Salarilər dövləti (941-981). Deyləm hakimi Mərzban ibn Məhəmməd Sacilər dövləti daxilində feodal qrupları arasında çəkişmələrdən istifadə edərək 941-ci ildə Ərdəbili tutub, sonuncu Saci hökmdarını taxtdan saldı. Mərzban ibn Məhəmməd Salarilər sülaləsindən olduğu üçün yaratdığı dövlət Salarilər dövləti adını aldı. Paytaxtı Ərdəbil şəhəri idi. Salarilər dövləti az sonra Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini özündən asılı hala saldı. İndiki Ermənistan və Şərqi Gürcüstan ərazisini özünə tabe etdi. Salari dövlətinin ərazisi Dər-bənd keçidindən Dəclə və Fərat çaylarının yuxarılarına qədər uzanırdı. Bu zaman yenidən bütün Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi. Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. X əsrin 60-70-ci illərində feodal ara müharibələri, hərc-mərclik gücləndi, bu da Salarilər dövlətinin süqutunu sürətləndirdi.