13.5. XVIII əsrdə Azərbaycan mədəniyyəti.
Maarif və elm. XVIII əsrdə baş verən hadisələr, daxili çəkişmələr və üsyanlar ölkənin siyasi - iqtisadi həyatı ilə yanaşı, mədəni həyatına da mənfi təsir göstərmişdi. Əvvəlcə məmurlar və yerli feodallar, sonra isə Nadir şah maarif müəssisələrinə bağışlanmış vəqf torpaqlarını ələ keçirdilər. Nəticədə, bir çox mədrəsələr fəaliyyətini dayandırdı. Çox az sayda mədrəsələr fəaliyyətini davam etdirirdi. Tədris və təlim prinsiplərində elə bir dəyişiklik baş verməmişdi. Bu dövrdə Şıxlıda Molla Vəli Vidadi məktəbi, Şuşada Molla Pənah Vaqif məktəbi, İbrahim xan məscidi yanında məktəb və s. fəaliyyət göstərirdi. Uşaqlar ibtidai məktəbi qurtardıqdan sonra mədrəsələrdə təhsillərini davam etdirirdilər. Məktəblərdə fiziki cəzalar tətbiq edilirdi.
XVIII əsrdə elm sahəsində elə bir irəliləyiş olmamışdı. Tarixçi Əbdürrəzaq Dümbülü, cağrafiyaşunas və səyyah Hacı Zeynalabdin Şirvani yaradıcılığa bu dövrdə başlamışdılar.
Ədəbiyyat. XVIII əsrdə Azərbaycanda baş verən siyasi-ictimai hadisələr ədəbiyyata da öz təsirini göstərmişdi. Bu dövrdə şifahi xalq ədəbiyyatının bir sıra nümunələri yaradılmışdı. Onlardan biri olan Şəhriyar dastanında insanların sevgi və xoşbəxtliyə çatmasına mane olan sosial bərabəsizlik tənqid edilirdi. XVIII əsr aşıq poeziyasında Təbriz yaxınlığında anadan olmuş aşıq Xəstə Qasımın yaradıcılığı mühüm yer tutur. Xəstə Qasım doğma Azərbaycan torpağını qarış-qarış gəzmiş və öz şerlərində onu tərənnüm etmişdir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri Vidadi və Vaqifdir. Yaradıcılığında şifahi xalq yaradıcılığı ilə aşıq poeziyasının ənənələrini birləşdirmiş Vidadi əsasən, lirik şeirlər yazmışdır. Onun “Müsibətnamə” əsəri dostu, Şəki xanı Hüseyn xan Müştaqın faciəvi ölümünə həsr edilmişdir.Ərdəbildə olan Şeyx Səfi kitabxanası XVIII əsrdə öz şöhrətini qoruyub saxlamışdır. 1828 - ci ildə rus qoşunları Ərdəbili tutarkən burada olan çox nadir əlyazmalar Sankt-Peterburqa aparılmışdır. Baxdığımız dövrdə hind ədəbiyyatının incisi “Kəlilə və Dimnə” Azərbaycan dilinə tərcümə edimişdi.
İncəsənət. XVIII əsrdə dekorativ bədii sənətin ən gözəl nümunələri xalça və parçalarda verilmişdir. Təkəlduz və güləbətin kimi ənənəvi bədii tikmə üsulları inkişaf etmişdir.
Memarlıq.Xanlıqlarda şəhərlərin ətrafında müdafiə sədlərinin inşasına xüsusi diqqət yetirilirdi. Şuşa və Şəkidə tikilən binalar orjinal memarlıq üslubu ilə seçilirdi. 1763-cü ildə Şəkidə usta Abbas tərəfindən bir dənə də metal mıx-mismar işlətmədən şəbəkə üslubunda Şəki xan sarayı inşa edilmişdir. Şəkixanovların evi, Şəki Cümə məscidi, Gileyli məscid zəngin naxışlarla bəzədilmişdir.
Şuşadakı İbrahimxəlil xanın məscidi, İrəvandakı Göy məscid (1764-cü il Hüseyn xan tərəfindən inşa etdirilib), 1791-ci ildə tikilən Sərdar sarayının Güzgülü salonu və yay iqamətgahı dövrün gözəl memarlıq abidələrindəndir.
XVIII əsrdə musiqi sahəsində də oyanış müşahiə olunur. Muğam sənəti xüsusən inkişaf etmişdir. Bu dövrdə ən çox istifadə edilən musiqi alətləri saz, tar, balaban, zurna, tütək, nağara və sair Azərbaycan xalq alətləri olmuşdur. Peşəkar xanəndələr qədim muğamlara və mahnılara yeni təsniflər qoşurdular.Aşıq yaradılığı xalq tərəfindən məhəbbətlə sevilirdi.
Dostları ilə paylaş: |