14.5. Türkmənçay sülh müqaviləsi (1828-ci il) və Azərbaycanın bölüşdürülməsinin başa çatması.
Rusiya ilə İran Qacarlar dövləti arasında danışıqlar Təbriz yaxınlığındakı Türkmənçay kəndində aparılırdı. Danışıqlarda iştirak edən yeganə azərbaycanlı A.A.Bakıxanov olmuşdur, hansı ki, Abbas Mirzə ilə İ.Paskeviç arasındakı danışıqlarda tərcüməçi kimi iştirak edirdi. Danışıqların nəticəsi kimi 1828-ci il fevralın 10-da müqavilə imzalandı. 16 maddədən ibarət olan Türkmənçay müqaviləsinə görə İran Şimali Azərbaycana olan iddialarından əl çəkdi, Arazdan şimala bütün Azərbaycan torpaqları Rusiyaya qatıldı. Arazdan cənubdakı Azərbaycan torpaqları İranın tərkibində qaldı. Müqaviləyə görə, İran müharibənin günahkarı kimi, Rusiyaya 20 milyon gümüş rubl miqdarında təzminat odəməli idi. Təzminat ödənilənə qədər rus qoşunları Cənubi Azərbaycanda qalırdı və təzminatın ödənilməməsi halında bu ərazilər də Rusiyaya birləşdirilməli idi.
Tükmənçay müqaviləsinə görə İran ərazisində rus tacirlərinə geniş imtiyazlar verildi. Xəzər dənizində yalnız rus donanmasının saxlanması faktı təsdiqləndi və belıliklə, Xəzər Rusiyanın daxili dənizinə çevrildi.
Azərbaycan üçün ən sarsıdıcı zərbə isə müəllifləri A.Qriboyedov və İ.Paskeviç olan müqavilənin 15-ci maddəsi oldu. İranda yaşayan xristian əhalinin yenicə işğal edilən Cənubi Qafqaza köçürülməsini nəzərdə tutan bu maddənin həyata keçirilməsi minlərlə erməni, aysor və sair xristian əhalinin Şimali Azərbaycanda məskunlaşdırılması demək idi. Bu məqsədlə artıq Türkmənçay müqaviləsindən dərhal sonra – 21 mart 1828-ci il tarixdə çar I Nikolay Qərbi Azərbaycan ərazisində “Erməni vilayəti”nin yaradılması haqqında fərman imzaladı. Yaradılan köçürmə komitəsinin rəhbəri erməni əsilli Lazarev (Lazaryan) təyin edildi. Ermənilərin İrəvana köçürülməsinə xüsusi diqqət yetirildiyindən bu məsələ ilə məşğul olmaq üçün xüsusi komitə yaradıldı ki, ona da rəhbərlik erməni Behbudova tapşırıldı.
İkinci Rusiya-İran müharibəsi başa çatan kimi rus-türk ziddiyyətləri kəskinləşdi və 1828-ci ilin aprelində İkinci Rus-Türk müharibəsi başladı. Bu müharibədə Rusiyaya sədaqət andı içmiş bəylər, onların nökərləri və maaflarından təşkil olunmuş 4 Azərbaycan süvari alayı da Osmanlılara qarşı vuruşurdu. Xidmətlərinə görə rus çarından torpaq sahəsi, vəzifə gözləyən satqın bəylər eyni zamanda müharibə zamanı qənimət ələ keçirib varlanmağın da hərisi idilər. Həm Qafqaz cəbhəsində, həm də Balkanlarda rus qoşunları osmanlılara sarsıdıcı zərbələr vurdular. 1829-cu ilin sentyabrın 2-də Rusiya ilə Osmanlı dövləti arasında Ədirnə sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazı işğal etməsi faktını təsdiq etməli oldu. Eyni zamanda, Ədirnə sülhünə görə Osmanlı dövlətinin ərazilərində yaşayan xristian əhalinin Rusiyanın işğal etdiyi Cənubi Qafqaz ərazilərinə köçürülməsi nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |