Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş.Müstəqillik uğrunda mübarizə. Qərbi Azərbaycanın (indiki Ermənistanın) yerli əhalisi olan azərbaycanlıların deportasiyası və DQMV-də ermənilərin separatçılıq meyllərinə Moskvanın xeyir-dua verməsi Azərbaycanda xalq hərəkatının başlanmasına səbəb oldu. Belə bir şəraitdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasını tələb edən kortəbii çıxışlar baş verdi. Azərbaycanda ilk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. 1988-ci il mayın 18-də Azadlıq meydanında Azərbaycan xalqının iradəsini ifadə edən izdihamlı mitinq oldu. SSRİ hökuməti xalqın qəzəbini soyutmaq üçün AKP MK-nın birinci katibi K.Bağırovu Ə. Vəzirovla əvəz etdi. Ə.Vəzirov fəaliyyətini Moskvaya istiqamətləndirdi və bu isə onun siyasətini iflasa uğratdı.
1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin iclasından sonra DQMV-ni siyasi yolla ələ keçirməyin mümkün olmadığını görən ermənilər Azərbaycana qarşı elan olunmayan müharibəyə başladı. Dağlıq Qarabağda Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsində ağacları qıran ermənilər guya sənaye obyekti tikməyə başladılar.Əslində hər iki tərəfi qızışdırıb etnik düşmənçiliyi dərinləşdirən bu hiylə etirasları coşdurub xalqı idarəedilməzliyə sövq etmək məqsədi güdürdü. Bu xəbər xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Bakıda mitinqlər başlandı. Xalq hərəkatının kortəbii mərhələsinin ən yuksək dövrü noyabrın 17-dən başlandı. 17 noyabr Azərbaycan xalqının tarixinə Milli Dirçəliş Günü kimi daxil oldu. Həmin gün mitinqdə 500 min nəfər iştirak edirdi. Azadlıq meydanı gecələr də izdihamlı idi. Fasiləsiz mitinqlər dekabrın 4-nə kimi davam etdi.
Mitinqdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanırdı. Mitinqin iştirakçılarının əsas tələbləri respublikanın ərazi bütövlüyünü qorumaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandırmaq, DQMV-də xüsusi idarə rejimini ləğv etmək idi. Əks təqdirdə SSRİ Ali Sovetinin sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırmaq, iqtisadi sanksiyalar tətbiq etmək tələbi də irəli sürülürdü. Hökumət 1988-ci il dekabrın 4-də gecə ordunun köməyi ilə mitinqi dağıtdı, fövqəladə vəziyyət elan edildi. Azərbaycanda siyasi böhranın klassik forması yarandı. 1988-ci il 17 noyabrdan 4 dekabra qədər olan dövr Azərbaycan tarixinə Meydan hərəkatı kimi daxil oldu. Meydan hərəkatı xalqı respublikanın ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirdi və təşkilatlandırdı.
Dostları ilə paylaş: |