10.2. XV əsrin başlanğıcında Azərbaycanda siyasi vəziyyət.
Şirvanşahlar dövləti.
Teymurilərin Azərbaycandan qovulması.İran,Azərbaycan, Əcəmi İraqı, Şərqi Anadolu işğal olunduqdan sonra Əmir Teymurun qoşunları Osmanlı dövlətinin hüdudlarına çıxdılar. Misir Berqoq tərəfindən idarə olunsa da, Osmanlı dövlətinin vassalı idi və buna görə Əmir Teymur məktub yazaraq sultan İldırım II Bayaziddən Misirdə gizlənən Sultan Əhmədi və Qara Yusifi təslim etməyi tələb etdi. Təbii ki, II Bayazid Əmir Teymurun tələbini yerinə yetirməkdə borclu olmadığını bəyan etdi. 1402-ci ildə iki böyük türk dövləti – Teymurilərlə Osmanlılar arasında Ankara yaxınlığında baş verən döyüş Teymurun qələbəsi ilə başa çatdı. Lakin Əmir Teymur Sultan Əhməd və Qara Yusifi ələ keçirə bilmədi. 1405-ci ildə Əmir Teymur vəfat etdi, Qara Yusif və Sultan Əhməd dərhal Misirdən Azərbaycana qayıtmağı qərara aldılar.
Teymurun ölümündən sonra, 1406-1410-cu illərdə Azərbaycan ərazisi Teymurilər, Cəlairilər və Qaraqoyunlular arasında mübarizə meydanına çevrildi. Bu mübarizədə tez-tez müttəfiqlər düşmənə, düşmənlər isə müttəfiqlərə çevrilirdi. Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti mövcud idi, ölkənin cənub vilayətlərini isə Teymurun oğlu Miranşah idarə edirdi. Teymurun ölümündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı. Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı. Bir-biri ilə ədavət edən Miranşah və onun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək istəyirdilər. Belə bir şəraitdə Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərdə Teymurilərə qarşı xalq üsyanları geniş vüsət aldı. Eyni zamanda Gürcüstanda da Teymurilərə qarşı üsyan başladı.
Dostları ilə paylaş: |