2.Azərbaycanın Rusiya, Türkiyə və İran arasında mübarizə meydanına çevrilməsi.
XVIII yüzilliyin əvvəllərində Səfəvi hökmdarı Şah Hüseynin (1694 - 1722) yarıtmaz daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövləti özünün ağır və dərin tənəzzül dövrünü yaşayırdı. Dövlət gəlirlərinin azalması şəraitində 1698 - 1701 -ci illərdə keçirilən vergi islahatı ilə bütün əhali, hətta dini müəssisələr və səyyahlar üzərinə vergi qoyulmuş və bütövlükdə vergilər 3 qat artırılmışdı. İri saray əyanları tam sərbəst hərəkət edir və sələmçi kapitalla bağlı olan siyasi dairələr isə dövləti içəridən dağıtmaqla məşğul idilər. İdarəçilikdə özbaşınalıq o dərəcədə artmışdı ki, vəzifəli şəxslər tez-tez dəyişdirilir, bir il ərzində eyni şəhərə bəzən bir və ya iki hakim təyin edilirdi. Pulla vəzifəni satın alan hakimlər yerlərdə əhalini soyub-talamaqdan başqa heç bir işlə məşğul olmurdular. Şah isə bütün dövlət işlərini vəzirlərinə tapşıraraq bütün gününü ya əyləncədə, ya da ibadətdə keçirirdi. 1717-ci ildə İsfahanda şah sarayında olmuş rus elçisi Artemi Volmski yazırdı: “Şah suveren olsa da, indi onun hakimiyyətinin təkcə adı qalmışdır. Ona çox az adam qulaq asır.”
Səfəvilərin əsas taxıl anbarı olan Azərbaycanda 7 il dalbadal quraqlıq olduğundan ölkəni aclıq bürümüşdü. Səfəvi imperatorluğunun bütün bölgələrini, o cümlədən Azərbaycanı mərkəzi hakimiyyətə qarşı üsyan və çıxışlar bürümüşdü. 1707 - 1709-cu illərdə Təbriz, Şirvan və Carda silahlı çıxışlar baş verdi. 1711 -ci ildə Carda Əli Sultanın başçılığı ilə başlayan üsyanı yatırmaq üçün şah tərəfindən göndərilən Şamaxı və Gəncə bəylərbəyilərinin qüvvələri üsyançılara məğlub olmuş, 15 minlik qoşuna malik Şirvan bəylərbəyi üsyançılarla döyüşdə öldürülmüşdü. Azərbaycanın şimal torpaqlarında gedən proseslərə nəzarəti itirən Şah Sultan Hüseyn Dağıstanın baş hakimi Qazıqumuxlu Surxay xana 1720-ci ildə pul göndərərək qoşun yığıb, üsyanları yatırmağı ona tapşırmışdı. Ancaq Qubanın Dədəli kəndinin sakini və bütün şimal - şərqi Azərbaycan torpaqlarının ali dini başçısı Hacı Davud Surxay xanı öz tərəfmə çəkərək Şirvan torpaqlarını Səfəvilərin nəzarətindən çıxarmaq kimi əsas niyyətini həyata keçirməyə başladı. 1721-ci ildə Şirvanda mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyandan istifadə edən Hacı Davud və Surxay xan qoşunla hücuma keçərək Şamaxını tutdular. Şamaxı uğrunda gedən savaşda xarici, xüsusilə rus tacirləri böyük ziyan gördülər. Rus tacirləri öldürüldü və onların 4 milyon manatlıq malı üsyançıların əlinə keçdi. Bu üsyan Şirvanda hakimiyyətin Hacı Davudun əlinə keçməsi ilə nəticələndi.
Çıxılmaz vəziyyətə düşən Şah Sultan Hüseynin müsəlmanlığı qəbul etdiyinə görə Hüseynqulu xan adlandırılan Gürcüstan valisi VI Vaxtanqı Səfəvi ordusunun baş komandanı təyin etməsi də ümidləri doğrultmadı. VI Vaxtanq üsyanları yatırmaq bəhanəsilə 1722-ci ildə Gəncə şəhərini soyub talamış və hələ üstəlik Rusiya dövləti ilə Səfəvilərə qarşı gizli danışıqlara başlamışdı.
Mərkəzi dövlət hakimiyyətinin çökməsinin ən bariz əlaməti o zaman üzə çıxdı ki, şahın dəfələrlə vilayət hakimlərinə çağırış etməsinə baxmayaraq, Qəzvində hərbi toplantıya yığılan qızılbaş ordusunun sayı heç 1100 nəfəri keçmədi. Belə vəziyyətdən Səfəvilərə tabe olan əfqanlar dərhal istifadə etdilər. 1722-ci ilin martın 8-də Mahmudun başçılığı ilə əfqanlar Gülnabad yaxınlığında Səfəvi ordusunu məğlubiyyətə uğratdılar və 6 aylıq mühasirədən sonra paytaxt şəhəri İsfahanı ələ keçirdilər. Şah Sultan Hüseyn əsir düşərək taxt - tacdan imtina etməyə məcbur oldu. Səfəvilərin hakimiyyətinin süqut həddinə çatması ilə Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda çox ciddi bir “siyasi boşluq” yarandı. Nəticədə ölkəmiz qonşu dövlətlərin, xüsusilə Rusiya və Osmanlı imperiyalarının rəqabət meydanına çevrildi.
Cənubi Qafqazdakı xalqların əksəriyyəti ilə Osmanlı dövlətini soykök və din birliyi yaxınlaşdırırdı və bu dövlət bölgədə ənənəvi nüfuz və təsir gücünə malik idi. Rusiyaya gəlincə, bu təcavüzkar imperialist dövlətin həm daxili, dəm də xarici siyasəti antitürk və antimüsəlman səciyyə daşıyırdı və Cənubi Qafqaz bölgəsində elə bir ciddi nüfuz sahibi deyildi. Bu dövlət türk və müsəlman xalqlarına qarşı öz məkrli siyasətinə gürcüləri və tarixi torpağımız İrəvanda yerləşən Eçmiədzin erməni kilsəsini alət etməyə çalışırdı. Erməni kilsəsi I Pyotrla gizli əlaqələr saxlayır, Rusiyanın bölgədə “xilaskar” obrazını yaradır, əhalini rusların xristian xalqlarını müsəlmanların əsarətindən xilas edəcəyinə inandırmağa çalışırdı. Daima müsəlman imperatorluqlannm tərkibində öz varlığını, dilini və dinini saxlayan gürcülər və azlıqda olan ermənilər indi nankorcasına düşmən tərəfə keçərək Rusiyanınhimayəsində üstün mövqe qazanmağa çalışırdılar. Məsələn, Səfəvidən "Azərbaycan bəylərbəyi" titulu almış VI Vaxtanq Rusiya ilə belə bir gizli plan qurmuşdu ki, Pyotrun bölgəyə basqını baş tutanda o, Azərbaycanın işğalını asanlaşdırmaq üçün qoşunla Şamaxıya hərəkət edib, orada Rusiyanın quru hərbi qüvvələri ilə birləşməli idi.
I Pyotrun başçılıq etdiyi Rusiya dövləti Qafqazın və Xəzər hövzəsinin işğalı ilə bağlı çox ciddi hərbi planlar hazırlamışdı. Rusiyanın 1715 - 1717-ci illərdə A.Volınskinin başçılığı ilə Səfəvi sarayına göndərdiyi elçilik dövlətimizin hərbi - siyasi vəziyyəti, müdafiə qabiliyyəti, ordusu, qalaları, dəniz donanması və limanları haqqında çox əhatəli kəşfiyyat məlumatları toplayaraq I Pyotra göndərmişdi. 1718-ci ildə elçi A.Volınskinin Pyotrla görüşündə verdiyi hesabat isə daha qorxunc idi. Elçi bildirmişdi: “Səfəvilərin dövləti dağılmaq üzrədir, əgər təcili hətta, az qüvvə ilə savaşa başlasaq, onun torpaqlarının bir hissəsini zəbt etmək olar.”
I Pyotr Səfəvilər üzərinə hərbi yürüşü 1723-cü ilə planlaşdırmışdı və buna ciddi hazırlıq gedirdi. Ancaq əfqanlar tərəfindən 1722-ci ildə İsfahanın tutulması bu işi sürətləndirdi. Yürüşdə I Pyotrun əsas məqsədi Xəzər dənizinə çıxaraq onun sahilboyu ərazilərini işğal etməkdən, öz sənayesi üçün bölgənin təbii sərvətlərini, xammal qaynaqlarını ələ keçirtməkdən və Volqa - Xəzər ticarətində üstünlük qazanmaqdan ibarət idi.
1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət donanma (gəmilərdə 5 min dənizçi və 22 min piyada var idi) və quru qoşunu ilə birlikdə 106 minlik hərbi qüvvə ilə Xəzər boyu bölgələrə yürüşə başladı. I Pyotr öz işğalçılıq məqsədini gizlətmək üçün Səfəvi sarayına bildirdi ki, ruslar Xəzərboyu bölgələrə və xüsusilə Şamaxıya Səfəvi ilə müharibə aparmaq üçün deyil, Şirvanda Hacı Davudun başçılıq etdiyi qiyamçıları cəzalandırmaq və bununla öldürülmüş rus tacirlərinin qisasını almaq üçün gəlir. Səfəvilər Xəzərboyu torpaqları Rusiyaya güzəştə gedərsə, rus hökuməti osmanlıların bu torpaqlara daxil olmasının qarşısını almaqda şaha köməklik göstərəcəkdir. I Pyotr 1722-ci ildə türk dilində tərtib etdiyi manifestdə öz yürüşü zamanı əhalinin təhlükəsizliyinin və onların əmlaklarının toxunulmazlığının qorunacağına söz verir, xüsusilə xristianlara onları müsəlmanların zülmündən qurtaracağını vəd edirdi. Dərbənd istiqamətində hərəkət edən rus qoşunları çox böyük amansızlıqla və qəddarlıqla 7 kəndi yandıraraq yer üzündən sildilər. Səfəvi ordusunun baş komandanı VI Vaxtanq ruslarla gizli əlaqədə olduğundan elə bir ciddi müqavimət göstərmədi və müqavimət yalnız ayrı-ayrı şəhər qarnizonlarının çıxışları ilə məhdudlaşırdı. Rusların "yandırmaqla əhali içərisində qorxu yaratmaq" taktikası öz bəhrəsini verdi. Dərbənd şəhərinin bir qrup varlısını təmsil edən İmamqulu bəy müqavimət göstərmək tərəfdarlarının əksinə olaraq 1722-ci ilin avqustun 23-də şəhərin açarlarını imperatora təqdim etdi və beləliklə, Dərbənd şəhəri dinc yolla ələ keçirildi.
I Pyotrun şəxsən Bakı şəhərini ələ keçirmək arzusu reallaşmadı.Çünki Dərbənddən I Pyotrun Bakı istiqamətində yürüşünün başladığını eşidən Hacı Davud 10 minlik qoşunla Samur çayı sahilində mövqe tutdu. Xoşbəxtlikdən dənizdə bərk tufan qopdu və I Pyotrun ordusunun bütün ərzaq və sursat aparan gəmiləri suda qərq oldu. Ərzaq və sursat ehtiyatı yalnız bir aya çatardı. Əlavə ehtiyatların gətirilməsi uzun çəkə bilərdi, eyni zamanda Peterburqda sarayda fikir ayrılıqları və Osmanlı dövlətinin Qafqaz məsələsində qəti etirazı I Pyotru sentyabrın 5-də Dərbənddə qarnizon qoyaraq ordusunu Həştərxana geri çəkməyə məcbur etdi. I Pyotr öz yerinə təyin etdiyi general Matyuşkinə Bakını ələ keçirməyi tapşıraraq Peterburqa qayıtdı.
I Pyotrun yürüşü dayandırmasından xəbərsiz olan VI Vaxtanqın başçılığı altında 30 min nəfərlik gürcü - erməni birləşməsi Rusiya ilə qabaqcadan razılaşmaya uyğun olaraq sentyabrın 18-də yürüşə başlayıb, Gəncə ətrafında düşərgə saldı. VI Vaxtanq rusların geri çəkilməsi xəbərini alan kimi qorxuya düşərək Tiflisə döndü. 1722-ci ildə Səfəvi taxtına çıxan II Şah Təhmasib müsəlman adı Məhəmmədqulu xan olan II Konstantini qoşunla ona qarşı göndərdi, məğlub olan VI Vaxtanq qaçmaqla canını qurtardı.
1722- ci ilin sentyabrında Rusiya Səfəvi hökmdarı II Şah Təhmasiblə konsul Abramov vasitəsilə diplomatik danışıqları gücləndirərək hərbi kömək əvəzinə Xəzərboyu bölgələri tələb etməyə başladı. Ancaq I Pyotrun Dərbəndi tutmasından sonra ruslarla, hətta hərbi müqavilə bağlamaq hüququ olan Səfəvi diplomatı İsmayıl bəyin bütün səlahiyyətləri geri alındı və onun Rəştdən geri çağrılması haqqında Şah fərmanı verildi. Bunu başa düşən rus elçisi Abramov fərman gətirən çaparı yolda qəsdən ləngitdi və heç bir şeydən xəbəri olmayan İsmayıl bəy Rəşt limanından gəmi ilə Peterburqa yola düşdü.
1723-cü ilin iyul ayının 6-da Matyuşkinin başçılığı ilə rusların Bakıya hücumu, qalaya ağır artilleriyadan atılan toplann törətdiyi dağıntılar nəticəsində şəhər ruslar tərəfindən ələ keçirildi. Bakı şəhərinin hakimi Məhəmmədhüseyn bəy Həştərxana sürgünə göndərildi. Düşmən sentyabnn 3-də Bakının alınmasını Peterburqda təntənə ilə bayram etdi.
Rus hökumətinin diktəsi ilə 1723-cü ilin sentyabnn 2-də Peterburqda İsmayıl bəylə 5 maddədən ibarət bir «müqavilə» imzalandı. «Müqa-vilə»də Bakı da daxil olmaqla, Dərbənddən Gilana qədər Xəzərsahili vilayətlərin əbədi olaraq Rusiyaya güzəştə gedilməsi və əvəzində Rusiyanın Səfəvi şahına əfqan qiyamçılanna qarşı mübarizədə köməklik göstərilməsi nəzərdə tutulmuşdu.
II Şah Təhmasib təbii ki, saxta Peterburq müqaviləsini təsdiq etməkdən qəti şəkildə boyun qaçırdı. Müqavilənin mətnini gətirən rus elçisi Meşerskini təhqir edərək Ərdəbildə öz yanından qovdu, rus rezidenti Abramovu isə heç sarayına buraxmadı.
Osmanlıya gəlincə bu dövlət I Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü böyük narahatlıq və narazılıqla qarşıladı. Osmanlı dövləti Rusiya ilə diplomatik danışıqları gücləndirərək açıq şəkildə bildirdi ki, hətta müharibəyə girmək də olsa, Osmanlı Şərqi Qafqazın ruslar tərəfindən işğalınayol verməyəcəkdir. Osmanlı dövləti Şirvanın faktiki hakimi olan Hacı Davuddan istifadə etmək niyyətini həyata keçirməyə başladı. Hacı Davudun Osmanlı himayəsinə qəbul edilməsi xahişi 1722-ci il dekabrın 31-də yerinə yetirildi. Hacı Davuda Krım xanının malik olduğu hüquqlar çərçivəsində status verildi və sultanın adından mənbədə deyildiyi kimi, ona «barat, xələt və sancaq» göndərildi. Osmanlı dövləti eyni zamanda Cənubi Qafqaza ibrahim paşanın başçılığı ilə qoşun çıxartdı. Osmanlı qoşunu 1723-cü ilin iyul ayında Tiflisi tutsa da, Gəncə, Naxçıvan və İrəvan ətrafında döyüşlərdə ləngiyərək Bakının rusların əlinə keçməsinə mane olmaq kimi əsas missiyasını yerinə yetirə bilmədi.
Fransanın İstanbul sarayındakı elçisi Bonakın vasitəçiliyi ilə Cənubi Qafqaz məsələsi üzrə Rusiya - Osmanlı danışıqları 1724-cü ilin iyun ayının 27-də İstanbul müqaviləsinin bağlanması ilə nəticələndi. Müqavilə ilə bu iki dövlətin Qafqazda nüfuz dairələri belə müəyyənləşdirilmişdi: İrəvan da daxil olmaqla bütün Azərbaycan və bütün Gürcüstan Osmanlı dövlətinin, Xəzərboyu vilayətlər isə Rusiyanın təsir dairəsi elan edilirdi. Tərəflər 1723-cü il 12 sentyabr “Peterburq müqaviləsi”ni təsdiq edirdilər. Ruslar Şirvan üzərində Osmanlının himayəçiliyini tanıyırdılar, ancaq osmanlılar burada hərbi qüvvə saxlaya bilməzdilər.
Müqavilədən sonra Osmanlı qoşunları 1724-cü ildə İrəvanı, 1725-ci ildə isə Təbriz, Gəncə və Ərdəbili ələ keçirdilər. Ruslar isə 1726-cı ildə Lənkəran, Cavad, Salyan və digər əraziləri işğal etdilər. Beləliklə, Azərbaycanın böyük hissəsində Osmanlı idarəçiliyi, qalan hissəsində isə rus idarəçiliyi quruldu. Osmanlı idarəçiliyi şəraitində 1725 - 1728-ci illər Naxçıvan vergi siyahıyaalınmasına görə, yüngül vergi siyasəti yeridilirdi. İmkansızlardan və zehni əməklə məşğul olanlardan heç bir vergi alınmırdı. Osmanlıya xidmət edən yerli əyanlara ağalıq, bəylik adlanan şərti torpaqlar paylanırdı. Yollarda tacirlərdən rəhdar adlı gömrük rüsumu yığılırdı. Xəzərsahili vilayətlərdə isə rus idarəsi dövründə 48 yararlı neft quyusu istismar edilir, əhalidən ənənəvi vergi və rüsumlar yığılırdı. I Pyotrun 10 noyabr 1724-cü il fərmanında Osmanlı ərazisindən Xəzərboyu Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, yerli əhalinin öz doğma yurdlarından qovularaq ermənilərin məskunlaşdırılması, ən yaxşı münbit torpaqların və boşalmış evlərin xristian dayağı olacaq ermənilərə verilməsi və onların qorunması nəzərdə tutulmuşdu. Fərmanın həyata keçirilməsi nəticəsində Xəzərboyu bölgələrə, xüsusilə Quba və Dərbəndə çoxlu sayda erməni və gürcü köçürülüb gətirilmiş və onlara soydaşlarımızdan müsadirə edilmiş xeyli ev və torpaq sahəsi ayrılmışdı. Çox maraqlıdır ki, 1725-ci ildə ilk dəfə Dərbəndə daxil olan ermənilər keşiş Antoninin başçılığı ilə guya əvvəllər kilsə olub, sonradan müsəlmanlar tərəfindən məscidə çevrilmiş məbədin onlara qaytarılması tələbi ilə şəhər komendantına müraciət etmişdilər. Şəhərin müsəlman əhalisi məscidin bütün memarlıq layihəsi sənədlərini şəhər idarəsinə təqdim edəndən sonra komendant yerli əhalinin ciddi narazılığının etnikmünaqişəyə çevrilməsindən ehtiyatlanaraq bu həyasız və əsassız tələbi rədd etmişdi.
Azərbaycan Səfəvi hökmdarı II Şah Təhmasib (1722 - 1732) dövlətimizi və xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün ixtiyarında olan bütün qüvvələri topladı. Şah qoçaqlığı və döyüşkənliyi ilə ad - san qazanmış və Türk Əfşar soyundan olan hərbi birləşmələri öz ətrafında sıx birləşdirən, özünü şahın şərəfinə «Təhmasibqulu xan» adlandıran Nadir xanı öz tərəfinə çəkərək, hətta onu bütün Səfəvi qoşunlarının başçısı təyin etdi. Şahın əmri ilə Nadir xan Əfşar 1729-cu ildə İsfahanı əfqanlardan geri aldı. Bu qələbə Nadir xanın şöhrətini xeyli artırdı. Şah Təhmasib isə 1730-cu ildə əvvəl Təbriz, sonra isə Ərdəbil şəhərlərini osmanlı qoşunlarından azad etdi. 1731 -ci ildə II Təhmasibin İrəvan və Naxçıvanı geri qaytarmaq uğrunda Osmanlı ilə apardığı savaş uğursuzluqla nəticələndi. Osmanlılar yenidən Təbriz və Ərdəbili ələ keçirdilər. 1732-ci ilin yanvar ayının 16-da II Şah Təhmasib Kirmanşahda osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur oldu. Sülhə görə Şamaxı, Gəncə, Kartli - Kaxetiya və İrəvan Osmanlıda qalırdı, Araz çayı sərhəd olmaqla, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarılırdı.
XVIII əsrin 30-cu illərinin əvvəllərində Rusiya bölgədə ağır vəziyyətə düşmüşdü. Burada saxlanılan qoşun Terek çayından Rəştədək olan ərazini tam nəzarət altında saxlamaq imkanında deyildi, üstəlik iqlim şəraitindən və xəstəliklərdən rus ordusu 120 - 130 min nəfər itki vermişdi. Rusiyanın Xəzərsahili bölgələrdə illik xərci 1 milyon manatdan çox olduğu halda, gəliri 250 min manatdan yuxan qalxmırdı. Rusiya bölgədən çəkilməyin “asan yolunu” axtarırdı və çalışırdı ki, rusların tərk edəcəyi ərazilər müəyyən imtiyazlar qazanmaqla, Səfəvilərin hakimiyyəti altına keçsin və Osmanlılar bölgədən hökmən çıxarılsınlar. 1732-ci ilin yanvar ayının 21-də Səfəvilərlə Rusiya arasında bağlanmış Rəşt müqaviləsinə görə Rusiya bu müqavilənin mətni təsdiq ediləndən 5 ay sonra Kür çayından cənubdakı Xəzərsahili vilayətləri Səfəvilərə qaytarırdı. Rusiya Kürdən şimaldakı Xəzərsahili bölgələri isə yalnız Osmanlının tutduğu bütün əraziləri Səfəvilər geri alandan sonra qaytarmağı öhdəsinə götürürdü. Əvəzində Səfəvilər rus tacirlərinə Azərbaycanda və digər yerlərdə gömrüksüz ticarət hüququ verirdi və şah gürcü çarı VI Vaxtanqın taxtına qayıtmasını təmin etməli idi.
Nadir xanın savaşlarda böyük şöhrət qazanması, hərbi və dövlətə aid digər idarə işlərində II Şah Təhmasiblə məsləhətləşmədən özbaşına qərarlar verməsi siyasi böhrana səbəb oldu. Dövlətin bütün əsas hərbi gücünü əlində toplayan Nadir xan Kirmanşah sülhündən narazı qaldığını bəhanə edərək 1732-ci ilin avqustun 22-də II Şah Təhmasibi taxtdan saldı və onun 3 aylıq bələkdə olan oğlunu III Abbas adı ilə şah elan etdi. Bundan sonra Nadir xanyeni şahın vəkili kimi dövləti təkbaşına idarə etməyə başladı. Nadir xan 1733-cü ildə Bağdad döyüşündə osmanlılara qalib gəldi. Onlarla bağladığı Bağdad müqaviləsinə görə osmanlılar son on ildə Səfəvilərdən qopardıqları bütün torpaqları geri qaytarmalı və dövlətlərin sərhədləri 1639-cu il müqaviləsinin şərtləri daxilində bərpa edilməli idi. Ancaq osmanlılar bu müqaviləyə qismən əməl etdilər. Nadir xan 1734-cü ildə Şirvana yürüş etdi, Şamaxını osmanlılardan geri aldı və şəhər əhalisinin bir hissəsini Ağsu çayı sahilinə köçürtdü. Sonralar bu yaşayış məntəqəsi Yeni Şamaxı adlandırıldı.
Nadir xan 1735-ci ildə Gəncə şəhərini mühasirəyə aldı. Rus topçulan da Gəncə üzərinə yürüşdə Nadir xanın qoşununa köməklik göstərirdilər. 1735-ci il martın 21-də Novruz bayramı günü Nadir xan rus səfiri Qolitsinlə Gəncə müqaviləsini bağladı. Müqaviləyə görə rus qoşunları Bakını 2 həftəyə, Dərbəndi 2 aya tərk edib getməli idi. Tərəflər söz verirdilər ki, bir - birindən xəbərsiz Osmanlı ilə heç bir danışıq aparmayacaqlar.
1735-ci ilin iyun ayında Eçmiədzin yaxınlığındakı döyüşdə Nadir xanın başçılıq etdiyi Səfəvi ordusu osmanlılar üzərində qələbə qazandı. Nəticədə Osmanlı qoşunları Gəncə və Tiflisdən çəkilib vətənlərinə döndülər. Beləliklə, Səfəvilərin hakimiyyətinin son dövründə Azərbaycan dövlətinin itirdiyi bütün torpaqlar Nadir xanın böyük sərkərdəlik və diplomatik fəaliyyəti nəticəsində geri qaytarıldı. 1736-cı ilin mart ayında Osmanlı dövləti ilə əvvəlki sərhədlərin bərpa olunması haqqında Nadir xanın təklif etdiyi şərtlər Osmanlı sarayında qəbul olundu.