Katoliklik Katoliklik və ya katolisizm (yunan dilində “ümumdünya” mənasını verən “katholikos” sözündən törəmişdir. – Red.) mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır. 2016-cı ilin statistik məlumatına görə, dünyada təqribən 1 milyard 299 milyon insan özünü katolik məzhəbin mənsubu sayır. Bu xristian konfessiyası üçün sərt mərkəzləşdirilmiş idarə sistemi xasdır. Belə ki, katoliklərin vahid dini mərkəzi Vatikan şəhər-dövlətində yerləşir. Katoliklikdə Məryəm Ana İsa Məsihə bərabər tutulur.
Katoliklər imanın mənbəyi kimi Bibliya və Müqəddəs Rəvayəti qəbul edirlər. Katolik kilsəsinə görə, Müqəddəs Rəvayət - İman Rəmzindən (xristianlığın inanc əsaslarının qısa ifadəsi. – Red.), Kilsə Ataları və Kilsə Müəllimlərinin dini təlimləri, habelə Ümumdünya Kilsə Məclislərinin qərarlarından ibarətdir.
Katoliklərə görə, ümumdünya kilsə məclislərinin sayı iyirmi birdir. Belə ki, 1054-cü ildə xristian dünyası iki qola parçalandıqdan sonra Roma Katolik Kilsəsi yalnız özünün keçirdiyi məclisləri də ümumdünya kilsə məclisi kimi səciyyələndirmişdir. Axırıncı belə katolik məclis (II Vatikan Məclisi) 1962- 1965-ci illərdə keçirilmişdir. Lakin katoliklikdə pravoslavlıqla müqayisədə ikonalara daha az əhəmiyyət verilir. İbadətlərin yerinə yetirilməsi formasına görə katoliklər latın ayinli, şərq ayinli, milan ayinli, braq ayinli və mosarab ayinli kimi müxtəlif qruplara bölünürlər.