İlahi ziyafət


Möminlərin olduqca mühüm və çətin olan üç vəzifəsi



Yüklə 1,36 Mb.
səhifə18/23
tarix22.04.2017
ölçüsü1,36 Mb.
#15235
1   ...   15   16   17   18   19   20   21   22   23

Möminlərin olduqca mühüm və çətin olan üç vəzifəsi

Bəs zikr nədir? Bu barədə iki hədis var. Mən daha çox ikinci hədisi nəzərdə tutmuşam, lakin hər ikisini oxuyuram. Birinci hədis İmam Bariqdəndir (ə). Həzrət Baqir (ə) buyurur ki, möminlərin çox mühüm və çətin vəzifələrindən olan üç məsələ var.

Biri mömin insanın digərlərinə qarşı insaflı olması, yəni öz xeyrindən ötrü haqqı tapdamaq, yaxud haqdan ötrü özünü tapdamaq seçimi qarşısında qaldıqda ikincini seçməsidir. Haqq qarşı tərəfdə olduqda və sizin haqsız olduğunuzda insafla haqqı ona verin. Özünüzün kiçilmənizə və əzilmənizə səbəb olsa da, bu işi görün. Bu çətin, amma əhəmiyyətli işdir. İmam Baqir (ə) buyurur ki, bu ən mühüm işlərdəndir. Düzdür, çətindir, amma heç bir böyük və yaxşı iş çətinlik çəkmədən görülmür.

İkincisi mömin qardaşa kömək etməkdir. İnsan mömin qardaşına bütün işlərdə kömək etməyi öz vəzifəsi bilməlidir: düşüncə köməyi, maliyyə köməyi, fiziki kömək, etibar köməyi.

Üçüncüsü hər bir halda Allah-Taalanı yada salmaqdır. Zikr budur.

Həzrət Baqir (ə) həmin hədisdə "hər bil halda Allahı yad etmək" məsələsini izah etmişdir: günaha sarı getdikdə Allahın zikri ona mane olur. Zikr odur ki, Allahı yad edib, günah etməsin - doğru olmayanı danışmağı, yalan deməyi, qeybət etməyi, haqqı gizlətməyi, insafsızlıq etməyi, təhqir etməyi, xalqın malını, beytülmalı, zəiflərin malını mənimsəməyi, yaxud onların barəsində diqqətsizlik göstərməyi və digər müxtəlif günahları etməsin. Bütün bunlarda insan Allaha diqqət yetirsin. Allah zikri insanın bu günahlara tərəf getməsinə mane olur.

Sonra həzrət buyurur ki, bu, Quranın bu ayəsinin təfsiridir: “Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünərlər”.1 Şeytan bunlara yaxınlaşanda, bunlara toxunanda, hələ tam canlarına düşməyəndə tez xatırlayarlar: “və dərhal görən olarlar”. Bu zikr onların gözlərinin açılmasına bais olur. Hər bir halda Allahı yad etməyin mənası budur.
Hər bir halda və hər bir yerdə Allahı yada salmaq

Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə “hər bir halda Allahı yad etmək” vardı, burada İmam Sadiqin (ə) hədisində isə “hər bir yerdə Allahı yad etmək” kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, “subhanəllah vəl-həmdu lillah və la ilahə illəllah vallahu əkbər” deyəsiniz. Bu, söz zikridir: “Baxmayaraq ki, bu da ondandır”. Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir, lakin mənim məqsədim təkcə bu deyil. Məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha sarı getdikdə Allahı yad et. Belə yad etmək, Allahın belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (ə) təsbehində və digər zikrlərdə göstərilənlərin hamısı zikrin vasitələri, kapsullarıdır. İnsan mənalarına və həqiqətlərinə diqqət yetirməklə bunları dilinə gətirməli, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.

Bu məsələlər haqda söz bitmir. Bizim üçün çox faydalı olan bu mənəvi məsələlər haqda saatlarla danışsaq da, həqiqətən çox deyil. Doğrusu budur ki, biz geridəyik. Biz İslam tərbiyəsi sahəsində İslam quruluşunun tələb etdiyi həddə inkişaf etməmişik. Bəziləri deyirlər ki, biz məsələn, quruculuq, texnologiya və digər hansısa sahədə bundan çox inkişaf edə bilərdik, amma etməmişik. Lakin bizim bütün sahələrdən çox inkişaf etməli olduğumuz, amma etmədiyimiz sahə mənəviyyat, özünüislah və əxlaq sahəsidir. Biz bu sahələrdə həqiqətən geridəyik.

Bizə layiq bir nümunə üçün müqəddəs müdafiə dövrünə baxmanız lazımdır. Görün cəbhəyə yollanan gənclərin, övladlarını bu şəkildə döyüşə yola salan ata-anaların, cəbhəyə elə həvəslə dayaq olan ailələrin hansı halı və hansı hissi vardı. Onlar yaxşı nümunələrdir. Ən üstün nümunələr olduqlarını demirik, amma çox yaxşı nümunələrdir. Biz həmin formada, həmin templə irəliləməli idik, amma irəliləmədik. Bəzən onları da unuduruq. Bəzilərimiz unudur, bəzilərimiz də təəssüf ki, inkar edir. Daha pisi budur ki, bəzilərimiz o halları pisləyirik. Bəzi fikirlərdə buna rast gəlmək mümkündür. Bəzən ətrafda biçimsiz və yaramaz sözlər danışılır, müqəddəs müdafiə zamanı bizim döyüşçülərimizin və gənclərimizin gözəl və müqəddəs halları pislənir.

Bizim əksərən o xırdalıqlardan xəbərimiz yoxdur. Mənim də, müharibədə iştirak edən komandirlərin də orada baş verənlərin hamısından xəbərimiz yoxdur. Orada daxili inqilab, dəyişiklik, uca xüsusiyyətlərə və insani fəzilətlərə sarı inkişaf o qədər çox olub ki, onları saymaq həqiqətən imkansızdır.

Mən bu yaxınlarda bizim hücumlarımızdan biri haqda yazılmış və həmin bir neçə günü şərh edən bir kitab oxudum. Bir diviziyanın, bir briqadanın, bir batalyonun, yaxud hətta bir bölüyün də yox, bir tağımın sağ qalanlarının dili ilə deyilənlərdir. Bu tağımın bəzi üzvləri sağ qalmış və məlumat vermişlər. Kitabı çox gözəl üslubda qələmə almış bu yazıçı və tədqiqatçı - belə işlər həqiqətən çox dəyərlidir - gedib məlumatların hər birini o şəxslərdən almış, 600-700 səhifəlik bir kitab yazmışdır. Biz yalnız eşidirik ki, Fav əməliyyatı olmuşdur, amma bu əməliyyatın mühüm işlərindən çoxunu bilmirik: Ərvənddən keçdilər, Favı aldılar, duz zavodunu tutdular, filan işi gördülər. Biz ümumi məlumatları bilirik, bu əməliyyatın hər bir addımında baş verənləri isə bilmirik.

Bizim önümüzdə çox ustalıqla və gözəlliklə böyük bir miniatür əsər qoymuşlar. Biz uzaqdan baxır və bəh-bəh deyirik, amma yaxına gedib bu miniatürün hər bir tərəfində nə qədər incəsənət üslubunun işləndiyinə baxmırıq. Bu işi bəzi adamlar görürlər, görmüşlər. Mənim gördüyüm bu nümunə həmin işlərdən biridir. Ümidvarıq ki, bu işlər davam etsin.

O, əxlaqi inkişaf idi. İnsan İslamın, Allahın, qeybə etiqadın və imanın insana bəxş etdiyi əxlaqi dəyərlərin onun həyatına necə təsir göstərdiyini orada anlayır, görür. Bunu inkişaf etdirmək lazımdır. Heyf ki, lazımınca inkişaf etməmişdir. Biz özümüzlə bunlardan olduqca çox məşğul olmalıyıq.

Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2007.
Fitr bayramı - orucun və ibadətin şükür bayramı

Ramazan ayı bayramı əslində şükür bayramıdır; biraylıq ilahi ziyafət dövrünü keçirmək səadətinin, orucun, ibadət, zikr, təzim və təvəssül səadətinin şükrü. Mömin insan bu şükür üçün həqiqətən bayram etməlidir.

Məndə olan dəqiq məlumatlara görə əziz xalqımız bu aydan çox səmərəli istifadə etdi. Bizim xalqımız mübarək ramazan ayından həqiqətən bəhrələndi. Bütün təbəqələr, bütün ictimai qruplar, üsulları, təmayülləri, adətləri, rəftarları, geyimləri və bəzi xarakterləri bir-birindən fərqli olan bütün insanlar bəhrələndilər. Bu böyük nemətə - müsəlman xalqın dinə, dini və İslami həqiqətlərə iman və rəğbət nemətinə görə çox şükür etmək lazımdır. Bu, İran xalqının üstün cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrində - radioda, televiziyada və qəzetlərdə xalqın dindarlığına dair göstərilənlər, heç şübhəsiz, əsl həqiqətin yalnız mində biridir. Bu xalq, bu gənclər, qız və oğlanlar qədr gecələrində və bu ayın digər gecə və gündüzlərində bu böyük ölkənin hər yerində, bütün bu şəhər və kəndlərdə olan on minlərlə məscid, hüseyniyyə və müxtəlif mərkəzlərə toplaşıb ibadət etdilər, Allah-Taaladan dilək istədilər, Allahla danışdılar, münacat etdilər. Bu, çox dəyərli məsələdir.
Ramazan ayının dərsləri

Ramazan ayının bizim üçün dərsləri vardır. Bunlar insanın müəllimdən, yaxud kitabdan öyrəndiyi dərslərdən deyil, əməli bir təcrübədə və böyük bir kollektiv işdə öyrəndiyi dərslərdəndir. Birincisi Allahla rabitə və Müqəddəs Rəblə səmimi əlaqəni qorumaq dərsidir. Bu dərsin ləzzətini dadıb Allah-Taala ilə necə asanlıqla ünsiyyət qurmağın mümkünlüyünü gördünüz: "Sənə doğru gələnin yolu yaxındır və insanların əməlləri onları Səndən ayırır"1. Allaha sarı yol yaxındır, bunu qədr gecəsində ibadət, ziyarət və dua zamanı gördünüz, raz-niyaz etdiniz, öz qəlbinizi Allah-Taalaya hədiyyə etdiniz, Allaha sevginizi artırdınız. Bu böyük ləzzəti özünüz üçün qoruyun, bu rabitənin qırılmasına imkan verməyin. Bu, birinci dərsdir. Başqa bir dərs isə xalqın müxtəlif cinahlara mənsub olan bütün fərdlərinin din və tövhid ətrafında birləşməsidir. Milli birlikdən danışdıqda, İran xalqının bir olduğunu dedikdə yadda saxlamaq lazımdır ki, bu birlik köksüz deyil, yalnız bir tövsiyəyə və tapşırığa görə yaranmır. Bu birliyin dayağı sözügedən dini inancdır. Bizim hamımızı bir mərkəzə sarı çəkən amil din və etiqaddır. Həmin mərkəz Allah-Taalanın müqəddəs zatına diqqətdir. Bu, bizim milli birliyimizin amilidir; ürəkləri bir-birinə yaxınlaşdırır, yumşaldır. Camaat namazında, cümə namazında, əhya mərasimində, Quranı başa qoymaqda, dua və ibadətdə sizin yanınızda oturan kim olursa-olsun, hansı cinahdan, hansı ictimai qrupdan və hansı görkəmdə olursa-olsun, Pərvərdigarın müqəddəs zatı yanında sizin qardaşınız, yoldaşınız və sirdaşınızdır. Bu səmimi rabitəni qoruyun. Bu da başqa bir dərsdir.

Başqa bir dərs özünü çətinliyə salmaq və digərlərinə maddi yardım etməkdir. Bu aclığa və susuzluğa dözmək, sübh azanından şam azanına qədər oruc tutmaq özünü çətinliyə salmaqdır. Bizim xalqımızın çoxu oruc tutmaqla çətinliyə dözdülər və digərlərinə müxtəlif maddi yardımlar etdilər. Ramazan ayının on beşində İmam Həsən Müctəbanın (ə) doğum gecəsində bir çörəkçi dükanının qapısı üzərinə "Bu gecə İmam Həsənə (ə) görə çörək pulsuzdur" sözlərinin yazılması nə qədər gözəldir! Namsız-nişansız iftarlar, məscidlərdə verilən iftarlara olunan maliyyə yardımları bizim xalqımızın bu təşəbbüskar işlərinin nəticəsi idi. Bu başqa bir dərsdir, başqa bir təlimdir. Özümüzü çətinliyə salıb digərlərinə maddi yardım edək. Mən bu məqam üzərində bir qədər dayanmaq istəyirəm, çünki ölkəmizin və cəmiyyətimizin mühüm məsələlərindən biri budur.

Biz israfçı xalqıq. Biz israf edirik; suda israf, çörəkdə israf, müxtəlif məişət avadanlıqlarında, ləpəli meyvələrdə israf, benzində israf. Neft istehsal edən bir ölkə neftdən hazırlanan benzini idxal edir. Bu təəccüblü deyil?! Hər il milyardlala pul verib benzin idxal edirik, başqa şeylər idxal edirik. Bizim cəmiyyətimizin və xalqımızın bir hissəsinin ürəyi töküb-dağıtmaq istəyir, ona görə. Bu düzgündür? Biz xalq buna milli bir eyib kimi baxmalıyıq. İsraf pisdir, hətta Allah yolunda maddi yardımda da bunu deyirlər. Allah-Taala Quranda Peyğəmbərinə (s) buyurur: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et"1. Allah üçün maddi yardım edərkən də belə et. İfrat və təfrit etməyin, orta yol tutun. Biz bunu milli mədəniyyətə çevirməliyik. Quran buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edərlər"2. İslam özünü çətinliyə salıb sıxıntı içərisində yaşamağı da tövsiyə etmir. İslam demir ki, insanlar riyazət və zahidliklə yaşamalıdırlar. Xeyr! Adi şəkildə yaşasınlar, orta həddə yaşasınlar. Bəzi xarici boşboğazlar, xarici dövlətlər bir neçə ildir daim və hər saat bizim xalqımızı hədələyirlər ki, embarqo tətbiq edəcəyik. Dəfələrlə də tətbiq etmişlər. Bu ondan ötrüdür ki, ümidləri bizim mənfi xüsusiyyətlərimizə bağlanmışdır. Biz əgər israfçı və bədxərc olsaq, embarqo çətin ola bilər, öz işini hesablayan, mədaxil və məxaricini hesablayan, öz məsləhətini düşünən xalq isə israf etmir. Qoy embarqo tətbiq etsinlər. Belə bir xalq embarqodan ziyan görməz. Ramazan ayından bunu öyrənək və inşallah ona əməl edək.

Fitr bayramı namazının xütbələrindən: 2007.

Fitr bayramı - fitrətə qayıdış və müsəlmanların birliyinin rəmzi

Fitr bayramını bir cəhətdən İslam ümmətinin birliyi bayramı hesab etmək olar. Səbəb budur ki, ramazan ayında qəlblər işıqlanmış, yumşalmış, insanların daxilində olan şeytani ixtilaf amilləri zəifləmişdir. Fitr bayramı da əslində fitrətə qayıdışdır. İnsanın fitrəti Allah-Taalaya, tövhidə, vahid və müqəddəs mərkəzə meyllidir. İnsanların bütün hiss və duyğuları orada birləşə və bir-birinin yanında dura bilər.

Fitr bayramı namazı da İslam dünyasının hər bir yerində həmin vəhdətin rəmzidir. Buna görə biz bu namazın qünutunda oxuyuruq: "Sən bu günü müsəlmanlara bayram və Məhəmmədə (ə) ehtiyat, şərəf, hörmət və üstünlük etmisən"1. Bu bayram əziz Peyğəmbərin (s) müqəddəs vücudu üçün bir ehtiyatdır, şərəf və hörmətdir, o müqəddəs insanın məqamının ucalması amilidir. Bu nə zaman baş verə bilər? Onun müsəlmanların bir-biri ilə barışdığı bayram olduğunda. Bu söz həm xalqımıza aiddir, həm böyük İslam ümmətinə. Bizim böyük xalqımız inqilabın qələbəsindən bu günədək ötən uzun illərdə söz birliyinin şərəf və qüdrət amili olduğunu təcrübə etmişdir.

Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2007.



Qurani-kərimi dinləmək, oxumaq və ondan istifadə etmək

Yalnız Allah kəlamını dinləməkdən ötrü məclislər keçirək. Məclis çoxdur, lakin Quranı ürəkdən sevən xalqımızın onu yalnız dinləməsi üçün təşkil olunan məclislərə də ehtiyac var. Bizim gənclərimizin, öyrəncilərimizin Quran qiraətini, təcvidini, yaxud müxtəlif qiraətləri öyrənmələri üçün keçirilən məclislərdən əlavə, Quranı dinləmək üçün də bir məclis təşkil olunsun, qiraətçi oturub oxusun, biz də bir minbərə, bir rövzəyə qulaq asdığımız kimi ona qulaq asaq, Quranı dinləyək və ondan bəhrələnək. Bizim sözlərimizin hamısı - əsaslandırmalar, dəlillər, xütbələr, söhbətlər, şeirlər və nəsrlər düzgün olduqları təqdirdə ikinci dərəcəli məsələlərdir. Əsas Allahın kəlamıdır, ilahi vəhydir. Bunlar qeybdən Peyğəmbərin (s) müqəddəs qəlbinə nazil olan və onun bizim ixtiyarımızda qoyduğu pak və müqəddəs sözlərdir.

Allaha şükür edirik ki, bizim Quranımız toxunulmaz qalmış və bu günə qədər təhrif olunmamışdır. Biz bundan istifadə etməliyik. Gənclər əgər ərəb dilini bilmədiklərinə görə Quranın mənasını anlamırlarsa, bu gün Allahın lütfü ilə sayı çox olan tərcüməli Quranlardan götürsünlər; qiraətçi Quranı oxuduğu zaman onlar da ayələrin tərcüməsinə baxıb başa düşsünlər və düşünsünlər. Allahın sözünü birbaşa Onun Özündən eşidin, kəlamını ürəklərinizə tanış edin, ürəklərdə ünsiyyət yaradın. Bu sahədə bizim çatışmazlıqlarımız var. Məktəblərdə Quran qiraəti gənclərə elə öyrədilməlidir ki, uşaqlıq çağında öyrəndikləri bu ayələri ömürlərinin sonuna qədər xatırlasınlar, bu ayələr hər zaman bir tablo kimi gözləri önündə qalsın və müxtəlif zamanlarda onlardan istifadə etsinlər.

Hərbi akademiyaların məzunlarının müştərək tədbirində çıxışdan: 2008.



Dözüm, namaz və Qurani-kərimdə onların əlaqəsi

"Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin"1 cümləsi Bəqərə surəsində iki dəfə təkrar olunmuşdur. Biri kitab əhlinə müraciətdir: "Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) təzim edənlər üçün ağır deyildir"2. Birində də möminlərə müraciətlə buyurur: "Ey iman gətirənlər! Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin, çünki Allah dözümlü olanlarladır"3. Bəllidir ki, burada əvvəla dözüm və namaz elementlərinin əhəmiyyəti, İslam cəmiyyətinin uca məqsədlərində onların böyük təsirləri nəzərə alınır, ikincisi isə dözüm və namazın bir-biri ilə əlaqəsi, müqavimət, duruş və Yaradanla səmimi mənəvi əlaqə. Bu iki məqsəd bütün bu ayədən, xüsusən də onun "ey iman gətirənlər" hissəsindən başa düşülür. Bu şərafətli ayədən öncə zikr və şükürdən danışılmışdır: "Məni yada salın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın"4. Ondan sonra isə cihad məsələsi qeyd olunur: "Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz"5. Bu ayədən sonra da aşağıdakı məşhur ayələr gəlir: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlara) dözən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və Ona tərəf qayıdacağıq!” deyirlər. Onları Rəbləri tərəfindən salam və rəhmət gözləyir"6. Bu iki element arasındakı güclü əlaqə bu ayələrdən anlaşılır. Həm bu iki elementin özü əhəmiyyətlidir, həm də onların əlaqəsi. Mən sonra qayıdıb dözüm barədə bir qədər danışacağam.

Burada namaz mənasını ifadə edən "səlat" sözü ümumi mənada götürülməlidir - yəni diqqət, zikr və təzim. Çünki zikrsiz namazın forması məqsəd seçilməyib. Məhz buna görə namaz barədə danışılan şərafətli ayədən sonra buyurur: "Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı yada salmaq, şübhəsiz ki, daha böyükdür"1. Çirkin və pis əməllərdən çəkindirməsi namazın bir xüsusiyyətidir, amma namazda bundan da böyük olan Allah zikri, Allahı yada salmaq xüsusiyyəti vardır.

Bu namaz - yəni zikr, diqqət, təzim, Allahla mənəvi əlaqə dözümün artmasında təsirlidir. İndi ayəyə, hədisə və İslam məfhumlarına əsasən, dözümün əhəmiyyəti anlaşıldığından namazın nə qədər mühüm olduğu aşkara çıxır. Namaz və Allah zikri o qədər əhəmiyyətlidir ki, möhkəmlik amili olan dözümü bizim qəlbimizdə, ruhumuzda, həyatımızda və düşüncələrimizdə bacardıqca möhkəmlədir və oturuşdurur. Buna görə Quranda deyilir: "Dözümlü ol. Sənin dözümlü olman yalnız Allahın köməyilədir".2 Əlbəttə, Quranda bu sözlə başlayan cümlələr çoxdur. Əgər insan onları oxusa, hər birinin bir elm dəryası olduğunu görər. Burada isə deyilir ki, sən Allahın köməyi ilə dözə bilirsən. Yəni ilahi zikrin tükənməz mənbəyinə bağlı olduğu təqdirdə onun müqaviməti bitib-tükənmir. Əgər müqavimət göstərmək, duruş gətirmək və geriyə çəkilməmək mənasında olan dözümü ilahi zikr bazasına – tükənməz mənbəyə birləşdirsək, bu dözüm heç vaxt bitməz. Dözümün bitməməsinin mənası budur ki, insanın bütün zirvələrə doğru gedişi heç zaman dayanmaz. Bu zirvələr həm dünya, həm axirət zirvələridir: elm zirvəsi, sərvət zirvəsi, siyasi iqtidar zirvəsi, mənəviyyat zirvəsi, əxlaq zirvəsi, uca insaniyyətə sarı yüksəliş zirvəsi. Bunların heç biri dayanmaz. Çünki hərəkət zamanı bizim dayanmamamız dözümsüzlükdən irəli gəlir. İki maddi qoşun bir-birinin qarşısında dayanıqda dözümü daha tez bitən məğlub olur, dözüm və müqaviməti gec bitən isə qələbə çalır. Bu çox bariz və real misaldir. Bütün sahələrdə belədir.

Problemlərlə, təbii maneələrlə və insanın kamilliyə doğru bütün hərəkətlərində qarşıya çıxan əngəllərlə üzləşdikdə dözüm bitməsə, o maneə bitəcək. İslamın qalib olmasının mənası budur. "Həqiqətən bizim qoşunlarımız qalibdir"1 sözünün mənası budur. Allah qoşunu, Allah dəstəsi, Allah bəndələri - bunlar həmin tükənməz mənbəyə birləşib insanın məğlub olması mümkün olan bütün problemlər qarşısında duruş gətirir. Əgər bu tərəf möhkəm dayandısa, təbii olaraq o biri tərəf məhv və məğlub olacaq. Təbii ki, adımız Allah dəstəsi və Allah qoşunu olsa, amma həmin əlaqəyə malik olmasaq, buna zəmanət yoxdur. Odur ki, əlaqəni bərqərar etmək lazımdır. Namazın əhəmiyyəti burada görünür; Allah zikrinin əhəmiyyəti burada görünür; ramazan ayı fürsətinin əhəmiyyəti burada görünür; özünüislah fürsətinin, təqva fürsətinin, qəlbə yəqin ehtiyatını doldurmaq fürsətinin əhəmiyyəti - ramazan ayının dualarında yəqin məsələsinin təkrar olunduğunu görürsünüz - burada görünür. Deməli, sözügedən məqsədlər üçün bu fürsəti qənimət bilmək lazımdır. Bunlar baş verdikdə o zaman İslam cəmiyyətinin, İslam ümmətinin və müsəlman bəndənin dözümü bütün problemlərə qələbə çala biləcək. O zaman bu cəmiyyət həm siyasətdə, həm iqtisadiyyatda, həm əxlaqda, həm mənəviyyatda inkişaf edəcək. Həqiqət budur. Biz özümüzü bu həqiqətə yaxınlaşdırmalıyıq.
Dözümün üş növü

Çoxlu hədislərdə göstərilir ki, dözüm üç yerdə lazımdır: itaət, günah və müsibət zamanı. Bu barədə çoxlu hədisləri var və eşitmisiniz.

İtaətə dözüm odur ki, vacib bir işi və ibadət əməlini yerinə yetirəndə onun uzun çəkməsinə görə yorulmur, yarıyolda buraxmırsınız; məsələn, bir şəxs uzun bir müstəhəb namazdan, yaxud uzun bir duadan yorulmur. İtaətə dözüm budur: ramazan ayının orucunun çoxluğundan, vacib namazların uzunluğundan və Qurana diqqətdən yorulmamaq. Bu, itaətə dözümdür.

Günaha dözüm - günah qarşısında nəfsini saxlamaq, duruş gətirmək və möhkəm dayanmaqdır. Günah zamanı möhkəmlik belədir ki, insan ona sarı getməsin, təhrik olmasın, ehtirasların təsiri altına düşməsin. Ehtiras bir yerdə cinsi ehtirasdır, bir yerdə puldur, bir yerdə vəzifədir, bir yerdə şan-şöhrətdir. Bunların hamısı insani ehtiraslardır. Hər kəsin bir cür ehtirası var. Haram olduğu təqdirdə bunlar insanı özünə çəkməməlidir. Misal üçün, bir uşaq şirniyyat qabına çatmaq üçün hərəkət edir. Yolunun üstündə su var, stəkan var, boşqab var. Amma o bunlara diqqət yetirmir və vurub-sındırır. Günaha cəzb olunan insan belədir, yolda nəyin olmasına baxmır. Bu təhlükəlidir. Çünki bu halda insan həm də qəflət içərisindədir, özündə deyil, özünün bu diqqətsizliyindən xəbərsizdir. Uşaq diqqətsiz olduğunu bilmir; bilmir ki, su parçına, yaxud boşqaba, yaxud qiymətli güldana diqqətsizlik edir. O, bu diqqətsizliyin özünə qarşı diqqətsizdir. Buna görə gözlərimizi çox açmalı, bu böyük qəflətdən ehtiyatlı olmalıyıq. Bu, günaha dözümdür.

Müsibətə dözümün mənası odur ki, insan üçün qarşıya çıxan acı hadisələr - ölüm-itimlər, yoxsulluqlar, xəstəliklər, dərdlər, əziyyətlər və bu qəbildən olan acı hadisələr onu sındırmasın, dünyanın sonunun çatdığını düşünməsin.

Dözümün hər üç növü əhəmiyyətlidir. Allah-Taala bunların hamısına dözənə Öz salam və rəhmətini şamil etmişdir: "Onları Rəbləri tərəfindən salam və rəhmət gözləyir"1.


Üç növ dözümün ictimai cəhəti

Burada başqa bir məsələ budur ki, bu üç növ dözüm bəzən yalnız şəxsi məsələlərdə olur. Bunun misalları qeyd olundu və hamımız bilirik. Amma bəzən də qeyri-şəxsi və ictimai məsələlərdədir; ümumi məsələlərdə, yaxud başqa sözlə desək, bir toplumun, bir ümmətin, bir xalqın və bir ölkənin taleyinə bağlı olan məsələlərdə. Fərz edin insanın dözməli olduğu itaət əməli bir ölkənin taleyinə bağlı əməldir, misal üçün, Allah yolunda cihad məsələsidir. Müqəddəs müdafiə dövründə cəbhəyə getməkdə, ölkəni və quruluşu müdafiə etməkdə dözümlü olmaq vacib bir iş və bir itaət idi. Müdafiədə dözümlülük yalnız insanın özünə aid olan məsələ deyildi. Döyüşə yollanan hər bir döyüşcü əslində öz getməsi və müqaviməti ilə ölkənin taleyini yazırdı. Bəzən itaət belədir. Yaxud siz məclis deputatının, nazirin, müdirin, hərbçinin, mədəni bir müəssisə işçisinin - harada çalışırsınızsa, görməli olduğunuz böyük iş bir itaətdir, Allaha itaətdir, bəndələrə xidmətdir. Allaha itaətin bu bir cəhəti İslam quruluşunda vəzifədir. Bu da Allaha itaətin başqa bir cəhətidir. Bu quruluşun, bu ilahi rejimin yuxarıdan aşağıya qədər bütün məmurlarının gördüyü işlər ilahi vəzifələrdir. Əgər siz polis, siz iqtisadi məmur, siz təhlükəsizlik məmuru, siz siyasi məmur yorulsanız, bu, dözümsüzlükdür. Bu, "Dözümlü olmaqla və namaz qılmaqla (Allahdan) kömək diləyin!"1 tövsiyəsinin ziddinədir. Dözümdən kömək istəyin.

Yaxud bir şey günahdır, amma elə bir günahdır ki, onun pis və xoşagəlməz nəticəsi yalnız sizə aid olmur: "Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verəcək) bəladan qorxun"2. Bəzən insan səhv bir hərəkət edir, bir yersiz söz danışır, bir yersiz iş görür, bir yersiz imza atır - biz məmurların vəziyyəti belədir - və onun nəticələri bir ölkəyə, əhalinin bir qisminə, yaxud bir təbəqəyə toxunur. Bu, günahdır. Məlum olur ki, belə yerlərdə günaha dözümlülüyün mənası daha böyük olur. Bu dözümlülük sizin məsələn, bir rüşvət qarşısında dözümlü olub rüşvət almamanızla fərqlənir. Rüşvət almamaq çox gözəl, çox böyük işdir, amma şəxsi bir günah qarşısında dözümlülükdür. Nəticəsi bütün cəmiyyətə toxunan günah qarşısında dözümlülük isə bundan da üstündür. Deməli, günaha dözümlülüyün belə geniş əhatəsi var.

Müsibətə dözümlülük də belədir. Müsibətlər bəzən insanın şəxsi müsibətləri olur, bəzən də ümumi müsibətlər. Məsələn, indi ölkə məmurları müxtəlif təxribat, ittiham, böhtan, təhqir və açıq iftiralarla üzləşirlər. Görürsünüz ki, bu nəhəng beynəlxalq informasiya resurslarında, xəbərlərdə, mediada, yazı və danışıqlarda nə qədər sözlər deyilir. İslama görə, inqilaba görə, hegemonizmin xoşuna gəlməyən amalların hər birinə görə, İslam Respublikasında çalışan və onların bəyənmədiyi bəzi şəxslərə görə - bunların hamısına görə İslam Respublikasının əleyhinə danışırlar. Yəni müxtəlif yollarla və müxtəlif cəhətlərdən İslam Respublikası əleyhinə hücumlar edilir. Bunlar müsibətdir və onlara dözmək asan deyil. Biz dünyanın bəzi başçı və məmurlarını yaxından görmüşük, bəziləri haqda eşitmişik. Elələri var ki, məhz həmin məsələlərə və təhqirlərə görə təsvir etdikləri məqsədlərdən və düz xətdən açıq şəkildə yayınırlar, onlara dözə bilmirlər. Bu da müsibət zamanı dözümlülük barədə.

Buna əsasən, dözümlülüyü bu üç sahədəki bütün əhəmiyyəti ilə birgə nəzərə almaq lazımdır; bir dəfə şəxsi məsələlərdə - bu mühüm məsələdir, mən və siz buna digərlərindən çox əhəmiyyət göstərməliyik - bir dəfə ictimai, siyasi, ümumi və milli məsələlərdə. Bu mənə və sizə məxsusdur. Yəni ümumi camaata aid deyil, onlarda belə şeylər yoxdur; bizə aiddir, dövlət rəsmisi olan, məhkəmə işində çalışan, parlament deputatı və məmur olan sizə məxsusdur. Hər iki mərhələdə və hər iki səviyyədə bu üç dözümlülük olmalı və ondan kömək almaq lazımdır. Əsas məsələ budur.

Üç hakimiyyət orqanının başçıları və quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2008.



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin