Kuti dövləti. Kuti dövlət qurumu e.ə. III minilliyin ikinci yarısında Urmiya gölündən qərbdə və cənub-qərbdə yaranmışdı. İkiçayarası ərazisində yerləşən Akkad dövlətinin hökmdarı Naram-Suen kutilər üzərinə yürüşlər təşkil etsə də, ciddi müqavimətə rast gəlmişdi.
E.ə. III minilliyin II yarısında Urmiya gölündən qərbdə mövcud olmuşdur. Türk mənşəli kutilər döyüşkənliyi ilə seçilirdilər. “Kuti” sözü qədim türk dilindən tərcümədə “sarışın” mənasını verir. Maraqlıdır ki, sonralar kutilərin varisləri Ön Asiyadan Mərkəzi Asiyaya, Altaya köç etmiş və orta əsrlərdə “kuman” adı ilə yenidən tarixin səhnəsinə çıxmışlar. “Kuman” sözünün də mənası tərcümədə “sarı adam” mənasını verir. Slavyanların “polovets”, oğuzların isə “qıpçaq” adlandırdığı bu türkmənşəli etnosun öz adı “kuman” idi və bu adın kutilərlə bağlılığı şübhəsizdir.
Kutilərin ən təhlükəli düşməni İkiçayarasında yerləşən Akkad dövləti idi. Akkadların işğalçı yürüşlərinə son qoymaq üçün kutilər bəzən Akkada qarşı özləri yürüş təşkil edirdilər. Akkada qarşı mübarizədə şumerlər də kutilərə sığınırdılar. Şumerlərin Nippur şəhərini Akkad hücumlarından məhz kutilər qoruyurdular. Bunun müqabilində Nippurda Kuti hökmdarının şərəfinə yazılı abidə ucaldılmışdı. Lullubilərdə olduğu kimi Kuti dövlətində də kitabələrin tərtibi zamanı əsasən Akkad mixi yazılarından istifadə edilirdi.
Uzun sürən Akkad - Kuti müharibələri e.ə. XXII əsrdə kutilərin qələbəsi ilə başa çatdı və onlar təqribən 100 il ərzində İkiçayarasında hökmdarlıq etdilər. Kuti dövlətinin əraziləri genişlənərək cənubda İran körfəzinə qədər uzanırdı. Ölkə Şumerdən və Akkaddan qalan idarə sistemi ilə idarə olunurdu və əyalət canişinləri içərisində şumerlərə də rast gəlinirdi. Kutilər İkiçayarasına sabitlik gətirdilər: ticarət yollarında basqınlara, şəhərlərarası toqquşmalara son qoyuldu. Xarici hücumlar dəf edildi və kəsildi, şəhərlərdə bərpa və quruculuq işləri başladı.
Kutidə də çoxallahlılıq mövcud olmuşdur. Kutilər də aya, bərəkət və məhəbbət ilahələrinə sitayiş edirdilər və Ay ilahəsi baş ilahə hesab olunurdu. Sonuncu Kuti hökmdarı Tirikan olmuşdur ki, o, e.ə. 2104-cü ildə hakimiyyətə gəlmiş, lakin cəmi 40 gün hakimiyyətdə ola bilmişdir. Uruk şəhərində şumerlərin ona qarşı üsyanı başladı və nəticədə Tirikan hakimiyyətdən devrildi, ölkədən qovuldu. İkiçayarasında hakimiyyət Uruk ensisi Utihenqalın əlinə keçdi. Beləliklə, İkiçayarasında kutilərin hakimiyyətinə son qoyuldu. Tədricən, kutilərin siyasi nüfuzu Urmiyaətrafı ərazilərdə də zəifləməyə başladı və e.ə. III minilliyin sonuna Kuti dövləti dağıldı, onun ərazilərində siyasi pərakəndəlik başladı.
Kutilərdən sonra Mesopotomiyada hakimiyyətə gələn III Ur Şumer sülaləsi e.ə. III minilliyin sonunda kuti tayfalarına qarşı hücuma başladılar və bütün Kuti əraziləri onların idarəçiliyinə keçdi. III Ur Şumer sülaləsinin də hakimiyyəti uzun sürmədi. E. ə. 2003-cü ildə Su ölkəsinin hakimi Elam hökmdarı ilə birləşərək III Ur Şumer sülaləsini devirdilər və Urmiya gölündən qərbdə yerləşən Su ölkəsi müstəqillik qazandı.
Beləliklə, e.ə. III minilliyin sonu – II minilliyin başlağıcına Azərbaycan ərazisilərndə mövcud olan dövlət qurumlarının süqutundan sonra siyasi pərakəndəlik yarandı.
Dostları ilə paylaş: |