MƏHƏMMƏD ƏBDUHUN ÜÇ DƏFƏ TƏLAQ VERİLMƏSİNƏ DAİR İRƏLİ SÜRDÜYÜ NƏZƏRİYYƏ
Şeyx Məhəmməd Əbdi deyir: Əgər qadına bir dəfə, ya üç dəfə talaq verilərsə, daha dəqiq desək, bir dəfəyə üç dəfə talaq hökmü oxunarsa və ya talaq üç dəfə verməklə müəyyənləşdirilərsə, onların hamısı yalnız bir talaq hesab olunur. Əbduh şiə məzhəbinin istisna etdiyi bu əqidəni qəbul etməklə onu əsaslı dəlillərlə sübuta yetirməyə çalışır. O deyir: Bundan məqsəd heç də nəzər sahibi olmayan və başqalarından təqlid edən şəxslərlə mübahisə etmək və onların haqsız olduqlarını üzə çıxarmaq deyildir. Və eyni zamanda qaziləri öz fikirlərindən döndərib üç talaq hökmünə fitva vermələrini vadar etmək istəmirik. Çünki, onlar həqiqətin nədən ibarət olduğunu və hədis kitablarında bu məzmunda nəql olunmuş rəvayətlərin onların irəli sürdükləri nəzəriyyələrlə tamamilə ziddiyyət təşkil etdiyini çox gözəl dərk edirlər. Lakin bütün bunlarla yanaşı lazımı araşdırmalar aparmadan Qur᾽an və Peyğəmbərin (s) buyuruqlarına deyil, öz yazdıqları kitablara istinad etmişlər.
Müəllif:
Kaş Məhəmməd Əbduh müvəqqəti evlənmə barəsində də bu sözləri deyib həqiqəti bəyan edəydi. Çünki, müt᾽ə də «üç təlaq» hökmü kimi sabitdir və onun nəsx olunması tamamilə əsassızdır.
Bir sözlə müt᾽ənin haram olduğunu iddia edən şəxslər Qur᾽ana qarşı e᾽tinasızlıq və özlərinin tə᾽lif etdikləri qərəzli kitablara istinad etməkdən savayı heç bir məqsəd güdməyirlər.
RAZİNİN ŞİƏ MƏZHƏBİNƏ QARŞI YAXDIĞI İFTİRA
Heç bir araşdırma aparmadan şiə məzhəbi haqda fikir irəli sürən şəxslərdən biri də Fəxri Razidir. O, «Yəmhullahə ma yəşa və yusbitu...» ayəsini təfsir edərkən yazır: Rafizilər (şiələr) «Bədanı» Allah-taala üçün mümkün hesab edirlər. Bəda isə ilahi hər şeyə əhatə olmasına, lakin bütün işlərin bunun əksinə olaraq həyata keçməsinə deyilir.
Razinin fikrincə şiələr «Bəda» məsələsini qəbul etməklə cəhalət kimi mənfi xüsusiyyəti Allah-taalaya aid etmişlər.
İlahi! Sən özün şahidsən ki, şiələr haqda deyilən bu əsassız sözlər iftiradan savayı bir şey deyildir!
O, kitablarının birində Süleyman ibni Cərirdən nəql etdiyi rəvayətdə şiə məzhəbinə qarşı nalayiq ifadələrdən istifadə etmiş və heç bir əsası olmayan böhtan və iftiralara əl atmışdı. Onun şiə məzhəbinə vurduğu töhmətlər bir növ bə᾽zi məsihilərin Peyğəmbər (s) haqda söylədikləri təhqiramiz iftiralara bənzəyir. Lakin tezliklə haqq-ədalət öz yerini tapacaq və haqqa don geydirən qərəzli mövqe tutan təəssübkeş insanlar öz layiqli cəzalarına çatacaqlar.
ALLAHIN MƏXLUQATI YARATMAQ İSTƏMƏSİNƏ DAİR NƏQL OLunMUŞ HƏDİSLƏR
Mərhum Şeyx Səduq özünün «Tohid və məanil əxbar» adlı kitabında imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Və qalət yəhudu yədullahi məğlulətun – Yəhudilər dedilər: «Allahın əli bağlıdır». Yəhudilər belə bir yanlış əqidəyə malik olduqları üçün Allah-taala yaratdığı məxluqata nə bir şeyi əlavə edir, nə də ondan nə isə azaldaraq ixtisara salır.
Allah-taala bu ayəni nazil etməklə onların söylədiklərini tamamilə alt-üst etdi.
«Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə᾽nətə gəldilər. [Və ya bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lə᾽nətə gəlsinlər!] Xeyr! Allahın əlləri açıqdır [O, kərim və səxavətlidir], istədiyi kimi lütf və ehsan edər». (Maidə-64).
Məgər Allah-taalanın bu barədə buyurduğunu eşitməsisinizmi?
«Allah [həmin kitabdan] istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. [Bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar]. Kitabın əsli [lövhi məhfuz] Onun yanındadır». (Rə᾽d-39).
Bu rəvayəti Əyaşi də, Yə᾽qub ibni Şueybdən və o da Həmaddan nəql etmişdir. Əllamə Məclisi bu məzmunda nəql olunmuş bütün rəvayətləri özünün «Biharul Ənvar» adlı kitabında nəql etmişdir.
TALE VƏ AQİBƏT ÜÇÜN EDİLƏN DUALARIN TƏ᾽SİRİ HAQQINDA NƏQL OLUNMUŞ HƏDİSLƏR
Süleyman adlı ravilərdən biri deyir: Peyğəmbər (s) buyurur: «İlahi qəza və qədəri əvəz edəcək yeganə şey varsa, o da duadır. İnsan ömrünü də uzadan yeganə şey varsa, o da başqalarına əl tutub xeyirxahlıq etməkdir.»
Termizi bu rəvayəti özünün «Sünən» kitabında nəql edib.
Səuban, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «İnsan ömrünü uzadan yeganə şey varsa, başqalarına xeyirxahlaq edib əl tutmaqdır və ilahi qəza və qədəri əvəz edəcək yeganə şey varsa o da duadır. İnsanı ilahi ne᾽mətlərdən məhrum edən onun günahları və xoşagəlməz əməlləridir.»
Bu rəvayəti İbni Macə özünün «Sünən» və Hakim «Mustədrək» və Əhməd ibni Hənbəl «Müsnəd» adlı kitablarında nəql etmişlər.
Hakim və Zəhəbi hədisi nəql etdikdən sonra onun mö᾽təbər olduğuna dair öz nəzərlərini bildirmişlər. Bu haqda ətraflı mə᾽lumat əldə etmək üçün tə᾽lif olunmuş digər hədis kitablarına da müraciət edə bilərsiniz.
BİSMİLLAH AYƏSİ ƏTRAFINDA APARILAN FİKİR MÜBADİLƏLƏRİ
Bismillah... ayəsini ədəbi baxımdan izah edərkən qeyd etdik ki, «ism» kəlməsinin «Allah» kəlməsinə əlavə olması mə᾽nəvi xarakter daşıyır. Və «Allah» kəlməsi ayədə özünün əsl mə᾽nasında işlənmişdir. Belə bir halda deməliyik ki, «ism» kəlməsi ayədə bütün ilahi adlara şamil olmaq mə᾽nasında işlənmişdir. Demək, «Bismillah» kəlməsini dedikdə, ilahi adların ümumi məfhumunu nəzərdə tutmalıyıq və belə olduqda adın xarici misdaqına da işarə etmiş oluruq. Çünki, «Allah» adı Onun adlarının ən böyük xarici misdaqıdır. Demək ümumi məfhum ilə Allahın adını daha tez və daha yaxşı tətbiq etmək olur və «ism» kəlməsini deməklə iqrar edən və onu dinləyən şəxsin zehnində Allah-taalanın digər adlarından daha tez canlanır. Beləliklə Peyğəmbərdən (s) nəql olunmuş hədisin mə᾽nası daha da açıqlanır. Hədisdə deyilir:
«Bismillah, Allah-taalanın beyük adlarına (ismi-ə᾽əzəm) bəbəyin gözün ağına yaxın olmasından daha yaxındır.»
Bismillahın, ismi-ə᾽zəmə olan yaxınlığı kamil və zati yaxınlıqdır. Bəbəyin gözün ağına olan yaxınlığı isə məsafə baxımından olan yaxınlıqdır. Və təbii ki, zati yaxınlıq, məsafə və məkan baxımından olan yaxınlıqlardan daha əhəmiyyətli və daha güclüdür.
Dostları ilə paylaş: |