Şəhərlər. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin genişlənməsinə təsir edirdi. Şəhərlər iki hissədən ibarət idi: içəri şəhər və bayır şəhər. Zaman keçdikcə şəhərlər böyüyür, qala divarlarından kənara çıxır, bayır şəhər əmələ gəlirdi. Şəhərin ən gur yeri bazar meydanı idi. Şəhərdə əhalinin əksəriyyətini sənətkarlar təşkil edirdi.
Azərbaycanının şimalında “Aranın anası” adlanan Bərdə daha çox inkişaf etmişdi. Xilafətin canişinlərinin iqamətgahı burada yerləşirdi. Ərəb tarixçiləri Əl-İstəxri, ibn Havgəl və başqaları Bərdədə istehsal olunan məhsullar, onun bazarı haqqında ətraflı məlumat vermişlər. Lakin slavyanların hücumu zamanı şəhər dağıdılmış, qarət edilmiş, qırğınlar törədilmiş və bir daha əvvəlki abadlığına qayıda bilməmişdi.
Bəhs edilən dövrdə Azərbaycanın mühüm şəhərlərindən biri də Gəncə idi. Bərdənin dağılmasından sonra Azərbaycanın şimalında birincilik Gəncəyə keçdi. Şəhərdə 500 min əhali yaşayırdı. Gəncə Cənubi Qafqazda və Yaxın Şərqdə ən böyük sənətkarlıq və ticarət mərkəzi idi. 1139-cu ildə baş verən zəlzələ nəticəsində şəhər tamam dağılmış, 300 minə qədər insan həlak olmuşdu. Kəpəz dağının başının uçması nəticəsində Göygöl gölü yaranmışdı. Bu zaman gürcülər hücum edərək şəhərin xarabalıqlarından həlak olmuş insanların zinət əşyalarını yığmışdılar. Onları Səlcuq canişini Qara Sunqur buradan qovmuşdu.
Naxçıvan Səlcuqların və Eldənizlərin dövründə mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi. Şəhər Eldənizlər dövlətinin paytaxtlarından biri olmuşdur. Şəhərdə saraylar, məqbərələr, imarətlər, məscidlər, mədrəsələr tikilmişdi.
Eldənizlər dövrünün seçilən şəhərlərindən biri də Beyləqan olmuşdu. Azərbaycanın cənubuna gedən ticarət yolları buradan keçirdi. Şəhər eyni zamanda mühüm strateji məntəqə idi. Beyləqanda 40 min əhali yaşayırdı. Burada 30 növ sənət və peşə sahəsinin olduğu qeyd edilir.
Beynəlxalq ticarət yolu üzərində yerləşən Rəvvadilərin və Eldənizlərin paytaxtı olan Təbriz Avropa və Asiya arasında mühüm ticarət mərkəzi idi. Təbrizin nadir xalçaları, ipək parçaları və başqa toxuculuq məhsulları dünya bazarlarında şöhrət qazanmışdı.Təbriz Şərqin mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi. Eldənizlərin zərbxanalarından biri burada yerləşirdi.
Xəzər dənizi sahilində ən böyük liman şəhəri Dərbənd idi. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Burada sənətkarlıq, xüsusi ilə dulusçuluq və toxuculuq inkişaf etmişdi. X əsrdə şəhərdə kanalizasiya sistemi var idi.
Bakı IX-XII əsrlərdə Dərbənddən sonra Azərbaycanın ikinci liman şəhəri olub özünün “neft bulaqları“ilə məşhur idi.O sənətkarlıq və ticarət şəhəri sayılırdı. Ərəb müəllifləri burada dünyanın heç bir yerində olmayan ağ neftdən, göylərə yüksələn alovdan, vulkan püskürməsindən bəhs etmişlər. Şabran və Şamaxı şəhərləri də mühüm ticarət və sənətkarlıq mərkəzləri idi. Şamaxıda çoxlu ipək istehsal edilirdi. XI-XIII əsrlərdə Azərbaycanın xam ipəyi Şamaxıdan Şimali İtaliyaya və Fransaya ixrac olunurdu.
Aranda Dərbənd və Bərdədən sonra böyük şəhər Tiflis idi. Mənbələrdə burada “suyu odsuz qaynayan hamamlar”ın olmasından bəhs edilir.
Dostları ilə paylaş: |