İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə qatılması



Yüklə 0,94 Mb.
səhifə317/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   313   314   315   316   317   318   319   320   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə qatılması. Sovet haki­miy­yətinin ilk illərində elan olunmuş müstəqilliyin tədricən ləğv edilməsinə başlanıldı. Bu sahədə ilk addım 1920-ci il sentyabrın 30-da «RSFSR ilə Azərbaycan SSR arasında hərbi-siyasi ittifaq haqqında» müqavilə oldu. Bundan əlavə, poçt və teleqraf, maliyyə məsələləri, xarici ticarət və s. haqqında sazişlər bağlanıldı, xaricdəki Azərbaycan nümayəndəlikləri, Azər­baycan Xalq Xarici İşlər Komissarlığı ləğv edildi və səlahiyyətləri RSFSR-ə verildi.

Bolşeviklər proletar inqilabı ilə azadlıq hərəkatını birləşdirmək, Şərqdə bolşevik ideyalarını yaymaq, islamın yaşıl bayrağını kom­munistlərin qırmızı bayrağı ilə əvəz etmək istəyirdilər. Bu məqsədlə, ilk növbədə Qafqaz respublikalarının təsərrüfat həyatının birləşdirilmə­sinə başlanıldı. 1921-ci ilin aprelində Cənubi Qafqaz respublikalarının xarici ticarət idarələri ləğv edildikdən sonra həmin il mayın 2-də Qafqaz respublikaları arasında gömrük əngəllərinin ləğv olunması barədə qərar qəbul edildi, avqustun 7-də dövriyyəyə vahid pul buraxılması haqqında qərar qəbul edildi və 1923-cü il yanvarın 1-dən başlayaraq bu qərar həyata keçirilməyə başladı.

Cənubi Qafqaz respublikalarının siyasi birləşməsinin əleyhinə çıxanların olmasına baxmayaraq, Moskva bu birləşməni sürətləndirdi. 1921-ci ilin noyabrında Zaqafqaziya respublikaları Federasiya yaradıl­ması haqqında qərar qəbul etdilər. 1922-ci il martın 12-də Azərbaycan, Ermənistan, Gürcüstan Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli nüma­yəndələri Cənubi Qafqaz Sovet Respublikalarının Federativ İttifa­qının (ZSRFİ) yaradıl­ması haqqında müqaviləni təsdiq etdilər. 1922-ci il dekabrın 10-da Bakıda Cənubi Qafqaz respublikaları Sovetlərinin I qurultayında ali orqan – Zaqafqaziya (Cənubı Qafqaz) Mərkəzi İcraiyyə Komitəsi seçildi, Zaqafqaziya (Cənubi Qafqaz) Sovet Federativ Sosialist Respu­blikası (qısa-ZSFSR) yaradıldı. Azərbaycan SSR də ZSFSR-in tərkibinə daxil oldu və bununla formal müstəqillikdən də məhrum edildi. Bolşeviklər Azərbaycan xalqının təbii sərvətlərini Ermənistan və Gürcüstan təsərrüfatlarının bərpasına və inkişafına sərf etməyə başladılar.

Bundan sonra kommunizm ideyası zəmnində Rusiya imperiyasını yenidən bərpa etmək məqsədilə İttifaq dövləti yaratmağa başladılar. 1922-ci il fevralın 22-də Sovet respublıkaları Rusiya Federasiyası ilə ilk saziş imzaladılar. Sazişə əsasən, beynəlxalq münasibətlərdə bütün respublikalar öz mənafeyini müdafiə etməyi Rusiya Federasiyasına tapşırırdılar.

1922-ci il dekabrın 30-da I Sovetlər qurultayı Sovet Sosialist Respublikaları İtti­faqının (SSRİ) yaradılması haqqında müqavilə və Bəyannamə qəbul etdi. SSRİ-nin tərkibinə 4 respublika - RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR daxil oldu. Azərbaycan da ZSFSR-in tərkibində SSRİ-yə qatıldı. Qurultay SSRİ-nin ali orqanı - Mərkəzi İcraiyyə Komitəsini seçdi. Onun 4 sədri var idi və bu sədrlərdən biri də N.Nərimanov oldu.

SSRİ-nin tərkibinə qatılmış Azərbaycan bundan sonra formal müstəqilliyini də itirdi və Sovet Rusiyasının müstəmləkəsinə çevrildi. Azərbaycan xalqını kölə vəziyyətinə gətirmək üçün, ixtisaslı məmur və fəhlələrin olmamasını bəhanə edərək, rus, erməni, yəhudi və digər millətlərdən olanların ölkəyə axını təşkil edildi. Bakıda başqa millət­lərdən olanların çoxluq təşkil etməsi üçün xüsusi tədbirlər hazırlanır və həyata keçirilirdi. «Beynəlmiləl» şəhər elan olunan Bakıda bütün sahələrdə ancaq rus dili işlədilirdi.

Məlumdur ki, hələ 1921-ci il iyunun 5-də RK(b)P-nin Qafqaz bürosu Azərbaycanın tərkibində inzibati mərkəzi Şuşa olan Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti verilməsi haqqında qərar qəbul etmışdi. RK(b)P Cənubi Qafqaz ölkə Komitəsinin plenumu bu qərarı təsdiq etdi və Azərbaycan rəhbərliyindən bu qərarın yerinə yetirilməsini ulti­matum şəkilində tələb etdi. Azərbaycan MİK 1923-cü il dekabrin 7-də «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret verdi. Xalqın iradəsinə zidd olaraq verilmiş bu dekret 1988-ci ildən sonra Azərbaycanda baş verən hadisələrin əsasını qoydu.

Türkiyə ilə Rusiya, Türkiyə ilə Cənubi Qafqaz respubilkarı arasında imzalanmış Moskva və Qars müqavilələrinə əsasən, Naxçıvan diyarının Azərbaycanın ərazisi olması və onun tərkibində qalması təsdiq edilmişdi. 1922-ci ilin yazında Naxçıvan haqqında əsasnamə qəbul edildi və əsasnaməyə əsasən Naxçıvan Sovet Sosialist Respublikası adı ilə Azərbaycan SSR-in himayəsində muxtar respublika elan olundu. 1923-cü ildə Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Rcspublikası yaradıldı (Naxçıvan MSSR).

1929-cu il aprelin 8-də Azərbaycan ərazilərində 10 dairə yaradıldı, lakin bu bölgü özünü doğrultmadı. 1930-cu ilin avqustun 30-dan Azərbaycan əraziləri rayonlara bölündü və bu inzibati-ərazi bölgüsü cüzi dəyişikliklərlə bu günümüzə qədər qalmaqdadır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin