170
üzərində bir nöqtədə asılmış şəkildə uçur. Retranslyator stansiyaları üçün bu peyklər çox
münasibdir.
Şəbəkə adapteri verilənlərin ötürülməsi ilə bağlı baza funksiyalarının bir hissəsi ilə
proqramlaşdırılmışdır. Bunu prosessor kompüter portuna görə tanıyır. Şəbəkə adapteri
prosessorun porta daxil etdiyi əmrlərlə idarə edilir. Qalan funksiyaları özü icra edir.
Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar arasından lazımi verilənləri qəbul
edib öz buferinə yığaraq prosessorun qəbuledici əmrini gözləyir. Şəbəkəyə ötürüləcək
məlumatları prosessordan öz buferinə yığan şəbəkə adapteri şəbəkənin azad olmasını
gözləyir və sonra ötürür.
Şəbəkə drayveri şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən proqrama
deyilir. Bu, prosessorun sorğularını adapterin anladığı əmrlərə və əksinə tərcümə etmək
üçündür.
Şəbəkə modulu paketləri bu və ya digər kommunikasiya protokoluna uyğun surətdə
işləyən sistem proqramıdır. Şəbəkə modulu şəbəkə drayveri ilə, şəbəkə əməliyyat
sisteminin proqramları ilə və digər şəbəkə modulları ilə qarşılıqlı fəaliyyət göstərir.
Şəbəkə interfeysi şəbəkə adapteri, şəbəkə drayveri və şəbəkə modulunun birgə
fəaliyyətinin nəticəsi kimi meydana çıxır.
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-birinə qoşan şəbəkə düyünüdür.
Körpü öz şəbəkəsi üçün nəzərdə tutulan məlumatlara toxunmur, yalnız başqa şəbəkəyə
ötürüləsi məlumatları ötürür.
Marşrutizator və ya
paket kommutatoru müxtəlif texnologiyalarla qurulmuş
şəbəkələri qoşmaq üçündür. Marşrutizatorun funksiyasını şəbəkə kompüterlərindən biri
icra edir.
Şlüz müxtəlif şəbəkə avadanlığı və müxtəlif protokollu verilənlərlə
xarakterizə olunan
iki şəbəkəni birləşdirir.
Multipleksor xəbəri təkrarlayaraq eyni vaxtda bir neçə kanalla ötürməyə, həmçinin
bir neçə kanalla ötürülən siqnalları bir kanalda birləşdirib ötürməyə imkan verən şəbəkə
moduludur.
Şaxələndirici bir neçə işçi stansiyanı bir rabitə kanalına qoşan qurğudur. Bu, bir
kanalla ötürülən siqnalı iki və ya üç kanala şaxələndirir. Daha çox kanala şaxələndirmə
halında xab (ingiliscə,
Hub) deyilən təkrarlayıcı qurğudan istifadə edilir.