İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə çıxmışdır. Məhəmməd peyğəmbər Məkkə şəhərində məskunlaşan Qüreyş qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub olmuşdur. Müsəlman mənbələrinə görə, Məkkə yaxınlığındakı Hira mağarasında ona ilk vəhy gəlmişdir. Bundan sonra o, məkkəli bütpərəstləri təkallahlılıq əqidəsinə dəvət etmişdir. Lakin bütpərəstlər Məhəmməd peyğəmbərin dəvətinə sərt reaksiya göstərmiş və yeni dinin ardıcıllarını təqib etmişlər. Xüsusən Əbu Cəhl ləqəbli Əmr ibn Hişam, peyğəmbərin öz əmisi olan Əbu Ləhəb ləqəbli Əbdülüzza ibn Əbdülmüttəlib kimi Məkkənin nüfuzlu şəxsləri İslama böyük kin və nifrət bəsləyərək yeni dini boğmağa çalışmışlar. Buna baxmayaraq, Məhəmməd peyğəmbərin üç illik təbliğatı nəticəsində məkkəlilərin bir hissəsi İslam dinini qəbul etmişdir. İlk müsəlmanlar bunlar olmuşdur: Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüveylid, əmisi oğlu Əli ibn Əbu Talib və yaxın dostu Əbu Bəkr ibn Əbu Qühafə. İslamın yayılmasından narahat olan məkkəli bütpərəstlər müsəlmanlara qarşı sərt cəza tətbiq edirdilər.
Məhəmməd peyğəmbərin təbliğatı yalnız məkkəlilərlə məhdudlaşmırdı. O, Kəbəni ziyarət etmək, yaxud ticarət məqsədilə Məkkəyə gələn ərəb qəbilələrini də İslama dəvət edirdi. Bunlar arasında Övs və Xəzrəc qəbilələrinin nümayəndələri də vardı. Onlar Məkkədən sonra Hicazın (Ərəbistan yarımadasının qərbindəki ərazinin adı – Red.) ikinci böyük şəhəri olan Yəsribdə (sonrakı adı Mədinə – Red.) məskunlaşmışdılar. 620-ci ildə bu qəbilələrin bəzi nümayəndələri Məkkəyə gələrək Məhəmməd peyğəmbərə beyət (birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma – Red.) etdilər. Daha sonra onlar doğma şəhərlərinə dönərək İslamı yaymağa başladılar. Nəticədə Yəsrib şəhərində bir çox insan İslam dininə keçdi. Məkkədə müsəlmanlara qarşı təqib pik həddinə çatmışdı. Artıq bu şəhər müsəlmanlar üçün təhlükəli bir yerə çevrilmişdi. Odur ki, 622-ci ildə məkkəli müsəlmanların əksəriyyəti, həmçinin Məhəmməd peyğəmbərin özü Yəsrib şəhərinə köçdü.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ildə Məkkədən Mədinəyə köçməsi müsəlman mənbələrində “hicrət” termini ilə ifadə olunur. Həmçinin ikinci xəlifə Ömər ibn Xəttabın dövründə, daha dəqiq desək, 638-ci ildə Əli ibn Əbu Talibin təklif ilə hicrət ili müsəlman təqviminin ilk ili kimi qəbul edildi. Mədinəyə köçdükdən sonra Məhəmməd peyğəmbər bu şəhərin həm mənəvi liderinə, həm də idarəçisinə çevrildi. O, qısa zamanda əhalisi müsəlman, yəhudi və bütpərəstlərdən ibarət olan Mədinədə sülh və əmin-amanlığı təmin etdi. Bu məqsədlə o, müxtəlif dinlərin mənsublarının haqlarını müəyyənləşdirərək, bununla bağlı qanunlar toplusu ortaya qoydu. Müsəlman qaynaqlarında həmin qanunlar toplusu “səhifə” yaxud “kitab” adlandırılır. Bəzi müasir tədqiqatçılar sözügedən qanunları Mədinə konstitusiyası kimi xarakterizə edirlər. Məhəmməd peyğəmbərin Mədinənin siyasi və mənəvi liderinə çevrilməsi Məkkə bütpərəstlərinin liderlərini narahat edirdi. Buna görə də onlar digər bütpərəst ərəb qəbilələrinin də köməyi ilə müsəlmanlara qarşı müharibə elan etdilər. Lakin zaman keçdikcə İslamın nüfuz dairəsi genişlənir, bu dini qəbul edən ərəb qəbilələrin sayı durmadan artırdı. Məhəmməd peyğəmbərin müxtəlifərəb tayfalarına göndərdiyi təbliğatçılar İslamın uğur qazanmasında böyük rol oynayırdılar. Çünki həmin təbliğatçılar sayəsində İslamla tanış olan bütpərəst ərəblər bu dinin üstün cəhətlərini görüb çoxtanrılıqdan təkallahlığa keçirdilər. Hətta müsəlmanların qatı düşmənləri belə İslamın mütərəqqi ideyaları qarşısında təslim olaraq, bu dini qəbul edirdilər. Həmçinin 628-ci ildə müsəlmanlarla məkkəli bütpərəstlər arasında Hüdeybiyyə sülh müqaviləsinin bağlanması İslamın yayılmasına öz müsbət təsirini göstərdi. Çünki bu müqavilə sayəsində müsəlmanlar Məkkədə dinlərini təbliğ etmək fürsəti qazandılar. Beləliklə, istər Məkkədə, istər ondan kənarda müsəlmanların sayı get-gedə çoxalırdı.
Nəticədə 630-cu ildə müsəlmanlar Məkkə şəhərini fəth etdi və Qüreyş qəbiləsinin qalan hissəsi də İslama keçdi. Bundan sonra İslam dini Ərəbistan yarımadasında daha sürətlə yayılaraq hakim dinə çevrildi. Ömrünün sonuna qədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632- ci ildə dünyasını dəyişdi. O, Mədinədəki Peyğəmbər məscidinin (“Məscid ən-Nəbəvi”; “Məscidün-Nəbi” ərazisində yerləşən evində dəfn olundu. Vəfat etməzdən əvvəl həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr “Vəda xütbəsi” adı ilə İslam tarixinə düşdü. “Vəda xütbəsi”ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin “Vəda xütbəsi”ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur.
Məhəmməd peyğəmbərin vəfatından sonra İslam tarixində xilafət dövrü başladı. Məşvərət yolu ilə seçilən ilk dörd xəlifə (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib) dövründə baş verən ərəb istilaları nəticəsində İslam dini Ərəbistan yarımadasının hüdudlarını aşaraq İraq, Suriya, İran, Şimali Afrika və yer üzünün digər regionlarında yayıldı. Dörd xəlifədən sonra Qüreyşin Ümeyyəoğulları sülaləsi (Əməvilər) hakimiyyətə gəldi. İlk Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyan özündən sonra hakimiyyətə məşvərət yolu ilə deyil, varislik yolu ilə oğlu Yezidi təyin etdi. Bu da İslam cəmiyyətində ciddi narazılığa səbəb oldu. Odur ki, Yezid ibn Müaviyənin hakimiyyətinə qarşı üsyanlar baş verdi. Onlar arasında ən məşhuru Məhəmməd peyğəmbərin nəvəsi, Əli ibn Əbu Talibin isə oğlu Hüseyn ibn Əlinin qaldırdığı qiyamı idi. 10 oktyabr 680-ci ildə bu üsyan böyük amansızlıqla yatızdırıldı, Hüseyn ibn Əli başda olmaqla xeyli insan qətlə yetirildi. Qeyd edək ki, ilk üç xəlifənin hakimiyyəti illərində xilafətin paytaxtı Mədinə şəhəri idi. Dördüncü xəlifə Əli ibn Əbu Talib dövründə paytaxt İraq ərazisində yerləşən Kufə şəhərinə köçürüldü. Əməvilər sülaləsi hakimiyyəti ələ keçirdikdən sonra isə xilafətin paytaxtı Suriyadakı Dəməşq şəhəri oldu. Əməvilərin yürütdüyü ərəbçilik siyasəti məvalilərin, yəni ərəb olmayan müsəlmanların narazılığına səbəb olurdu. Odur ki, 750-ci ildə Abbasilər sülaləsi məvalilərin və Əli tərəfdarlarının köməyi ilə Əməviləri devirərək hakimiyyətə gəldi. Bununla da İslam tarixinin yeni bir mərhələsi – Abbasilər dövrü başladı. Əməvilərdən fərqli olaraq, Abbasilər sülaləsi daha çox məvalilərə arxalanırdı. Buna baxmayaraq, xilafətə qarşı çoxlu üsyan baş verirdi. Xüsusən 816-835-ci illərdə Babəkin başçılığı ilə geniş vüsət alan Xürrəmilər hərəkatı, eləcə də IX əsrin birinci yarısında Cənubi Mesopotomiyada baş vermiş Zəncilərin üsyanı Abbasilərin hakimiyyətini laxlatdı.
Abbasilər dövründə ərəb işğalları demək olar ki, dayandı. Lakin bu sülalənin hakimiyyəti vaxtı İslam mədəniyyəti inkişaf etdi. Müsəlmanlar qədim yunan, Roma, Hindistan, İran və digər mədəniyyətlərin nailiyyətlərindən faydalanaraq möhtəşəm sivilizasiya qurdular. Abassilərin hakimiyyəti dövründə xilafətin paytaxtı olan Bağdad şəhəri dünyanın əsas elm, ticarət və mədəniyyət mərkəzlərindən biri sayılırdı. IX əsrin 20-ci illərində həmin şəhərdə “Hikmət evi”nin (“Beyt əl-Hikmə”) yaradılması İslam dünyasında elmin inkişafına güclü təkan verdi. Bu elmi mərkəzdə çalışan alimlər yunan, latın, fars, hind, çin və digər dillərdə olan riyaziyat, tibb, fəlsəfə, astronomiya kimi elmlərə dair əsərləri ərəb dilinə tərcümə edirdilər. Sonradan müsəlman alimləri bu zəngin mirasdan istifadə edərək müxtəlif elm sahələrində fundamental əsərlər ortaya qoydular. Müasir İspaniya və Portuqaliya ərazisində mövcud olmuş Kordova xilafəti (929- 1031) də İslam dünyasında elm və mədəniyyətin inkişafına böyük töhfə vermişdir. Kordova xilafəti bir vaxtlar təkcə müsəlman aləminin deyil, həmçinin Avropanın ən mühüm elmimədəni mərkəzi sayılırdı. Kordova xilafətinin elmə verdiyi dəyər sayəsində avropalılar yenidən qədim yunan və romalıların irsi ilə tanış olmuşdular. Çünki qədim Roma imperiyasının süqutundan sonra antik dövrün zəngin elmi və fəlsəf irsi qərb dünyasında unudulmuşdu. Müsəlman alimləri isə bu irsi üzə çıxararaq ərəb dilinə tərcümə etmişdilər. Daha sonra antik müəlliflərin ərəb dilinə tərcümə olunmuş əsərləri Kordova xilafəti vasitəsi ilə Avropaya ötürülmüşdü. Burada Şimali Afrikanın böyük bir hissəsini, Suriya və Fələstini əhatə edən, ismailiyyə məzhəbinin (ətraflı məlumat üçün bax: dərsliyin III fəslinin 3.3. bəndinin “Məzhəb və təriqətlər” adlı altbəndi) mənsubları tərəfndən qurulan Fatimilər xilafətinin (909-1171) müsəlman aləmində elm və mədəniyyətin inkişafında oynadığı rolu qeyd etmək lazımdır. Məşhur misirli tarixçi Məqrizinin (1364-1442) “əl-Xitat” adlı əsərində verdiyi məlumata görə, Fatimilər xilafətinin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən “Hikmət evi”nin kitabxanasında 1 milyon 600 min əsər saxlanılırdı ki, onlardan 18 mini antik müəlliflərin əsərləri təşkil edirdi.
Abbasilər xilafətinin sonrakı taleyinə gəlincə, bu qüdrətli imperiya IX-X əsrlərdə tənəzzül dövrünü yaşayaraq müstəqil və yarımüstəqil dövlətlərə parçalandı. 945-ci ildə Büveyhilər (935-1055-ci illərdə İranınBağdad kitabxanası. XII əsr əlyazmasından fraqment. Rəssam əl-Vasiti.cənub hissəsini və İraqı idarə edən şiə məzhəbli sülalə) xilafətin paytaxtı Bağdad şəhərini tutduqdan sonra Abbasilər dünyəvi hakimiyyətlərini itirdilər. Artıq Bağdad şəhərində oturan Abbasi xəlifələrin hakimiyyəti formal və rəmzi xarakter daşıyırdı. Onlar yalnız sünni dünyasının ali ruhani liderləri kimi qəbul olunurdu. 1258-ci ildə monqollar Bağdadı ələ keçirib Abbasi xəlifəsi əl-Müstəsim Billahı öldürdükdən sonra Abbasilər sülaləsinin nümayəndələri Misirə köçdülər. Həmin dövrdə Misir Məmlüklər (qıpçaq və Qafqaz mənşəli nökərlərdən təşkil olunmuş xüsusi hərbi silk) tərəfndən idarə olunurdu. Bununla da Məmluklərin hakimiyyəti altında fəaliyyət göstərən Abbasi xəlifələrin mərkəzi Misirin paytaxtı Qahirə şəhəri oldu. 1517-ci ildə Osmanlı sultanı I Səlim (hakimiyyət illəri: 26 may 1512 - 21 sentyabr 1520. - Red.) Məmlükləri məğlub edərək Misiri tutduqdan sonra Abbasilərin İslam dünyasındakı formal dini liderliyinə son qoydu. Artıq xilafət titulu Osmanlı imperiyasının hökmdarlarına keçdi. Osmanlı sultanları xilafət titulunu XX əsrin əvvəllərinədək daşıdılar. Nəhayət 24 iyul 1923-cü ildə Türkiyə Respublikası qurulduqdan sonra xilafətin mövcudluğuna son qoyuldu. 3 mart 1924-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bu dini hakimiyyət forması birdəfəlik ləğv olundu.
Xilafət sistemi ləğv olunsa da, İslam dini müsəlman aləminin ictimai-siyasi həyatına təsirini qoruyurdu. Belə ki, XIX əsrin sonlarında az qala bütün müsəlman ölkələri Avropa dövlətlərinin müstəmləkələrinə çevrilmiş və ya onlardan asılı vəziyyətə düşmüşdü. Qərb müstəmləkəçiliyi əleyhinə baş qaldırmış milli azadlıq hərəkatlarında islami ideyalar aparıcı rol oynayırdı. Bunun nəticəsində XX əsrdə İslam dünyasında yeni müstəqil müsəlman dövlətləri meydana gəldi. Eyni zamanda, müasir İslam tarixində 25 sentyabr 1969-cu ildə İslam Konfransı Təşkilatının təsis olunması əlamətdar hadisəyə çevrildi. Mənzilqərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən həmin təşkilata (2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür. Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır. Müasir dövrdə İslam dini xristianlıqdan sonra mənsublarının sayına görə dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində təqribən 1 milyard 800 milyon müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir.