Nəhmətova Bəhruzə Adil qızı
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının magistrantı
İctimai diplomatiya xarici siyasətin həyata keçirilməsi vasitəsi kimi
Açar sözlər: xarici siyasət, ictimai diplomatiya, “yumşaq güc”, beynəlxalq münasibətlər, ənənəvi diplomatiya
Ключевые слова: внешняя политика, публичная дипломатия, "мягкая сила", международные отношения, традиционной дипломатии
Key words: foreign policy, public diplomacy, “soft power”, international relations, traditional diplomacy
“Soyuq müharibə”nin başa çatmasından sonra formalaşan yeni beynəlxalq münasibətlər sisteminin xarakteri və aktorları dəyişmiş, ictimai diplomatiya xarici siyasəti həyata keçirməyin vasitələrindən birinə çevrilmişdir.
Ənənəvi diplomatiya tarix boyu dar çərçivədə çalışanların xəbər tuta biləcəyi, başqa fəaliyyət sahələri ilə müqayisədə məlumatın paylaşması və ünsiyyətin qurulmasına təmkinli yanaşması ilə fərqlənən sahə olmuşdur. Tarixi təcrübəyə müraciət etsək görərik ki, diplomatiya hər bir dövlətin beynəlxalq arenada milli maraqlarının müdafiəçisi olan, «xarici siyasət ordusu» adlanan diplomatik xidmət tərəfindən həyata keçirilmişdir. Başqa sahələrlə müqayisədə xarici siyasət həvəskarların deyil, peşəkarların fəaliyyət göstərdiyi müstəsna xidmətdir. Ümumilikdə belə bir qənaət mövcuddur ki, diplomatiya üçün heç vaxt kütləvilik, ictimailəşmə xas olmamış, əksinə, onu həyata keçirmək səlahiyyətinə malik olan konkret şəxslər kateqoriyası müəyyən edilmişdir (1, s.5).
Ənənəvi diplomatiyanın əsas əlamətlərindən biri danışıqların gizli aparılması prinsipi olmuşdur. Diplomatiyanın gizli xarakteri xalqın danışıqların məzmunundan xəbərdar olmamasını və onun danışıqlara hər hansı bir formada təsir etməsinin qarşısının alınmasını nəzərdə tuturdu. Diplomatiyanın gizli xarakteri belə bir arqumentə əsaslanırdı: danışıqlar zamanı qarşı tərəflər bir-birinə müəyyən güzəştlər edirlər. Lakin, adətən, xalq qarşılıqlı güzəştləri birtərəfli güzəştlər kimi, yəni qarşı tərəfə münasibətdə edilən güzəştlər kimi qəbul edir. Nəticədə dövlətin daxilində narazılıq artır və danışıqlar pozulur. Gizli diplomatiyanın əsas üstünlüyü onda idi ki, danışıqlar ardıcıl bir proses formasında həyata keçirilirdi. Köhnə diplomatiyanın gizli xarakteri tərəflərə fikirləşmək üçün kifayət qədər vaxt verirdi. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə onlar müəyyən vaxtdan sonra danışıqları davam etdirə bilərdilər, çünki danışıqların məzmunu əhaliyə bəlli olmurdu və əhali diplomatlara bu və уа digər qərarın qəbul edilməsində təzyiq edə bilmirdi. Formalaşan yeni paradiqmada isə bu mümkün deyil. Beləliklə, diplomatiyada tarixən mövcud olan şəffaflıq və gizlilik kimi iki əks prinsip arasında mübarizə son dövrlərdə qızğın müzakirələrin mövzusuna çevrilmişdir (1, s.10-11).
İctimai diplomatiya (public diplomacy) termini ilk dəfə 1965-ci ildə ABŞ-ın Taft Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı və təqaüddə olan görkəmli diplomat Edmund Qallion tərəfindən işlədilmişdir. O, eyni zamanda Fletçer Hüquq və Diplomatiya Məktəbində Eduard Murrou adına İctimai Diplomatiya Mərkəzinin əsasını qoymuşdur. Mərkəzin ilk broşürasında E.Qallionun konsepsiyasının xülasəsi verilmişdir: “İctimai diplomatiya xarici siyasətin formalaşması və həyata keçirilməsində ictimai mövqeyin təsiri ilə əlaqəlidir. O, beynəlxalq münasibətlərin ənənəvi diplomatiyadan fərqlənən sahələrini; hökumətlər tərəfindən başqa ölkələrdə ictimai rəyin yaradılmasını; müxtəlif ölkələrin özəl qruplarının qarşılıqlı əlaqəsini; xarici əlaqələr və onun siyasətə təsiri; diplomatlar və xarici jurnalistlər arasındakı əlaqələri və mədəniyyətlərarası əlaqələri əhatə edir. İctimai diplomatiyanın mərkəzində informasiya və ideyaların transmilli axını durur.” İctimai diplomatiya anlayışından daha əvvəllər də istifadə edilmişdir, lakin onu ilk dəfə E. Qallion izah etdiyindən o, hamı tərəfindən bu terminin ilk istifadəçisi kimi qəbul edilmişdir (9).
İctimai diplomatiyanın üç əsas məqsədi vardır (4, s.5):
Siyasi məqsəd: xarici siyasət məqsədlərinə daha asanlıqla nail olmaq üçün xaricdə ölkənin güclü nüfuzunu yaratmaq.
İqtisadi məqsəd: təbliğat yolu ilə ölkənin iqtisadi inkişafına nail olmaq. Məsələn, turizm, ixrac, investisiya, tələbələrin və tədqiqatçıların cəlb olunması.
Mədəni məqsəd: ölkənin rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq səviyyədə intellektual və mədəni sahədə mübadiləni stimullaşdırmaq.
Ənənəvi diplomatiyadan fərqli olaraq, ictimai diplomatiya bir sıra qeyri-hökumət strukturlarını da əhatə edir. Özünün yeni xüsusiyyətləri ilə fərqlənən beynəlxalq münasibətlər sistemində ictimai diplomatiyanı həyata keçirən qeyri-hökumət aktorları aşağıdakılardır:
- strateji araşdırma mərkəzləri;
- siyasi partiyalar;
- təhsil müəssisələri;
- nüfuzlu şəxslər;
- ticarət assosiasiyaları;
- həmkarlar ittifaqları;
- kütləvi informasiya vasitələri və s.
İctimai diplomatiyanı həyata keçirmək üçün bir sıra vasitələr vardır: dialoq, mədəni diplomatiya (“mədəni” dedikdə incəsənət, elm və təhsil, idman nəzərdə tutulur), mübadilə proqramları, şəxsi əlaqələr, internetdən istifadə və s (8, s.36). Bütün bunlar “yumşaq güc”ün elementləridir. Cozef Nay “yumşaq güc” (Soft Power) anlayışını 1990-cı ildə elmi ədəbiyyata daxil edib. O, “yumşaq güc” dedikdə, dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideala və proqramlara görə təmin etməyə çalışdığını nəzərdə tutur. Onun fikrincə, “sərt güc” məcburetməyə əsaslanırsa, “yumşaq güc” könüllü iştirakı nəzərdə tutur. Ancaq “könüllü iştirak”da da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər (7, s.37).
Cozef Nay "Yumşaq güc: dünya siyasətində uğur qazanmağın yolları" əsərində qeyd edir ki, güc havaya bənzəyir. Hamı ondan asılıdır, hamı onun haqqında danışır, amma çoxları onu başa düşmür. Meteoroloqlar hava haqqında məlumatı proqnozlaşdırdıqları kimi, siyasi liderlər və analitiklər də güc balansında dəyişiklikləri proznozlaşdırırlar. Güc istənilən nəticəni əldə etmək üçün başqasının davranışlarına təsir etmək qabiliyyətidir. Amma başqalarının davranışına təsir etməyin müxtəlif yolları var. Buna məcbur etmək yolu ilə də, cəlb etməklə də nail olmaq mümkündür (5, s.1-2).
Uzun illər analitiklər beynəlxalq münasibətlərdə gücü ölçmək üçün formullar üzərində düşünmüşlər. 1977-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmisi Ray Cline gücü hesablamaq üçün istifadə etdiyi düsturu çap etdirdi. Onun vəzifəsi soyuq müharibə dövründə ABŞ və SSR-nin güc balansı haqqında ABŞ-ın siyasi liderlərinə məlumat vermək idi. Onun təklif etdiyi düstur aşağıdakı kimidir:
Güc = (əhali+ərazi+iqtisadiyyat+hərb) x (strategiya+iradə)
O, düsturu rəqəmlərlə hesabladıqda SSRİ-nin ABŞ-dan iki dəfə güclü olduğunu müəyyənləşdirdi. Lakin çox keçməmiş SSRİ dağıldı və ABŞ dünyanın supergücü oldu (6, s.4). Bu onu göstərir ki, yalnız “sərt güc” vasitəsilə güclü olmaq, mövcud gücü qoruyub saxlamaq mümkün deyil. Təbii ki, “yumşaq güc” də bütün problemlərin həlli deyildir. Bu halda “ağıllı güc” anlayışı ortaya çıxır. “Ağıllı güc” sərt güclə “yumşaq gücün” vəhdətidir (6, s.14).
İctimai diplomatiyanı marketinq ilə müqayisə etmək olar. Əgər təklif olunan məhsul keyfiyyətli deyilsə, müştəriləri yalnız bir dəfə aldatmaq olar, növbəti dəfə onların etimadını qazanmaq mümkün olmayacaq. İctimai diplomatiya xarici siyasətə xidmət etdiyindən o, xarici ölkələrin cəmiyyətləri və onlara təsir etmək imkanları haqqında bilik və təcrübə tələb edir. Hər bir ölkənin bu prosesə rəhbərlik edəcək, ölkənin siyasətini və mədəniyyətini başqa cəmiyyətlərə çatdıracaq şəxslərə ehtiyacı vardır (8, s.30, 38).
İctimai diplomatiya siyasi, iqtisadi və hərbi elementləri özündə birləşdirən əsas siyasət təşəbbüslərinə yardımçı funksiyasını yerinə yetirir (3, s.1).
SSRİ-nin dağılması nəticəsində müstəqilliyini yenidən bərpa etmiş, hərbi və iqtisadi potensialı zəif olan və Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycan üçün “yumşaq güc”dən istifadə etmək, dünya ictimaiyyətinin diqqətini bu yolla cəlb etmək çətin olsa da, daha real idi. Bu istiqamətdə müstəqilliyin ilk illərindən etibarən müəyyən addımlar atılsa da, son dövrlərdə Azərbaycanın xarici siyasətində ictimai diplomatiya elementlərinə daha çox rast gəlinir. Əvvəlki illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat buraxılışlarında ictimai diplomatiyaya toxunulmadığı halda, 2014-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunur: “İl ərzində ictimai diplomatiya sahəsində fəaliyyət davam etdirilərək, ölkəmizin daxili və xarici siyasəti, Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalı və onun nəticələri, Xocalı soyqırımı, Azərbaycanın tarixi, mədəniyyəti və müasir dövrdə sosial-iqtisadi inkişafı haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması təmin edilib” (2).
İctimai diplomatiya xarici siyasətin həyata keçirilməsində həlledici rol oynamasa da, müasir dövrdə ictimai diplomatiyaya müraciət etmədən uğurlu xarici siyasi fəaliyyət həyata keçirmək çətindir.
Dostları ilə paylaş: |