ƏDƏBİYYAT
1. İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının 2011-ci ilə hesabatı, Bakı, 2012, 110 s. 2. Quliyev C.B. Sosial yönümlü bazar münasibətləri şəraitində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının qlobal problemləri. «Himayədar» yurnalı №8, 2005, 150 səh. 3. İbrаhimоv I.H. Sаhibkаrlıq fəаliyyətinin tənzimlənməsi məsələləri. Bаkı 2010. 248 s. 4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası, 39 səh.
Роль предпринимательской деятельности в повышении уровня
жизни сельского населения
Байрамов Везир Вели оглы
РЕЗЮМЕ
Статья, посвящена роли предпринимательских структур для повышения уровня жизни в сельского населения в регионах. Здесь исследована роль предпринимательской деятельности в увеличении доходов населения, освещены меры принятые правительством в этой области, и пути решения проблемы,
Ключевые слова: уровень жизни населения, предпринимательская деятельность, аграрный сектор, сельское население. доходы населения, государственное регулирование.
The role of entrepreneurship in development of the life
quality of population
Bayramov Vazir Veli
SUMMARY
The article is dedicated to the role of entrepreneurship in development of the life quality of population. The role of entrepreneurship in increasing of population income has been investigated, taken measurements in this area by government and solution of problems have been highlighted.
Key words: life quality of population, entrepreneurship, rural area, rural population, population income, state regulation
Rəyçi:
Süleymanov İ.K
i.ü.f.d.
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.100-107
REGİONAL İQTİSADİYYAT
UOT 330.322 (479.24)
İntensivləşmə mühitində regionun investisiya potensialından istifadə səmərəliliyinin yüksəldilməsi məsələləri
Rəhimov Mikayıl Rəhman oğlu
Az.ETKTİ və Tİ-nun dissertantı
XÜLASƏ
İntensivləşmə regionun investisiya potensialının reallaşdırılması prosesinə xüsusi tələblər qoyur. İntensivləşmə mühitində regionun investisiya potensialının istifadə səmərəliliyinin yüksəldilməsi kompleks tədqiqatların aparılmasını tələb edir. Məqalədə bu qisim məsələlər araşdırılmış, regionun investisiya potensialının istifadə səmərəliliyinin yüksəldilməsinin bir sıra istiqamətləri əsaslandırılmışdır.
Açar sözlər: investisiya potensialı, region, intensivləşmə, səmərəlilik, Aran iqtisadi rayonu.
Regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhali gəlirlərinin artırılması, yoxsulluq səviyyəsinin azaldılması və ekoloji mühitin yaxşılaşdırılması investisiya potensialının fəallaşdırılmasını tələb edir. İnvestisiya siyasətinin regional yönümü, qeyd olunduğu kimi, onun prioritetlərinin əsaslandırılmasında tarazlı və innovasiyalı inkişaf meyarlarını önə çəkir. Dinamik və tarazlı regional inkişaf tempinin əldə olunması adekvat investisiya siyasətinin həyata keçirilməsi sayəsində mümkündür. Əks halda, sosial-iqtisadi inkişaf səviyyəsindəki kəskin regional fərqlərin, arzuolunmaz miqrasiya proseslərinin sürətlənməsinin, istehsal potensialından istifadə səviyyəsindəki fərqlərin, o cümlədən infrastruktur şəbəkəsinin qeyri-bərabər paylanmasının, aqrar rayonlarda iş yerlərinin açılmasının iqtisadi, maliyyə və institutsional çətinliklərinin aradan qaldırılması ciddi çətinliklərlə üzləşir.
Regionun investisiya potensialının formalaşmasında həlledici rola malik bir prosesin, yığımların investisiyaya transformasiyasının xarakteri, həmin potensialdan istifadə imkanlarına təsirsiz qalmır. Belə ki, mülkiyyət mənsubiyyətindən asılı olmayaraq bütün kapital sahiblərinə normal və zəmanətli gəlir təmin edən inkişaf potensialı kimi qəbul olunan investisiya potensialından istifadə:
-
işgüzar fəallığın və rəqabət mühitinin bir-birini tamamlamasını;
-
investisiyaların qorunması üçün zəruri-normativ hüquqi bazanın möhkəmləndirilməsini;
-
etibarlı sığorta sisteminin formalaşdırılmasını;
-
gəlirlərin inflyasiyadan qorunması tədbirlərinin davamlılığını və səmərəliliyini;
-
dayanıqlı və tarazlı regional inkişafa adekvat bazar infrastrukturunun yaradılmasını və i. a. tələb edir.
Respublikamızın dinamik inkişaf edən iqtisadiyyatı regionların sosial-iqtisadi inkişafı üçün etibarlı zəmin yaratmış, proqramlı yanaşmanın ən yeni nailiyyətlərindən istifadə üçün mühit formalaşmış, müstəqillik dövründə iqtisadiyyatımız qarşısında duran geniş miqyaslı və aktual regional məsələlərin həlli baxımından, artıq qeyd olunmuş regional inkişaf üzrə Dövlət Proqramları bu istiqamətdə mühüm rol oynamış və oynamaqdadır. Görülən tədbirlər intensiv inkişaf və investisiya potensialından səmərəli istifadə üçün təməl yaratmışdır.
İşin ikinci fəslində göstərildiyi kimi Aran iqtisadi rayonunun ötən əsrin 70-ci illərindən başlayaraq formalaşmış sənaye şəbəkəsinin inkişafının iqtisadi-ekoloji aspektdə daha fəal tənzimlənməsi diqqət mərkəzindədir. Antropogen təsirlərə həssas olan bu ərazilərdə intensivləşmə və ətraf mühitə təsirin qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsi bərpa olunmayan resurslara münasibətdə bəyan edilmiş xəttin reallaşması baxımından xüsusi önəm daşıyır.
İnvestisiya proseslərinin araşdırılmasına investisiya potensialının istifadəsinə həsr olunmuş bir çox əsərlərdə, tədqiq olunan problemlərin ekoloji aspektlərinə ya az diqqət yetirilir, ya da müvafiq məsələlərin qoyuluş mərhələsində olduğunu qeyd etməklə kifayətlənilir. Halbuki, artıq iki onillikdir ki, investisiya potensialının istifadəsinin ekoloji problemləri aktual və xeyli dərəcədə qloballaşmış olduğundan həm dünyanın nüfuzlu elmi-tədqiqat mərkəzlərinin, həm də, beynəlxalq qurumların gündəliyindədir. Bu və digər səbəblərdən, zənnimizcə, aqrar regionun investisiya potensialından istifadənin ekoloji problemlərinin həlli investisiya fəaliyyətinin inkişafının prioritetlərindən biri olmalıdır.
"İntensivləşmə və ekoloji mühit arasında əlaqələr kifayət qədər sıxdır. Aqrar sahədə intensivləşmə həm istehsal, həm də onunla əlaqədar digər sahələri əhatə edir. Son yüzillikdə kənd əhalisinin həyat vərdişinin dəyişməsində intensivləşmənin həlledici təsiri müşahidə olunur. Kənd həyat tərzi üçün xarakterik olan ahəngdar, asta ritmin texnogen mühitə xas olan sürətli templə əvəzlənməsi insanin ekologiyası elmin diqqət mərkəzindədir" (1, s. 32).
Dayanıqlı inkişafın mühüm atributu kimi ekoloji tarazlıq və onun təmin edilməsinin iqtisadi mexanizmi intensiv inkişaf mühitində investisiya strategiyasının əsas parametrlərini nəzərə almaqla fəaliyyət göstərməlidir. Mülkiyyət plüralizmi və qarışıq iqtisadiyyat tələbələrinə münasibətdə tarazlıq və qismən kompensasiyalı inkişaf rejiminin qurulması Aran iqtisadi rayonunun investisiya potensialının təbii-iqlim şəraiti, resurs və istehsal potensialı nəzərə alınmaqla fəallaşdırılması meyarlarına diqqəti artırır.
Nəzərə almaq lazımdır ki, məhz inkişafın intensivləşdirilməsi ətraf mühitə antropogen təzyiqi dəfələrlə artırır. İnsanların kənd təsərrüfatı, xüsusilə ərzaq məhsullarına artan tələbatı şəraitində intensivləşməyə axtarış cəhdləri davamlı xarakter alsa da, hələ ki arzu olunan nəticələr əldə edilməmişdir. Kompromis variant, əksər tədqiqatçıların fikrinə görə intensivləşmənin ekolojiləşdirilməsidir. Başqa sözlə, atmosferə, suya və torpağa antropogen təzyiqin azaldılmasına xidmət edən və iqtisadi-ekoloji müvazinətə yönəlik intensiv inkişaf amillərinin kreativ kombinasiyası əldə edilməlidir. Təcrübədə belə bir kombinasiyanın qurulması gələcəyin işidir və böyük ehtimalla demək olar ki, bunun hansı səviyyədə reallaşması innovativ yanaşmaların məhsuldarlığından və səmərəliliyindən asılı olacaqdır.
Minilliyin çağırışlarında özünəməxsus yer tutan yaşıl iqtisadiyyat konsepsiyası tədqiq olunan iqtisadi rayonun elmi-texniki, kadr və digər potensialına məhz investisiya prioritetləri baxımından yenidən qiymətləndirilməsini nəzərdə tutur. İqtisadi rayonun investisiya xəritəsi (bu barədə bir qədər sonra bəhs ediləcəkdir), işgüzar fəallığın coğrafiyası üzrə hazırlanmış tövsiyələr intensivləşmənin iqtisadi-ekoloji inkişafının səmərəliliyinin yüksəldilməsi imkanlarını daha detallaşdırılmış şəkildə qiymətləndirməyə imkan verəcəkdir.
Regionlarda sahibkarlığın sürətli inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin yeni texnoloji səviyyədə bərpası, infrastruktur şəbəkəsinin modernləşdirilməsi, regionlarda yoxsulluğun azaldılması istiqamətində əldə edilən mühüm müsbət nəticələr investisiya potensialının fəallaşdırılması baxımından intensiv inkişaf amillərinin rolunu artırır.
Regionun investisiya potensialının fəallaşdırılması investisiya siyasətinin tərkib hissəsi olan kompleks xarakterli tədbirlərin həyata keçirilməsini tələb edir. O cümlədən:
-
regional inkişafın tarazlı və iqtisadi mərkəzlərin imkanlarını reallaşdırmağı nəzərdə tutan optimal maliyyə-kredit mexanizminin yaradılması;
-
regionların intensiv inkişafının yeni keyfiyyət səviyyəsinin əldə edilməsi və onun sosial siyasətin prioritetlərində öz əksini tapması;
- bankların, qeyri-bank kredit təşkilatlarının aqrar sahəyə marağının artırılması, kənd ərazilərinin sosial-iqtisadi inkişafının kredit təminatının yaxşılaşdırılması;
- ümumilikdə regional inkişaf, o cümlədən investisiya siyasətində insan amilinin daim ön planda olması və s.;
Sonuncu istiqamət artıq nəinki sosial, həmdə iqtisadi və institusional islahatların prioritetinə çevrilməklə, milli inkişaf strategiyasında özünə layiq yer tutmuşdur. İnsan amilinin milli və regional sosial-iqtisadi inkişafında daim öndə olması, bu məsələnin artan aktuallığı regional inkişaf üzrə II Dövlət Proqramının yerinə yetirilməsi gedişində "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" əsasında 2007-2010-cu illər üzrə müvafiq dövlət proqramının hazırlanaraq icra edilməsini şərtləndirmişdir.
İnvestisiya potensialı tədqiq olunan Aran iqtisadi rayonu ərazisində, artıq qeyd edildiyi kimi, respublika tabeli şəhərlərin (Mingəçevir, Şirvan və Yevlax) yerləşməsinə və onların ölkənin yanacaq-enerji kompleksində aparıcı rol oynamasına baxmayaraq, regiondaxili digər inzibati vahidlərdə məhsul siyasəti aqrar sahə üçün səciyyəvi olan parametrlərə əsaslanır.
Regionun investisiya potensialından istifadə səmərəliliyinin yüksəldilməsində aqrar-sənaye rayonlarının, xüsusilə Aran kimi ölkənin elektrik enerjisi ilə təminatında mühüm yer tutam iqtisadi rayonun inkişafında multiplikasiya effekti diqqət mərkəzində olmalıdır. Haqqında danışılan multiplikativ effektin reallaşdırılması, tədqiq olunan iqtisadi rayonun xüsusilə nəzərə alınmaqla aşağıdakı istiqamətlərdə tədqiqatları dərinləşdirməyi tələb edir:
-
resurslardan təkrar istifadə müştərisində klasterial inkişafın regional enerji təminatının yaxşılaşdırılması;
-
İstehsal və xidmət sahələrinin ərazi təşkilində iri nəqliyyat qovşaqları amilinin üstünlüklərinin reallaşdırılması;
-
infrastruktur şəbəkəsinin ixracyönümlü iqtisadi fəaliyyət tələblərinə uyğunlaşdırılması;
-
iri ixtisaslaşdırılmış kənd təsərrüfatı müəssisələrinin yaradılması və fəaliyyəti mühitinin iqtisadi, sosial və ekoloji aspektlərdə qiymətləndirilməsi;
-
innovasiyalı inkişaf imkanlarının aşkar edilməsi, innovasiya fəaliyyəti subyektlərinin regional özünəməxsusluqlarının müəyyənləşdirilməsi;
-
innovasiyalı intensiv inkişafın investisiyalaşması proseslərinin tənzimlənməsi sisteminin qurulması və i.a.
Kənd əhalisinin alıcılıq qabiliyyəti və iqtisadi fəallığının yüksəldilməsində əhəmiyyətli imkanlar yaradan mükəmməl stimullaşdırma tarazlı regional inkişafın təminatında investisiya siyasətinə xidmət edir. "Kənd təsərrüfatında istehsal olunan məhsul növləri uzun illər dəyişməz qalır və çeşidin yeniləşməsi, adətən ixtisaslaşmadakı radikal dəyişikliklərlə əlaqədardır. İstehsal edilən məhsulun çeşidinin innovasiyalar hesabına yeniləşməsi nadir hadisədir. Odur ki, aqrar istehsalda texnoloji innovasiyaların dəstəklənməsi daha aktualdır" (2, s. 26).
Göründüyü kimi, regionun investisiya potensialının istifadənin səmərəliliyi marketinqin səviyyəsindən, marketinq tədqiqatının dərinliyi və əhatə dairəsindən əhəmiyyətli dərəcədə asılıdır. Aparılmış tədqiqatlar, müəyyən əminliklə belə deməyə əsas verir ki, bazar şəraitində aparıcı rola malik alqı-satqı münasibətlərinin xarakterinin və mübadilə mühitinin rəqabətə açıqlığının regionda investisiya fəallığına mühüm təsir imkanları vardır. Həmin imkanların gərçəkləşdirilməsi, məqbul işgüzar fəallıq şəraitində regionun investisiya potensialından istifadə səmərəliliyini yüksəldə bilər. Eyni zamanda, həmin amillərin mövcud tənzimləmə sisteminin rəqabət mühitinə neqativ təsir edən reqlamentlərinə qarşı adekvat reaksiyası təmin olunmalı, bunun üçün konkret zaman və məkanda sınaqdan çıxarılmış mexanizm tətbiq edilməlidir.
Araşdırmalar belə deməyə əsas verir ki, sadalanan vəzifələrin həyata keçirilməsi investisiya fəaliyyətinin idarə olunan parametrlərin hərtərəfli xarakteristikasının zəruriliyini gündəliyə çıxarır. İnvestisiya proseslərinin idarə edilməsi sisteminin mütərəqqi vasitələrə əsaslanmasını və ümumiyyətlə, mükəmməlliyi regionda investisiya layihələrinin səmərəli icrası mühitini formalaşdıran, qoyulan vəsaitlərin ödənmə müddətini əhəmiyyətli dərəcədə azaldan amilə çevrilir.
İntensivləşmə şəraitində regional investisiya siyasətinin reallaşması, ərazilərin investisiya cəlbediciliyini yüksəldilməsini, istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditə olan tələbatının ödənilməsini nəzərdə tutur. Məlum olduğu kimi, sahənin inkişafına alternativ maliyyə mənbələrinin cəlb edilməsi, o cümlədən qeyri-bank təşkilatlarının fəaliyyətinin dəstəklənməsi regional investisiya mühitinə müsbət təsir edir. Eyni zamanda, kənd təsərrüfatının ayrı-ayrı regionlarda kreditə olan tələbatının səmərəli ödənilməsində beynəlxalq qurumların artan fəallığı onların fəaliyyətinin elmi əsaslandırmış koordinasiyası məsələləri gündəlik çıxarır.
İntensivləşmə mühitində regionun investisiya potensialının istifadə səmərəliliyinin yüksəldilməsi istiqaməti kimi ayrı-ayrı ərazilərdə investisiya tələbatının hərtərəfli qiymətləndirilməsinə əsaslanaraq, investisiya fəaliyyətinin gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verən investisiya xəritələrinin hazırlanması xüsusi qeyd edilməlidir. Təqdirəlayiq haldır ki, hazırlanmış və hazırlanan investisiya xəritəsinin elektron versiyasına sərbəst müraciət imkanı yaradılmış, zəruri informasiya bazasının müntəzəm yeniləşdirilməsi nəzərdə tutulmuşdur.
Son illər respublikanın bütün iqtisadi rayonları üzrə əsas kapitala investisiyaların dinamikası artmaqda davam etmiş, aqrar sahibkarlıq təsərrüfatlarının maddi - texniki bazasının modernləşdirilməsində, intensiv inkişaf imkanlarının gerçəkləşdirilməsində infrastrukturun rolu güclənmişdir.
Regionlarda investisiya potensialının fəallaşdırılması prosesinin xarakterstikası adekvat göstəricilər sisteminin formalaşmasını tələb edir. Bu baxımdan iqtisadi rayonlarda müxtəlif fəaliyyət növləri məhsul və proses innovasiyalarının maliyyələşməsi üzrə, sahibkarlıq subyektlərin kənd təsərrüfatı təyinatlı əsas fondların orta illik dəyəri, məhsula investisiya məbləği kimi göstəricilər diqqət mərkəzində olmalıdır. İntensiv inkişaf imkanlarının reallaşdırılması meyarları və investisiya potensialının fəallaşmasının qiymətləndirilməsində digər səmərəlilik göstəricilərinin təhlilə cəlb olunması mexanizmində regional informasiya bazasının imkanları nəzərə alınmalıdır.
Əvvəlki fəsildə aparılmış təhlillərin nəticələrinə əsaslanaraq, demək olar ki, son illər respublikanın bütün iqtisadi rayonları üzrə əsas kapitala investisiyaların dinamikası artmaqla davam etmiş, Aran iqtisadi rayonunda sahibkarlıq subyektlərinin, xüsusilə aqrar sahibkar təsərrüfatının maddi-texniki bazasının modernləşdirilməsində, intensiv inkişaf imkanlarının gərçəkləşdirilməsində istehsal infastrukturu şəbəkəsinin, xüsusilə, müasir tələblər səviyyəsində formalaşan loqistik sistemin rolu güclənmişdir.
İstehsalın intensivləşdirilməsi islahatların müasir mərhələsində aktual olsa da, xüsusilə kənd təsərrüfatında intensiv inkişaf amillərinin fəallaşdırılması, özlüyündə məqsəd olmayıb, istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm vasitəsidir. Regionda istehsalın intensivləşdirilməsi qarşısında duran problemlər qismində, ilk növbədə:
- maliyyə resurslarının çatışmazlığı;
- təsərrüfatların kiçik ölçüləri;
- istehsal, emal və xidmət qurumları arasında iqtisadi - təsərrüfat əlaqələrinin bir çox hallarda qeyri- dayanıqlı olması;
- texniki təminat və texniki xidmətin aşağı səviyyəsi;
-istehsal infrastrukturunun modernləşmə tempinin qənaətbəxş olmaması vurğulanmalıdır.
Bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyata dövlətin birbaşa müdaxiləsi, bir çox hallarda maliyyə - kredit mexanizmi vasitəsi ilə reallaşır və odur ki, haqqında danışılan təsirin səmərəliliyi, həlledici dərəcədə həmin mexanizmin xarakterindən, əhatə dairəsindən və əlbəttə onun fəaliyyət mühitinin səmərəliliyindən asılıdır.
Regionda fəaliyyət göstərən kredit təşkilatının strategiyası əsaslandırılarkən, intensivləşmə mühitində investisiyaların kreditləşdirilməsi prioritetlərinə aşağıdakılar aid edilə bilər:
-
təşkilatın kredit portfelinin regionda istehsal fəallığının təmin olunmasına yönəldilməsi;
-
kredit təşkilatının intensiv inkişaf tələblərini ehtiva edən marketinq strategiyasının əsaslandırılması;
-
regionun inkişafı prioritetləri nəzərə alınmaqla kredit məhsullarının qiymətinin idarə olunması sisteminin təkmilləşdirilməsi;
-
müştəri münasibətləri şəbəkəsinin genişləndirilməsi;
-
risklərin idarə edilməsi xidmətinin təkmilləşdirilməsi və i.a.
İnvestisiyalaşma mexanizmində müşahidə olunan yeniləşmələr, regional səviyyədə əksər hallarda institutsional sistemdəki ətalətlilik səbəbindən ləng reallaşır. Məhz ləngimələr regionun investisiya potensialından, xüsusilə intensiv inkişaf şəraitində, istifadə tempini aşağı salır. Hazırda Aran iqtisadi rayonunun iqtisadiyyatına qoyulan investisiyalardan əldə edilən səmərənin monitorinqi, bir çox səbəblərdən, o cümlədən, metodiki, institutsional və informasiya problemləri üzündən, heç də həmişə lazımi səviyyədə aparıla bilmir. Regionun investisiya potensialının reallaşmasına əngəl törədən digər amil investorun, bank, maliyyə, dövlət büdcəsi və digər bazar infrastrukturlarının qarşılıqlı əlaqələrinin qeyri- çevikliyi, tranzaksiya xərclərinin yüksək səviyyəsidir.
Yeri gəlmişkən, burada bir məsələni qeyd edək. Regionlarda, o cümlədən ölkənin ən böyük iqtisadi rayonu olan Aranda bazar infrakstrukturu elementlərinin kompleks inkişafı istiqamətində mühüm işlər görülmüşdür. İnvestisiya potensialında səmərəli istifadə baxımından həmin struktur elementləri və onların formalaşdırdığı şəbəkə ilkin tələblərə cavab verir. Bununla belə investor, bank, istehsal subyekti və bu kimi digər qurumlar arasında əlaqələrdə operativlik arzu olunan səviyyədə deyildir. Araşdırmalar göstərir ki, belə vəziyyəti, həlledici dərəcədə insan amili ilə əlaqədardır. Odur ki, regionlarda mütərəqqi maliyyə menecmentinin yayılması üçün müvafiq tədbirlər fəallaşdırılmalıdır.
Haqqında danışılan əlaqələrdə tranzaksiya xərclərinin səviyyəsinin yüksək olmasına gəldikdə isə aşağıdakılar qeyd etmək olar:
-
ölkədə və regionda bank-maliyyə sferası daxilindəki əlaqələrdə tranzaksiya xərclərinin tərəfdaşların opportunist hərəkətləri səbəbindən artması hallarının qarşısı, demək olar ki, alınmışdır. Postsovet ölkələrində sözü gedən məsələdəki çətinliklərin fonunda bu təqdirəlayiq haldır;
-
tranzaksiya xərclərinin səviyyəsinə təsir edən əsas amil kimi ölkədə, o cümlədən Aran iqtisadi rayonunda artan informasiya-kommunikasiya imkanlarından lazımi səviyyədə istifadə edilməməsidir. Odur ki, müvafiq istiqamətdə işlərin fəallaşdırılması, təlim və treninqlərin əhatə dairəsinin yeniləşdirilməsi məqsədəuyğundur.
İstehsalçılar və emal müəssisələri arasında münasibətlərdə emalçıların öz şərtlərini diqtə etməsi və onun aradan qaldırılması tədqiqatçıların diqqət yetirdiyi məsələlərdəndir. Belə ki, regionun investisiya potensialından istifadənin əlverişliyinin mühüm şərtlərindən biri investisiya münasibətlərində bərabərhüquqlu tərəfdaşlığın təmin edilməsidir. Digər tərəfdən, son onilliklərin təcrübəsi göstərir ki, klasterlərin mərkəzində, bir çox hallarda regionun iri müəssisələri dayanır. Aqrar regionlarda, nisbətən iri və əhatə dairəsi geniş olan müəssisələr isə, əsasən emal müəssisələridir. Odur ki, intensivləşmə mühitində regionun investisiya potensialının istifadə səmərəliliyinin yüksəldilməsi istiqamətləri əsaslandırılarkən investisiya münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq və klasterial inkişafın tələbləri arasında kompromis variant tapılmalıdır. İlk baxışda, xüsusilə nəzəri baxımdan bu məsələ bir qədər çətin görünsə də, praktiki müstəvidə onun həlli yolları sınaqdan keçirilmişdir.
Regionun investisiya potensialından istifadə mühitinin yaxşılaşdırılması üçün, birgə maliyyələşmə və müştərək investisiya layihələrinin icrasının qabaqcıl ölkələrdə istifadə olunun təcrübəsi və postsovet ölkələrində aparılan son tədqiqatlar göstərir ki:
- emal müəssisələrinin ahəngdar fəaliyyətinin dəstəklənməsi regionda iqtisadi və investisiya fəallığına, intensiv texnalogiyaların tətbiq dairəsinin genişlənməsinə müsbət təsir edir. Odur ki, intensivləşmə və miqyas effekti məsələləri vahid kontekstə nəzərdən keçirilməlidir;
- investisiya prosesləri iştirakçıları arasında bərabərhüquqlu tərəfdaşlığın bütün aspektlərinin əhatə olunması üçün qiymət dispariteti yumşaldılmalı, məhsulun istehsaldan son istehlakçıya doğru hərəkətində tranzaksion xərclər minimumlaşdırılmalı, istehsal infrastrukturunun modernləşdirilməsində istehsal- emal-satış tərəfdaşlığı potensialından daha səmərəli istifadə edilməlidir;
- klasterlərin təşkilində regionun xüsusiyyətləri və klasterdaxili müəssisələrin ölçülərindən asılı olmayaraq onların bərabərhüquqlu tərəfdaşlığını nəzərdə tutan yanaşmaya üstünlük verilməsi, regionda biznes mühitini yaxşılaşdırmaqla, əhalinin məşğulluq səviyyəsini yüksəldir. Bununla belə, nəzərə almaq lazımdır ki, klasterləşmənin belə variantı iri investorların regiona marağını azalda bilər.
- investorlar üçün regionda fəaliyyət göstərən çoxsaylı kənd təsərrüfatı istehsalçıları ilə əlaqələrin optimallaşdırılması mexanizmi formalaşdırılmalı, onların müqavilə şərtlərinə qeyd-şərtsiz əməl etməsi, ümumilikdə müqavilə intizamının yüksəldilməsinə imkan verən mühit formalaşdırılması üçün iqtisadi-institusional tədbirlər sistemi həyata keçirilməlidir;
- regionda antiböhran idarəetməsinin müasir texnologiyalarından istifadə olunmalı, müxtəlif fəaliyyət sahələrində intensivləşmənin antiböhran xarakterli maliyyə - kredit mexanizmi formalaşdırılmalı, xüsusilə, enerji daşıyıcılarının qiymətindəki kəskin tərəddüdləri neytrallaşdırmaq imkanları nəzərə alınmalıdır. Regiona yönəldilən birbaşa və portfel investisiyalar likvidlik, risklə bağlılıq və tətbiq xarakteri nöqteyi-nəzərindən müqayisəli təhlil edilməlidir. Sığorta və investisiya fəaliyyətinin qarşılıqlı tənzimlənməsi mexanizmi, region iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməli, risk dərəcəsinin aşağı salınması məqsədi ilə ehtiyatlar yaradılmalı və limitlər müəyyənləşdirilməlidir.
Regionda istehsalın ixtisaslaşması, ərazi təşkilində regional xüsusiyyətlərin nəzərə alınması və aqrar-sənaye inteqrasiyasının təşviqi investisiya potensialından istifadə üçün əlverişli mühit yaratmaqla, sahələrarası əlaqələrin və istehsal - kommersiya münasibətlərinin təkmilləşdirilməsinə xidmət edir.
Artıq qeyd olunduğu kimi, regional inkişaf siyasətinin həyata keçirilməsi investisiya imkanlarından asılıdır. Həmin siyasətin tərkib hissəsi olan regional investisiya siyasətinin reallaşması isə ərazilərin investisiya cəlbediciliyini yüksəldilməsini, investisiya potensialının sahibkarlığın inkişafına xidmət imkanlarının reallaşdırılmasını nəzərdə tutmalıdır. Sahibkarların kreditə olan tələbatının ödənilməsi prosesində regionda bu və ya digər sahəyə investisiyaların kreditləşdirilməsində müxtəlif mənbələrin, o cümlədən beynəlxalq qurumların fəaliyyətinin səmərəliliyi təhlil edilməlidir.
Bir məsələni xüsusi qeyd etməyi lazım bilirik. İntensivləşmə mühitində regionun investisiya potensialının istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarının reallaşdırılması, həmin potensialın qiymətləndirilməsinə yanaşmaların səmərəliliyindən də, əhəmiyyətli dərəcədə asılıdır. Qeyd olunduğu kimi, investisiya potensialının qiymətləndirilməsinə resurs, nəticəvilik və reytinq yanaşmaları, bir sıra hallarda eyni yekun kəmiyyətlər vermir. Əlbəttə, həmin kəmiyyətlər arasındakı fərqlərə, reallaşmamış əlavə imkanlar kimi baxılması fikrinə tərəfdar deyilik. Bununla belə, reytinq üsulu ilə investisiya potensialının qiymətləndirilməsi zamanı, digər yanaşmalarla (resurs və nəticəvilik) müqayisədə əldə edilən müsbət işarəli fərq, çevik bazar strategiyası sayəsində gerçəkləşə bilən əlavə imkan kimi nəzərdən keçirilə bilər.
Regionun mütləq və nisbi üstünlüklərinin reallaşmasına xidmət edən investisiya siyasəti, mahiyyət etibarı ilə investisiya potensialının reallaşmasının əsaslandırılmış, məntiqi ardıcıllığa malik tədbirlər kompleksi kimi nəzərdən keçirilə bilər. Həmin tədbirlərə, perspektivləri genişlənən ayrı-ayrı sahələrdə əvvəlcədən nəzərdə tutulmuş tempi və miqyası qabaqlayan investisiya layihələri nəzərə alınmaqla düzəlişlər edilməsi investisiya fəaliyyətinin multiplikasiya effektini reallaşdırmağa kömək edəcək.
İntensivləşmə mühitində regionun investisiya potensialından istifadə səmərəliliyinin yüksəldilməsi barədə yuxarıda göstərilənlərə əlavə olaraq demək olar ki:
-
Aran iqtisadi rayonunun investisiya potensialından səmərəli istifadə imkanlarının gerçəkləşdirilməsi idarəetmə uçotu məlumatlarının kompleks təhlilini tələb edir. Qanunvericiliyə uyğun olaraq həmin təhlilin nəticələrindən tədqiqat məqsədilə istifadə imkanları yaradılmalıdır;
-
investisiya proseslərinin risk - menecmentinin ən mütərəqqi metodlarının tətbiqi üçün əlverişli iqtisadi və institusional mühiti formalaşdırmalıdır;
-
investisiya potensialından istifadə vəziyyətinin monitorinqi sistemi qurulmalı və onun nəticələrindən istifadə stimullaşdırılmalıdır;
-
Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişaf prioritetlərində regionun investisiya potensialından istifadə perspektivlərinin daha detallaşdırılmış şəkildə nəzərə alınması təmin edilməlidir.
Nəhayət qeyd edək ki, intensivləşmə mühitində regionun investisiya potensialının istifadə səmərəliliyi yerli özünüidarəetmə strukturları ilə sıx əməkdaşlıq şəraitində mümkündür. Məhz həmin əməkdaşlıq, regional və lokal xarakterli problemlərə real müstəvidə yanaşmağa və onları həll etməyə əlverişli şərait yaradacaq.
Dostları ilə paylaş: |