İSLAMDA İTAƏT HÖKMÜ ALLAHA İTAƏT
Allaha itaət olunmağın vacibliyi və itaət olunmadıqda insanın əzaba düçar olacağı hamıya bəlli olan bir məsələdir. Qur᾽anın bir çox ayələrində Allah-taala onun əmrinə tabe olan şəxsləri cənnət ne᾽mətləri ilə mükafatlandıracağına, tabe olmayanları isə böyük əzablarla cəzalandıracağına və᾽də vermişdir.
ALLAHDAN QEYRİSİNƏ İTAƏT
Bu məsələ şər᾽i nöqteyi-nəzərdən bir neçə qismə bölünür: Bə᾽zən vacib, bə᾽zən haram, bə᾽zən də mubah [icazə verilmiş] olur.
1. Bə᾽zən Allahdan qeyrisinə itaət etmək Allahın özü tərəfindən əmr olunur.
«Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik». (4/64).
Bu səbəbdən də Allah-taala insanların Ona itaət etmələrini əmr edərkən Peyğəmbərə (s) də itaət etməyin zəruriliyinə işarə edir.
«Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə [Cənnətə] nail olar». (33/71).
«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!». (4/59).
2. Bə᾽zən də insanı günaha sürükləyən Şeytan və digər şeylərə itaət etmək Allah tərəfindən yasaq olunur.
Şübhəsiz ki, belə bir itaət şər᾽i nöqteyi-nəzərdən haram, əqli baxımdan isə olduqca nalayiq və xoşagəlməz bir işdir. Belə ki, bir çox hallarda insanın Allahdan qeyrisinə itaət etməsi şirk və küfrə sürükləyir. Bu ona bənzəyir ki, bir şəxs başqa birisini küfr və ya şirkə əmr etmiş və həmən şəxs də öz növbəsində ondan itaət edərək dediyi hər bir sözü qəbul etmiş olur. Belə ki, Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə». (33/1).
«Elə isə Rəbbinin hökmünə səbr et və onlardan [Məkkə müşriklərindən] günahkar və nankor olana boyun əymə!» (76/24).
«Əgər ata-anan bilmədiyin şeyi Mənə şərik qoşmağa cəhd göstərsələr [bu işdə] onlara itaət etmə». (31/15).
3. Bə᾽zən də insan, Allah tərəfindən əmr və ya yasaq olunmadan Allahdan qeyrisinə itaət edir. Bu kimi itaətləri nə haram adlandırmaq olar, nə də halal. [Əskərin ordu başçısından itaət etməsini buna misal çəkmək olar]. Yox əgər insan haram işlərdə bir başqasından itaət edərsə və onun itaət etməsi ibadət və pərəstiş həddinə çatarsa, o, yuxarıda qeyd olunan itaətin ikinci növünə aid olacaqdır və bu da günah və şirkdir.
PƏRƏSTİŞ VƏ TƏ᾽ZİM ARASINDA olan FƏRQ
İtaətlə yanaşı insan Allahın qarşısında öz sədaqət və təvazö᾽karlığını da bildirməlidir. İstər əqli, istərsə də şər᾽i cəhətdən insanın Allahın qarşısında itaət göstərməsi, öz sədaqət və təvazökarlığını bildirməsi üçün heç bir dəlil və sübuta ehtiyac yoxdur.
İnsanın, yaradılmışlar [məxluqat] qarşısında əksilərək öz acizliyini e᾽tiraf etməsi isə itaət kimi bir neçə hissəyə bölünür.
1. Bə᾽zən insan Allah tərəfindən elə bir yüksək məqama tə᾽yin olmayan [özü kimi] bir varlığın qarşısında kiçilir və ona tə᾽zim edir. Övladın ata və şagirdin öz müəllimi qarşısında tə᾽zim etməsini buna misal çəkmək olar. Bə᾽zi hallarda – məsələn, Allahdan qeyrisinin qarşısında səcdə etmək istisna olmaqla, şəriət tərəfindən belə bir rəftar yasaq olunmadıqda, insanın yuxarıda qeyd olunan şəraitlərdə tə᾽zim etməsinin təbii ki, heç bir irad və nöqsanı da olmamalıdır.
Allah tərəfindən belə bir qadağa olmadığı bir halda onu şirk ilə əlaqələndirmək də tamamilə əsassız olardı. Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Onların hər ikisinə acıyaraq mərhəmət qanadımın altına alıb: «Pərvərdigara! Onlar mənim körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» (17/24).
Göründüyü kimi Allah-taala «hifz cənah» ifadəsi ilə insana valideynlərinin qarşısında tə᾽zim etməyi əmr edir. Əvvəlki ayədə isə Allahdan qeyrisinə ibadət etməyi qətiyyətlə yasaq edir.
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı] buyurmuşdur». (17/23).
Diqqət yetirin. Məgər əvvəlki ayədə işlənən «hifz cənah» ifadəsi valideynlərin qarşısında tə᾽zim etmək bu ayədə nəzərdə tutulan valideynlərlə gözəl davranmağa əmr olunması demək deyilmi? Məgər valideynlərə itaət etmək, Allaha itaət etmək deyilmi?
Buradan belə bir qənaətə gəlmək olmazmı ki, Allahdan qeyrisinə olunan bütün itaətlər şirk deyildir?
2) Bə᾽zən də insan başqa birisini Allah tərəfindən yüksək məqama mənsub olunduğunu hesab edir. Və bu əqidəyə əsasən onun qarşısında tə᾽zim edərək müqəddəs tutur. Lakin bir çox batil din və məzhəblərdə olduğu kimi, əgər insan yalnış əqidəyə əsaslanaraq Allahın izni olmadan onların qarşısında tə᾽zim edərsə, dində bid᾽ətə yol vermiş və Allaha iftira etmiş olur. Qur᾽an sünnət, əql və icmaya əsasən bu növ tə᾽zim və ehtiram əlaməti qeyd etdiyimiz kimi bid᾽ət və haramdır. Kəhf surəsinin 15-ci ayəsində bu haqda deyilir:
«Allaha qarşı yalan uydurub düzəldən şəxslərdən daha zalim [özünə zülm edən] kim ola bilər?!» (18/15).
3. Bə᾽zən də insan Allahın izni və əmri ilə başqa birisinin qarşısında tə᾽zim edir. İnsanın Peyğəmbər, onun canişinlərinin, mö᾽minlərin və ya Qur᾽an, məscid, Həcərul-əsvəd və s. kimi Allaha mənsub olan şeylərin qarşısında tə᾽zim etməsini buna misal çəkmək olar. Bu kimi tə᾽zim və ehtiram əlamətləri nəinki şirk deyil, əksinə Allah tərəfindən olduqca bəyənilən rəftarlardandır. Belə ki, Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, [bilsin ki] Allah [onun yerinə] elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö᾽minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar». (5/54).
Bəli, insanın Allahı əmri ilə tə᾽zim etməsi sözün əsl mə᾽nasında Onun öz qarşısında tə᾽zim etməsi deməkdir. Çünki, Allahın birliyinə sidq ürəklə iman gətirən şəxs Onun hər şeyə qadir olduğunu (yaratmaq, öldürmək, ruzi vermək, bağışlayıb və ya əzab vermək və s.) və digər tərəfdən peyğəmbər və onun davamçılarının [canişinlərinin] adi bəşər, lakin onların pak və əməli-saleh və itaətkar olduqlarını qəbul edir və belə əqidəyə əsaslanır.
Belə bir saf əqidəyə malik olan bir şəxs onları Allahın izni ilə Onun öz dərgahında şəfaətverici vasitə hesab edir. Belə olduqda o nə Allahın hökmündən çıxmış olur, nə də Ona şərik qoşmuş olur.
Hər bir müsəlman çox yaxşı bilir ki, Peyğəmbər (s) həcc ziyarəti (və ya digər vaxtlarda) həcərül-əsvədi (qara daşı) öpər ona əl çəkər, mö᾽minlərin, şəhidlərin və əməli-saleh şəxslərin qəbrlərini ziyarət edər, qəbirlərin qarşısında duraraq onlara salam verər və Allah-taaladan onların bağışlanmasını dua edərdi. Peyğəmbərdən (s) sonra da səhabələr qəbirləri ziyarət edər, təbərrük olaraq onları öpər və sağlığında olduğu kimi, vəfat etdikdən sonra da Peyğəmbəri (s), Allahla özləri arasında şəfaətverici olaraq qərar verərdilər. Onlar bu kimi rəftarları tək Peyğəmbərə (s) deyil, özlərinin digər əməli-saleh dini rəhbərlərinə qarşı da edərdilər. İstər əshab, istərsə də din alimləri bu kimi rəftarlara qarşı müxalif mövqe tutmamışlar. Lakin İbni Teymiyyə ləqəbi ilə şöhrət tapmış Əhməd ibni Əbdül-həlim Hərani ilk dəfə qəbirlərin ziyarət olunması və bu məqsəd üçün səfərə çıxmağın haramlığına dair hökm verir. Onun fikrincə qəbirləri öpmək, əl çəkmək, qəbr sahiblərini vasitə qərar verərək onlardan şəfaət istəmək haram və şirk ilə bərabərdir. O, hətta Peyğəmbərin (s) qəbrini ziyarət edən, onu öpüb əl çəkən şəxslərlə mübarizə aparır və onların bu işlərini kiçik şirk və bə᾽zən də böyük şirk kimi qələmə verirdi.
Müasir islamşünas alimlər İbni Təyəmiyyənin əqidə və tərzi-təfəkkürünü diqqətlə araşdırdıqdan sonra onun islam dinində sabit olmuş məsələlərlə müxalif olduğunun, hətta onlardan bə᾽zilərinin inkar etdiyinin şahidi olmuşlar. Bu səbəbdən də yekdilliklə onun e᾽tibar baxımından saqit və bid᾽ətçi olduğuna fitva vermişlər. Çünki, onlar çox gözəl bilirdilər ki, mö᾽minlərin və xüsusilə də Peyğəmbərin (s) qəbrinin ziyarət olunmasının savabı haqda bir çox hədis və rəvayət nəql olunmuşdur. Peyğəmbərdən (s) nəql olmuş bu rəvayətlərin birində deyilir:
«Hər kəs məni vəfat etdikdən sonra ziyarət edərsə, sanki məni sağlığımda ziyarət etmişdir.»
Peyğəmbərdən (s) bu məzmunda onlarla digər hədis və rəvayətlər nəql olunmuşdur.
Bu səbəbdən də İbni Teymiyyənin həbs olunmasına və tövbə etməyincəyinədək ağır həbs şəraitində saxlanmılmasına fitva verilir.
Əgər İbni Teymiyyənin məqsədi müsəlmanlar arasında bilərəkdən ixtilaf yaratmaq olmayıbsa da, böyük səhvə yol verərək qəbirləri ziyarət, onlardan şəfatə istəmək və s. Allahdan qeyrisinə pərəstiş və şirk hesab etmişdir. Lakin o, buna diqqət yetirməmişdir ki, qəbirləri ziyarət edən həmən bu şəxslər Allahın birliyinə, Ondan başqa ruzi verən və yaradan ikinci bir varlığın olmadığına iman gətirmişlər. Və onların tə᾽zim etməklərindən məqsəd dinin müqəddəs ayinlərinə ehtiram etməkdən başqa bir şey deyildir və sözün əsl mə᾽nasında tə᾽zim Allahın özünə olunur. Və bütün bunların şirk ilə heç bir əlaqə və oxşarlığı yoxdur. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, şirk ona deyilir ki, insan Allahdan qeyrisinə pərəstiş [ibadət] etmiş olsun. Pərəstiş isə ona deyilir ki, insan ibadət etdiyi mə᾽budun qarşısında səcdə etmiş olsun. Lakin Peyğəmbər (s) və onun davamçılarına [canişinlərinə] tə᾽zim hara, belə bir əqidə hara!?
Mə᾽lum məsələdir ki, heç bir müsəlman öz peyğəmbərinə itaət etməyir, o ki qaldı onun qəbrinə. Onun və canişinlərinin müqabilində tə᾽zimə gəldikdə isə, o bütün bunları hər zaman Allaha sidq ürəklə bəndəlik etdikləri və əməli-saleh işlər gördükləri üçün edir.
Bir sözlə, qəbirlərin ziyarət olunması, onları öpmək, əl çəkmək, onların müqabilində tə᾽zim etməyi əsla şirk hesab etmək olmaz. Əgər bu kimi işləri şirk adlandırarıqsa, gərək hər bir insanın ehtiram əlaməti olaraq başqa birisinin müqabilində tə᾽zim etməsini də şirk kimi qələmə verək. Bir haldakı İbni Teymiyyə və onun tərəfdarları bunun şirk olduğunu əsla qəbul etmirlər. Bütün bunlarla yanaşı əgər qəbirlərin ziyarət olunmasını şirk adlandırsaq, gərək Peyğəmbəri (s) də (nəuzubillah) müşrik hesab edək. Çünki, bir qədər əvvəl qeyd etdiyimiz kimi o, öz sağlığında bu kimi işlər görərdi.
Bu kimi işləri şirk və bu əməli edən şəxsləri müşrik adlandıran bir şəxs, Peyğəmbərin (s) də şirkə yol verdiyini iddia edə bilərmi? Heç vaxt! Çünki, şirk peyğəmbərliyə aid olunmaz bir xüsusiyyətdir. Bunun üçün deməliyik: Ya bə᾽zi şirklərin eyb və nöqsanı yoxdur və ya qəbirlərin ziyarət olunmasını və Allaha aid olan – Qur᾽an, Kə᾽bə, Həcərül-əsvəd və s. kimi şeylərin qarşısında tə᾽zim etməyin şirk ilə heç bir əlaqəsi yoxdur. Və bunları şirk adlandırmayır. Bə᾽zi şirklərə icazə verən birinci ehtimal [fərziyyə] tamamilə batil və əsassız olduğu üçün qəbirlərin ziyarət və onların müqabilində tə᾽zim etməyin şirk olmadığını bildirən ikinci ehtimalı qəbul etməliyik. Çünki qəbirləri ziyarət və qəbir sahiblərinə tə᾽zim etmək heç də şirk deyildir. Və bu kimi işlər Allahın izni ilə həyata keçirilərsə, sözün əsl mə᾽nasında insan Allaha itaət və təqvaya əməl edərək dinin müqəddəs ayinlərini yerinə yetirmiş olur.
Qur᾽ani-kərimdə bu haqda buyurulur:
«Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu [hörmət] şübhəsiz ki, qəlblərin təqvasındandır [Allahdan qorxmasındandır]». (22/32).
Peyğəmbər (s) və əməli-saleh mö᾽min insanların qəbirlərinin ziyarət olunması haqda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur və biz onlardan bir neçəsinə əvvəlki fəsillərdə işarə etdik.
ALLAHDAN QEYRİSİ ÜÇÜN EDİLƏN SƏCDƏ
Dediklərimizdən belə mə᾽lum olur ki, Allahdan qeyrisinə tə᾽zim etmək, əgər Allah tərəfindən yasaq olunarsa şər᾽i nöqteyi-nəzərdən haram hesab olunur. [Məzhəbindən asılı olmayaraq] müsəlman icması arasında bu barədə heç bir ixtilaf və fikir ayrılığı nəzərə çarpmayır. Və Allah-taala, Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Günəş və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə [heç bir şərik qoşmadan ibadət edin]». (41/37).
«Şübhəsiz ki, [bütün] məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!» (72/18).
Ayə dediklərimizə yalnız o zaman dəlalət edə bilər ki, «məsacid» deyildikdə səcdə edərkən yerə qoyulan yeddi bədən üzvü (alın, iki əl, dizlər və baş barmaqların ucu) nəzərdə tutulmuş olsun. Buna dəlalət edəcək bir neçə hədis və rəvayət də nəql olunmuşdur.
Belə ki, ayənin zahiri mə᾽nasından da bu nəticəyə gəlmək olur.79
İFTİRA VƏ TÖHMƏT
Şiə məzhəbinə vurulan əsassız töhmətlərdən biri də onların imamların və digər müqəddəs hesab etdikləri şəxslərin qəbirləri qarşısında səcdə etmələridir. Lakin bu bağışlanmaz və heç bir əsası olmayan iftira və töhmətdir. Allah-taala onlara qarşı iftiralar yağdıran şəxsləri qiyamət günü məhşərə toplayacaq və özünün ədalət məhkəməsində mühakimə edəcəkdir. Çünki, O, hökm çıxaranların ən ədalətlisidir.
Onlardan bə᾽ziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.» İlahi Sən özün bütün bunların böhtan və batil olduğunun şahidisən. Şiə məzhəbinin hal-hazırda mövcud olan istər qədim, istərsə də müasir kitablarında insanın Allahdan qeyrisinə səcdə etməsi haram olduğu göstərilmişdir. Belə bir iftiranı [qəbr torpağına səcdə etməyi] şiə məzhəbinə yaxan şəxslərdən bu işi bilərəkdən böhtan və iftira yaxmaq üçün edir, ya da şiə məzhəbindən heç bir anlayışı yoxdur. Onlar sadəcə olaraq bir şeyə səcdə etməklə bir şey üçün səcdə etməyin arasında olan fərqi dərk etmirlər.
Şiə məzhəbi namaz qılarkən səcdə olunası şeylərin torpaq, daş, gil, geyilən və yeyilən şeylər istisna olmaqla, yerdən çıxan hər bir şeyin üzərinə səcdə etməyi zəruri hesab edir. Lakin torpağa, xüsusilə imam Hüseyn (ə)-ın türbətindən hazırlanmış torpağa [möhür daşına] səcdə etməyi daha fəzilətli sayır.
Şiə məzhəbinin torpağa səcdə barədə vəhy sülaləsi olan Əhli-beyt xanədanından əldə etdiyi mə᾽lumatların xülasəsi bundan ibarət idi.80 Bütün bunları nəzərə alaraq şiə məzhəbini şirkdə və Allahdan qeyrisinə səcdə etməkdə ittiham etmək olarmı? Məgər bütün bunlar iftira və böhtan deyilmi?81 Bütün bu iftiraların müqabilində onları bağışlamaq olarmı?
İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ
Şiə məzhəbi belə bir əqidədədir ki, imam Hüseyn (ə)-ın türbəti digər torpaqlar kimi səcdə üçün pak olsa da Peyğəmbərin (s) sevib əzizlədiyi cənnət cavanlarının ağası [imam Hüseyn (ə)] bu torpaqda dəfn olunduğu üçün öz müqəddəsliyi ilə digər torpaqlardan fərqlənir və fəzilətli hesab olunur.82
Bu torpaq elə bir şəxsi öz qoynuna almışdır ki, o, cəddi həzrət Məhəmmədin (s) dinini qorumaq, zülm və ədalətsizliyə son qoymaq və azadlıq naminə öz qohum-əqrəbası ilə zəmanəsinin zülmkar xəlifəsinə qarşı üsyan etmiş və bu yolda şəhidlik şərbətini içməyə nail olmuşdur.
Bu türbət bəşəriyyətə Allah yolunda fədakarlıq və rəşadət dərsi verir və insanların zehnində, tarixdə misli görünməyən təkanverici xatirələr canlandırır.
Şiələr bu türbətə böyük ehtiramla yanaşırlar. Onlarda yaranmış bu münasibət ona sitayiş etmək üçün deyil, sözün əsl mə᾽nasında insaniyyətə, azadlığa, Allah yolunda fədakarlığa, zülm və ədalətsizliklə mübarizəyə verdikləri əhəmiyyətdən irəli gəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, istər sünnü, istərsə də şiə məzhəbinin mö᾽təbər mənbələrində imam Hüseyn (ə)-ın türbətinin fəziləti haqda bir çox hədis və rəvayət nəql olunmuşdur.83
Fərz edək Peyğəmbərdən (s) bu barədə bir rəvayət də nəql olmamışdır. Yaxşı olmazdımı ki, [səcdə edərkən] bu türbətdən digər torpaqlara qarışdırılaraq onun üzərinə səcdə olunsun? Çünki, imam Hüseyn (ə)-ın türbəti [üzərinə səcdə olunması düzgün olan] digər torpaqlarla yanaşı onu özündə gəzdirən şəxs üçün böyük həyat dərsidir. Belə ki, onun yolunu davam edən şəxslər fədakar, şücaətli olar. Züml və ədalətsizliklərə qarşı mübarizə aparar və özünün müqəddəs hədəfinə çatmaq üçün canından, malından hətta övladından belə keçməyə razı olar. Bəşəriyyətə azadlıq və dərin mə᾽nəviyyat dərsi verən belə bir müqəddəs hərəkatı şirk adlandırmaq insanda təəssüf hissi doğurmazmı?
ADƏM (Ə)-IN SƏCDƏ ETMƏSİ BARƏDƏ İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏLƏR
Maraq doğuran suallardan biri də budur ki, əgər Allahdan qeyrisinə səcdə etmək olmazsa, Mələklər nə üçün Adəmə səcdə etmiş və ümumiyyətlə onlar yaradılmış bu ilk insana [və eyni zamanda Peyğəmbərə] necə səcdə etmişlər? Kəlam və təfsir alimləri bu suala müxtəlif cavablar vermişlər və biz onlardan bir neçəsinə işarə edirik.
1. Deyirlər: Mələklər Adəmə şöhrət və tutduğu mövqiyyətə görə deyil, ehtiram əlaməti olaraq tə᾽zim və səcdə etmişlər.
Cavab: Mənim fikrimcə bunun heç bir əsası yoxdur. Çünki, səcdə ayəsində onların Adəmə səcdə etmələrinin səbəbi bəyan olunub və verilən bu fərziyyə ilə tamamilə fərqlidir. Əsaslı dəlil olmadan ayəyə belə bir təfsir vermək heç də düzgün olmazdı. Bunu da qeyd etmək lazımdır ki, nəql olmuş bir çox rəvayətlərdə Adəm övladlarının Allaha səcdə etmələri və Şeytanın bundan çox narahat olaraq və uca səslə nalə etdiyi göstərilir. Allahın, mələklərə səcdə etmələrini əmr etməsi və Şeytanın bundan boyun qaçırması səcdənin öz həqiqi mə᾽nasını çatdırır. Belə ki, Şeytan insanların Allaha səcdə etməklə Ona daha da yaxınlaşdıqlarını və eyni zamanda səcdə etməkdən boyun qaçırdığı üçün Allahın dərgahından qovulmasını xatırlayıb sarsılır və uca səslə nalə çəkməkdən savayı əlindən bir şey gəlmir.
2. Deyirlər: Mələklər Allaha səcdə etmişlər. Lakin namazda üz qibləyə tərəf tutulduğu kimi mələklər də Allahın əmri ilə tə᾽zim əlaməti olaraq üzlərini Adəmə doğru tutmuş və Allahın qarşısında səcdə etmişlər.
Cavab: Bu anlam da ayənin zahiri mə᾽nası və bu barədə nəql olmuş bir çox hədis və rəvayətlərin məzmunu ilə ziddiyyət təşkil edir. Çünki, ayənin məzmunundan mə᾽lum olur ki, Şeytan özünü Adəmdən (ə) üstün tutduğu üçün onun qarşısında səcdə etməkdən boyun qaçırmışdır. Əgər səcdə deyildikdə, yalnız Allahın qarşısında səcdə etmək və Adəm (ə)-in qiblə xarakteri daşıması nəzərdə tutulsaydı Şeytanın e᾽tiraz edərək (Ətəscudu limən xələqtə min tinin – Torpaqdan yaratdığın bir varlığın qarşısında səcdəmi edim) deməsi heç bir mə᾽na və məfhum daşımazdı. Çünki, səcdə edənin Allaha ibadət etmək üçün qərar verdiyi qiblədən daha üstün olması tamamilə mümkün və təbii bir haldır.
3. Bə᾽ziləri deyirlər: Adəmə səcdə, Allahın hökmü olduğu üçün onu yerinə yetirmək də Allaha xatir və Onun əmrinə tabe olmaq deməkdir. Bu səbəbdən də bunu Allahdan qeyrisinə səcdə etmək kimi qəbul edə bilmərik.
İzahat: Səcdə, insanın Allah qarşısında bildirdiyi sonsuz tə᾽zim, itaət əlamətidir. Bu səbəbdən də Allah-taala səcdəni öz zatına aid etmiş və insanları özündən qeyrisinin qarşısında hətta itaət məqsədi ilə olsa belə səcdə etməkdən çəkindirmişdir. Allahın əmri ilə Allahdan qeyrisinin qarşısında səcdə etmək də Allaha səcdə və itaət etmək deməkdir. Çünki, əsas məqsəd Allahın əmrinə tabe olmaq və Onun göstərişinə əməl etməkdir.84
Bizim fikrimizcə bu irəli sürülmüş kamil və doğru nəzəriyyədir. Çünki, insan yalnız öz Allahına tabe olmalı və Onun istək və tələblərinə əməl etməlidir; bir an da olsun özündə müstəqillik hissi taparaq Onun əmrinə tabe olmaqdan boyun qaçırmamalıdır.
O daim özünü Allahının qarşısında kiçik və aciz görməlidir. Lakin bu hiss yalnız Allahın hüzurunda olmalıdır. Çünki, insan Allahın əmrinə Onun əzəmətini dərk etdiyi üçün tabe olur.
NƏTİCƏ
Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, Allaha xatir görülən bütün işlərə dair Allah tərəfindən ümumi və ya xüsusi [həmən işin görülməsi üçün] icazə və icra hökmü olmalıdır. Əgər hökmün verilməsi barəsində şəkk və tərəddüd olunarsa «dörd qəti dəlilə» [Qur᾽an, sünnət, əql və icma] əsasən ona əməl etmək haram və dində bid᾽ətə yol vermək sayılır.
Lakin qəbirlərin ziyarət olunması, onlara əl çəkmək, öpmək, ehtiram əlaməti olaraq qəbr sahiblərinin və əməli-saleh insanların qarşısında tə᾽zim etməyin həm əqli dəlillər, həm də nəql olmuş rəvayətlərlə haram olmadığı sabit olmuşdur. Əhli-beyt (ə)-dan bu məzmunda nəql olmuş rəvayətlər mətləbin açıqlanmasında bizə daha çox köməklik edir. Çünki, Peyğəmbər (s) özü onların cəmiyyət arasında Qur᾽an kimi əhəmiyyət kəsb etdiklərinə dəfələrlə işarə etmişdir. Bu rəvayətlərin birində deyilir:
«Mən sizin aranızda iki ağır şey qoyuram; Allahın kitabını [Qur᾽anı] və Əhli-beytimi.»
Ümumi dəlillər və Əhli-beyt tərəfindən nəql olmuş rəvayətlərlə yanaşı, əhli sünnə mənbələrində nəql olmuş rəvayətlər və müsəlmanların istər keçmişdə, istərsə də bu günlərdəki qəbirlərin ziyarətinə olan münasibətləri də bunun haram olmadığını bir daha sübuta yetirir.
ŞİRK NƏYƏ DEYİLİR
Əgər fitr və qurban namazı, qadınların heyz halında namaz qılması, həcc mərasimini digər aylarda yerinə yetirmək və s. şər᾽i nöqteyi-nəzərdən haram olsaydı onları [bilərəkdən] yerinə yetirməklə insan günaha batmış olardı. Lakin bütün bunları yerinə yetirməklə insan nə kafir olur, nə də müşrik. Demək insanın hər günah iş görməsi onun heç də küfr və şirkə yol verməsinə səbəb olmur. Çünki, bir qədər əvvəl qeyd etdik ki, şirk, insanın başqa birisinin və ya ayrı bir varlığın qarşısında özünü aciz və kiçik sayması, eyni zamanda Allah sanaraq onun qarşısında tə᾽zim etməsidir. Lakin insan özünü Allah bəndəsi və tə᾽zim etdiyi varlığın da «Allah» olduğunu bilsə, bunu əsla şirklə əlaqələndirmək olmaz.
Demək insan itaət məqsədi olmadan Allahdan qeyrisinə səcdə edərsə, bu iş haram olsa belə, heç vaxt onun küfr etməsinə və dindən çıxmasına səbəb olmur. Çünki, islam dinində əsas meyar Allahın birliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməkdir. Şər᾽i nöqteyi-nəzərdən insan şəhadət verməklə özünün can və malını bütün təcavüzlərdən qorumuş olur. Bu bir həqiqətdir ki, sünnü və şiə məzhəbində nəql olmuş mütəvatir rəvayətlərdə öz əksini taparaq sübuta yetirilmişdir.
Bütün bunları nəzərə alaraq, şəhadət verən şəxsləri Allaha yaxınlaşmaq məqsədi ilə Peyğəmbər (s) və əməli-saleh insanların qəbirlərini ziyarət etmələrinə görə küfr və şirkdə ittiham etmək olarmı?!
Halbuki Qur᾽anda bu haqda belə buyurulur:
«Sizə salam verən bir şəxsə, dünya həyatının puç mənfəətinə tamahsılanaraq «sən mö᾽min deyilsən!» – deməyin». (4/97).
Bəli! Budur təkallahlılığın həqiqi mahiyyəti. Amma qoy iftira yaxan və əməli-saleh insanları küfr və şirkdə ittiham edən şəxslər öz qərəzli niyyətlərini davam etdirsinlər. Gün gələr Allahın haqq dərgahında mühakimə olunar və özlərinin layiqli cəzalarına çatarlar. Odur hər şeyi bilən və ədalətli hökm çıxaran.
İBADƏT nƏDİR?
İbadət ixtiyari və insanın istək və iradəsi ilə həyata keçən bir iş olduğu üçün insanın daxilində onu bu işə sövq və vadar edən müəyyən məqsəd və hədəfi olmalıdır. O, özü-özlüyündə bir neçə qismə bölünür:
1. Cəmin iş bə᾽zən insanın daxildə hiss etdiyi Allah məhəbbətindən və xeyirxah işlərin müqabilində Allahın verdiyi cənnət və᾽dəsindən irəli gəlir.
«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacları atlından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər». (4/13).
«Allaha iman gətirib yaxşı işlər görənlərə və᾽d etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir». (Maidə-9).
2) Bə᾽zən isə insanı ibadətə vardar edən amil, onun daxilində olan ilahi xof və cəhənnəm əzabından qorxu hissi olur.
«Əgər Rəbbimə asi olsam, [müsibəti] böyük günün [qiyamət gününün] əzabından qorxuram». (10/15).
«Həqiqətən, biz Rəbbimizdən, çox sərt, müdhiş və çətin gündən [üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən] qorxuruq!» (79/10).
Bə᾽zi ayələrdə də hər iki məqsədə işarə olunub.
«Onlar ibadət üçün yataqlarından qalxar [gecələr az yatar], qorxu və ümid içində [Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək] Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən [ehtiyacı olanlara] sərf edərlər». (32/16).
«Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır». (7/56).
«Onların tapındıqları tanrıların özlərindən hər hansı biri [Allah dərgahına] daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur».
3) Bə᾽zən də insan, Allahın bütün kamil sifət və xüsusiyyətlərə malik olduğunu görüb Onu özünə tanrı bilib, Ona iman gətirib ibadət və xeyirxah işləri ilə Onun razılığını qazanmaq istəyir.
Bu ibadətin ən yüksək mərhələsidir. Bu mərhələyə yalnız o kəslər nail ola bilər ki, Allahı hər şeydə görmüş və özləri Onun müqəddəs zatında məhv və fani olmuş olsunlar. Onlar artıq özlərini Allahın qarşısında bir varlıq hesab etmirlər. Bütün vücudları ilə hər şeydən ayrılaraq Onun rəhmətinə göz dikirlər.
Yalnız bu mərhələyə nail olanlar sidq ürəklə və xalisanə ibadət edə bilərlər. Peyğəmbər (s) və Mə᾽sum imamlardan başqa hələ ki, bu mərhələyə nail olan ikinci bir şəxs olmamışdır. İxlasa yalnız onlar nail olmuşlar və şeytanın nüfuz edə bilmədiyi və sözün həqiqi mə᾽nasında ayənin real nümunəsi onlar olmuşlar.
«İblis dedi: «Ey Rəbbim! Məni azdırmağına [rəhmətindən kənar etməyinə and içirəm ki, mən də insanlara [pis əməllərini, günahlarını] yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!» (15/39-40).
Əmirəl-mö᾽minin Əli (ə) bu barədə belə buyurur: «İlahi Sənə cənnət ne᾽mətlərinin ümidi və ya cəhənnəm əzabının qorxusundan ibadət etmirəm. Səni ibadətə layiq bilib bunun üçün Sənə ibadət edirəm.»85
Bu mərhələyə yalnız Əli (ə) və onun simasında olan qəlbləri imanla dolu əməli-saleh şəxslər nail ola bilərlər. Çünki, onlar Allah dərgahında qərq olmuş və ondan başqa ayrı bir varlıq görməyən və Allahı, Onun özünə xatir ibadət edən şəxslərdirlər. Sair insanların ibadəti isə birinci iki qismə aiddir. Belə ki, onlar bu ilahi məqama çatmadan ya Allahdan olan qorxu üzündən və ya cənnət ne᾽mətlərinə nail olmaq üçün Ona ibadət edirlər.
Beləliklə bir çoxlarının irəli sürdükləri nəzəriyyələrin batil və əsassız olduğu bəlli olur. Onlar deyirlər: «İnsanın qorxu üzündən və cənnət ne᾽mətlərinə xatir ibadət etməsini, həqiqi ibadət hesab etmək olmaz. Həqiqi ibadət odur ki, insan Allaha, Ona xatir ibadət etmiş olsun.»
Bu nəzəriyyə ona görə batil hesab olunur ki, mə᾽sum imamlar istisna olmaqla ümumi kütlənin etdiyi ibadət məhz belə bir xüsusiyyətə malikdir. Onlar Allaha yalnız bu həddə ibadət etməyə qadir olduqları üçün mə᾽sum imamların nail olduqları məqama çatmaları sadəcə olaraq imkan daxilindən xaricdir.
Bütün bunlarla yanaşı belə bir qənaətə gəlmək olur ki, insanın qorxu üzündən və cənnət ne᾽mətlərinə xatir etdiyi ibadətlər tamamilə düzgün və məqbuldur. Belə ki, yuxarıda qeyd olunan ayələrdə bu növ ibadətlər Allah tərəfindən bəyənildiyi və ibadət edən şəxslərin gözəl ibadətlərlə vəsf olunduğu göstərilir. Bütün bunlar isə ibadətlərin məqbul olduğuna dəlalət edir. Bunu da qeyd edək ki, imamlardan nəql olunmuş onlarla hədis və rəvayətlərdə bu kimi ibadətlərin məqbul olduğuna işarə olunmuşdur.
Bir qədər əvvəl qeyd etdik ki, Həmd surəsinin ilk ayələri Allah-taalanın rəhmət, mütləq malikiyyət, qüdrət və s. xüsusiyyətlərə malik və axirət gününün sahibi olduğu üçün həmd və şükrün məhz Ona aid olduğuna dəlalət edir. Bu səbəbdən də həmən ayəlrədə ibadətin müxtəlif səbəb və mə᾽nalarına işarə olunmuşdur.
Nəticə:
Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, ibadət ya heç bir təmənna olmadan, yalnız Allaha xatir olmalıdır– bu əməli-saleh və mö᾽min insanların ibadətidir – ya mənfəət əldə etməyə can atan tacirlər kimi, Allahın cənnət ne᾽mətlərindən bəhrələnmək üçün olmalıdır, ya da ağasından qorxan qullar tək, Allaha cəhənnəm əzabından qorxduğu üçün ibadət edən şəxslərin ibadəti.
ŞƏFAƏT VƏ KÖMƏK DİLƏMƏK
Həmd surəsinin 4-cü ayəsinin — «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» — anlamında qeyd etdik ki, ayədə iki mühüm mətləbə (ibadət və kömək diləməyə) işarə olunmuşdur. Bir qədər əvvəl «ibadət» haqda ətraflı söhbət açdıq. İndi isə «kömək diləməyin» nədən ibarət olduğu və onun mahiyyəti haqda söhbət açmaq istəyirik.
İnsan gündəlik həyatında gördüyü müxtəlif işlərdə həmçinin qarşısına qoyduğu məqsədə çatmaq üçün Allahdan qeyrisinin köməyindən istifadə edir və bir çox hallarda özü onlara kömək əlini uzadır və onlardan yardım istəyir. İstər əql, istərsə də şəriət bunun üçün heç bir yasaq və qadağa tə᾽yin etməmişdir.
Allah-taala Qur᾽ani-kərimdə bu haqda belə buyurur:
«Səbr etmək və namaz qılmaqla kömək diləyin». (2/45).
«Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun». (5/12).
«Zülqərneyin dedi: Rəbbimin mənə verdiyi [qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən] daha yaxşıdır». (18/95).
Yuxarıda qeyd olunan ayələrdən belə bir nəticəyə gəlmək olur ki, insan tək Allahdan deyil, başqalarından yardım və kömək ala bilər. Demək (İyyakə nəstəin) ayəsində – Yalnız Səndən kömək diləyirik – deyildikdə bütün köməklər deyil, yalnız insanın Allahdan ixlas və daha layiqli ibadət etməsi üçün kömək diləməsi nəzərdə tutulur.
İnsanın bütün işlərinin onun iradə və ixtiyarı ilə yerinə yetirildiyini göstərmək üçün belə bir yardım yalnız Allaha aid edilmişdir. Bu səbəbdən də «iyyakə nə᾽budu» cümləsində ibadətin yerinə yetirilməsi, yalnız insanın özünə, lakin Allahın kömək və yardımından asılı olduğu göstərilir. Belə ki, Allah, belə bir köməyi insana etmədikdə o öhdəsinə düşən dini məs᾽uliyyəti (ibadəti) sona çatdıra biləcəkdir.
Bu, insanın gördüyü bütün işlərə şahid olan ən kamil cəbr və ixtiyar nəzəriyyəsidir. Allaha olan ixlas da (saf iman da) məhz bunu tələb edir. Belə ki, cəbr (icbar) nəzəriyyəsinə əsasən Allah-taala insanlara məcburi olaraq gördükləri işlərə görə əzab və işgəncə verməlidir. Halbuki qeyri-ixtiyari işlərin müqabilində Allahın insanlara əzab verməsi ədalətə ziddir. Allah isə belə bir təsəvvürdən uzaq və münəzzəhdir.
«Allah onların dediklərindən çox uca və yüksəkdir». (İsra-43).
İxtiyar nəzəriyyəsi isə Allahdan başqa digər bir varlığın mövcud olmasını qəbul etməyimizi tələb edir. Çünki, belə bir əqidəyə əsasən insan bütün işlərin müstəqil səbəbkarı və (heç bir kənar amil müəssir olmadan) onun icrasıdır. Bu isə şirk ilə nəticələnən, olduqca yalnış təfəkkürdür.
Bunun üçün də deməliyik ki, həm cəbr, həm də ixtiyar nəzəriyyəsinin hər ikisi batil və əsassız nəzəriyyələrdir. Lakin onların arasında münasib olan üçüncü nəzəriyyə vardır. O da bundan ibarətdir ki, insan gördüyü bütün işləri ixtiyari olaraq həyata keçirir və o bunun müqabilində Allah tərəfindən ya cəzalandırılır, ya da mükafatlandırılır. Lakin eyni zamanda Allah-taala ona bu işləri görmək qüdrəti verdiyi və lazımı şərait yaratdığı üçün həyata keçirdikləri bütün işlərdə dəxalət edir.
Demək insan tam mə᾽nada muxtar (ixtiyarı öz əlində olan) bir varlıq deyildir. Cəbr və ixtiyar məsələsi haqda «E᾽caz» (mö᾽cüzə) fəslində ətraflı söhbət açıdığımız üçün bir daha bu mövzuya qayıtmaq istəmirik.
Ayədən əldə olunan mə᾽na, yə᾽ni köməyin Allahın müqəddəs zatına aid olmasının səbəbləri bundan ibarətdir.
Demək Allah insanların ixtiyarına qüdrət, düşüncə və lazımı şərait qoymadıqda onların hər hansı bir iş görməsi sadəcə olaraq qeyri-mümkündür. Onlara bu işdə bütün varlıqlar, hətta cinlər belə köməklik etsələr heç bir nəticə verməyəcəkdir. Çünki, hər bir mümkün (yaradılışında başqa birisindən asılı olan) varlıq mövcud olmasında başqa birisinə möhtac olduğu kimi, gördüyü işlərdə də heç bir müstəqilliyə malik olmayacaqdır.
Belə bir anlamdan (izahdan) sonra (iyyakə nəstəin – yalnız Səndən kömək diləyirik) cümləsinin nə üçün (iyyakə nə᾽budu – yalnız Sənə ibadət edirik) cümləsindən sonra gəldiyi artıq bəlli olur.
Belə ki, ilk növbədə ibadətin yalnız Allaha aid olduğu və daha sonra mö᾽minlərə ibadətlərinin Allahın istək və iradəsi, onların ixtiyarına qoyduğu qüdrət və lazımı şəraitin Allah tərəfindən olduğu göstərilir. Demək insan, Allah iradəsindən asılı olan bir varlıqdır. Gördüyü xeyirxah işlərə onun özündən daha yaxın və daha müəssərdir. Çünki, onu bu işləri görməyə qadir edən və lazımı şərait yaradan məhz Allahın özüdür. Gördüyü günah və xoşagəlməz işlərdə isə o buna daha yaxın və daha layiqdir. Çünki o bu işləri öz ixtiyarı ilə görür.
ŞƏFAƏT
Qur᾽anın bə᾽zi ayələrində Allahın insanların gördüyü işlərə nəzarət etdiyi, onların qüdrət, istək və iradələrinin Allahın ixtiyarında olduğu göstərilir. Allah, insanları kamala çatmaq üçün haqq yola istiqamətləndirir. O insanlara özlərindən daha yaxındır; istəklərini eşidir, bütün əməllərini görür, arzu və diləklərini həyata keçirir.
«Məgər Allah öz bəndəsinə kifayət deyilmi?» (39/34).
«[Ya Məhəmməd!] Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər». (2/186).
Belə bir Allahı olan insan nə üçün özü kimi bir insandan kömək və şəfaət istəməlidir. O beləliklə yaradanla [Allah], yaradılmış (özü) arasında vasitə qərar vermiş və qarşısına qoyduğu məqsədin yolunu özü öz əli ilə uzatmış olur. Günahkar bir şəxs özü kimi bir insandan şəfaət istəməklə nəyə nail ola bilər? Onun şəfat istəyəcək yeganə ümid qapısı Allahın rəhmət dərgahıdır. O Allah ki, hər şeyə qadir və hakimdir.
Bəli, insan Allahın izni olmadan başqa birisindən şəfaət istəyə bilməz. Lakin ona bu izn verilərsə, həmən şəxsdən şəfaət istəsə də, bu, Allahın rəhmət dərgahına üz tutub Onun özündən şəfaət istəmək sayılır.
Qur᾽anın bə᾽zi ayələrində Allahın belə bir icazəsinin yalnız bə᾽zi insanlara verildiyi göstərilir. Bunu da qeyd etmək lazımdır ki, izn verilmiş şəxslər ümumi şəkildə deyil, müəyyən şəxslər olduğu göstərilir.
Qur᾽ani-kərimdə bu haqda deyilir:
«Allahdan əhd edilmiş kəslər müstəsna olmaqla, qalanları [kafirlər] şəfaət etməyə qadir olmazlar. [Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Allahın izni ilə şəfaət etməyə layiqdirlər]». (19/87).
«O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz». (20/109)
«Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz». (34/23).
«Biz hər bir peyğəmbəri, ancaq ona Allahın izni ilə itaət olsun deyə, göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər». (4/64).
Bu barədə bir neçə mütəvatir rəvayət də nəql olunmuşdur.
ŞİƏ MƏNBƏLƏRİNDƏ NƏQL OLunMUŞ ŞƏFAƏT RƏVAYƏTLƏRİ
Şəfaətin «imamiyyə» (şiə) məzhəbində özünün xüsusi yeri vardır. Bu barədə kifayət qədər hədis və rəvayət nəql olunduğu üçün artıq heç bir şəkk-şübhəyə yer qalmır və biz onlardan bir neçəsini nəql etməklə kifayətlənirik:
Bərqi özünün «Məhasin» kitabında Müaviyə ibni Vəhəbbə istinad edərək nəql etdiyi rəvayətdə belə deyir: «İmam Sadiq (ə)-dan — «Rəhmanın izni verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğru deyəcək!» — ayəsinin təfsirini soruşdum.
İmam (ə) buyurdu: «Allaha and olsun ki, biz həmin icazə verilmiş və haqqı söyləyən kəslərik.»
Müaviyə dedi: Danışacağınız vaxt nə deyəcəksiniz?
İmam (ə) buyurdu: «Allaha şükr və səna edəcək, Peyğəmbərə (s) salam və salavat göndərəcək və öz şilərimizə (tərəfdarlarımıza) şəfaət edəcəyik. Allah da bizim dediklərimizi rədd etməyəcəkdir.»
Kuleyni də «Üsuli-kafi»də Məhəmməd ibni Fəzildən və o da imam Musa Cə᾽fərdən (ə) bu məzmunda rəvayət nəql etmişdir.86
ƏHLİ SÜNNƏ MƏNBƏLƏRİNDƏ ŞƏFAƏT HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
Əhli-sünnə mənbələrində də mütəvatir olaraq bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olmuşdur.87
Misal olaraq onlardan bir neçəsinə işarə edirik:
1. Yəzid ibni Fəqirin, Cabir Əbdullahdan nəql etdiyi hədisdə belə deyilir: Peyğəmbər (s) buyurur: «Mənə kimsəyə verilməyən beş böyük ne᾽mət verilmişdir: Qəlblərində mənə qarşı qorxu olan düşmənlərimlə dostluq əlaqələri qurdum, yer mənim üçün səcdəgah və pakedici oldu... Məndən əvvəlki peyğəmbərələrə halal olmayan döyüş qənimətləri mənə halal edildi və mənə şəfaət məqamı bəxş olundu.»88
2. Ənəs Malik, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: Mən, cənnətdə ilk şəfaət edən şəxs olacağam.89
3. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə belə deyir: Hər bir peyğəmbərin özünün duası vardır. Mən də öz duamı Allahın izni ilə ümmətimin şəfaəti üçün axirət günü üçün saxladım.
4. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi digər bir rəvayətdə deyir: Qiyamət günü mən Adəm övladlarının ağası olacağam. Hamıdan əvvəl [Məhşərə qalxmaq üçün] mənim qəbrim açılacaq və orada ilk şəfaət edən şəxs mən olacağam və mənim şəfaətim başqalarının şəfaətindən tez qəbul olunar.
5. Yenə də Əbu Hüreyrədən nəql olmuş rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Bu beş şey insana şəfaət edər: Qur᾽an, qohum-əqrəba ilə yaxşı ünsiyyətdə olmaq, əmanəti öz sahibinə qaytarmaq, sizin peyğəmbəriniz və onun əhli-beyti.
6. Abdulla ibni Əbi Cəda, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: «Bəni Təmim qəbiləsinin bir çoxu, həmin qəbilədən olan bir nəfər şəxsin şəfaət etməsi ilə cənnətə daxil olacaq.» Bu hədisi Tirmizi və Hakim də öz kitablarında nəql etmişdir.
Nəql olmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Peyğəmbər (s) və onun Əhli-beytindən şəfaət etmək nəinki şirk deyil, bəlkə olduqca bəyənilən və şər᾽i nöqteyi-nəzərdən savabı olan dini əməllərdən biridir. Lakin şəfaətin şirk, şəfaət istəyənlərin isə müşrik olmasını iddia edən bə᾽zi «müsəlman» qardaşların iddiaları insanda sual və təəccüb doğurur. Görəsən əldə kifayət qədər sənəd və dəlil olmasına baxmayaraq onları belə bir qənaətə gəlməyə vadar edən nə olmuşdur. Allahdan diləyimiz budur ki, bizə dinimizdə sabitqədəm olmaqda və haqq yoldan sapınmamaqda kömək olsun.
Bura qədər «Həmd» surəsinin ayələrinin bir neçəsinin anlamı ilə yaxından tanış oldunuz. Növbəti fəsildə Allahın köməyi ilə son iki ayə haqda söhbət açacağıq.
HƏMD SURƏSİNİN TƏFSİRİ
Dostları ilə paylaş: |