Memarlıq və heykəltəraşlıq.1990-cı illərin əvvəllərində respublikanın şəhər və qəsəbələrində meydanlar, parklar "monumental kommunist təbliğatı"na xidmət edən heykəl və abidələrdən təmizlənirdi. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə burada şəhidlərə 21 metr hündürlüyü olan möhtəşəm bir abidə və əbədi məşəl (müəllifləri - Ö.Eldarov, E.Qasımzadə, A.Abdullayev və N.Vəliyev) qoyuldu. Paytaxtda Hüseyn Cavidin (1994-cü il, heykəltəraş Ö.Eldarov), Şah İsmayıl Xətainin (1993-cü il, heykəltəraşlar İ.Zeynalov və Z.Mehdiyev), akademik Yusif Məmmədəliyevin (1998-ci il, heykəltəraş A.Ələsgərov), Xızıda Cəfər Cabbarlının (1999-cu il, heykəltəraş C.Qaryağdı) yüksək bədii dəyərli heykəlləri ucaldıldı. 1996-cı ildə Naxçıvanda möhtəşəm Hüseyn Cavid məqbərəsi (müəlliflər - Ö.Eldarov və R.Əliyev) tikildi. 1997-ci ilin baharında görkəmli heykəltəraş Ömər Eldarov akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi məşhur "Elegiya" əsərini tamamladı.
Azərbaycanın fırça ustaları da gözəl sənət əsərləri yaradırdılar. Azərbaycan rəssamlarının əsərləri dünyanın sərgi salonlarında böyük uğurla nümayiş olunurdu.1995-ci ildə ABŞ-da, 1996-cı ildə Almaniyada Səttar Bəhlulzadənin əsərlərinin sərgisi təşkil olunmuşdu. 1996-cı ildə Parisdə dünya rəssamları sərgisində Toğrul Nərimanbəyovun, 1997-ci ildə Vaşinqton, Nyu-York və Çikaqoda Kamil Nəsibzadənin əsərləri nümayiş etdirilmişdi.Xalça rəssamları Kamil Əliyevin, Tahir Məcidovun və Eldar Mikayılovun əsərləri yüksək bədii sənətkarlıq nümunələri idi. Plakat ustalarından C.Qasımovun, F.Hüseynovun, K. Əlizadənin və başqalarını göstərmək olar.
Müstəqillik illərində Azərbaycan incəsənətində formaca ənənəyə bağlılıq və müasirlik, məzmunca özəl milli və bəşəri dəyərlərin tərənnümü üstünlük təşkil edirdi.
Dostları ilə paylaş: |