ON BEŞİNCİ FƏSİL QUR᾽ANIN QƏDİM VƏ YA HADİS OLMASI
1. Qur᾽anın qədimliyinə və «nəfsi [mə᾽nəvi] kəlama» əsaslanan əqidənin yaranması;
2. Nəfsi kəlamda aparılan araşdırmalar;
3. Əşairənin nəfsi kəlama dair gətirdikləri dəlillərin araşdırılması.
QUR᾽ANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI
Qur᾽anın Allah tərəfindən həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək və bəşəriyyətin hidayəti üçün nazil olması, heç bir müsəlmanda şəkk-şübhə doğurmur. Allahın danışması və bunun Onun sübutiyyə sifətlərindən olması da kimsədə şübhə doğurmayır.
Qur᾽ani-kərimdə bu haqda deyilir:
«Allah Musa ilə sözlə [arada heç bir vasitə olmadan] danışdı». (4/164).
Bəli, Yunan fəlsəfəsi müsəlmanlar arasında yayılmayanadək, hər iki məsələ (yə᾽ni həm Qur᾽anın haqq olaraq Allah tərəfindən nazil olduğu və həm də Allahın danışması) hər bir müsəlman tərəfindən qəbul olunur və heç bir ixtilafa səbəb olmayırdı. Yunan fəlsəfəsi islam dünyasına nüfuz etdikdən sonra müsəlmanlar arasında müxtəlif məzhəb və firqələr yaranmağa başladı. Belə ki, biri digərini küfr və dindən çıxmaqda ittiham edir və bir çox hallarda yaranmış ixtilaflar daha da ciddiləşir, qarşıdurma hətta böyüklü-kiçikli müharibələrlə nəticələnirdi. Ən acınacaqlısı bu idi ki, öldürən də, ölən də Allahın birliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə, axirət gününə iman gətirmiş müsəlmanlar idi. Onlar amansızcasına bir-birinin qanını tökür, namusuna toxunur, elini-obasını qarət edir və nəyin bahasına olursa-olsun öz əqidələrini yaymağa çalışırdılar.
Məgər onların haqq olaraq Peyğəmbər hesab etdikləri həzrət Məhəmməd (s) və ondan sonra müsəlmanlara rəhbərlik edən şəxslər yuxarıda qeyd olunanlara iman gətirənləri müsəlman ümmətindən hesab etmirdilərmi? Bu əqidəli şəxslərin canı, malı, namusu amanda deyildimi?! Elə bir tarixçi və ya mühəddis (hədis nəql edən şəxs) varmı ki, öz kitabında Peyğəmbərin (s) və onun canişinlərinin müsəlmanlarla gələcəkdə ixtilafa səbəb olacaq Qur᾽anın qədim və yeniliyini (və bu kimi məsələlər haqda) bir söz dediklərini qeyd etmiş olsun? Məgər onlar Qur᾽anın qədim və ya yeni olduğunu qəbul edib-etməyənlər arasında fərq qoyur, qəbul etmədikləri təqdirdə həqiqətən onları dindən çıxmış hesab edirdilər? Bu ixtilaflara səbəb olan şəxslər qiyamət günü Allah dərgahında sorğu-sual olunarkən bütün bunların qarşısında cavab verəcəklər?
Bəli, Qur᾽anın qədim və hadis olması haqda aparılan müzakirələr müsəlmanlar iki böyük firqəyə — «Əş᾽əri» və «Qeyri-Əş᾽əri»yə bölündükdən sonra meydana gəldi.
Əş᾽ərilər Qur᾽anın qədim olduğunu hesab edir və kəlamı iki hissəyə «ləfzi nəfsi» [mə᾽nəvi] və bunu Allahın zati sifət və xüsusiyyətlərindən hesab edirdilər. Qur᾽an da ilahi kəlam olduğu üçün onun zati sifəti kimi qədim olmalıdır.
Əşə᾽rilərdən fərqli olaraq «Mö᾽təzilə» və «Ədliyyə» isə belə bir əqidəyə əsaslanırdı ki, Qur᾽an hadis və yeni, kəlam isə ləfzidir. Allahın danışmasını isə Onun zati sifətlərindən deyil, fe᾽li sifətlərindən hesab edirdilər.
ALLAHIN ZATİ VƏ FE᾽Lİ SİFƏTLƏRİ ZATİ VƏ FE᾽Lİ SİFƏTLƏR ARASINDAKI FƏRQ
«Zati sifətlər» – O sifətlərə deyilir ki, Allahın müqəddəs zatı daim onlarla vəsf edilmiş olsun. Bu sifətlər Allahın müqəddəs zatından bir an olsun belə, əksilməmiş və onların əksinə olaraq vəsf olunmamışdır. Allahın elmini, qüdrətini, hər zaman mövcud olmasını buna misal çəkmək olar. Çünki, Allah daim mütləq elmə, qüdrətə malik olmuş, hal-hazırda malikdir və gələcəkdə də qadir olacaqdır. Allahın bu sifətlərə malik olması və ya bütün bunların əksinə olaraq, yə᾽ni Allahı cəhl, acizlik və bu kimi sifət və xüsusiyyətlərlə vəsf etmək isə mahal və qeyri-mümkündür.
«Fe᾽li sifətlər» – O sifətlərə deyilir ki, Allah-taala bə᾽zən bu sifətlərə malik, bə᾽zən də tam əksinə malik olmuşdur. Yaratmaq və ruzi verməyi buna misal çəkmək olar. Deyə bilərik ki, Allah-taala filan varlığı yaratmış, filan varlığı isə yox, kiməsə övlad nəsib etmiş, kiməsə də var-dövlət.
Buradan belə mə᾽lum olur ki, danışmaq da Allahın zatı yox, fe᾽li sifətlərindən olmuşdur. Çünki, Allah-taala Musa peyğəmbərlə danışmış, Fir᾽onla isə yox və ya Allah Musa peyğəmbərlə Tur dağında danışmış, Nil çayında isə yox.
NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAM NƏDİR?
Əş᾽ərilər bu fikirdədirlər ki, adi ləfzi kəlamdan fərqli olaraq «nəfsi kəlam» adlanan başqa bir kəlam da vardır. Sonra onların arasında belə bir fikir ayrılığı yaranmışdır ki, görəsən «nəfsi kəlam» deyildikdə həmən «ləfzi kəlam» nəzərdə tutulur, ya qeyrisi və onların arasında bağlılıq varmı? İkinci nəzəriyyənin tərəfdarları deyirlər: «Ləfzi kəlam» «nəfsi kəlama» dəlalət etdiyi kimi deyil, bizim ixtiyari hərəkətlərimizdən elmə, həyata olan dəlalətdir. Buna da ləfzi birbaşa mə᾽naya etdiyi dəlalət deyil, əqli dəlalət deyilir.
Qur᾽anı «nəfsi kəlam», Allahın danışmasında Onun zati sifətlərindən hesab edən Əşairə zati sifətlərindən hesab edən Əşairə (icbari) olaraq Onun Allahın zati sifətlərinin özü kimi qədim olduğu üçün Qur᾽anın qədim olduğunu hesab edirlər. Onların fikrincə Qur᾽anın qədim olması yalnız orada istifadə olunan kəlmə və ifadələrə aiddir. Lakin Fazil Quşçi hətta Qur᾽anın üst qabığının da qədim hesab edir.61
Digər firqələrə aid olan müsəlmanlar Qur᾽anı «ləfzi kəlam», Allahın danışmasını isə «Fe᾽li sifət» hesab edirlər. Bu səbəbdən də Qur᾽anın hadis və yeniliyinə əsaslanaraq deyirlər: Qur᾽an Allahın ləfzi kəlamıdır. Aləmdə mövcud olan varlıqlar Allahın əlamətləri olduğu kimi, Qur᾽andakı kəlmə və cümlələr də Onun nişanələrindən hesab olunur. Bu səbəbdən də Qur᾽andakı hər bir cümlə ayə adlanır.
Bu barədə söhbəti nə qədər genişləndirsək də elə bir faydalı mətləb əldə edə bilməyəcəyik. Çünki nə üsulidinə (dinin əsasları), nə də füruidinə (dinin şaxələri), nə Allah tanımağa və nə də dini tə᾽limlərə aiddir. Lakin necə olursa-olsun söhbətimizi davam edirik. Bəlkə də müsəlmanların əksəriyyətini təşkil edən Əşairə məzhəbinin davamçılarına bəlli olsun ki, onların dinin mühüm məsələlərindən hesab etdikləri belə bir təfəkkür-tərzi heç bir əqli əsası olmayan, şəriət və məzhəb ilə heç bir əlaqəsi olmayan xəyal və cəfəngiyatdan savayı bir şey deyildir.
NƏFSİ KƏLAMDA APARILAN ARAŞDIRMALAR
Bir qədər əvvəl «nəfsi kəlamın» mə᾽nası, yaranması və Qur᾽anın qədimliyi ilə əlaqəli olduğu haqda söhbət açdıq.
Bu fəsildə də söhbətimizi davam etdiririk.
Mə᾽lum olduğu kimi hər kəlmə əlifba (heca) hərflərindən yaranır və yaranmış kəlmə yeni mə᾽na və məfhumdan başqa bir şey deyildir. Allahın belə bir yeni məfhumla əzəli və zati olaraq vəsf olunması isə qeyri-mümkündür. Lakin ixtilafa səbəb olan və haqqında söhbət açdığımız kəlam [adi] ləfzdən ibarət olmayan mə᾽nəvi vücuddan ibarətdir. Belə ki, onun tərkib hissəsi ani olaraq aləmdə vücuda gəlir.
Əşairə belə bir kəlamın mövcud olduğunu sübuta yetirir və onu «nəfsi kəlam» adlandırır. Onların fikrincə belə bir kəlam Allahın zati sifətlərindəndir və başqaları da belə bir kəlamla vəsf olunmuşlar. Lakin digər firqələrin də varlıqları Əşairənin əksinə olaraq belə bir kəlamın mövcud olduğunu rədd edir və kəlamın yalnız «ləfzi kəlamdan» ibarət olduğuna əsaslanırlar. Onların irəli sürdükləri nəzəriyyədə deyilir: Hər bir iş failindən asılı olduğu kimi, kəlamın da yaranması da onu ifadə şəxsdən asılıdır. Kəlam isə tədrici ifadələrdən və danışıqdan yaranır.
Bizim fikrimizcə bu barədə irəli sürülən ən doğru və düzgün nəzəriyyə ikinci – yə᾽ni «ləfzi kəlamdan» savayı «nəfsi kəlam» adında başqa bir kəlam yoxdur – nəzəriyyəsidir.
Dəlil:
Gündəlik danışıqlarımızda istifadə etdiyimiz cümlələr iki hissədən ibarətdir:
1. Xəbər cümləsi;
2. İnşa cümləsi.
Xəbər cümləsi: Əgər xəbər cümlələrini ətraflı araşdırsaq görəcəyik ki, hər bir xəbər cümləsi doqquz hissədən ibarətdir.
1. Kəlmələr, kəlmə və cümlələrin tərkib hissəsi;
2. Hər birinin mə᾽na və dəlalət etdiyi mətləb;
3. Cümlənin ümumi tərkibi;
4. Cümlənin ümumi tərkibinin dəlalət etdiyi mətləb;
5. İfadəçinin cümlədən əldə etdiyi zehni təsəvvür;
6. İfadəçinin cümlənin mə᾽na məfhumundan əldə etdiyi zehni təsəvvür;
7. Məfhumun həqiqətlə mütabiq olub-olmaması;
8. İfadəçinin belə bir mütabiqətdən əldə etdiyi mə᾽lumat və ya şəkk və tərəddüdlə yanaşması;
9. İfadəçinin danışmağa və ya nəyi isə ifadə etməyə istək və iradəsi.
Xəbər cümləsinin yaranmasına lazım olan şərait bunlardan ibarətdir və Əşairənin özlərinin e᾽tiraf etdiklərinə görə onların heç biri «nəfsi kəlam» deyildir. Bu səbəbdən də xəbər cümləsində «nəfsi kəlam» üçün heç bir misdaq və məfhum görmək mümkün deyildir.
Xəbər cümləsinin mə᾽na və məfhumu da «nəfsi kəlam» ola bilməz. Çünki, alimlərin bir çoxunun fikrincə xəbər cümləsinin mə᾽na və məfhumu «xəbər verilən şeyin baş verib-verməməsindən» ibarətdir. Bizim fikrimizcə isə xəbər cümləsinin mə᾽na və məfhumu xəbər verilən şeyin baş verib-verməməsindən deyil, baş verəcək və ya verməyəcək şey haqda xəbər verilməsini istəməsindən ibarətdir.
Çünki bir qədər əvvəl qeyd etdik ki, xəbər cümləsinin istifadə olunduğu yer baxımından özünəməxsus əlamətlərdən biri də bundan ibarətdir ki, şəxs bir şeyin baş verib-verməməsi haqda xəbər verməyi istəmiş olsun. Bu səbəbdən də xəbər cümləsi də digər cümlələr kimi, nəyəsə dəlalət etmək və əlamət məqsədi ilə qurulur. Bunu da qeyd etdik ki, şəxs xüsusi ifadələrdən (kəlmələrdən) istifadə etməklə nəzərdə tutuduğu hər hansı bir mətləbi dinləyiciyə çatıdırır və beləliklə öz fikrini çatdırmış olur.
Nəticə:
Xəbər cümləsinin mə᾽na və məfhumu bir qədər əvvəl qeyd olunanlardan fərqli deyildir. Biz onu «nəfsi kəlam» da adlandıra bilmərik. Çünki, «nəfsi kəlam» tərəfdarları bunu kəlamın bir hissəsini təşkil edən lakin xəbər cümləsinin mövzusunun həyata keçib-keçməməsindən fərqli olan nəfsani [mə᾽nəvi] və zati həqiqət hesab edirlər.
Bir sözlə «nəfsi kəlamı» xəbər cümləsinin mə᾽na və məfhumu ilə heç cür tətbiq edə bilmərik.
İnşa cümləsi: Xəbər cümləsi kimi, inşa cümləsi də «nəfsi kəlamın» misdaqına çevrilə bilməz. Çünki mə᾽na və məfhumdan başqa xəbər və inşa cümlələri arasında heç bir fərq yoxdur. Belə ki, xəbər cümlələri bə᾽zən baş verən cərəyanlarla mütabiq olur, bə᾽zən də yox. İnşa cümləsi isə belə bir xüsusiyyətlərə malik deyildir. Çünki inşa cümləsi baş verən cərəyanlarla mütabiq olub-olmayacaq xarici həqiqət mövcud olmayır.
Demək, yeddi və səkkizinci hissələr istisna olmaqla inşa və xəbər cümlələrinin tərkib hissləri tamamilə eynidir. Soruşa bilərsiniz ki, inşa cümlələrinin mə᾽na və məfhumu nədən ibarətdir? Və ya onların mə᾽na və məfhumu «nəfsi kəlamın» misdaqına çevrilə bilməzmi?
Cavabında deyirik: Alimlərin bir çoxlarının fikrincə inşa cümləsindən mə᾽nanın dinləyicə çatdırmaq üçün istifadə olunur. Demək, özünə gəldikdə müstəqil vücud, mə᾽na və məfhum e᾽tibarı ilə isə məcazi hal daşıyır. Məhz belə bir bağlılığın nəticəsində gözəllik və çirkin kimi ifadələr kəlmənin özünə də tə᾽sir qoyur. Bu səbəbdən də deyilir ki, mə᾽na kəlmənin vasitəsilə vücuda gəlir. Lakin belə bir mövcudluq həqiqi deyil, ləfzi və zahiridir. Çünki həqiqi vücud kəlməyə aid deyildir. Lakin diqqət yetirmək lazımdır ki, mə᾽nanın kəlmədən bu yolla yaranması inşa cümlələrinə aid deyildir. Bunu xəbər cümlələrində və ayrı-ayrı ifadələrdə də görmək olar.
Lakin kəlmə mövcud olmadan mə᾽nanın mövcud olması yalnız iki halda ola bilər. Və bu iki haldan heç birində kəlmə mə᾽nanın yaranmasında heç bir tə᾽sir qoymayır.
1. Həqiqi vücud:
Bu kimi varlıqlar aləmdə varlığın həqiqi mahiyyətini təşkil edən cövhər və ərəz halında zahir olur. Belə bir varlığın meydana gəlməsi onun təbii amillərinin formalaşmasından asılıdır. Təbii ki, belə bir mə᾽na daşıyan kəlmələr onun təbii amillərindən hesab olunmayır və onun formalaşmasında əsla dəxalət etməyir.
2. E᾽tibari vücud:
Bu da varlığın bir növünü təşkil edir. Lakin xaricdə deyil, təsəvvür və fərz aləmində mövcud olur. Belə bir varlığın vücuda gəlməsi fərziyyəçini etdiyi fərziyyədən asılıdır.
Bir sözlə nə həqiqi, nə də e᾽tibari vücud ona dəlalət edən kəlmə üçün əsas şərt deyildir. Lakin qanunverci [Peyğəmbər (s)] və nəzər sahibləri bağlanılan əhd-peymanlarda inşa cümləsində e᾽tibari vücudun olmasını əsas şərtlərdən biri hesab edir. Lakin belə bir şərt və bağlılıq bundan irəli gəlir ki, kəlmə özünün həqiqi mə᾽nasında işlənmiş və onun vücuduna dəlalət etmiş olsun.
Çünki, mə᾽nanın zahiri və ləfzi vücudu tək inşa cümləsinə deyil, istər xəbər, istərsə də inşa cümlələlərinin mə᾽nalarına da şamil olur.
Bu barədə irəli sürülmüş ən doğru və ən düzgün nəzəriyyə bundan ibarətdir ki, inşa cümlələrinin quruluşu hər hansı bir nəfsani mətləbin çatdırılması üçündür. Və bu da həmən fərz olunan mətləbdir. Əmr və qadağa, əhd-peymanlar və bə᾽zən də sifət və xüsusi hallar, ümid və arzu xarakterli cümlələr kimi dəlalət edir.
Demək, cümlə quruluşlarının hər biri nəfsani işlərin nişan və əlamətlərini təşkil edir. Bu da xəbər cümlələrindəki «bir şeyin baş verib-verməməsini bəyan etmək» və inşa cümlələrindəki «işin e᾽tibarı fərz və ya özünəməxsus sifət və hallardan ibarətdir» deməkdir.
NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR
«Tələb» kəlməsindən əldə etdiyimiz mə᾽na «nəyinsə əldə olunması üçün çalışmaq və sə᾽y etməkdən» ibarətdir.
Bu səbəbdən bir şəxs çalışmadan deyə bilmərik ki, filan şəxs «itirdiyini və ya axirət gününün səadətini tələb edir».
«Tələb, şəxsin bir şeyi toplaması və əldə etməsi üçün göstərilən sə᾽y və çalışmalara deyilir».
Bu səbəbdən də əmr edən şəxsə «talib» deyilir. Çünki, o əmr etməklə istədiyi şeyi əldə etmək istəyir.
Demək, əmr deyildikdə tələb nəzərdə tutulur. Yə᾽ni əmr müstəqil kəlmə deyildir və tələb onun mə᾽nasını ifadə edir. Buradan belə mə᾽lum olur ki, əmr tələb üçün istifadə olunur. Tələb – «nəfsi kəlam»dır, əmr isə «ləfzi kəlam» olaraq ona dəlalət edir — demələrinin isə heç bir əsası yoxdur.
Əşairənin, «tələbi» iradədən fərqli hesab etmələri də tamamilə əsaslıdır. Lakin «tələbi» nəfsi sifət və onu «nəfsi kəlam»ın mə᾽nası hesab etmələrində isə böyük səhvə yol vermişlər.
Nəticə:
Deyilənlərdən belə qənaətə gəlmək olur ki, nə xəbər, nə də inşa cümlələrində «nəfsi kəlam» adında müstəqil bir məfhum yoxdur.
Bir sözlə şəxs nəyisə ifadə etməzdən əvvəl ilk növbəbdə ifadə edəcəyi şeyi zehnində canlandırmalıdır. Belə bir zehni təsəvvürə də «zehni vücud» deyilir. Əgər «nəfsi kəlam» tərəfdarları həmən mə᾽nanı nəzərdə tutarlarsa və zehni vücudu «nəfsi kəlam» adlandırarlarsa, düzgün nəticə əldə etmiş olarlar. Lakin bildiyiniz kimi, «zehni vücud» yalnız kəlama deyil, insanın bütün ixtiyari işlərinə şamil olur və insanın bütün işləri də «zehni vücuddan» ibarətdir. Və əgər danışıq zamanı «zehni vücud» və əvvəlki təsəvvür lazım olarsa, bundan irəli gəlir ki, kəlam danışan şəxs üçün bir növ ixtiyari əməl olunmuş olsun.
«Nəfsi kəlam» barədə deyilməsi mümkün olan şeylərin xülasəsi bundan ibarətdir. Lakin bunlarla yanaşı Əşairə belə bir kəlamın mövcud olduğuna və nəticədə Qur᾽anın qədimliyinə istinad etmişlər.
Növbəti fəsildə bu haqda ətraflı söhbət açacağıq.
ƏŞAİRƏNİN NƏFSİ KƏLAMA DAİR GƏTİRDİKLƏRİ DƏLİLLƏRİN ARAŞDIRILMASI
Əşairə öz əqidələrini sübuta yetirmək üçün bir neçə dəlilə istinad etmişlər.
1. Şəxs bir söz demədən əvvəl nəzərdə tutduğu şeyi özü-özlüyündə nəzmə salır və yalnız bundan sonra fikrini ifadə edir. Belə bir ləfzi və xarici kəlam vücudundakı ««nəfsi kəlam»dan irəli gəlir. Bu bir həqiqətdir ki, hər bir şəxs öz vücudunda onu hiss edir və yaşadır.
Görkəmli ərəb şairi Əxtəl şe᾽rlərinin birində bu həqiqətə işarə etmişdir.
Şe᾽rin məzmunu:
«Həqiqətən hər bir şəxsin deyəcəyi söz onun qəlbindədir. Onu bəyan edən şey varsa, o da onun dilidir.»
Cavab:
Bir qədər əvvəl verilən cavablarda qeyd olundu ki, kəlamın qəlbdəki təsviri, zehni vücud adlanan şəxsi zehnində yaranan həmən zehni təsəvvürdür. Bu da tək kəlama deyil, insanın gördüyü bütün ixtiyarı işlərə şamil olur. Çünki, hər bir yazıçı və ya rəssam yazacağı və ya çəkəcəyi şey haqda ilk növbədə zehni təsəvvürə malik olmalı və yalnız bundan sonra nəzərdə tutduğu şeyi yazmalı və ya kağız üzərinə köçürməlidir.
Demək, onun deyilənlərə dəlil olsun deyə «nəfsi kəlam»la heç bir əlaqəsi yoxdur.
2. İnsanın zehnindəki hər hansı bir mətləbi, kəlam adlandıra bilərik. Belə bir ünvanı hər hansı bir dəlilə istinad etmədən tamamilə düzgün hesab etmək olar. Belə ki, insan bə᾽zən deyir: Qəlbimdə elə şeylər var ki, onları bildirmək istəmirəm. Mülk surəsinin on üçüncü ayəsində deyilir:
«[Ey insanlar!]. İstər sözünüzü gizli saxlayın, istərsə də açıq deyin, heç bir fərqi yoxdur. Allah ürəklərdə olanları biləndir.»
Cavab: Zehni vücud mərhələsində də nəzərdə tutulan hər bir ibarətə kəlam deyilir. Və həmən qayda üzrə xarici və ləfzi vücud mərhələsində də kəlam deyilir. Çünki, hər bir şey iki növdən ibarətdir: Xarici və zehni vücud və onların hər biri yalnız bir şeyin vücudunu təşkil edir. Bu səbəbdən də dəlil və əlamətə ehtiyac olmadan onların hər ikisini eyni adla adlandırırıq. Məsələn, hər ikisinə kəlam deyirik. Lakin söz burasındadır ki, hər iki mövzu özünəməxsus vüs᾽ət və əhatə dairəsinə malikdir. Və bu yalnız kəlama aid deyildir. Belə ki, hətta mühəndis belə deyə bilər ki, «Zehnimdə kağız üzərinə köçürəcəyim binanın layihəsi vardır» və hər iman sahibi deyə bilər ki, nəzərdə tutmuşam ki, sabah oruc tutum.
3. «Danışan» – «deyən» mə᾽nasını daşıyan «mütəkəllim» – kəlməsinin Allaha aid olması tamamilə düzgündür və bu barədə heç bir şəkk-şübhə nəzərə çarpmır, lakin cümlə quruluşu baxımından fail mə᾽nasını daşıdığı üçün kəlmənin əsli olan kəlam ifadəsinin mövcud olması ilə olduğu kimi qalmış və sifət rolunu oynamışdır. Necə ki, fail mə᾽nasını daşıyan «hərəkətverici – mütəhhərik» və «sakin» kəlmələri hərəkətə sükunətə və alimi elm əldə etməyə səbəb olan şəxslərə deyil, bu xüsusiyyətlərə malik olan şəxslərə deyilir.
Belə bir izaha əsasən, Allahı yalnız o zaman mütəkəllim adlandıra bilərik ki, bu xüsusiyyətə malik olmuş olsun. Bir halda ki, Allah-taala ləfzi kəlama malik deyildir, çünki ləfzi kəlam sonradan yaranmış bir məfhumdur. Belə olduqda qədim olan Allahı yeni sifət və məfhuma aid edə bilmərik. Demək, istər-istəməz mütəkəllim kəlməsinin həmən qeyri-ləfzi, qədim adlandırma e᾽tibarı ilə Allaha aid olduğunun əsaslı olması üçün qədim qeyri-ləfzi kəlamın olmasını qəbul etməliyik.
Cavab veririk:
Mütəkəllim kəlməsinin əsl məfhumu kəlam deyildir, çünki kəlam ifadəçidən asılı deyildir, yə᾽ni kəlam insanın vücudunda bir növ qeyri-maddi hal daşıyır. İnsanın vasitəsilə havada dalğa şəklinə düşür. Bu səbəbdən də hava ifadəçidən [mütəkəllimdən] deyil, havadan yaranır. Bütün bunları nəzərə alaraq deməliyik ki, mütəkəllim kəlməsinin əsli danışmaq mə᾽nasını daşıyan təkəllüm təşkil edir və bu kəlmə Allah və Allahdan qeyrisi üçün də istifadə olunur.
Fe᾽l və failin xüsusiyyətləri ismi faildən əldə olunmayır və buna dəlalət edəcək elə bir ümumi qanun tapmaq mümkün deyildir. Çünki, fe᾽l və failin xüsusiyyətləri istifadə olunduqları yer baxımından bir-birləri ilə fərqlidir.
Məsələn, «elm» və «qüdrət» deyildikdə biz elm və qüdrətə səbəb olan şəxsi deyil, məhz bu xüsusiyyətlərə malik olan şəxsi nəzərdə tutmalıyıq, lakin «basit», «qabiz», «nafi» və «zarr» kimi kəlmələr bu xüsusiyyətlərə malik olan şəxslərə deyil, bunlara səbəb olan şəxsə deyilir.
Xülasə:
Nəfsi kəlam təxəyyülü bir məfhumdur və belə bir kəlamın mövcud olmasını sübuta yetirəcək elə bir əsaslı əqli dəlil yoxdur. Söhbətimizi nəfsi kəlamın əsassız olduğuna dair imam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bitirmək istəyirik. Şeyx Koleyni, Əbu Bəsirə istinad edərək imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: «Allah-taala əzəldən mövcud olmuş və Onun elmi də zati kimi əzəldən hər şeyi əhatə etmişdir. Varlıqlar xəlq olunmamışdan əvvəl onlardan agah olmuşdur. Allahın eşitməsi, görməsi və qüdrəti də zati kimi əzəli olmuşdur. Eşidiləsi, görüləsi və güc tətbiq olması bir şey olmazdan əvvəl O, hər şeyi görmüş, eşitmiş və hər şeyə qadir olmuşdur. Varlıqları yaratdıqdan [xəlq etdikdən] və bilməli şeyləri vücuda gətirdikdən sonra elmi bilinəsi, eşitməsi, eşidiləsi, görməsi, görüləsi və qüdrəti – qüdrətə malik olan bütün şeylərə şamil oldu.»
Əbu Bəsir deyir: İmamdan (ə) soruşdum. Allahın hər şeyi hərəkətə gətirməsidə əzəli olmuşdurmu?
İmam (ə) buyurdu: «Allah-taala bundan da uca və üstündür. Çünki, hərəkət sonradan vücuda gələn bir şeydir. Və Allah-taala xitab olunası bir varlıq olmazdan əvvəl əzəli olaraq bu xüsusiyyətə malik olmuşdur.62
Dostları ilə paylaş: |