Bu dövrdə uşağları yoluxucu xəstəliklərindən və helmintozlardan, xarici mühitin mənfi təsirlərindən qorumaq lazımdır. Bu məqsədlə uşaqlarda yaranmış gigiyenik vərdişlər möhkəmləndirilir, uşaq müəssisələri sanitariya cəhətcə abadlaşdırılır. Uşaqların sağlamlığı və inkişafı üzərində müntəzəm həkim nəzarəti qoyulur. Uşaqların səmərəli qidalanmasına, bədənlərinin soyuğa qarşı möhkəmləndirilməsinə, qoruyucu peyvəndlərin vurulmasına, fiziki hərəkətlərə, mütəhərrik oyunlara fikir verilməlidir.
Məktəbə hazırlıq dövrü(5 -6 yaş).
Bu dövrdə uşaqların məktəbə hazırlanması ilə əlaqədar onların sağlamlığını daha da möhkəmləndirmək, fiziki və psixiki dözümlülüyünü, bədənin tonusunu artırmaq, fiziki yükü və istirahəti düzgün normalaşdırmaq çox böyük əhəmiyyət kəsb edir. Bu dövrdə gigiyenik normalar və tələblərə əməl edilmədikdə yaxından görmə, qamət pozğunluqları və onurğa sütununun əyrilikləri, sinir sistemi, həzm orqanları pozğunluqları baş verə bilər. Göstərilən qaydalara əməl edildikdə uşaqlarda bir çox patoloji halların qarşısı alınır, onların iş qabiliyyəti artır və orqanizmləri daha yaxşı inkişaf edir.