Mədəni – maarif işi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində 982 kitabxana, 6 teatr, 10 park, 862 klub, 1831 kino qurğusu, 100 mindən çox qiymətli nadir eksponatı olan 22 muzey və rəsm qalereyası ələ keçirilmiş və qarət edilmişdir. Yüzlərlə tarixi abidə, o cümlədən 13 qala bürcü, 22 kurqan-təpə, 31 məscid, 44 məbəd, 2 mağara - ibadətgah təhqir edilmiş və dağıdılmışdı.
1990-cı illərin əvvəllərində nəzarətsizlik üzündən respublikanın muzeylərindən çox qiymətli sənət əsərləri, əntiq əşyalar oğurlanıb xaricə aparılmışdı. Prezident Heydər Əliyev yenidən rəhbərliyə gəldikdən sonra bu sahədə də mühüm tədbirlər həyata keçirilirdi. 1997-ci il noyabrın 18-də "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi. Hökumət kitabxana fondlarının genişləndirilməsinə vəsaiti artırdı. M.F.Axundov adına Respublika Kitabxanası 1998-ci ilin aprel ayından Milli Kitabxana statusu aldı. Yeni muzeylər yaradılır, köhnələri yenidən qurulurdu. Azərbaycan Tarixi Muzeyində təmir və yenidənqurma işlərinə başlandı. İncəsənət Muzeyindən oğurlanmış 275 qiymətli rəsm əsərlərindən 192-si ABŞ-da müvafiq qurumların köməyi ilə tapılıb, 2001-ci ilin iyul ayında geri qaytarıldı.
Dostları ilə paylaş: |