Naxçıvan və İrəvan xanlıqlarının işğalı. 1827-ci ilin əvvəlindən rus qoşunları hərbi əməliyyatlara başladılar. İ.Paskeviçin qarşısında Naxçıvan və İrəvan xanlıqlarını işğal etmək vəzifəsi qoyulmuşdu. Ruslar 1827-ci ilin aprelin 20-də Xudafərin körpüsünü tutduqdan sonra şimala hərəkət edərək İrəvanı mühasirəyə aldılar. Lakin İrəvanı tuta bilməyən ruslar Naxçıvan üzərinə yeridilər. 1827-ci ilin iyunun 27-də Naxçıvan ruslar tərəfindən işğal edildi. Bundan sonra, 1827-ci ilin iyul-sentyabr ayları ərzində ruslar Cavanbulağı, Abbasabadı və Sərdarabad qalasını ələ keçirib İrəvanı mühasirəyə aldılar.
1827-ci ilin oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. Bu qələbəyə görə Paskeviç “Erivanski” ləqəbi aldı. Naxçıvan və İrəvan xanlıqları ələ keçirildikdən sonra rus qoşunları Cənubi Azərbaycana soxuldular. 1827-ci ilin oktyabrında ruslar Xoyu, Mərəndi, Təbrizi ələ keçirdilər. Təbrizi idarə etmək üçün Müvəqqəti İdarə yaradıldı ki, bura əsasən rus zabitləri, Rusiyameylli İran ruhanilərinin başçısı Ağa Mirfəttah və şəhərin keçmiş başçısı Fətəli xan da daxil edilmişdi. Şah hökuməti ruslarla danışıqlara başlamağa məcbur oldu, lakin bir neçə ay çəkən danışıqlar zamanı tərəflər arasında razılıq əldə olunmadı. Danışıqların pozulmasından istifadə edən ruslar hərbi əməliyyatları təzələdilər. 1828-ci ilin yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil rus qoşunları tərəfindən işğal olundu. Tehran şəhəri üçün labüd təhlükə yarandığını görən şah hökuməti Rusiya ilə danışıqlara başladı.
Dostları ilə paylaş: |