II FƏSİL.
AZƏRBAYCAN ƏRAZİSİNDƏ QƏDİM DÖVLƏTLƏR.
Plan
Eramızdan əvvəl IV-II minilliklərdə Azərbaycan ərazisində tayfa birləşmələri, ilk dövlət qurumları.
Manna dövləti.
İskit (Skif) padşahlığının yaranması.
Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində.
Şimali Azərbaycanda Massaget şahlığı və Azərbaycanda yaşayan tayfaların Əhəməni – yunan müharibələrində iştirakı.
2.1.Eramızdan əvvəl IV-II minilliklərdə Azərbaycan ərazisində tayfa birləşmələri, ilk dövlət qurumları.
Azərbaycan ərazisində ən qədim soylar. Soy dedikdə bir neçə tayfanın(nəslin) birləşməsi nəzərdə tutulur. Xüsusi mülkiyyətin yaranması ilə soy daxilində parçalanma getmiş və o ayrı-ayrı tayfalara bölünmüşdür. Dəmir alətlərdən istifadə təsərrüfatda əmək məhsuldarlığının artmasına gətirdi və icma təsərrüfatı ayrı-ayrı şəxsi təsərrüfatlara bölündü. Tayfa daxilində sosial təbəqələşmə başladı. Yüzmin illərlə mövcud olan qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Nəticədə, müxtəlif səbəblərdən (iqlim şəraiti, torpağın keyfiyyəti, ailə üzvlərinin sayı və s.) təsərrüfatların inkişaf səviyyəsində bərabərsizlik yarandı. Beləliklə tayfa üzvləri arasında əmlak bərabərsizliyi yarandı ki, bu da idarə orqanlarının, güc strukturlarının yaranmasına, bir sözlə dövlətin yaranmasına gətirdi.
Dövlətin yaranması prosesi heç də bütün xalqlarda eyni vaxtda baş verməmişdir. Məsələn, şərqi slavyan xalqlarında (rus, ukrayna, belarus) bu proses eramızın VIII – IX əsrlərində baş vermişsə, Azərbaycan ərazisində dövlət qurumlarının yaranma prosesi artıq e.ə. III minillikdə başlamışdır ki, bu da həm Azərbaycanın münbit, əlverişli iqlim şəraiti ilə, həm də onun qonşuluğunda Şumer sivilizasiyasının mövcudluğu ilə izah olunur.
Dostları ilə paylaş: |