Yeni tayfa ittifaqları. E.ə. II minlliyin əvvəllərində Urmiya gölü hövzəsində yaşayan turukki (turuki) və su tayfalarının siyasi fəallığı artdı. Əvvəllər bu iki tayfa Lullubi, Aratta və Kuti dövlətlərinin tərkibində olmuşdular və bu dövlətlər dağıdıldıqdan sonra onlar sərbəst fəaliyyətə başladılar. Onların əsas müdaxilə obyekti İkiçayarası ərazilər idi. Turukkilər İkiçayarasının şimalına, Raniyə düzənliyinə qədər gələrək hürrilərlə ittifaq qurur, eyni zamanda qonşu Aşşur dövləti üçün təhlükə yaradırdılar. Aşşur hökmdarlarının səylərinə baxmayaraq, e.ə. XVIII əsrdə turukkilər aşşurların nəzaətində olan Şuşarra (indiki Şemşara) vilayətində yerləşdilər. Bu əraziyə kutilər də iddia edirdilər.Qədim mənbələrdən göründüyü kimi, turukki, lullubi və Aşşur hökmdarları arasında qızğın mübarizə getmiş, vilayət dəfələrlə əldən ələ keçmişdir. Kutilər başda Enduşşe olmaqla Aşşurla ittifaq qurmağa, məsələni sülh yolu ilə həll etməyə çalışırdılar. Ümumiyyətlə, turukkilərin, kutilərin və lullubilərin düşərgəsində birlik yox idi. Şuşarra məsələsinin həllində onların bir qismi sülh yoluna, bir qismi isə hərbi mübarizəyə üstünlük verirdilər.
Mənbələrdən aydın olur ki, e.ə. II minillyin əvvəllərində Azərbaycanda mövcud olan tayfa ittifaqlarının vahid başçısı yox idi. Tayfalara ayrı-ayrı xırda hökmdarlar başçılıq edirdilər. Lullubi, su, turukki, kuti və sair tayfa ittifaqlarının Aşşura hərbi təzyiqləri onun zəiflənməsinə və Babilistan hökmdarı Hammurapinin (e.ə.1792-1750-ci illər) İkiçayarasına müdaxilə etməsinə şərait yaratdı. Hammurapi e.ə. 1762-ci ildə Subartu və Kutium ölkələrinin ordularına qalib gəldi. E.ə.1760-cı ildə o ikinci dəfə Kutium ordusunu məğlub etdi. E.ə.1755-ci ildə Subartu, Hakmum və Turukkum birləşərək ittifaq yaratdılar və Hammurapi bu ittifaqın də müdaxiləsinin qarşısını aldı.
Dostları ilə paylaş: |