4.2.Qərar qəbulunu dəstəkləyən sistemlərin yaranma və inkişaf tarixi
1965-ci ilə qədər böyük informasiya sistemlərinin qurulması çox baha başa gəlirdi, odur ki, həmin illərdə menecment (idarəetmə) üçün İS (Management İnformation System-MİS) yalnız iri kompaniyalarda hazırlanırdı. MİS-dən əsas etibarilə menecerlər üçün strukturlaşdırılmış dövri hesabatların hazırlanması məqsədilə istifadə edilirdi. 60-cı illərin sonunda İS-in yeni tipi-model–yönlü QQDS (Model-oriented DSS) və ya menecment üçün qərar qəbulu sistemi (managoment decision system) yarandı.
QQDS-in yaradıcılarından olan Piter Kin, Çarlz Steybel və Skot Nortonun fikrincə, qərar qəbulunun dəsdəklənməsi konsepsiyası 60-cı illərin əvvəllərində Karneqi texnoloji institutunda aparılan “Təşkilati qərarların qəbulunun nəzəri tədqiqi” və Massaçuset texnoloji institutunda “İnteraktiv kompyuter sistemləri” sahəsində aparılan praktiki işlərin nəticəsində yaranmışdır[5].
70-ci illər ərəfəsində müxtəlif biznes nəşriyyatlarında menecment üçün qərar qəbulu sistemlərinə, strateji planlaşdırma sistemlərinə və QQDS-lərə aid məqalələr və kitablar nəşr olundu. 1971-ci ildə Skot Morton tərəfindən hazırlanan və mütəxəssislərin yüksək dəyərləndirdikləri “Menecment üçün qərar qəbulu sistemləri: qərar qəbuluna kompyuter dəstəyi” (“Management Decision Systems: Computer-Based Support for Decision Making”/kitab nəşr olundu.
1974-cü ildə Minnesot universitetinin professoru Qordon Devisin nəşr etdirdiyi məqalədə “Menecmentin informasiya sistemi” və “Planlaşdırmanı və nəzarəti dəstəkləyən informasiya sistemi” anlayışlarına aydınlıq gətirilmiş və bununla da QQDS sahəsində müxtəlif elmi və praktiki işlərin inkişafına təkan verilmişdir.
1975-ci ildə J.D.Litte kompyuter modelləşdirilməsinin sərhədlərini genişləndirdi. Onun “Brandaid” (Brendin dəstəklənməsi) adlandırdığı QQDS istehsalatda, qiymət qoyuluşunda, reklamda qərar qəbulunu dəstəkləmək üçün nəzərdə tutulurdu. O, həmçinin, menecment üçün qərar qəbulu modellərini və sistemlərini qiymətləndirmək məqsədilə kriterilər formalaşdırmışdır. Onun təklif etdiyi 4 kriteri: etibarlıq, nəzarətin asanlığı, sadəlik və lazımi hissələr toplusunun tamlığı-indi də müasir QQDS-lərin relevantlığını qiymətləndirmək üçün tətbiq edilir.
1978-ci ildə P.Kin və S.Morton tərəfindən nəşr edilən dərslikdə QQDS-in qurulma aspektləri-təhlil, layihələndirmə, tətbiq, qiymətləndirmə və işlənib hazırlanma-müfəssəl təsvir olunur. 1980-cı ildə S.Alter özünün “QQDS: praktika və cari problemlər” (DSS: Current practice and continuing challenge”) adlı kitabında QQDS-in təsnifatının və idarə olunmasının əsaslarını, ayrı-ayrı nümunələrin təsvirini vermişdir.
1981-ci ildə Bonczek, Holsapple və Whinston QQDS-in layihələndirilməsinin nəzəri əsaslarına həsr etdikləri monoqrafiyada istənilən QQDS-ə xas olan 4 əsas komponenti ayırırlar: 1)Dil sistemi (Language system)-QQDS bütün məlumatları qəbul edə bilər; 2)Təqdimetmə sistemi (Presentation system)-QQDS özünün məlumatlarını təqdim edə bilər; 3)Biliklər sistemi (Knowledge system) QQDS bütün bilikləri saxlayır; 4)Məsələləri emal edən sistem (Problem-processing system)-QQDS-in işi zamanı məsələni tanıyan və icra edən proqram “mexanizmi”.
QQDS-in inkişaf tarixində R.Spraqanin və E.Karlsonun 1982-ci ildə nəşr etdirdikləri “Səmərəli QQDS-in qurulması” (“Bulding effective Decisision Support Systems”) kitab əhəmiyyətli rol oynadı. Burada QQDS-in konstruksiyasına modellər və verilənlər bazalarının daxil edilməsi, dialoqun təşkili və proqram təminatı haqqında mülahizələr verilir. Kitabda həmçinin müxtəlif müəssisə və təşkilatların QQDS-i öz strukturlarına necə salmalı olduqları barədə məlumat var. Elə bu vaxtlar menecer üçün idarəetmə qərarlarının qəbulunu dəstəkləyən, onu adekvat cari informasiya ilə təmin edən və “Rəhbərin informasiya sistemi” (“Executive İnformation System (EİS)”) adlanan kompyuter sistemi yaradıldı.
80-cı illərin əvvəllərində model-yönlü sistemlərin qurulması üçün elektron cədvəllərdən istifadə edilməyə başlandı. Elə bu illər qrup qərarların dəstəklənməsi üçün proqram təminatı yaradıldı. Buna misal olaraq, Arizon universitetində yaradılan “Mindsight” və “Plexsys” sistemlərini göstərmək olar. Bu sistemlərdə 16 kompyuter-işçi stansiya arxasında oturan menecerlər birlikdə qrup qərarları qəbul edə bilirdilər. 80-cı illərin ortalarından başlayaraq bir sıra kompaniyalarda qrup qərarlarının qəbulu sistemlərinin (qrup DSS) tətbiqinə başlandı.
1990-cı illərdən başlayaraq verilənlər anbarları (Data Warehouses) yaradılır. 1993-cü ildə E.Kodd tərəfindən xüsusi növ QQDS üçün OLAP (On-Line Analytical Processing)–Verilənlərin operativ analizi” termini təklif olundu. Hazırda OLAP sistemlər QQDS-in reallaşdırılması üçün geniş tətbiq edilir. Bu cür sistemlərdə analiz üçün ilkin verilənlər çoxölçülü kub şəklində təsvir edilir. Kub üzrə kəsikləri-hesabatları almaq olar. Verilənlər üzərində əməliyyatların aparılması OLAP-maşın” adlanan xüsusi proqramla həyata keçirilir.
90-cı illərdə texnologiya da yeniləşdi: böyük kompyuterlərdə (mainframe-based) reallaşdıran QQDS-lər fərdi kompyuterlərdə reallaşdırılan kliyent-server tipli kompyuter şəbəkələrinə keçirildi. Elə bu vaxtlar obyekt-yönlü texnologiyaya keçid başlandı Bir çox kompaniya özlərinin şəbəkə infrastrukturlarını yeniləşdirməyə başladı. OLAP-sistemlərin tətbiqi genişləndi. 1995-ci ildə OLAP texnologiyası ilə WEB texnologiyasının imkanları birləşdirildi və QQDS-ın İnternet variantı reallaşdırıldı. 2005-ci ildə QQDS-in yeni sinfi: “Menecerin fərdi informasiya sistemi (Personal İnformation System of Top Managers-PSTM) yaradıldı. PSTM-in mövcud QQDS-dən əsas fərqi onun konkret qərar qəbul edən şəxs üçün qurulmasıdır. Bu zaman avtomatik rejimdə informasiyanın məntiqi-analitik emalı aparılır və nəticələr ekrana çıxarılır.
QQDS-in inkişaf tarixi nisbətən kiçik vaxt kəsiyini əhatə edir. Anlayışlar və texnologiyaya indi də dəyişir və inkişaf edir. Şübhəsiz ki, QQDS-in yaradılmasında iştirak edən mütəxəssislərin izahatları və həmçinin nəşr olunan və ya olunmayan yeniliklər əsasında bu tarix dəyişəcək və təkmilləşəcək.
Dostları ilə paylaş: |