Salarilər dövləti (941-981). Deyləm hakimi Mərzban ibn Məhəmməd Sacilər dövləti daxilində feodal qrupları arasında çəkişmələrdən istifadə edərək 941-ci ildəƏrdəbili tutub, sonuncu Saci hökmdarını taxtdan saldı. Mərzban ibn Məhəmməd Salarilər sülaləsindən olduğu üçün yaratdığı dövlət Salarilər dövləti adını aldı. Paytaxtı Ərdəbil şəhəri idi. Salarilər dövləti az sonra Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini özündən asılı hala saldı. İndiki Ermənistan və Şərqi Gürcüstan ərazisini özünə tabe etdi. Salari dövlətinin ərazisi Dər-bənd keçidindən Dəclə və Fərat çaylarının yuxarılarına qədər uzanırdı. Bu zaman yenidən bütün Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi. Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. X əsrin 60-70-ci illərində feodal ara müharibələri, hərc-mərclik gücləndi, bu da Salarilər dövlətinin süqutunu sürətləndirdi.