Milli Parklar
Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim
mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri
olaraq fövqaladə əhəmiyyətli təbii irsə malikdir.
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin
rolu əvəzedilməzdir. Məhz, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti
nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub
saxlanılmasına imkan yaranmışdır.
Hazırda respublikamızın ərazisində 6 Milli Park, 13 Dövlət Təbiət Qoruğu, 21
Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir.
Milli Parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər
məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri
statusuna malik olan ərazilərdir.
Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı - 2003-cü ilin 16 iyun
tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar
Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında
yaradılmışdır. Ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkı zəngin bioloji
müxtəlifliyə malikdir. Burada Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 58(35
onurğalı və 23 həşərat) heyvan və 39 bitki növü vardır. Milli Parkın ərazisində
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini,
dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını,
berkutu, bəzgəyi göstərmək olar. Şirvan Milli Parkı - Azərbaycan Respublikası
Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində Qaradağ, Salyan, Neftçala
rayonlarının inzibati ərazisinin 54374 hektarında yaradılmışdır. Yarımsəhra
landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi təşkil edir. Qoruğun
ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri
quşlar qışlayır və yuvalayır (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən
seyran faunanın əsasını təşkil edir.
Ağ-göl Milli Parkı - 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının inzibati
ərazilərində Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl dövlət təbiət yasaqlığının
90
bazasında 17924 hektar ərazidə yaradılmışdır. Ağ-göl Kür-Araz ovalığının Mil
düzənliyində yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların
ən vacib qışlama və yuvalama yeri olduğu üçün "ornitoloji sahə" də adlandırıla
bilər. Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş növlərinə rast
gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. (Sultan toyuğu,
ərsindimdik, qu quşları, fitçi və mərmər cürələr, bəzgək və s.) Ağ-gölün əsas
mühafizə obyektləri köçəri, su ətrafı və su quşlarının kütləvi yuva salma və
qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir. Ağ-göl YUNESKO-nun
"Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-
bataqlıq yerləri haqqında" Konvensiyasının Siyahısına daxil edilmişdir.
Hirkan Milli Parkı - 2004-cü ilin fevral ayında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazisində
21435 hektar sahədə yaradılmışdır. Burada üçüncü dövrün qədim relikt və endemik
bitki növləri qorunur. Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si
Hirkan meşələrindədir. Meşələrdə Azərbaycanın "Qırmızı kitabı"na düşmüş
Hirkan şümşadı, dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu,
Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s.,
heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və
sairə vardır.
Hirkan meşələrinin YUNESKO-nun Təbii və Mədəni İrs Siyahısına daxil edilməsi
üçün elmi cəhətdən əsaslandırılmış sənədlər tərtib olunaraq, YUNESKO-nun
Katibliyinə təqdim edilmişdir.
Altıağac Milli Parkı - 2004-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazisinin 11035
hektarında yaradılmışdır. Milli Parkın ərazisinin 90,5%-ni enliyarpaq meşələr
təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi göyüş,
ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan,
dələ, canavar və s. heyvanlar məskunlaşmışdır.
Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 08 fevral
tarixli 622 nömrəli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında
Bakı şəhərinin Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində
Abşeron Milli Parkı yaradılmışdır.
Abşeron Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış
ceyranın, Xəzər suitisinin və su quşların qorunub saxlanılması məqsədilə
yaradılmiışdır. Ərazidə yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi
hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır, bitkilər
ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahili qum bitkiləri
(42,6 %), cığlıqamışlı və paz otlu çəmənliklər (13,2%), birillik şoran otları (5,2 %)
və s. yayılmışdır. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir. Buranın
91
quru ərazisində heyvanlardan ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin
sularında suiti və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu,
boz və qırmızıbaş qara, ağgöz qara ördəklər, böyük ağ vağ, qumluq cüllütü,
qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozçası və s. köçəri quşlar məskən salmışlar.
Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və
obyektlərinin, xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi olan Xəzər
suitisinin daha çox yayıldığı arealda, ceyranların, həmçinin su bataqlıq quşlarının
qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Abşeron Milli Parkının
yaradılması eyni zamanda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf
mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində
aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji
şəbəkənin yaradılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər
nəticəsində hazırda ölkəmizdə 6 Milli Park, 13 dövlət təbiət qoruğu və 19 dövlət
təbiət yasaqlığı fəaliyyət göstərir.
Dostları ilə paylaş: |