ALUSİNİN ŞİƏ MƏZHƏBİNƏ VURDUĞU TÖHMƏT
Bir qədər əvvəl Razinin şiə məzhəbi haqda irəli sürdüyü təhqiramiz nəzəriyyə ilə tanış oldunuz. Təəssüflər olsun ki, belə bir xəstəliyə Alusi də mübtəla olmuşdur.
«Ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için»100 ayəsini təfsir edərkən deyir: Şiələr gün çıxdığı zaman oruc tutmağa başlayırlar. Onların əqidəsinə əsasən oruc tutan hər bir şəxs gün çıxana qədər yeyib-içməkdə tamamilə azaddır.
Qəribədir görəsən Alusi bu mə᾽lumatları hansı mənbədən əldə edib və hansı dəlil və sübutlara əsasən belə bir nəticəyə gələ bilmişdir?! O, şiələrin hələ qədimdən məskun olduğu və əhalinin əksəriyyətini təşkil etdiyi Bağdad şəhərində yaşamış və ilk təhsilini orada almışdır. Belə bir şəraitdə o əhalinin hətta yaşayış tərzinə nəzər salıb düzgün nəticəyə gələ bilərdi.
Bütün bunlarla yanaşı o, şiə alimlərinin tə᾽lif etdikləri mö᾽təbər şəriət kitablarından da xəbərsiz deyildir. Lakin təəccüb doğuran budur ki, görəsən belə bir şəraitdə onu bu nəticəyə gəlməyə və heç bir əsası olmayan və eyni zamanda müsəlman məzhəbləri arasında ixtilafa səbəb olacaq belə bir nəzəriyyə irəli sürməyə vadar edən nə olmuşdur.
Bəli, müsəlmanlar arasında ixtilafların yaranmasına və fikir ayrılıqlarının meydana gəlməsinə səbəb olan məhz bu kimi qərəzli nəzəriyyə və şər᾽i fitvalar olmuşdur. Kim bilir, bəlkə də bütün bunlara səbəb olan gözə görünməyən, lakin pərdə arxasında fəaliyyət edən başqa mənfi ünsürlər vardır? Bəlkə də ədavət toxumunu səpməklə müsəlmanlar özləri balta sapına çevrilir və bir-birlərinin qatı düşməni olurlar?!
MÜƏLLİFİN HİCAZ ALİMLƏRİNİN BİRİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ
Hicri-qəməri 1353-cü (Miladi 1932-ci) ildə Kə᾽bə evini ziyarətə getdik. Peyğəmbər (s) məscidində Zeynulabidin adılı olduqca savadlı bir qoca məscidə nəzarət edir, möhürlə namaz qılan şəxslərdən möhürlərini alır və onları möhürlə namaz qılmağa qoymurdu.
Ona yaxınlaşıb dedim: Peyğəmbərin (s) hərəmində müsəlmanların icazəsi olmadan onların şəxsi əşyalarına toxunmaq və ona sahib olmaq olarmı?
Dedi: Xeyr.
Dedim: Belə isə hansı haqla müsəlmanların mallarını qarət edirsən? Bir halda ki, onlar Allahın birliyinə və həzrəti Məhəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərildiyinə şəhadət verirlər.
Dedi: Onlar müsəlman deyil, müşrikdirlər. Möhürü özləri üçün büt edib onlara səcdə edirlər.
Dedim: İstəyirsənmi bu barədə bir qədər ətraflı söhbət edək?
Dedi: Bu lap yerinə düşərdi!
Onunla saatlarla söhbət etdim, nəhayət tutduğu işdən peşiman olub üzr istəməli oldu. Allah-taaladan bağışlanmasını istəyib dedi: Mən təəssübkeş və inadkar insan deyiləm. Bu günə qədər həqiqət bəlli olmadığı üçün səhvə yol vermişəm.
Sonra o məndən başqa mövzular ətrafında da müzakirə etməyimizi xahiş etdi. Biz gecələr Peyğəmbər (s) məscidinə gəlir, orada müxtəlif mövzular ətrafında bəhs edir və fikir mübadilələri aparırdıq. Oraya müxtəlif məzhəblərdən olan şəxslər gəlir və bizim məclislərimizdə iştirak edirdilər. Mədinədə olduğum on gün ərzində hər gün Peyğəmbər məscidinə gəlir və oraya toplaşanları maraqlandıran suallara cavab verirdik. Nəticədə həmən şəxs şiə məzhəbinə qarşı tutduğu qərəzli mövqedən əl çəkib bu məzhəbə ehtiramla yanaşmağa başladı.
Şeyx Zeynulabidin müzakirələrimizin nəticəsini «Ummul Qura» жurnalında çap etdirəcəyinə söz verdi. Onun fikrincə söhbətlərimiz haqsevər və təəssübsüz insanlar üçün olduqca xeyirli ola bilərdi. Bu səbəbdən də söhbətlərimizin məqalələr şəklində çap olunmasına böyük əhəmiyyət verirdi. Hətta жurnalın bir nüsxəsini mənə göndərəcəyinə söz verdi. Lakin verdiyi sözə əməl etmədi. Bəlkə də mövcud şəraiti nəzərə alıb fikrindən dönmüş və ya qarşısına çıxan maneələr onu verdiyi sözə əməl etməməyə vadar etmişdir.
İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİNİN FƏZİLƏTİ
Əbu Yə᾽la öz kitabında və İbni Əbi Şəybə və Səid, Mənsurun «Musnəd» adlı kitabında Əmirəl-mö᾽minin Əli ibni Əbu Talib (ə)-dan nəql etdiyi hədisdə deyir: «Günlərin bir günündə Peyğəmbərin (s) yanına getdim. Onun gözlərini yaşlı görüb təəccüb etdim. Soruşdum: Ya Rəsuləllah! Sizi narahat edən bir kəsmi vardır? Ağlamağınızın səbəbi nədir?
Buyurdu: Ya Əli, bir qədər əvvəl Cəbrail mənim yanımda idi. O deyir ki, Hüseyn Fərat çayının yaxınlığındakı səhrada amansızcasına qətlə yetiriləcəkdir.
Onu türbətinin ətrini duymaq istəyirsənmi? Dedim: Bəli, ya Rəsuləllah. Əlində tutduğu torpağı ovucuma töküb dedi: Al iylə. Torpağa bir qədər baxdıqdan sonra ixtiyarsız olaraq ağladım.»
Təbərani özünün «Böyük tarix» adlı kitabında Ümmi Sələmədən nəql edərək deyir: Gecə yarısı Peyğəmbər (s) yuxudan ayılıb ibadətlə məşğul idi. Yuxudan ayılıb onun olduqca qəmgin və mə᾽yus olduğunu gördüm. O, həsrətlə əlindəki qırmızıya çalan torpağa baxır və sanki nəyinsə həsrətini çəkirdi.
Soruşdum: Ya Rəsuləllah! Bu nə torpaqdır belə?
Buyurdu: Cəbrail deyir ki, Hüseyn İraq torpağında qətlə yetiriləcəkdir. Mən ondan Hüseynin qətlə yetiriləcək torpaqdan bir qədər gətirməsini istədim. Əlimdə gördüyün torpaq oranın torpağındandır.
İbni Əbi Şəybə, İbni Macə Təyalisi və Əbu Nəim bu rəvayəti Ümmi Sələmədən və Malik ibni Ənəsdən nəql etmişlər.
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Həsən ibni Mənsur deyir: İblis, Adəm (ə)-a səcdə etməyə əmr olunduqda dedi: İlahi! Adəmə yalnız o zaman səcdə edərəm ki, səcdənin əzəmət və şəfaətini ondan götürmüş olasan. Və mənim sənə səcdə etməyim yalnız sənin böyüklüyünə bir nişanə olsun. Bir tərəfdən mənə Adəmə səcdə etməyimi əmr edirsən, digər tərəfdən isə özündən savayı başqa bir varlığa səcdə etməyi qadağan edirsən. Allah-taala buyurur: Əgər Adəmə səcdə etməsən səni əbədi əzaba düçar edəcəyəm.
İblis dedi: İlahi! Məni əzab və işgəncə içindəmi görmək istəyirsənmi?
Allah-taala buyurur: Bəli!
İblis dedi: Nəzər salaraq məni əzab və işgəncə içində görməyin mənim üçün hər şeydən şirin və əzizdir. Elə bu da məni əbədi olaraq əzab içində qalmağıma vadar edir. Nə istəyirsən onu da et!101
Müəllif:
Daim yenilik axtaran Ruzbəha və onun tərəfdarlarının gözləri aydın olsun ki, o, öz təfsirində əql, məntiq, Qur᾽an və dini əsaslara müvafiq olmayan belə bir ixtiraya nail ola bilmişdir. (İstehza və təəssüf hissi ilə deyilir. Red.)
Dostları ilə paylaş: |