Eramızdan əvvəl II minillikdə qədim Azərbaycan torpaqlarının siyasi vəziyyəti. Kuti dövlətinin tənəzzülündən sonra İkiçayarasında III Ur sülaləsinin hökmranlığı (e.ə.2112-2003-cü illər) başladı. Bu dövrə aid tarixi mənbələrdə artıq Lullubi və Kuti dövlətləri haqqında çox az məlumat verilir. Mənbələrdən görünür ki, III Ur sülaləsinə aid hökmdarların Lullubum ölkəsinə tez-tez basqınlar etməsinə baxmayaraq, onlar müstəqilliyini saxlaya bilirdilər. Lullubilərdən fərqli olaraq Kutilər müstəqilliyini itirmiş və Ur canişini tərəfindən idarə olunurdu.