Ərəblərin idarəçilik, vergi, torpaq və köçürmə siyasəti.
Ərəblərinyəti dövründə Azərbaycanda torpaq üzərində mülkiyyətin beş forması mövcud idi. Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət torpaqları idi. Belə torpaqlar divan və ya xəlifə torpağı adlanırdı. Varisi ölən Şəxslərin, əməllərinə görə vəzifəsindən qovulan məmurların torpağı divan torpağına qatılırdı. Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri iqta idi.
İqtanın iki forması mövcud idi. Onlardan biri bağışlanan iqta idi ki, o, sahibinin Şəxsi mülkiyyətinə çevrilə bilir və nəsildən-nəslə keçirdi. Bağışlanan (xüsusi) iqta Şairlərə və xüsusi istedadlı şəxlərə və dövlət qarşısında böyük xidməti olan adamlara verilirdi. İqtanın formalarından biri də icarə edilən iqta idi ki, onu hərbiçilərə verirdilər. Bu cür torpaqlar irsən keçə bilməz, lazım gəldikdə isə geri alına bilərdı. Azərbaycanda yerli feodalların irsi mülkiyyətində olan torpaq mülkləri qalmaqda idi. Ərəb mənbələrində belə torpaqlar mülk, onun sahibi isə malik adlanırdı. Torpaq üzərindəki mülkiyyət formalarından biri vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və Mədinə kimi müqəddəs şəhərlər üçün, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Həmin torpaqlarda məscidlər və müqəddəslərin şərəfinə türbələr tikilirdi.Vəqf torpaqları müsəlman dini idarələrinin ixtiyarında idi. “Allahın mülkiyyəti” hesab edilən vəqf torpağı icarəyə verilsə də, onu nə satmaq, nə almaq, nə də xüsusi mülkiyyətə keçirmək olmazdı. İcarəyə verilmiş vəqf torpağı üç il əkilməyib istifadəsiz qalsa torpaq həmin adamın əlindən geri alınırdı. Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbistanlıqlar və s. icma torpaqlarına daxil idi. Ərəblər başqa məsələlərdə olduğu kimi, Sasanilərin vergi qaydasını bəzi dəyişikliklər etməklə qüvvədə saxladılar. Əməvilər sülaləsinə qədər birinci dörd xəlifəinin dövründə vergilər xeyli yüngül idi. Həmdə Sasanilərdən fərqli olaraq vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən alırdılar. Azərbaycanda əhalinin bir qismi xristian olduğundan xəlifənin xəzinəsinə iki adda vergi: xərac və cizyə verilirdi. Müsəlmanlar cizyə vergisindən azad idilər. Xristianları itaətdə saxlamaqda xilafətə kömək etdiklərinə görə keşişlər və kilsə vergidən azad edilir və dövlət tərəfindən himayə olunurdu. Dördüncü xəlifə Əli ibn Əbu Talib vergilərin tonlanmasına dair ədalətli göstəriş verərək, əsas diqqəti xəracı yığmağa deyil, torpağı səmərəli şəkildə əkib-becərməyə yönəldirdi. Əməvilər sülaləsindən xəlifə Hişamın dövründə vergilərin alınması qaydasında dəyişiklik edildi. Onun göstərişi ilə 725-ci ildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı, vaxtilə ləğv edilmiş bəzi vergilər bərpa edildi. Bir sıra yeni - sənət məmulatı, kəbin kağızı və s. adda vergilər tətbiq olundu. Hətta rahiblərdən cizyə vergisi alındı, onun məbləği artırıldı. Abbasilərin dövründə (750-1258) vergi qaydasında yeni dəyişiklik edildi. Torpağın əkiib-əkilməməsindən asılı olmayaraq vergi alınmağa başlandı. Xəlifə Mehdi vergiləri bir qədər yüngülləşdirdi. Verginin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun dörddə birindən yarısına qədər müəyyən edildi. Qəddarlığı ilə bütün xəlifələrdən seçilən Harun-ər-Rəşidin dövründə (786-809) vergilər yenidən artırıldı. Azərbaycanın cənub hissəindən ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi alınırdı. Zimmilər (xristianlar) daha çox vergi verirdilər. Vergilər təkcə xəracdan və cizyədən ibarət deyildi. İnsanın mənfəətləndiyi bütün sahələrdən, müharibə zamanı əldə edilən hərbi qənimətlərdən, əsirlərdən, daşına bilən əmlakdan xüms (beşdə bir) deyilən vergi alınırdı. Bundan başqa, mal-qaradan, əkin və meyvədən, qızıl və gümüşdən zəkat (sədəqə) vergisi alınırdı. Zəkat ruhanilərin, yetimlərin, şikəstlərin və əlacsızların ehtiyacına sərf olunurdu.