbənddə ərəblərə çoxlu torpaq mülkləri bağışladı. Məzyədilər Aranda mərkəzi Bərdə olan yarımüstəqil dövlət yaratdılar. Bərdə əmirliyinə bütün Cənubi Qafqazdakı ərəb mülkləri, o cümlədən indiki Ermənistan daxil idi. 859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirib əmirliyin mərkəzini buraya köçürdü. 861-ci ildə Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid Şirvanı müstəqil elan etdi və şirvanşah titulu qəbul etdi. 917-ci ildə Lahicanşahlıq Şirvanşahlar dövlətinə tabe edildi. 918-ci ildə isə dövlətin paytaxtı oradakı Şamaxı (Yezidiyyə) şəhərinə köçürüldü. Şirvanşahlar dövləti 981-ci ildə Qəbələni, 982-ci ildə Bərdəni, 988-ci ildə Dərbəndi ələ keçirdi. Dərbənd əmirliyini idarə edən ərəb əsilli Haşimilər sülaləsi şirvanşaha tabe oldu. Şirvanşahlar Dərbənd səddini və şəhərin qala divarlarını təmir edib möhkəmləndirdilər. Daha sonra Tabasaran və Şəki hakimləri tabe edildi. Şirvanşahlar dövlətinin yaranmasının tarixi əhəmiyyəti: 1)qədim dövlətçilik ənənələrinin dirçəldilməsi; 2)Dərbənd keçidinin möhkəmləndirilməsi nəticəsində şimaldan yadelli hücumlarına qarşı mübarizənin asanlaşması idi.
Sacilər dövləti (879-941). Sacilər türk mənşəli sülalə idi. Bu sülalənin mənsub olduğu türk tayfaları Xilafət tərəfindən Mərkəzi Asiyadan Bizansla sərhəd bölgələrinə köçürülmüşdü. Bizansla sərhəddi qoruyan bu tayfalar Xilafət ordusunda çox mühüm rol oynayırdılar. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad Xilafət ordusunun çox məşhur sərkərdəsi idi və xəlifə Cənubi Azərbaycanı ona mülk kimi vermişdi. Onun oğulları Cənubi Azərbaycanı müstəqil idarə etməyə başladılar. IX əsrin sonunda Məhəmməd Əbu Sac öz adından pul kəsdirdi, qardaşı Yusif ibn Əbu Sac isə 912-ci ildən Xilafət xəzinəsinə xərac göndərməyi dayandırdı. İndiki Ermənistanı, Tiflis əmirliyini və Şərqi Gürcüstanın digər ərazilərini, Şirvanşahlar dövlətini Sacilər dövlətinə tabe etdi. Dərbənddən Zəncana qədər bütün Azərbaycan ərazisi tarixdə ilk dəfə türk sülaləsinin hakimiyyəti altında vahid dövlətdə birləşdirildi. Bu da bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir etdi. Onun dövründə Dərbənd səddi, şəhərin uçub-dağılmış hissələri təmir edildi. Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra Ərdəbil idi.
Dostları ilə paylaş: |