İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycanın işğalının başlanması



Yüklə 0,94 Mb.
səhifə231/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   227   228   229   230   231   232   233   234   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycanın işğalının başlanması. Şərqi Gürcüstanı və onunla birlikdə Borçalı, Qazax, Şəmşəddil və Pəmpək kimi Azərbaycan ərazi­lərini işğal etdikdən sonra rus qoşunları 1803-cü ilin martında strateji əhəmiyyət kəsb edən Car – Balakən camaatlığına hücum etdilər. Rus qoşunlarına general Qulyakov başçılıq edirdi. Qanıq çayı sahilində baş verən döyüşdə ruslara 5 min gürcü könüllüləri də kömək edirdi. Bu döyüşdə balakənlilər məğlub oldular. Balakənin işğalından sonra carlılar müqaviməti mənasız sayıb döyüşsüz təslim oldular. Beləliklə, ruslar Car – Balakəni ələ keçirdilər. 1803-cü ilin aprelin 12-də Car – Balakəndən Tiflisə gələn nümayəndə heyəti Rusiyanın ali hakimiyyətini qəbul etməsi və Car – Balakənin Rusiyaya birləş­dirilməsi haqqında müqavilə imza­ladı. Bu sənəd tarixdə “Andlı öhdəlik” kimi adlandırılır. Bu müqaviləyə görə Car – Balakən camaatı hər il çar xəzinəsinə xərac kimi 220 pud xam ipək verməli, Car – Balakəndə rus qoşunlarını yerləşdirməli, sədaqət əlaməti kimi girovlar verməli idi. Çar hökuməti də öz növbəsində Car – Balakən camaatının daxili işlərinə qarışmamağı öhdəsinə götürür­dü. Lakin əhalinin bir qismi bu şərtləri qəbul etmədilər və ruslarla müha­ribədə Dağıstandan kömək çağırdılar. 1804-cü ilin iyununda Qulyakov yenə Cara hücum etdi və oranı yandırdı. Zaqatala yaxınlığında baş verən savaşda Qulyakov öldürüldü, onun qoşununun qalıqları Muxax kəndinə çəkildilər. Qafqazdakı rus qoşunlarına yeni hərbi komandan təyin olunan gürcü mənşəli Sisianov(əsl soyadı P.D.Tsitsişvili olmuşdur) Car –Balakəni ələ keçirdi, müqavimət göstərənlərə divan tutuldu. Car –Balakəndən sonra rus qoşunları İlisu sultanlığına hücuma keçdilər. Müqaviməti mənasız sayan ilisulular döyüşsüz təslim oldular.

Car –Balakən və İlisu sultanlığının işğalından sonra rus­ların əsas qüvvələri Gəncə şəhəri üzərinə yürüşə cəmləşdirildi. Gəncə xanı Cavad xan hələ, 1783-cü ildə general Burnaşevi və 1796-cı ildə polkovnik Zubovu düz çorəklə qarşılamışdı. Cavad xan Gəncə xanlığının daxili müstəqilliyinin saxlanılması şərtləri ilə Rusiyaya birləşmək haqqında düşünürdü. Lakin Gəncə xanlığının formal da olsa, saxlanılması Sisia­novu qane etmirdi. Gəncəni gürcü torpağı hesab edən Sisianov xanlığın və xan nəslinin tam məhvinə və bu ərazilərin Gürcüstanın idarəçiliyinə qatılmasını arzulayırdı. Buna görə, Cavad xanla yazış­malarda onunla amiranə, təhqiramiz şəkildə davranır, bilərəkdən razılaşma üçün yer qoymur, Cavad xanı savaşmağa məcbur edirdi. Sisia­nov Cavad xana yazdığı ikinci məktubda Gəncənin, guya tarixən Gürcüstana məxsus olduğunu yazır və Cavad xandan təslim olmağı tələb edirdi. Sisianova cavabında Cavad xan bildrdi ki, Gəncə heç vaxt Gürcüstanın olmayıb və Gəncəyə ancaq mənim meyidimin üstündən keçib girə bilərsiniz.

Ruslarla gəncəlilər arasında ilk döyüş 1803-cü ilin deka­brında Quru Qobu adlı yerdə baş verdi. Çoxsaylı rus qoşunlarının həmləsinə tab gətirməyən Cavad xan qoşunu ilə birlikdə Gəncə qalasına çəkildi. Ruslar Gəncəni mühasirəyə aldılar. Gəncədə məskunlaşan ermənilər ruslara kömək edir, Gəncənin müdafiəsinə aid məlumatları xaincəsinə Sisianova çatdırırdılar. 1804-cü ilin yanvarın 2-də rusların Gəncəyə hücumu başladı. Yanvarın 3-nə keçən gecə Gəncə alındı. Cavad xan və oğlu Hüseynqulu ağa qala divarları üzərində qəhrəmanlıqla həlak oldular. Xanın həyat yoldaşı Bəyim xanım Sisianovu xəncərlə vurmağa cəhd etsə də, bu baş tutmadı.

Beləliklə, Gəncə xanlığının ərazisi işğal edildi. Gəncə adı dəyişdirilib I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırıldı. Kim şəhəri Gəncə adlandırsaydı, bir gümüş rubl dəyərində cərimələnirdi. Gəncədən sonra Samux bəyləri də Rusiyaya tabe etdirildilər.

Çar Rusiyasının Şərqi Gürcüstanı və Azərbaycanın qərb ərazilərini işğal etməsi İngiltərənin, Fransanın ürəyincə deyildi. Onlar Rusiyanı Qafqazdan çıxarmağı düşünür­dülər və bunu özgənin – İran və Osmanlı dövlətlərinin əli ilə həyata keçirməyi planlaş­dırırdılar. Nə İran, nə də ki, Osmanlı dövlətləri Rusiyanın Qafqazdakı işğallarını qəbul etmirdilər. Xüsusən, İran Rusiya ilə münasibətlərdə barışmaz mövqe tutmuşdu və rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını təkidlə tələb edirdi. Rusiyadan rədd cavabı alan və Avropa ölkələrinin dəstəyinə arxalanan İran 1804-cü ilin iyununda Rusiyaya müharibə elan etdi. Tərəflər arasında ilk döyüşlər 1804-cü ilin iyulun sonlarında Üçmü­ədzin və Qəmərli yaxınlığında baş verdi və hər iki döyüşdə ruslar məğlubiyyətə uğradılar. Bundan sonra ruslar İrəvanı ələ keçirməyi qərara aldılar. Sisianov İrəvan hakimi Məhəmməd xandan döyüşsüz təslim olmağı tələb etdi. Rədd cavabı alan Sisianov İrəvan qalasına hücuma keçdi. 1804-cü ilin sentyabrın 4-də İrəvanı ala bilməyən rus qoşunları geri çəkilməyə məcbur oldular. İrəvanda İran qoşunları öz mövqelərini daha da möh­kəmləndirdilər. İran qoşunlarını Qarabağa buraxmaq istəməyən İbrahim­xəlil xan kömək üçün Sisianova müraciət etdi. İran qoşunlarının hücu­munun qarşısını çətinliklə alan Qarabağ xanı İbrahimxəlil xan tərəddüdə son qoydu və Sisianovun şərtləri ilə müqavilə imzalamağa razılığını bildirdi. Tarixdə Kürəkçay müqaviləsi kimi tanınan və 11 maddədən ibarət olan bu sənəd 1805-ci il mayın 14-də Rusiya imperiyası ilə Qara­bağ xanı İbrahim­xəlil xan arasında imzalandı. Müqavləyə əsasən Qara­bağ xanlığı Rusiyanın tərkibinə qatılır və hər il Rusiya xəzinəsinə 8 min çervon ödəməyi, ərazisində rus qoşunlarını yerləşdirməyi, nəvəsini girov kimi Tiflisə göndərməyi öhdəsinə götürdü. Əvəzində Rusiya tərəfi xanlığı ləğv etməməyi, onun daxili müstəqilliyini saxlayacağını öhdəsinə götürdü. Qarabağ xanlığı xarici ölkələrlə əlaqə saxlamaq, danışıqlar aparmaq hüququndan məhrum edilirdi.

Göründüyü kimi, bu müqavilə Qarabağın Azərbaycana məxsus­luğunu təsdiq edən sənəddir. Belə ki, Rusiya imperiyası ilə Qarabağ xanı İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində rusların himayədarlıq etdiyi ermənilərin adı bir dəfə də olsun çəkilməmişdir.

Xanlığında hakimiyyət uğrunda gedən daxili mübarizədən yorulan Şəki xanı İbrahimxəlil xanın kürəkəni Səlim xan da vəziyyətdən çıxış yolunu Rusiyaya birləşməkdə gördü və 1805-ci il mayın 21-də Kürəkçay müqaviləsinə bənzər müqavilə imzaladı və Qarabağ xanı ilə nəzərdə tutulan şərtlər Şəki xanlığına da şamil edildi.

Sisianov Şamaxı xanı Mustafa xana məktub yazaraq Kürəkçay müqaviləsinin şərtlərini qəbul etməyi ona da təklif etdi. Mustafa xan, Sisianova cavabında daha geniş imtiyazlar tələb etdi. Məsələn, o, tələb edirdi ki, Rusiya Şamaxı xanlığından vergi tələb etməsin, xana aylıq maaş kəsilsin və bütün Şimali Azərbaycan əraziləri (Dərbəndə qədər) Şamaxı xanlığının idarəçiliyinə verilsin. Mustafa xanın tələblərini qəbul etməyən Sisianov 1805-ci ilin noyabrın 30-da Şirvana qoşun çəkdi. Dağlara çəkilən Mustafa xan müqa­vimətin mənasız olduğunu yəqin edərək Sisianova təslim oldu və dekabrın 27-də rusların təklif etdiyi müqaviləyə imza ataraq Rusiyanın hakimiyyətini qəbul etdi.

Ərazisinə görə ən böyük xanlıq olan Şamaxı xanlığı işğal edildik­dən sonra rus qoşunları Bakı üzərinə yeridilər. Rus hərbi gəmiləri Bakını dənizdən mühasirəyə alıb top atəşinə tutdular. Sisianov Bakı xanı Hüseynqulu xana bağlanacaq müqavilənin layihəsini göndərdi. Hər tərəfdən mühasirəyə alınan Bakı xanlığının Sisianovun şərtlərini qəbul etməkdən savayı çarəsi qalmadı. Layihədə nəzərdə tutulmuşdu ki, Rusiyaya birləşdikdən sonra xanlığın bütün gəlirləri Rusiya xəzinəsinə verilməli, Hüseynqulu xana hökumətdən aylıq 10 min manat maaş ödənilməli, xanlığın idarə olunması xüsusi qaydada həyata keçirilməli, xarici siyasət, hərbi məsələlər rus qoşunlarının baş komandanının əlində cəmləşməli idi. Rusların bütün şərtlərini qəbul edən Hüseynqulu xan öz yaxınları ilə birlikdə müqaviləni imzalamaq üçün Sisianovla görüşə yollandı. 1806-cı il fevralın 8-də Naxır bulağı adlı yerdə xan Bakının rəmzi açarlarını Sisianova təqdim edərkən xanın əmisi oğlu İbrahim bəy Sisianovu öldürdü. Quruda olan rus qoşunları gəmilərə doluşaraq tələsik Sara adasına çəkildilər.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin