Kütləvi informasiya vasitələri.Müstəqillik illərində ölkədə kütləvi informasiya vasitələri şəbəkəsi xeyli genişləndi. 1990-cı illərin ortalarında Mətbuat və İnformasiya Nazirliyində 600-ə qədər informasiya vasitəsi qeydə alınmışdı. 2001-ci ilin əvvəllərində respublikada 8 dildə 300-dən çox qəzet, 72 jurnal nəşr olunurdu.
Ölkədə 20 informasiya agentliyi fəaliyyət göstərirdi. 1990-cı illərin ortalarından Azərbaycanda Beynəlxalq İnternet informasiya şəbəkəsindən istifadə olunmağa başlanmışdı. Paytaxtda, digər şəhər və qəsəbələrdə çoxlu "İnternet klub" təşkil edilmişdi.
Azərbaycan televiziyası, radiosu texniki və yaradıcılıq imkanı baxımından xeyli inkişaf etmişdi. Dövlət radiosunun verilişləri 13 dildə, o cümlədən 1992-ci ildən ingilis dilində dünyaya yayılırdı. 1996-cı ildə Bakıda əsası hələ 1982-ci ildə qoyulmuş, hündürlüyü 310 m olan yeni teleqüllə istifadəyə verildi. 2002-ci ildə respublikada 30 radio və televiziya fəaliyyət göstərirdi.
2002-ci il oktyabrın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə "Milli Televiziya və Radio Şurası" yaradıldı. Azərbaycan jurnalistikası inkişaf edirdi. Jurnalistlərin yeni nəsli formalaşmaqda idi. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev kimi istedadlı və cəsarətli jurnalistlər baş verən hadisələr haqqında insanlara doğru məlumat çatdırmaq üçün böyük fədakarlıq göstərmiş, canlarından keçmişlər.
Respublikanın kütləvi informasiya vasitələri Azərbaycanın dövlət müstəqilliyinin qorunması, dünyəvi, demokratik quruculuq, milli və bəşəri mənəvi dəyərləri, ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyi yaranmasını, ölkə rəhbərliyinin uğurlu daxili və xarici siyasətini geniş təbliğ edirdi.
İdman. İdmanın inkişafına Azərbaycan dövləti xüsusi diqqət yetirir. Baki, Gəncə, Şəki, Naxçıvan,Quba,Lənkəran, Qax və digər şəhərlərdə ümumilikdə 21 Olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK) sədri secildi.
Hazırda bölgələrdə 41 Olimpiya mərkəzi vardır. Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi yaradılıb. Lənkəran Olimpiya İdman Kompleksi yenidən qurulmuş, Bakıda Olimpiya Hərəkatı və İdman Muzeyi, 13 idman zalı və qurğusu tikilmişdir.
Azərbaycan idmançıları uğurlarını artıraraq 1996-cı ildə Atlantada bir medal, ondan sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə Pekində yeddi, 2012-ci ildə Londonda on və nəhayət 2016-cı ildə Rio-de-Janeyroda 18 medal qazandılar.
12 iyun - 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda və Mingəçevirdə Birinci Avropa Oyunları keçirildi. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitələri tərəfindən keçirilmişdir. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışmışdır. Oyunların proqramına 28 yay olimpiya idman növündən 16-sı, həmçinin 2 qeyri-olimpiya idman növü daxil edilmişdi. Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında 56 medal qazanaraq Avropada ikinci yeri tutdular.
Dostları ilə paylaş: |