3. Qeyri-bazar iqtisadi sistemi
a. Ənənəvi sistem
Qeyri-bazar iqtisadi sisteminin ənənəvi formasının mahiyyəti birgə (icma) mülkiyyəti əsasında dini etiqadlara, etik normalara söykənərək təsərrüfat həyatının inkişafıdır. Ənənəvi iqtisadi sistemin səciyyəvi cəhətləri onun ibtidai texniki üsullarla aparılması, əl əməyinin üstünlüyü əsasında təbiətin verdiyi nemətlərin toplanması və qismən emal olunaraq, insanlar tərəfindən istehlak edilməsi idi. Bu sistemdə bütün həlledici iqtisadi problemlər əsrlər boyu davam etmiş icma və tayfaların ənənəvi «dədə-baba» qaydaları ilə həll edilmişdir. Ənənəvi iqtisadi sistemdə təsərrüfat həyatının təşkili və idarəsi məsələləri ağsaqqallar şurasının razılığı, habelə başçıların, rəhbərlərin iradəsi ilə yerinə yetirilmişdir.
Ənənəvi iqtisadi sistem qədim dövrlərdən başlayaraq bəşəriyyətin inkişafının sonrakı mərhələlərində də müəyyən rol oynamışdır. Müasir dövrpdə Asiya, Afrika qitəsinin, Cənubi Amerikanın, Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinin, uzaq dəniz adalarının, hələ də geridə qalmış xalqların təsərrüfat həyatının müəyyən sahələrində ənənəvi iqtisadi sistemin ayrı-ayrı ünsürləri qalmaqdadır. İnkişaf etməkdə olan dövlətlərin, xüsusilə neftlə zəngin olan Ərəb Şərqi ölkələrinin iqtisadi-sosial inkişafında müasir texnika və texnologiyanın nailiyyətlərindən geniş istifadə olunsa da, lakin iqtisadiyyata rəhbərlik vərəsəlik prinsiplərinə tabe edilir, resursların və gəlirlərin bölgüsü səmərəlilik meyarları ilə deyil, ənənələrin tələb etdiyi «sosial ədalət» qaydalarına uyğun həyata keçirilir. Bazar münasibətləri iqtisadi sisteminin formalaşmasından (XVIII əsr) sonra ənənəvi sistemin öz fəaliyyət dairəsini məhdudlaşdırması prossesi davam etməkdədir.
Dostları ilə paylaş: |