Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.
Protokol №8, 14.02.2018
Bakı-2018
1.Azərbaycan Səfəvilər dövlətinin süqutu dövründə.
XVII əsrin son rübündə dövlətimiz iqtisadi tənəzzül mərhələsinə daxil oldu. XVII əsrin sonları - XVIII əsrin ilk onilliklərində ölkəmizin ağır böhranlı vəziyyətə düşməsi və iqtisadiyyatın bütün sahələrini bürümüş tənəzzülün get - gedə güclənməsi ağır və fəlakətli sosial - iqtisadi nəticələrə gətirib çıxarmışdı:
1.Mərkəzi dövlət hakimiyyətinin zəifləməsi şəraitində süni suvarma sistemlərinin qayğısızlıqdan dağılması, əsas istehsalçı zümrə olan kəndlilərə iqtisadi şərait yaratmaq əvəzinə, onların istismarının görünməmiş dərəcədə gücləndirilməsi, təbii fəlakətlər, quraqlıq, məhsulsuzluq nəticəsində kənd təsərrüfatı ağır böhrana düşmüşdü. 1716 - 1718-ci illərdə Azərbaycan Səfəvi dövlətində olmuş rus elçisi A.Volınski ölkədəki acınacaqlı vəziyyət haqqında yazırdı: ”Əslində onların şahının hakimiyyətinin təkcə adı qalmışdır. Tamahkar hakimlər meyvələri özlərinə götürüb, dövlətə isə yarpaqlarını verirlər. Səfəvilərin taxıl anbarı olan Azərbaycanda tarlalar 7 il əkilməmiş qalmış və ölkədə aclıqdır.” Zəruri ərzaq məhsullarının bahalığı şəraitində ölkəni bürümüş aclıq nəticəsində əhali kütləvi şəkildə qırılırdı. Azərbaycanı bütün dünyada tanıdan və xəzinəyə böyük gəlir gətirən xam ipəyin keyfiyyəti o qədər pisləşmişdi ki, xarici ticarət şirkətləri hökumətə öz narazılıqlarını bildirirdilər. Sansonun yazdıqına görə holland ticarət şirkəti hər il Səfəvilərdən 300 tay xam ipək alırdı. İndi hollandlara təklif olunan xam ipəyin keyfiyyəti o qədər aşağı idi ki, ondan yalnız qoşqu atı üçün ip hazırlamaq olardı.
2. Təsərrüfat əlaqələrinin pozulması nəticəsində şəhər sənətkarlığına böyük ziyan dəymişdi. Sənətkarlıq emalatxanalarında və karxanalarda (manufaktura) istehsalın həcmi, müxtəlif parçalar, xüsusilə ipək parçalar istehsalı azalmış və keyfiyyəti aşağı düşmüşdü.
3.Ölkənin maliyyə - pul sistemi dağılma həddinə çatmış, əmtəə - pul dövriyyəsi tamamilə pozulmuşdu. Dövlət xəzinəsinin iri əyanlar tərəfindən talan edilməsi nəticəsində ölkənin əsas qızıl ehtiyatı bəzək əşyalarına çevrilmişdi. Əcnəbi, xüsusilə hind tacirləri qızıl və gümüş pulları açıq və gizli şəkildə ölkədən çıxarıb aparırdılar. Bazar saxta pullarla dolmuşdu, dövlət isə saxta pul kəsənlərə qarşı mübarizədə tamamilə gücsüz idi. Vəziyyət elə bir biabırçı həddə çatmışdı ki, Şah Hüseyn (1694 - 1722) pul kəsmək üçün qiymətli metallar çatışmadığından sarayın bütün qızıl və gümüş qablarını yığmağı, hətta Şeyx Səfi məqbərəsindəki ata-babalarının qəbirləri üzərindəolan qızıl və gümüş bəzəkləri çıxartmağı əmr etmişdi. Xarici müəllif Sanson həmin dövrdə pul dövriyyəsinin vəziyyətini belə təsvir etmişdi: “Pul sisteminin pozulması o həddə çatmışdı ki, heç kəs öz malını mis pula satmaq istəmirdi”. Ölkənin gömrük sisteminin bərbad vəziyyətə düşməsinin ağır nəticəsi idi ki, xarici, xüsusilə hind kapitalı daxili ticarət sahəsinə soxulmuşdu və nəzarətsizlik şəraitindən istifadə edərək qiymətli metallar mütəşəkkil şəkildə ölkədən çıxarılırdı. Bu da öz növbəsində iqtisadiyyatın vəziyyətinə öldürücü təsir göstərir və xarici kapital Səfəvi imperiyasının orqanizmini zəli kimi sorurdu.
4.Kənd təsərrüfatı istehsalının pozulması, şəhər kustar sənayesinin tənəzzülü və pul dövriyyəsinin dağılması ölkənin daxili və xarici ticarətinə mənfi təsir göstərirdi. Ölkə ixracatının əsas məhsulu sayılan ipək ticarəti azalmış, Qərbi Avropa ölkələri ilə ticarətdən xəzinəyə daxil olan gömrük rüsumlarının miqdarı 2,4 dəfə azalaraq 24 min tüməndən 10 min tümənə düşmüşdü.
5.Ölkədə sələmçilik çiçəklənmə dövrünü yaşayırdı. Səfəvi imperatorluğunda sələmçi kapitalın əsas nümayəndəsi kimi, demək olar ki, Azərbaycanın bütün şəhərlərində kök salmış hind tacirləri çıxış edirdilər. Tavernyenin yazdığına görə, verdikləri borc pulun müqabilində 30%, hətta bəzən daha çox sələm götürən insafsız hind tacirləri burada çoxlu adamı müflisləşdirərək dilənçi vəziyyətinə salmışdılar.
6.Bu dövrdə Azərbaycan elmi - texniki səviyyəsinə görə Qərbi Avropa ölkələrindən çox geri qalırdı. XVII əsrdə Avropanın qabaqcıl ölkələrində istehsal manufaktura mərhələsinə daxil olmuş, kapitalist münasibətləri yaranmış, elm və texnika sahələrində irəliyə doğru böyük addımlar atılmış, manufaktura şəraitində əmək bölgüsü dərinləşmiş, əmək alətləri təkmilləşmiş, su çarxı sənaye istehsalında universal mühərrikə çevrilmişdi. Qərbin əsas elmi - texniki nailiyyətlərinə yiyələnmək üçün Azərbaycanda göstərilən ayrı-ayrı cəhdlər bir nəticə verməmişdi. İstehsalın texniki cəhətdən təşkili sahəsində Azərbaycan dövləti ilə Qərbi Avropa arasında olan məsafə ildən - ilə artırdı. Bu da ölkə iqtisadiyyatına mənfi təsir göstərir və yerli istehsal xarici malların rəqabətinə davam gətirə bilmirdi.
7.Bu dövrdə cəmiyyət həm də mənəvi - ideoloji böhran keçirirdi. Şiə ruhanilərin xalqa təbliğ etdiyi fanatizm ideyası, tərki - dünya həyat tərzinə çağırış, bu dünyanın qayğılarından uzaqlaşaraq “ o biri dünyanın” qayğıları ilə yaşamağa çağırış insanlar arasında ətalətə və fəaliyyətsizliyə gətirib çıxarırdı. Nəticədə ictimai istehsalın təşkili pozulur və məhsuldar qüvvələrin tənəzzülü dərinləşirdi.
8.Xalq kütlələrini “o biri dünyanın” qayğıları ilə yaşamağa yönəldən hakim zümrə, ruhanilər və dövlət məmurları həddindən artıq bədxərclik edir, dəbdəbəli və firavan həyat sürürdülər. Tavernye hakim zümrənin dəbdəbəli həyatı ilə bağlı yazırdı ki, burada əsilzadələrin, hətta atlarının yəhəri qızıldan və gümüşdəndir və onlar saraylarında çoxlu nökər saxlayırdılar.
9. Azərbaycanın iqtisadi tənəzzülü yalnız daxili amillərlə deyil, həm də xarici səbəblərlə bağlı idi. XVI əsrin ikinci yarısı - XVII birinci yarısında böyük coğrafi kəşflərlə əlaqədar dünya ticarət yolları öz istiqamətini dəyişərək Aralıq dənizindən Atlantik və Hind okeanlarına keçmişdi. Dünya ticarətində hegemonluq İtaliyadan Portuqaliya, Niderland və İngiltərəyə keçdikdən sonra Aralıq dənizinin şərq sahillərindəki liman şəhərlərinin ticarət əhəmiyyəti xeyli azalmışdı. Bu da Şərqlə Qərbi birləşdirən əsas karvan yollan ilə aparılan ticarətə böyük zərbə vuraraq son nəticədə Azərbaycanın və bütövlükdə Ön Asiya ölkələrinin iqtisadi tənəzzülünün əsas səbəblərindən birinə çevrilmişdi.
XVIII əsrin ilk onilliklərində xalq kütlələri vergi zülmünə və sosial ədalətsizliyə qarşı dəfələrlə üsyana qalxmışdılar. Beləliklə, XVII əsrin sonu - XVIII əsrin əvvəllərində ölkəmizi iqtisadi böhran bürümüşdü. Bundan qonşu Rusiya və Osmanlı dövlətləri istifadə edərək XVIII əsrin 20 - 30-cu illərində Azərbaycanın böyük hissəsini Osmanlı dövləti, Xəzərboyu bölgələri isə Rusiya ələ keçirtmişdi. Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736 - 1747) bir sıra iqtisadi islahatlar həyata keçirilsə də, ağır vergi zülmü və müharibələr şəraitində ölkəmizin iqtisadiyyatının inkişafını təmin etmək mümkün olmadı.