İslam səNƏTİ azər miRZƏBƏY


Şah Vəliyullah Dehləvinin



Yüklə 0,66 Mb.
səhifə30/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   23   24   25   26   27   28   29   30   31
Şah Vəliyullah Dehləvinin, qaddəsallahu sirruh, kitabından fəsillər)


ŞEYX NƏCMƏDDİN KÜBRA (Q.S.)
Künyəsi Əbülcinabdır. Adı Əhməd bin Ömər Xivəqidir. Ləqəbi Kübradır. Demişdirlər ki, ona Kübra onunçün ləqəb etdilər ki, cavanlığında təhsili-üluma məşğuldu və kiminlə münazirə və mübahisə etsə qalib gəlirdi. Bəs bu səbəb ilə ona “Təmətül-Kübra” (böyük bəla adam) ləqəb qoydular. Sonralar “Tamə” sözü atılaraq təkcə “Kübra” ləqəbini özündə saxladı. Ondan sonra bu ləqəb onun üzərində qaldı. Bu söz səhihdir. Əshabdan bir camaat belə nəql etdilər ki, onlara e’timad olunur.

Bəzən də o,“Nəcməddinül-Kübra” kimi məşhurdur. Kübra “Kəbir” kəlməsinin cəm’ şəklidir. Səhih olanı əvvəlkidir. İmam Yafe’i tarixində bu belədir.

Ona Şeyx Vəli-təraş (vəliləri yontalayan şeyx) dəxi deyirlər. O səbəbə ki, qalibəti-vəcddə (çuşa gəlmə halı) nəzəri-mübarəki hər kimə ki toxunurdu mərtəbəi-vilayətə irişirdi.

Bir gün bir bazarqan (tacir) şəyxin xangahına girdi. Şeyxin haləti-qüvvəsi var idi. Nəzəri o bazarqana düşdü. Dərhal mərtəbəyi-vilayətə irişdi. Şeyx sordu ki, hansı vilayətdənsən? Dedi, filan məmləkətdən. Ona irşad icazətini yazdı ki, ta məmləkətində xalqı Haqqa irşad eyləyə.

Bir gün şeyx əshabı ilə oturmuşdu. Havadan bir qızıl quş bir sərçəni önünə qatıb qovurdu. Nagah şeyxin nəzəri sərçəyə toxundu. Sərçə dönüb o qızıl quşu tutub şeyxin yanına gətirdi.

Bir gün Əshabı-Kəhv təhqiqi və təqriri olurdu (barəsində söhbət gedirdi). Şeyx Sə’ədəddin Xəmavi (q.s.) şeyxin müridlərindən idi. Xatirinə gəldi ki, əcəba, bu ümmət içində bir kimsə olurmu ki, o, bu it söhbətinə tə’sir edə. Şeyx nuri-fərisətlə bunu bildi. Bəs yerindən qalxıb xanəgah qapısına varub durdu. Nagah bir it o yerə irişdi və bir yerdə durub quyruğun salladı. Şeyxin nəzəri ona düşdü. Dərhal bihuş olub mütəhəyyir (çaşmış) və bihudə (ixtiyarsız) oldu və üzün şəhərdən döndərib gorustana (qəbiristanlığa) getdi və başını yerə sürtdü. Hətta nəql etdilər ki, hər yerə ki varub gəlirdi əlli ya altmış qərib it onun çevrəsində halqa olurdu. Və əllərin əllərinə qoyub avaz etməzlərdi və heç şey yeməzlərdi və hörmətlə dururdular.

Axırda o, dözməyib vəfat etdi. Şeyx əmr etdi, onu dəfn etdilər və qəbrin üzərini mə’mur etdilər.

Şeyx Təbrizdə “Mühi üs-Sünnə” şagirdlərindən ali isnad sahibi birisindən “Kitabi-şərxi Mühi üs-Sünnə”ni oxuyurdu. Axırına irişmişdi. Bir gün ustaddan və alimlərdən bir camaat hüzurunda oturmuşdu və o kitabı oxuyurdu. Bir dərviş içəri girdi ki, onu bilməz idi. Amma onun müşahidəsindən şeyxin əhvalı dəyişdi. Elə ki qiraətə macalı qalmadı. Sordu ki, bu kişi kimdir? Dedilər, Baba Fərac Təbrizidir ki, Haqqın cümləye-məczuban və məhbubanlarındandır (Haqqın bütün vəliləri və aşiqləri). Şeyx o gecə biqərar oldu. Səhər ustadının xidmətinə gəldi və iltimas eylədi, gəliniz Baba Fəracın ziyarətinə varalim. Ustad əshabı ilə razı oldular.

Baba Fəracın xanəgahı qapısında bir xadim var idi. Ona Baba Şədan deyirdilər. O, camaatı görüb içəri girdi və icazət istədi. Baba Fərac dedi, Xudavənd-Təalanın dərgahına vardiqları kimi gəlirlərsə, gəlsinlər. Şeyx dedi, çün Babanın nəzərindən bəhrə almışdım, sözünün mə’nasını bildim. Hər nə ki geymişdim çıxartdım və əlimi köksümə qoydum. Ustad və əshab da eyni şeyi etdilər. Baba Fərac hüzuruna girdik və oturduq. Bir ləhzədən sonra Babanın halı dəyişdi. Onun sürətində bir əzəmət zühur etdi. Aftab (günəş) kimi şölə verdi və geydiyi kaftan (köynək) üzərində çatladı. Bir saatdan sonra əvvəlki halına gəldi. Yerindən qalxdı, o geydiyi kaftanı mənə geydirdi və dedi, sənə dəftər (kitab) oxuyacaq vaxt deyildir, vaxtdır ki, sər-dəftəri cahan (dünyanın baş kitabı) olasan. Mənim dəxi halım dəyişdi və batinim (daxilim) Haqq-Təalanın qeyrisindən kəsildi. O aradan çıxdıqda ustadım mənə dedi, “Şərxi əs-sünnə”dən azacıq qalmışdır. İki-üç gün onu oxu, sonra sən bilərsən. Səhər dərsə getdim. Baba Fəracı gördüm. İçəri girdi və dedi, dünən “elməl-yəqin”dən həzar mənzil (min mərtəbə) keçdik. Bu gün isə yenidən elmə mi şüru’ etdin (yönəldin)? Bəs mən həmən dərsi tərk etdim, riyazətə və xəlvətə məşğul oldum. Ülumi-ləduni (ilahi elmlər) və iradəti-qeybi (qeyb sevgisi atəşi), varidatlar zühur etməyə başladı. Heyf olar ki, bu varidat (qeybdən xatirə gələn mə’nalar) fövt (puç) ola, deyə yazmağa başladım. Gördüm ki, Baba Fərac qapıdan içəri girdi və dedi, şeytan səni təşviş edir (təlaşlandırır). Bu sözləri yazma. Dəvat (mürəkkəb) və qələmi buraxdım. Xatirəmi (fikrimi) cümləsindən kəsdim.

Əmir İqbal Sistani o kitabında ki, şeyxi olan Şeyx Rüknəddin Əlaüdövlənin (q.s.) bütün sözlərini cəm eyləmişdir, şeyxdən nəql edir ki, Şeyx Nəcməddin Kübra Həmadana varıb icazati-hədis hasil etdi (hədis söyləmək icazəsini aldı). Və eşitdi ki, İskəndəriyyə şəhərində bir ulu mühəddis (hədis alimi) vardır ki, onun ali isnadı var. Həmən o yerdən İskəndəriyyəyə vardı və ondan dəxi icazəti-hədisi aldı. Və geri qayıdanda bir gecə Rəsullahı (s.ə.s.) yuxusunda gördü. Və o Həzrətdən xahiş eylədi ki, mənə bir künyə bağışla. Və Rəsullah (s.ə.s.) buyurdu: “Əbulcənab”. Soruşdu ki, “Əbulcənab” xəfif şəklində, yaxud şiddətli şəkildə? Buyurdu ki, “Əbul-Cənnab”, şiddətli şəkildə. Və oyandı. Bunun mə’nası belə idi ki, dünyadan ictinab etmək (əl çəkmək) gərək. Dərhal təcrid üzərinə olub, mürşüd tələbində müsafir oldu (mürşid axtarmaq məqsədi ilə səfərə çıxdı). Və hər kimsəyə ki irişdi dürüst iradət göstərmədi (ona doğru-dürüst mürid olmadı). O səbəbdən ki, danişmənd (alim) idi və heç kimsəyə baş əymədi.

Xuzistan mülkinə (vilayətinə) irdi, Dizfula (şəhərinə) vardı. O yerdə xəstə oldu və heç kimsə ona bir məqam (yer) vermədi. Elə ki aciz qaldı və bir kimsədən sordu, heç bu şəhərdə bir müsəlman yoxdurmu ki, bir xəstə və qərib adama bir yer verəcək olsun. Bir-neçə gün dincəlim.

O kişi dedi, burada bir xanəgah vardır. Orada bir şeyx vardır. Əgər ora varırsan sənə xidmət edərlər, sənə baxarlar, dedi. O şeyxin adı nədir, soruşdu. Dedi, Şeyx İsmail Qəsri. Və Şeyx Nəcməddin ora getdi. Orada ona bir yer verdilər. Dərvişlər söffəsinə (dəhlizinə) müqabil bir söffədə sakin oldu. Və xəstəliyi uzandı. Belə danışırdı ki, xəstəlikdən o qədər inciməzdim ki, dərvişlərin səma məclislərindən inciyirdim. Mən səmaya qayət qarşı idim. Və başqa bir yerə getməyə taqətim yox idi. Bir gecə də səma’ etdilər. Şeyx səma’ əsnasında başım ucuna gəldi və qalxmaq istəyirsənmi, sordu. Bəli, dedim.

Mənim əlimi tutdu və kənara çəkdi, səma halqasının ətrafında dövr etdirdi. Sonra məni divara söykəndirdi. Fikirləşdim, indi yıxılacağam. Bir azdan özümə gəldim, vücudumda xəstəliyimdən heç bir əsər-əlamət qalmadığını hiss eylədim. Məndə iradə hasil oldu (şeyxə mürid olmaq istəyi). Ertəsi gün şeyxin xidmətinə vardım və iradət əlini tutdum. Sülukla (sufi yolunda riyazət) məşğul oldum. Bir müddət orada qaldım. Məndə əhvalı-batindən vüquf (qəlbin Haqqın hüzurunda olması) hasil oldu. Elmim artdı. Bir gecə xatirimə gəldi ki, elmi-batindən (qızlı elm) xəbərdar oldum, zahiri elmdə isə biliyim şeyxin biliyindən ziyadədir.

Səhər şeyx məni yanına çağırıb, dedi: “Qalx səfərə çıx ki, sən Əmmar Yasirin yanına getməlisən”. Bildim ki, şeyx o xatirimə gələnlərdən vaqif (aqah) oldu. Amma heç üstünü vurmadım. Və şeyx Əmmarın xidmətinə vardım. Və onun yanında dəxi bir müddət süluk etdim. Bir gecə dəxi həmən fikirlər xatirimə gəldi. Səhər Şeyx Əmmar buyurdu ki, “Nəcməddin, qalx Misrə var (get). Ruzbihanın xidmətinə gir ki, o, sənin varlığını bir sillə ilə dimağından (beynindən) ixrac edə”.

Qalxıb Misrə getdim. Xanəgaha girdiyim zaman şeyx orada deyildi. Müridlərin hamısı müraqqəbə (qəlbi Allaha yönəltmək) halında idilər. Heç kimsə mənə fikir vermirdi. Orada bir nəfər də var idi. Ondan sordum ki, şeyx hankısıdır? Dedi, şeyx bayırdadır, abdəst olur. Mən bayıra çıxdım. Şeyx Ruzbihanı gördüm ki, bir cüz’i miqdar su ilə abdəst olur. Xatirimə gəldi ki, şeyx bilməzmi ki, bu qədər su ilə abdəst dürüst deyildir? Bəs bu necə şeyxlikdir? O, abdəstini tamam eylədi və əlini mənim üzümə silkdi. Elə ki su üzümə toxundu məndə bihudəlik (özünü bilməmə) zahir oldu. Şeyx dərgaha girdi. Mən də onun ardınca girdim. Şeyx şükrü-vüzuya məşğul oldu. Mən ayaq üstə müntəzir (intizar) oldum ki, şeyx salam verə və mən dəxi ona salam verim. Belə ayaq üstə ikən qeyb oldum. Gördüm ki, qiyamət qopmuş və Cəhənnəm zahir olmuş və xalqı tutub oda atırlar. Və bu atəşin güzərqahında (keçidində) bir püştə (təpəçik) var və bir şəxs o püştənin üzərində oturmuş və hər kim deyərsə ki, mən buna müntəliqəm (bağlıyam) onu buraxırdılar və qeyrisini atəşə atırdılar. Nagah məni dəxi tutub çəkdilər. O yerə ki irişdim dedim, mən buna müntəliqəm. Onda məni buraxdılar. Bəs o püştənin üzərinə çıxdım. Gördüm ki, Şeyx Ruzbihandır. Ona vardım və ayağına düşdüm. Mənə elə möhkəm bir sillə vurdu ki, onun qüvvətindən üzüm üstə yerə düşdüm. Mənə dedi: “Bir dəxi əhli-həqqi inkar eyləmə”.

Sonra özümə gəldim. Şeyx namazın salamını vermiş idi. İrəli varıb ayağına düşdüm. Şeyx ayıq olduğum vaxt da üzümə bir sillə vurdu və həmən o ləfzi (sözləri) söylədi. O xəstəlik batinimdən getdi. Ondan sonra mənə əmr eylədi ki, geriyə dön və Şeyx Əmmarın xidmətinə var (gir). Qayıtdım. Şeyx Əmmara bir məktub yazdı ki, hər nə qədər misin (bir işə yaramayan adamın) varsa göndər, xalis qızıla çevirib, özünə geri göndərim. Oradan Şeyx Əmmarın xidmətinə gəldim. Bir müddət orada qaldım.

Süluku tamam oldu. Ona əmr eylədi: “Xorəzmə var (get). Orada əcaib insanlar vardır. Bu təriqəti və qiyamətdə müşahidəyə münkirdirlər (inkar edirlər). Ora get, heçnədən qorxma!”.

Şeyx Nəcməddin Xarəzmə getdi və bu təriqəti müntəşir (yaymaq) eylədi. Və yanına çox müridlər cəm’ olub irşada məşğul oldu. Tatar kafirləri Xorəzmə gəldilər. Şeyx əshabını cəm’ etdi (yanına yığdı). Altı yüzdən ziyadə idi. Sultan Mahmud Xorəzmşah qaçmışdı. Və küffarı-tatar onun Xorəzmdə olduğunu sandılar. Və Xorəzmə gəldilər. Şeyx əshabından bə’zisini, Şeyx Sə’dəddin Həmavi, Şeyx Raziəddin Əli Lala kimi və qeyrilərini yanına çağırıb dedi, tez qalxınız və öz diyarlarınıza gediniz ki, məşriq tərəfdən bir atəş alovlandı məğribə tərəf gedir. Və bu əzim (böyük bir) fitnədir ki, bu ümmət içində onun misli vaqe’ olmamışdır. Əshabından bə’zisi: “Hz. Şeyx bir dua eyləsə şayəd (ehtimal) ki, bu fitnə müsəlman məmləkətlərindən dəf’ olub gedər”. Şeyx buyurdu: “Bu bir mübrəm (qaçılmaz) qəzadır, dua ilə dəf’ olunması mümkün deyildir”.

Əshab iltimas etdilər ki, minik heyvanları hazırdır. Əgər Hz. Şeyx uyğun görürsə birlikdə Xorasana tərəf yola çıxaq. Şeyx buyurdu: “Mən burada şəhid olmaq istəyirəm. Mənə buradan çıxmaq üçün izn yoxdur”.

Bundan sonra əshab Xorasana tərəf yola düşdülər. Kafirlər şəhərə gəldilər. Şeyx əshabın topladı və dedi: “Haydı, qalxın, Allahın adı uğrunda Allah yolunda döyüşək!”. Və evinə girdi, xirqəsini geyib, möhkəm quşandı. Xirqəsinin önü açıq idi. İki qoltuğunu daş ilə doldurdu. Əlinə bir nizə aldı və bayıra çıxıb kafirlərlə qarşı-qarşıya gəldi. Onlara ta qurtaranadək daş atdı. Axırda heç daş qalmadı. Kafirlər ona tiri-baran atdılar (ox yağışına tutdular). Bir ox mübarək sinəsinə dəydi. Onu çəkib çıxartdı, orada yerə düşdü və vəfat eylədi.

Deyirlər ki, şəhid olduğu vaxt, bir kafirin pərçəmindən (saçından) tutmuşdu. Şəhadətdən sonra heç kimsə onu şeyxin əlindən xilas edəmədi. Nəhayət o kafirin saçını kəsdilər.

Və bə’zilər demişdirlər ki, Hz. Mövlana Cəlaləddin Rumi (q.s.) özünün bir əsərində bu əhvalata işarə etmişdir:
Biz ol izzü kərəm gövmindəniz kim

Dəmadəm eyş edib, sağər tutarlar.

Nə şul biqədr müflislərindəniz kim,

Füsun edib, bizə lağər tutarlar.

Bir əldən nuş edib iman şərbətin,

Bir əldə pərçəmi-kafir tutarlar.
Hz. Şeyxin şəhadəti hicrətin 618 (1221) ilindədir. Onun müridləri çox idi. Amma onların bir neçəsi yeganeyi-cahan və müqtədayi-zaman (zamanın öndə gedənləri) olmuşdular: Şeyx Məcdəddin Bağdadi, Şeyx Sə’əddin Həmavi, Baba Kamal Xocəndi, Şeyx Raziəddin Əli Lala, Şeyx Seyfəddin Baxərzi, Şeyx Nəcməddin Razi, Şeyx Cəmaləddin Gili kimi.

Bə’ziləri demişdirlər ki, Mövlana Cəlaləddinin atası Bəha’əddin Vələd də onlardan olub, qaddəsallahu Təala ərvahim.
(Əbdürrəhman Cami. “Nəfahətül-Üns” kitabından bir fəsil. Tərcümə: Lamii Çələbi)

KƏŞF Əl-MƏHCUB LI ƏRBAB ƏL-QÜLUB” KİTABINDAN BİR FƏSL


Bu kitabı “Kəşfül-Məhcub” adlandırmaqla muradım bu idi ki, kitabın adı bəsirətli adamlara onun məzmununu bildirsin. Bil ki, bu aləmdə, Allah Təalanın əzizan və övliyalarından başqa, hamı üçün incə mənalar (lətifəi-təhqiq) məhcubdur, pərdə altındadır. Kitab Haqq yolunu bəyan və hikmət kəlamatını şərh (şərhi-kəlamati-təhqiq) edir. Ondan başqa o, həm də ölüm pərdəsinin qaldırılması işini (kəşfi-hicabi-həlak) anlatır. Bütün bu səbəblərə görə bu, ona ən münasib bir addır.

Həqiqətən necə ki, kəşf pərdəni yox edir, pərdə də, həmçinin, kəşfi yox edir. Məsələn, necə ki, yaxında olan uzaqlığa dözə bilmir, uzaqda olan da yaxınlığa dözə bilmir. Və ya necə ki, sirkədə əmələ gələn cücülər başqa yerə düşəndə məhv olur, başqa yerdə əmələ gələn cücülər isə sirkəyə düşəndə məhv olurlar.

Mənaviyyat yolu (təriqe-mə’na) yalnız bu yol üçün yaradılanlara asandır. Peyğəmbər (s.ə.s) dedi ki, “Hər adam nə iş üçün yaradılıbsa o iş ona asan gəlir”.

Hicab iki cürdir: Biri hicabi-rəynidir (örtən pərdə), nəuzübillah min zəlikə, ki, o, heç vaxt aradan getmir və ikincisi isə hicabi-ğəynidir (dumanlı pərdə) ki, o, asanlıqla aradan gedir. Bu o deməkdir ki, birinci halda adamı Haqqdan pərdələyən onun öz zatıdır. Elə ki, onun üçün Haqq və batil eyni şeydir. İkinci halda isə adamı Haqqdan pərdələyən onun sifətləridir. Elə ki, onun təbi (təbiəti) Haqqı tələb edib, batili rədd edir. Fəqət zatın hicabı olan hicabi-rəyni isə heç vaxt aradan getmir. “Rəyn”, “xətm” və “təb’” – bunların hər üçünün mə’nası eynidir.

Haqq Təala dedi: “Xeyr, əslində onların əməlləri qəlblərini günahlarla qaplamışdır”(Quran, əl-Mütəffifin, 83/14). Və sonra bunu aydınlatmaq üçün bəyan etdi: “Həqiqətən, kafirlərə nə qədər xəbardarlıq verirsən ver, onlar üçün fərqi yoxdur, iman gətirməzlər”(Qur’an, əl-Bəqərə, 2/ 6). Və sifət hicabı, yə’ni ki “dumanlı pərdə”(ğəyni) müəyyən halda aradan gedə bilir, çünki sifətləri aradan aparmaq olar, halbuku zatı aradan aparmaq mümkün deyil. Məşayix öz qissələrində rəyn və ğəynin mə’nasına incə (lətif) işərələr vermişdi. Cüneyd (r.ə.) demişdi ki, “Rəyn qalana (vətən) aiddir və ğəyn isə keçəri olanlara aiddir”. Vətən daimidir, ğəyn keçəridir. Məsələn, ustalar nə qədər çalışsalar da daşdan güzgü düzəldə bilməzlər. Halbuki paslı güzgünü parıldatmaq mümkündür. Çünki qaranlıq daşa, parlaqlıq isə güzgüyə xasdır. Zat daimidir, sifət keçəridir.

Mən bu kitabı qəlblərini arıdmaq istəyən adamlar üçün yazmışam, o kəslərə ki, asan cilalalan hicabı-ğəynə mübtəla olmuşlar. Elə ki, onların içlərində Haqq nurunun mayası mövcuddur. Və bu kitabı oxumağın bərəkətindən hicab qaldırılar və onlar həqiqətin mənasına yol taparlar. O kəslərin ki, mahiyyəti batil işlərə və Haqqın inkarına meyl edir, onlar heç vaxt Haqqa gedən yolu tapmayacaqlar və bu kitabdan onlara heç bir fayda olmaz.
(Əli ibn Osman əl-Hücviri. XI əsr sufi nəzəriyyəçisi.)

İMADƏDDİN NƏSİMİ ŞE’Rİ
Bu cism evinə, taliba, seyr edərək çün can gəlir,

Bu evdə baqi sanma kim, bir-iki gün mehman gəlir.
Vardır sualım çün sana, vergil cavab, qalma dona,

Bu ruhi-qədimi mana, degil ki, sən qandan gəlir?
Çün xakdan edər səfər, mə’dən, nəbat olur şəcər,

Rövşən görər əhli-nəzər k’ol tö’meyi-heyvan gəlir.
Çün tömeyi-heyvan olur, o da ki, insü can olur,

İnsana vasil olmağa bidəstü pa pərran gəlir.
Çün tömeyi-insan olur, ol ruh, ol heyvan olur,

Ətü dəri, iligü qan pəs tö’meyi-insan gəlir.
Biixtiyarü biədəd gəlir-gedər kim, vəsl ola,

Ta vəsl olunca adəmə çəndan gedər, çəndan gəlir.
Çün adəmə vasil olur, məqsud ana hasil olur,

Ol nütfədən insan olur, lö’lö’ kimi ğəltan gəlir.
Çün tömeyi-insan olur, insanü cismü can olur,

Pəs ruhi-insani olub, çün sürəti-rəhman gəlir.
Ol aləmi-itlaqdan, ol şəmsi-din xəllaqdən,

Ayrıldığıçün zərrəvəş bu dünyaya nalan gəlir.
Bu aləmə çün kim gəlir kəsbi-kəmalü mə’rifət,

Etməz olursa dəmbədəm, nadan gedər, nadan gəlir.
Çün min lüdən elminə ol olmadı alim, ey fəqih,

Əhli-nəzər önündə ol bir cahili-hirman gəlir.
Şol cahilü müşrik olan, ol kafirü əbtər olan,

Dəccalə oldur xər olan, görməz ki, ol canan gəlir.
Çün mərifətdən xalidir, xali şu qiylu qalidir,

Ol hər zaman bu ərsədə üryan gedər, üryan gəlir.
Hər kim kitabi-nəfsinə olmadı alim, ey həkim,

Anın vücudinə ədəm dersəm, sana yalan gəlir.
Zərrati-aləm oldu çün ol şəmsi-dinin məzhəri,

Ol müshəfi-cananiyə əşya qamu tibyan gəlir.
Ol zati-pakə masəva ayati-müshəfdir, vəli,

Bu ənbiyavü-övliya bil filməsəl ünvan gəlir.
Ol müshəfi-ba bəsmələ insani-kamildir kim ol,

Hər yerdə bilgil kim, yəqin ol əbbi-insü can gəlir.
Çün Müştəri, Mərrixü Şəms növbətlərin edə tamam,

Zöhrə, Ütəridlə Qəmər, pəs devr ilə Keyvan gəlir.
Qalu bəladə “la” deyən canlar ki, adı cindürür,

Ol bibəsər bu dünyadan bican gedər, bican gəlir.
Həq sözə insaf eyləsən, ayinəni saf eyləsən,

Şünlar ki, bikr oldu yəqin, övrət gedər, oğlan gəlir.
Hər kim ki, adəmzadədir etməzsə insanə sücud,

Surətdə adəm, mə’nidə şeytan gedər, şeytan gəlir.
Şol naxələf ki, adəmə gördün kim olmadı xələf,

Nabaliğ ol oğlandurur, andan bəsi üdvan gəlir.
Ismi cəlalın məzhəri olan kişidə daima,

Xülqi-həsən, lütfü kərəm, həm fəzl ilə ehsan gəlir.
Gör kim vücudi-adəmi bə’d əz fəna nəş’ət verib,

Hər üzvü bir dürlü giyah olub ğamu yeksan gəlir.
Məhbub ilə məhbubənin lə’li-ləbü dürr dişi,

Sünbül saçı, arizi gül, yasiminü nö’man gəlir.
Xalü xətü zülfü anın, can müshəfidir oxuram,

Gördüm mühəqqəq bigübar ol nəsx ilə reyxan gəlir.
Ol can ki, safi-dil olub keçdi cahandan, ey sənəm,

Billahi, ol hər dəmbədəm həmçün külli-xəndan gəlir.
Əhli-fəna olsa fəna, iqlimi-həftin varinə,

Bil kim, həqiqət söz durur kim, Mehdiyi-dövran gəlir.
Şol kim fənadan filfəna buldu olub sahibqıran,

Ana bu xəlqin əksəri ənsarü həm ə’van gəlir.
İqlimdə bil fani olan əhlü-sülukun zümrəsi,

Daravü Bəhmən, Keyqubad ya Xosrovü xaqan gəlir.
Bu kəsrətin ayatını ol vəhdətə ir, görü gör,

Müşrikdir ol kim, ta əbəd bihəddü bipeyman gəlir.
Bir zərrəyi ayrı görən ol şəmsi-dindən, ey qəmər,

Bil, vəhdətin iqliminə bidinü biiman gəlir.
Hər bir ülumin gərçi kim, vardır məqali azü çox,

Elmi-lüdənini oxuyan dərviş gedər, sultan gəlir.
Bil bu ülumi-nəşətin payanı yoxdur, taliba,

Çünki bu bəhrin qətrəsi dəryayi-bipayan gəlir.
Hər salikin kim, ayağı mərdanə basmaz bu yola,

İmanidən ayrı düşər, ol kafirü şeytan gəlir.
İmanın əhli daima şövkətdədir, bilməzmisən,

Şirk əhlinə gör kim, səza matəmlə hüzn, əfğan gəlir.
Zər kimi qəlbin safi et, sən gövhərin sərrafisən,

Ol adilin fəzli ilə çün ortaya mizan gəlir.
Oxu kitabi-nəfsini dilinlə eynin sağ ikən,

Qoyma bu günü yarına, sonra sənə peşman gəlir.
Əhli-fəsadə çox təəb edərsə nola fəzli-rəb,

Əhli-yəminüz, beytimiz ağ oldu, çoşən xan gəlir.
Ol şəmsi-canın üzünə bax, rövşən on dört xətti gör,

Oxu ki, sən gör Müştəri həmçün məhi-taban gəlir.
Sən bu siyərdən keç dəxi, gəl, ey təfərrüc əhli kim,

Çün kim, bu rikin siyhəsin gördün ki, biimkan gəlir.
Hər nə imarət eyləsən bil, ey mühəndis kim, yəqin,

Edər xərab ol dəm anı bu dünyaya viran gəlir.
Bu lövnü rəngü buyi qo fani olub gör kim, anın,

Şəmsi-rəvan hər zərrədən birəngü biəlvan gəlir.
Rəng ilə bu əlvan odur, hər cism içində can olur,

Rövşən bu kim, ol şəmsi-can zərrədə pünhan gəlir.
Çövkaninə can zülfünün top eylə başü canını,

Çün ol şahə oynamağa iki cəhan meydan gəlir.
Gah adəmü xatəm olur, gah İseyi-Məryəm olur,

Gəh Nəmrudu Fir’on olur, gəh Musiyi-İmran gəlir.
Çün vəchi-həqdən bixəbər oldu xəvaric zümrəsi,

Der fəzrəbu fövqəl-ənuq çün ol Şahi-Mərdan gəlir.
Sən adəmin vəchinə dut vəchin, ana eylə sücud,

Sil bu siyəldən gözünü kim, biədəd peşman gəlir.
Ey mərifət zərrai, gəl sac danənin varın yerə,

Fəzli-xudadən aləmə çün rəhməti-baran gəlir.
Qıldı gədayi müğtənim fəzli-xudanın ne’məti,

Ey divü xənnasü həsud gör kim, ana eyşıxan gəlir.
Tövhidi iki görənə, gözsüz qulağsız əhvələ,

Bilsin ki, cümlə kainat bir məzhəri-yəzdan gəlir.
Bundan da ayrı bir kəmal olurmu kim, ol zülcəlal,

Aydır ki, mən sənsən, həmin şeytana ol üsyan gəlir.
Budur, səbəb rəhm etməyə şeytani ol lütf issi kim,

Bu cavidani ne’mətə gör kim, necə küfran gəlir.
Vəhdət meyindən sun müdam, nuş eylə, cana, fariğ ol,

Gördün ki, ol saqiyi-can huri-nəsəb qılman gəlir.
Ə’mali-saleh, mə’rifət elmi-lüdəndir kəsb edən,

Bimə’rifət adəm haman əhməq gedər, hümqan gəlir.
Gəl dürrü pakü saf olub, dal vəhdətin dəryasına,

Gərçi Ədəndən bişumar dürrü gühər, mərcan gəlir.
Sən ey müvəhhid fariq ol cəngü cidalın kəs anın,

Cəngü cidalı gedirər çün höccətü bürhan gəlir.
Ruhül-qüdüs kim, hər nəfəs verdikcə min bərzəx keçər,

Ol bibəsər ə’ma sanır kim, bu sözü asan gəlir.
Gəl, ey Hüseyni, səme’ ol, sən ruhi-qüdsidən yana,

Gördün yəqin çün hər nəfəs avazeyi-Qur’an gəlir.


Lüğətçə:
Talib: tələb edən; tələbə.

Baqi: daimi, əbədi.

Qandan: haradan.

Xak: torpaq.

dən: mineral, daş.

Nəbat: bitki.

Şəcər: ağac.

Rövşən: aydın.

Əhli-nəzə: dərindən bilən.

K’ol: ki ol (ki o).

Tö’mə: ərzaq, yeyinti.

Tö’meyi-heyvan: heyvan yeyən məhsul.

Ins: adam, bəşər.

Bidəsti pa: əlsiz-ayaqsız.

Pərran: uçan.

Heyvan: canlı.

Çəndan: o qədər.

Məqsud: məqsəd, niyyət.

Nütfə: kişi toxumu.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin