İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Ağqoyunlu dövlətinin xarici siyasəti



Yüklə 0,94 Mb.
səhifə152/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   148   149   150   151   152   153   154   155   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ağqoyunlu dövlətinin xarici siyasəti. Avropa dövlətləri ilə yaxınlaşmaqla Uzun Həsən aşağıdakı məsələlərin həllinə nail olmaq istəyirdi: 1) hərbi qüdrəti ilbəil artan qonşu Osmanlı imperiyasına qarşı xristian ölkələrin simasında müttəfiqlər qazanmaq; 2) ticarət əlaqələrini genişləndirmək, xüsusilə, Avropa üçün çox vacib olan ipək ixracını təmin etmək, Avropa ölkələri ilə Şərq ölkələri arasında ticarətdə vasitəçiyə çevrilmək və bu missiyanın Osmanlının əlindən almaq; 3) Avropalı hərb mütəxəssislərinin köməyilə ordunu qabaqcıl silahlarla təmin etmək və silah istehsalına başlamaq. Xüsusən, avropalı toptökən ustaların Ağqoyunlu dövlətinə gətirilməsinə daha çox diqqət verilirdi.

Ağqqoyunlu ilə Osmanlının maraqlarının kəsişdiyi məsələlərdən biri Trabzon məsələsi idi. Yunanlar hələ Bizans imperiyası dövründə Trabzonu ələ keçirmiş, burada kütləvi məskunlaşmış və imperatorluq yaratmışdılar(1204-1462). 1453-cü ildə II Mehmet İstambulu fəth etdik­dən sonra bir çox Avropa ölkələri də türklərin əlinə keçdi. Cənubi-Şərqi Anadolunun böyük hissəsi Osmanlılar tərəfindən tutulduqdan sonra Trabzon impera­topluğu türk əraziləri arasında bir adaya bənzə­yirdi. Trabzon imperatopluğu ilə Ağqoyunlu arasında hələ XIV əsrdən dostluq münasibətləri qurulmuşdu. Uzun Həsən imperator İoann Komni­nin qızı Teo­dora (Dəspinə xatun) ilə evlən­miş­di. Trabzon Ağ­qoyun­lunun Qara dəniz vasitə­silə Avro­paya çıxışında mühüm rol oynayırdı. Təbii ki, Trabzon imperatorluğunun Ağqoyunlu ilə yaxınlaş­masında öz maraqları vardı. Belə ki, Ağqoyunlu dövləti Trabzonun Genuya tərəfindən ələ keçirilməsinin qarşısını almışdı.

Uzun Həsən II Mehmeti Trabzonu tutmaq fikrindən daşındırmaq üçün anası Sara Xatunun başçılığı ilə onun yanına böyük elçi heyəti göndərdi. Sara xatunun qarşısına iki vəzifə qoyulmuşdu: 1) Sultanın Ağqoyunlu ərazisinə girməsinin qarşı­sını almaq; 2) onu Trabzon səfərin­dən daşındırmaq. Sara xatun II Mehmet tərəfindən Bulqar dağının ətə­yində, hərbi düşərgədə yaxşı qarşılanmış, danışıqlar çox səmimi olmuş, onlar bir-birinə “ana-oğul” deyə müraciət etmişlər. Sara xatun sultanın Ağ­qoyunlu dövləti ərazisinə girmə­yəcəyi barədə razılığını alsa da, Trabzon üzərinə hücumdan çəkindirə bilməmişdi.

II Mehmetin göndərdiyi və Həmzə bəyin başçılıq etdiyi qoşunlar Trabzon üzərinə hücum edib 1461-ci il avqustun 15-də şəhəri ələ keçirdi. Bu Osmanlı dövləti ilə Ağqoyunlu arasında uzun çəkişmələrin başlanğıcı oldu. Sara xatun gəlininin varislik hüququnu əsas gətirərək Trabzon xəzinəsini sultanla böldü. 1461-ci ildə Uzun Həsən və II Mehmet arasında Yassıçəmən müqa­viləsi bağlandı. Trabzon tutulduqdan sonra, ağqoyun­lular Qara dənizdə Avropaya yeganə çıxış yolunu itirdilər. Bu, Osmanlı- Ağqoyunlu münasibətlərinin pisləşməsinə səbəb oldu.

Uzun Həsən diplomat kimi davranaraq elçilərlə hədiyyələr gön­dərib Trabzonun alınması ilə Fatehi təbrik etdi, ürə­yində isə təcavüz və qisas hissini söndürə bilməyib Avropanın xaçpərəst ölkələrinə üz tutdu. 1463-cü ildən Osmanlının ən qatı düş­məni olan Venetsiya respu­blikası ilə Ağqoyunlu arasında anlaşma yarandı. İki dövlət arasın­dakı münasibətlərin sıxlaşmasında Venetsiyanın Hələbdəki konsulluğu böyük rol oynayırdı. Avropa səyyahları və elçiləri bir-birinin ardınca Uzun Həsənin sarayına gəl­məyə başladılar.

Osmanlı dövlətinin zəifləməsində daha çox maraqlı olan Venet­siya respublikası Katerino Zeno (1471-1473), Yosafat Barbaro (1473-1478), Ambroko Kontarini (1474-1476) kimi diplomatlarını Ağ­qoyunlu sarayına göndərmişdi. Ağqoyunlu səfir­ləri İsaq, Hacı Məhəmməd, Mirak, Həsən Əzən, Murad bəy, Xoca Avropa dövlətlərində olmuş­dular.Aparılan danışıqlar nəticəsində Osmanlı dövlətinə qarşı ittifaq yaradıldı. Bu ittifaqa Roma Papası, Venetsiya respublikası, Genuya respublikası, Nea­pol krallığı, Macarıstan krallığı, Kipr krallığı, Rodos feodal dövləti, Qaraman bəyliyi və Ağqoyunlu dövləti daxil idilər. Venet­­­siya Uzun Həsəni hərbi sursatla təchiz etməyi öz üzərinə götürmüşdü.

Avropa ölkələri ilə əlaqələrdə Kiçik Asiyanın cənubunda yerləşən Qaraman bəyliyi böyük əhəmiyyət kəsb edirdi. Buna görə Uzun Həsən bu bəyliyin müstəqilliyinin qorunub saxlanmasına çox diqqət yetirirdi.

1472-ci ildə Ağqoyunlu dövləti ilə Venetsiya arasında ittifaq bağlandı və tərəflər qərbdən və şərqdən Osmanlı dövlətinə zərbə vur­mağı planlaşdırdı. Bu plan türkləri zəiflət­məyə çalışan Avropa dövlətləri üçün də sərfəli idi. Tərəflərin razılığına uyğun olaraq 1472-ci ildə Uzun Həsən Qaraman bəyliyi vasitəsilə Aralığ dənizi sahillərinə çıxdı: burada o Venetsiyanın vəd etdiyi hərbi mütəxəssisləri və silah - sursat almalı idi. 1473-cü ilin martında 200 döyüş­çüdən, top və barıtdan ibarət 4 Venet­siya gəmisi Kipr adasına yan aldı. Lakin onları Uzun Həsənə çatdırmaq mümkün olmadı. Çünki Venetsiya ikili siyasət yeri­dir, Osmanlının ağır daxili vəziyyətindən istifadə edərək onunla gizli danışıqlar aparır, ticarətdə güzəştlər qoparmağa çalışırdı. Ağqoyunlular Qsmanlı dövlətinə qarşı Avropa dövlətləri ilə vahid cəbhə təşkil edə bilmədi. Uzun Həsənə qarşı 60 min Osmanlı qoşunu göndərildi. Osmanlılar Ağqoyunluları Kiçik Asiyanın qərbində, Beyşehir yaxın­lığında məğlub etdilər. Sonra isə II Mehmet və Uzun Həsənin qoşunları Fərat çayı yaxınlığında üz-üzə dayandılar.

İlk döyüş 1473-cü il avqustun birinci günü Malatya yaxınlığında oldu. Murad paşanın başçılığı altında Osmanlı qoşununun ön cərgəsi Ağqoyunlu sərkərdəsi Uğurlu Məhəm­mədin yalançı geriləməsinə aldanıb pusquya düşdü. Osmanlı qo­şununun çoxu qırıldı, Murad paşa özü Fərat çayında boğuldu.

Uzun Həsən, oğlu Uğurlu Məhəmmədin təklifini qulaq ardına vuraraq, qələbədən sonra yeni hücuma keçmədi. Öz qüvvələrini toplayıb nizamlamaq imkanı alan Fateh, avqustun 11-də Tərcan yaxınlığında Otluqbeli döyüşündə qəti uğur qazandı. Ağqoyunlu ordu­su böyük itkilər verdi. İlkin döyüşlərdə Yusif Mirzə və daha iki oğlunu itirən Uzun Həsən bu dəfə oğlu Zeynal Mirzəni şəhid verdi.

Ağqoyunlular məğlub oldu. Ağqoyunluların məğlubiy­yətinin bir sıra səbəbləri var idi : Ağqoyunlu dövlətinin ərazisi nə qədər geniş olsa da, onun Osmanlı dövləti kimi monolit birliyi yox idi. Ağqoyunlu süvarisi Osmanlının nizam-intizamlı yenicərlərindən zəif idi. Osmanlı ordusu odlu silah cəhətdən xeyli üstün idi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin