XX F Ə S İ L
UŞAQ VƏ YENİYETMƏLƏRİN GİGİYENASI
Uşaq və yeniyetmələrin gigiyenası ümumi gigiyenanın bir bölməsi olub, böyüməkdə olan gənc nəslin orqanizminin fiziki inkişafını, möhkəmləndirilməsini və qorunmasını öyrənən bir elmdir. Uşaq və yeniyetmələrin gigiyenasının əsas vəzifələri uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün müvafiq şərait yaratmaq, onların sağlamlığına müxtəlif amillərin göstərdiyi təsiri öyrənmək, onların yaxşılaşdırılması üçün müvafiq profilaktik tədbirlər işləyib həyata keçirməkdir.
Uşaqların normal fiziki inkişafını təmin etmək üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
Ətraf mühit amillərinin, fiziki təlim-tərbiyənin uşaqların və yeniyetmələrin sağlamlığına, inkişaf prosesinə təsirini öyrənərək, onların zehni və fiziki inkişafının yaxşılaşmasına kömək edən, elmi surətdə əsaslandırılmış gigiyenik normativlər işləyib hazırlamaq;
Uşaqların və yeniyetmələrin fiziki inkişafı, sağlamlığı üzərində müntəzəm nəzarət etmək;
İnkişafda olan uşaq orqanizminin su, hava və günəş şüaları vasitəsilə möhkəmləndirilməsini təşkil edib, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;
Gündəlik qidalanma rejiminin düzgün təşkil edilməsinə şərait yaratmaq və həmin rejimin gözlənilməsinə nəzarət etmək.
Uşaq müəssisələrinə, onların avadanlığına, dərs və təlim ləvazimatına, təlim və məşqlərin keçirildiyi yerə olan gigiyenik tələbata riayət etmək.
Uşaq və yeniyetmələrin orqanizmi böyüklərin orqanizmindən əsaslı surətdə fərqlənir. Bu, bütün daxili üzvlərin quruluşu və funksiyalarının xüsusiyyətlərində özünü göstərir. Uşaq və yeniyetmələrin orqanizmi müntəzəm böyüyür və inkişaf edir. Böyümə dedikdə orqanizmin kütləsinin artması, inkişafı isə keyfiyyətcə ayrı-ayrı üzvlərin və toxumaların dəyişməsi nəzərdə tutulur.
Uşaq orqanizminin əsas xüsusiyyətlərindən başlıcası maddələr mübadiləsinin yüksək dərəcədə intensiv getməsidir. Bu zaman assimilyasiya prosesi dissimilyasiya prosesinə üstün gəlir.
Uşaqlarda boy və bədən kütləsinin çox artması anadan olandan bir yaşa qədər olan dövrə və yetişkənlik dövrünə (13-16 yaş) təsadüf edir. Lakin boyun, bədənin kütləsinin, döş qəfəsinin həcminin artması bütün yaşlarda müşahidə edilir. Ona görə də, uşaq və yeniyetmələrin fiziki inkişafını dinamikada öyrənmək üçün antropometrik göstəriciləri bilmək lazımdır.
Uşaqların sümük sistemi zəif olduğu üçün bədənin düzgün olmayan vəziyyətindən və artıq yük götürməsi hesabına çox asanlıqla əyilə bilir. Uşağın sümüklərində kalsium və fosfor birləşmələrindən ibarət mineral maddələr az, üzvi birləşmələr isə çox olur. Ona görə də, uşaq sümükkləri yüksək elastikliyə malik olmaqla müxtəlif deformasiyalara tez uğraya bilir. Çanaq sümükləri 7 yaşdan bitişməyə və bərkiməyə başlayır, 17-18 yaşda isə başa çatır. Ona görə də, bərk silkələnmələr zamanı çanaq sümükləri yerini dəyişə bilir ki, buna gimnastlar arasında rast gəlmək olur (məşq yükü düzgün verilmədikdə). Onurğa sütunu 39% qığırdıqdan ibarət olduğuna görə, o çox elastik olur. Onurğa sütununun boyun və döş əyrilikləri 7 yaşa, bel əyriliyi isə 12 yaşa kimi formalaşmağa başlayır. Onurğa sütununun tam sümükləşməsi isə 18-25 yaşda başa çatır.
Uşaqlarda əzələ sisteminin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Altı yaşla 14 yaş arası əzələ sisteminin aktiv təkmilləşməsi dövrü sayılır. Bu zaman hərəkətlərin koordinasiyası və funksiyası təkmilləşir. Hərəkətlərin dəqiqliyi və sürəti psixofizioloji funksiyaların intensivliyindən asılı olaraq formalaşır, əzələlərin həcminin artması tezləşir.
Uşaqların həzm sistemidə yaşlı insanlarınkından fərqlənir. Onlarda daimi dişlərinin emal qatı nazik, yemək borusu dar və qısa, mədənin həcmi və fermentlərin aktivliyi az olur. Bu səbəbdən onlarda karieslə xəstələnmə, mədə pozğunluqları tez-tez baş verir.
Uşaq və yeniyetmələrdə ürəyin dözümlülüyü yaşlılara nisbətən güclü olduğu üçün, həcmi müəyyənləşdirilməyən fiziki yüklərə daha davamlı olur. Bu yoluxucu xəstəliklərlə xəstələnmələr zamanı özünü göstərir.
Tənəffüs orqanlarının fasiləsiz böyüməsi və inkişafı uşaqların bütün yaş dövrlərində gedir. Lakin bunun ən intensiv dövrü cinsi yetişkənlik dövrünə təsadüf edir. Bu dövrdə tənəffüs orqanlarının inkişafı üçün əlverişli şərait yaranır. Bunun üçün başlıca tədbirlərdən biri məktəb dövründə uşaqların parta arxasında düzgün oturmasıdır. Tənəffüs orqanlarının normal inkişafı üçün qaməti düz saxlamaq (yeriyərkən və oturarkən), uzun müddət açıq və təmiz havada gəzmək, iş otaqlarının havasının sistematik dəyişdirmək də az əhəmiyyət daşımır.
Uşaq və yeniyetmələrin sinir sistemində ilk dövrlərdə oyanma prosesləri tormozlanma üzərində üstünlük təşkil edir. Uşaqlarda yamsılama və bənzətmə xasiyyətlərini təlim-məşq prosesində nəzərə almaq məsləhət görülür. Mərkəzi sinir sistemi getdikcə formalaşır, onların funksional xüsusiyyətləri artdığı üçün bütün hərəkətləri təkmilləşir. Endokrin aparatda gedən dəyişiklər artıb inkişaf etmə prosesinə, eləcə də, maddələr mübadiləsinin intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Yeniyetməlik dövründə endokrin və cinsiyyət vəzilərinin fəaliyyəti ilə əlaqədar bütün orqanizmdə çox dərin dəyişiklər meydana çıxır. MSS-də sabitsizlik artır, uşaqlar tez yorulur, əsəbi olurlar.
Son vaxtlar bir sıra ölkələrdə uşaqların və yeniyetmələrin çox sürətlə boy atması və inkişaf etməsi nəzərə çarpır ki, bu da akselerasiya (latınca acceleratio sözündən olub mənası – sürətlənmə deməkdir) adlanır.
Bütün yaş dövrlərində müasir uşaq və yeni yetmələrin əvvəlki illərdəki həmyaşıdlarından fərqi onların uca boy və daha böyük olmaları göz qabağındadır.
Güclü akselerasiya məktəb yaşlı uşaqlar üçün daha xarakterikdir. Bakı şəhər məktəblilərinin fiziki inkişaf göstəricilərinin 1960 və 2000-ci illərdə öyrənilməsi nəticəsində alınan məlumatların müqayisəsi göstərir ki, 7-15 yaşlı məktəblilərinin boyu 40 il müddətində orta hesabla 3,5 sm artmışdır.
Uşaqların fiziki inkişafı onların yaş dövrləri ilə sıx əlaqədardır. Hazırda dünya alimləri tərəfindən yaş dövrlərinin bir çox sxemləri təklif olunur ki, onlardan ən çox istifadə olunanı uşaqların fiziki inkişaf qanunauyğunluqlarını nəzərə alan aşağıdakı bölgüdür:
I. Məktəbə qədər yaş dövrü;
II.Məktəb yaş dövrü.
Məktəbə qədər yaş dövrü də 4 dövrə ayrılır:
Dostları ilə paylaş: |