Mənsublarının sayına görə dünyanın ən böyük dini olan xristianlıq bizim eranın I əsrində Fələstində yəhudi cəmiyyətində meydana gəlmişdir. Bu dinin yaranması İsus Xristosun (İsa Məsih) adı ilə bağlıdır. Xristos yunanca “məsh edilmiş” deməkdir. “Xristianlıq” sözünün özü də “xristos” kəlməsindən törəmişdir. Fələstində meydana gəldikdən sonra xristianlıq Pyotr, Pavel və digər apostolların (İsa Məsihin şagirdləri və ya həvarilər. – Red.), habelə onların davamçılarının təbliğatı sayəsində qədim Roma imperiyasının nüfuz dairəsinə daxil olan Aralıq dənizi sahilindəki şəhərlərdə yayılır. Erkən kilsələrdən biri Antioxiya şəhərində (indiki Türkiyənin Antakya şəhəri. – Red.) təşəkkül tapır. Burada İsa Məsihin davamçılarına ilk dəfə “xristian” adı verilir. Xüsusən apostol Pavelin fəaliyyəti xristianlığın bütpərəst xalqlar arasında yayılmasında böyük rol oynayır. Zaman keçdikcə xristian təlimi bütün qədim Roma imperiyası ərazisində özünə tərəfdar qazanır. İlk vaxtlar xristianlığı yoxsul və məzlum insanlar qəbul edirdi. Roma imperatoru Neronun (hakimiyyət illəri: 54-68) dövründə xristianları dövlət səviyyəsində təqib etməyə başladılar. Bu amansız təqiblər IV əsrədək davam etmişdir. Təqiblərə baxmayaraq, xristian dini Roma imperiyasının əyanları və varlıları arasında da yayılırdı. Nəhayət Roma imperatorları I Konstantin (hakimiyyət illəri: 306-337) və Lisiniy (hakimiyyət illəri: 308-324) 313-cü ildə Milan şəhərində görüşüb imperiya ərazisində dini dözümlülüyün elan edilməsi ilə bağlı razılaşma sənədi imzaladılar. Xristianlığın nüfuzu artdıqca, onun mənsubları arasında ziddiyyətlər böyüyür, İsa Məsihin təbiəti ilə bağlı müxtəlif təlimlər ortaya çıxırdı. Bu ixtilafların aradan qaldırılması məqsədilə fərqli dövrlərdə kilsə məclisləri çağırıldı. Qeyd edək ki, tarixdə xristian ehkamının formalaşmasına böyük təsir göstərən aşağıdakı yeddi ümumdünya kilsə məclisi keçirilmişdir: I Ümumdünya Kilsə Məclisi - Roma imperatoru I Konstantin tərəfndən 325-ci ildə Nikeya (indiki Türkiyənin İznik şəhəri. – Red.) şəhərində çağırıldı. Həmin məclisdə arianlıq bidətçi təlim kimi səciyyələndirildi, həmçinin Tanrının üç sifətdən ibarət olması əqidəsi, yəni Müqəddəs Üçlük (Ata, Oğul və Müqəddəs Ruh) haqqında ehkam rəsmi şəkildə qəbul olundu. II Ümumdünya Kilsə Məclisi - 381-ci ildə Konstantinopol (indiki Türkiyənin İstanbul şəhəri. – Red.) şəhərində keçirildi. Bu kilsə məclisində Müqəddəs Üçlük haqqında ehkamın formalaşması başa çatdırıldı. 431-ci ildə Efes şəhərində (Türkiyə ərazisindədir. – Red.) keçirilmiş III Ümumdünya Kilsə Məclisində nestorianlıq və 451-ci ildə Xalkedon (indiki İstanbul şəhərinin Kadıköy bölgəsi. – Red.) şəhərində çağırılmış IV Ümumdünya Kilsə Məclisində monofzitlik bidətçi təlimlər kimi rədd edildi. V Ümumdünya Kilsə Məclisi - 553-cü ildə Konstantinopol şəhərində Bizans imperatoru I Yustian tərəfndən çağırıldı. Bu məclisdə suriyalı üç xristian ilahiyyatçısının (Mopsuestiyalı Feodor, Kiriyalı Feodorit və Edesalı İv) Nestorian təlimləri, eləcə də yunan xristian mütəfəkkiri Origenin dini-fəlsəf görüşləri kəskin şəkildə tənqid edildi. VI Ümumdünya Kilsə Məclisi - 680-681-cı illərdə Konstantinopol şəhərində keçirildi. 395-ci ildə qədim Roma imperiyasının iki hissəyə - Qərbi və Şərqi Roma imperiyalarına bölünməsi də xristianlar arasında nifaqın yaranmasına və vahid xristian kilsəsinin parçalanmasına gətirib çıxardı. Belə ki, Qərbi Roma imperiyası ərazisində yaşayan xristianlar dini ayinlərini latın dilində yerinə yetirirdilər. Şərqi Roma imperiyasındakı xristianlar isə yunan dilində ibadət edirdilər. Onların əsas dini mərkəzi Konstantinopol şəhərində yerləşən patriarxatlıq oldu. Əsrlər ötdükcə qərbi və şərqi xristianlar arasında ziddiyyətlər böyüdü, nəticədə 1054-cü ildə Roma Papası və Konstantinopol Patriarxı bir-birlərini lənətlədilər. Beləliklə, xristian dini katoliklik (qərbi xristianlıq) və pravoslavlıq (şərqi xristianlıq) olmaqla iki böyük qola bölündü. Bütün bu təzad və ixtilaflara rəğmən, xristianlıq Avropada öz mövqeyini möhkəmləndirməkdə davam edirdi. Artıq IX-X əsrlərdə bu monoteist din german və slavyan xalqları, X-XIII əsrlərdə isə baltik xalqları tərəfndən qəbul olundu. Bununla yanaşı, erkən orta əsrlərdə Qərb dünyasında katolik kilsəsinin başçıları mütləq hakimiyyət əldə etdilər. Roma Papası III İnnokentinin (hakimiyyət illəri: 1198-1216) dövründə isə Papalıq (752-1870-ci illərdə Roma Papaları tərəfndən idarə olunmuş teokratik dövlət. – Red.) Avropanın ən qüdrətli dövlətinə çevrildi. Lakin XVI əsrdə Roma Katolik Kilsəsinin nüfuzu xeyli sarsıldı. Həmin dövrdə qərb dünyasını katoliklik əleyhinə yönəlmiş reformasiya hərəkatı bürüdü, nəticədə xristianlığın yeni qolu – protestantlıq meydana gəldi. Xristian dünyasını bürümüş bütün bu təlatümlərə baxmayaraq, böyük coğraf kəşflər (XV-XVI əsrlər), Avropa dövlətlərinin yürütdüyü müstəmləkəçilik siyasəti, qərb müstəmləkəçiləri tərəfndən dəstəklənən katolik və protestant missionerlərin fəaliyyəti sayəsində xristianlıq Avropanın hüdudlarını aşaraq daha geniş coğraf arealda - Afrika, Amerika və Avstraliya qitələrində, eləcə də Okeaniyada yayıldı. Beləliklə, xristianlıq mənsublarının sayına görə dünyanın ən böyük dininə çevrildi. Hazırda Yer kürəsində yaşayan xristianların ümumi sayı 2,2 milyard nəfərdən çoxdur.
Xristian təliminin əsasında “Üç üqnum”, yaxud “Müqəddəs üçlük” əqidəsi dayanır. Bu inanca əsasən, tək və vahid olan Tanrının sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh. “Üç üqnum” əqidəsi “İncil”dəki rəvayətlərə əsasən formalaşmışdır. “İncil”ə görə, bakirə Məryəm Müqəddəs Ruh vasitəsi ilə hamilə qalaraq Tanrının yeganə oğlu İsa Məsihi Beytləhm və ya Betlehəm (Fələstində şəhər. – Red.) şəhərində dünyaya gətirmişdir. Rəvayətlərə əsasən, İsa otuz yaşına çatdıqda Vəftizçi Yəhya tərəfndən xaç suyuna salınmışdır. Bu zaman onun üzərinə göyərçin şəklində Müqəddəs Ruh enmişdir. Daha sonra İsa Məsih qırx gün səhrada iblis tərəfndən sınağa çəkilmişdir. İblisə aldanmayan İsa Məsih səhradan qayıtdıqdan sonra özünə on iki həvari seçmiş, insanlar arasında moizə etməyə başlayaraq onları xeyirxahlığa, mərhəmətə, mənəvi kamilliyə, ülvi məhəbbətə, insanpərvərliyə səsləmiş, habelə müxtəlif möcüzələr göstərmişdir.
Xristianlığın dini mətnlər toplusu “Bibliya” və ya “Müqəddəs Kitab” adlanır “Bibliya” yunan dilində “kitab” mənasına gəlir. – Red.). Bu dini kitablar toplusu Əhdi-Ətiq və Əhdi-Cədid adlı iki böyük hissəyə bölünür. Əhdi-Ətiq və Əhdi-Cədidin özləri də çoxsaylı dini kitablardan ibarətdir.