X X X
Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyevanın çıxışı
(2 fevral 2013-cü il)
- Hörmətli cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
21
üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə
əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. I Avropa Oyunlarının
Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir.
Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud
ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev
sahibliyi edə biləcəkdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və
dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri
nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya
Komitəsi tərəfindən verilən yüksək qiymətdir.
Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycanın növbəti qələbəsidir və cənab Prezident, icazə verin, ilk
növbədə, bu qələbə münasibətilə Sizi təbrik edim və Təşkilat Komitəsinin bütün üzvləri adından bizə
göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirim.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında,
“Eurovision-2012” mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, I Avropa Oyunlarının da ən
yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki,
göstərdiyiniz etimadı doğruldaq.
İndi isə icazənizlə, Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlıq işləri ilə bağlı bəzi vacib məqamları
Sizin diqqətinizə çatdırım.
I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa
Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa
əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə
heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək
beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və
Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman
növündən minimum 12-ci və iki qeyri-Olimpiya idman növü daxil olmalıdır. Bu, ümumi qaydalardır. Yarışların
17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu artıq daxil
olmuşdur. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo,
badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və
reqbi-7 daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə
Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Proqrama
daxil olacaq iki qeyri-Olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və
Avropa idman federasiyaları ilə danışıqlar aparılır.
Hörmətli cənab Prezident, I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri
müəyyən edilmişdir. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına
Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr
stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya
Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu
yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və
bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya
Stadionunda keçirilməsi nəzərdə tutulub.
Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə
çatdırmaq istərdim. Güləş və cüdo idman növləri üzrə yarışların 7 min 100 yerlik Heydər Əliyev adına İdman-
Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub. 25 min tamaşaçı tutumu olan “Baku Crystal Hall”da
həndbol və voleybol idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Reqbi-7 idman növü üzrə
yarışların 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda keçirilməsi nəzərdə tutulub. Stolüstü tennis,
qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Boks üzrə yarışların 3 min 250 yerlik “Sərhədçi” İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik
Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışların isə 7 min yerlik “Şəfa” stadionunda keçirilməsi
nəzərdə tutulub.
I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində
keçirilməsi nəzərdə tutulub. Üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri
Mərkəzində keçirilməsi nəzərdə tutulub. Su polosu üzrə yarışların keçirilməsi üçün Mərkəzin yanında
müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına
Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı
bulvarda müvəqqəti arenanın inşası tələb olunur.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
22
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük
təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar başlanmışdır. Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil
olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi
istiqamətində işlər görülür. I Avropa Oyunları mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilmişdir.
Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin
Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Hazırda
medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır.
Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılmalıdır. Kütləvi
İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə
və “Baku Crystal Hall”dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaqdır.
Oyunların keçiriləcəyi müddətdə, yəni, 2015-ci ilin iyun, iyul aylarında Bakıya çoxsaylı qonaqlar
gələcək. İdmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və
Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Seçim imkanını artırmaq üçün şəhərə
yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaqdır.
Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım
olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanmalıdır. Dünya mediasında I
Avropa Oyunlarının keçirilməsi barədə informasiyanın yayılmasına, ümumiyyətlə, Azərbaycan haqqında,
xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanması, baner
və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində bu ildən başlamaq lazımdır. Avropanın və dünyanın
nüfuzlu kütləvi informasiya vasitələrinin təbliğat kampaniyasına cəlb olunması, onlarla əməkdaşlıq
perspektivləri müzakirə olunmalıdır.
Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim
bu sahədə böyük təcrübəmiz vardır. “Eurovision-2012” mahnı müsabiqəsini hazırlayanda biz gənclərin,
könüllülərin yardımından çox gözəl istifadə etmişdik və gənclərimiz özlərini çox gözəl göstərmişdi. Ona görə də
I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub.
I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı
hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb
edilməsi istiqamətində işlər görülür.
I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Şəhər
infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi
xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə
olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər bütün cavabdeh təşkilatlar
tərəfindən hazırlanır.
Bugünkü müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında və əldə olunmuş informasiyanı və
fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan əsas məsələlərin həlli ilə bağlı aparılmış
monitorinqlərin nəticələrini təqdim edirik. Monitorda gördüyünüz məlumatlar ümumi xarakter daşıyır.
Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu
yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun
vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır. Həmin tədbirlər planı qısa müddət ərzində Sizin
diqqətinizə təqdim olunacaqdır.
Sonda bir daha, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Sizi əmin edirik ki, I Avropa Oyunları ölkəmizin tarixində Sizin və hər bir azərbaycanlının növbəti
qələbəsi kimi qalacaqdır. Diqqətinizə görə çox sağ olun.
Prezident İlham ƏLİYEV: İndi isə söz verilir gənclər və idman naziri Azad Rəhimova.
X X X
Nazir Azad RƏHİMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Azərbaycan gəncinin potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də mənəvi iradəsi
böyükdür. Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün
bədən tərbiyəsini onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki, mənəvi sağlamlığını təmin edəcəyik.
Ulu öndər Heydər Əliyevin bu tövsiyəsi və qarşımızda qoyduğu vəzifələr, Sizin rəhbərliyiniz altında aparılan
düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş,
ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
23
Müstəqillik dövründə Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandığı nəticələrin artan
dinamikası bu sözləri sübut edir. Eyni zamanda, Azərbaycanda keçirilən yarışların sayı və keyfiyyəti ilbəil
artmaqdadır.
Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə
keçirilmişdir.
Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində
təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində inam
yaratmışdır.
Ölkəmizdə aparılan böyük tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Bakını
dünyanın ən gözəl şəhərlərindən birinə çevirmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturunun
yaradılması sahəsində böyük işlər görülmüş və bu işlər yüksək templə davam etdirilməkdədir.
2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin
Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya
idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının
Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkili prosesində bir sıra məsələlərin həll olunması da
zəruridir. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, bəzi idman növləri üçün
müvəqqəti idman qurğularının inşa edilməsi vacibdir. Mart ayının ikinci yarısında Avropa idman federasiyaları
ilə müvafiq sənədlər imzalanandan sonra bir sıra idman qurğularının, o cümlədən atıcılıq üçün müvafiq stendin,
voterpol üçün müvəqqəti arenanın, çimərlik voleybolu üçün müvəqqəti meydançanın və s. obyektlərin müvafiq
beynəlxalq standartlara uyğun inşasına ehtiyac yaranacaqdır.
Eyni zamanda, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Həmin idman
obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilməlidir. Bu
tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aid olmalıdır. Təcrübə göstərir ki, iştirak edən
idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər.
Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq
zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.
Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması,
tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinikanın və yeməkxananın yaradılması ilə
bağlı planlar da müzakirə edilir. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda
iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi yaradılmalıdır.
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə
heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və
fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac vardır.
Atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və
təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilməlidir.
Eyni zamanda, atlet kəndində yaşayan bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur yaradılmalıdır, o
cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi,
internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s.
Oyunların keçirilməsi zamanı vacib elementlərdən biri də könüllülərin bu işdə fəal iştirakı, bütün idman
obyektlərində, atlet kəndində, hava limanında və digər iaşə və infrastruktur obyektlərində təcrübəli gənclərin
xidmət göstərməsidir.
Təcrübə göstərir ki, bu cür oyunların keçirilməsi yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də cəlb
olunmasını tələb edir. Bununla bağlı, Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birgə London Yay
Olimpiadası-2012, Vankuver Qış Olimpiadası-2010 və Futbol üzrə Dünya Çempionatı-2010 kimi yarışların
təşkilində iştirak etmiş şirkət və mütəxəssislər ilə birbaşa danışıqlar aparır. Bu görüşlərin nəticəsi olaraq
müraciətlərə baxılmasından sonra işçi qrupunun tərkibi ilə bağlı təkliflər irəli sürüləcəkdir. Bununla yanaşı,
oyunların daha peşəkar idarə olunması üçün idman, nəqliyyat, təhlükəsizlik, protokol, maliyyə məsələləri, açılış
və bağlanış mərasimləri və digər sahələr üzrə dünyada tanınmış ekspertlərin və mütəxəssislərin dəvət olunması
planlaşdırılır.
Əlbəttə, oyunların keçirilməsi həmin idman yarışlarında yüksək səviyyədə iştirak etmək üçün bizim
qarşımızda çox ciddi tələblər qoyur. Təşkilatçı ölkə kimi, Azərbaycan bütün idman növləri üzrə təmsil olunmaq
hüququna malik olacaqdır. Bununla bağlı nazirlik tərəfindən artıq ciddi işlərə başlanılmış, hər bir idman
növündə perspektivli idmançılar müəyyən edilir. Eyni zamanda, bu oyunların ölkəmizdə keçirilməsi
ümumilikdə idmanın inkişafına böyük təkan verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
24
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının
üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının,
məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı
telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcəkdir.
Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da
böyük təkan verəcəkdir. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm
yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaqdır. Ən əsası isə Yay Olimpiya
Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır.
Möhtərəm cənab Prezident!
Gənclər və İdman Nazirliyi, ölkəmizin bütün gəncləri və idman ictimaiyyəti bu möhtəşəm idman
yarışlarının
ən
yüksək
səviyyədə
keçirilməsi
üçün
bütün
səylərini
səfərbər
edəcəkdir.
Diqqətinizə görə çox sağ olun!
X X X
Prezident İlham ƏLİYEV: Oyunların yüksək səviyyədə keçirilməsi üçün əlbəttə ki, təhlükəsizlik
tədbirləri də yüksək səviyyədə görülməlidir. Bu barədə danışmaq üçün söz verilir daxili işlər naziri Ramil
Usubova.
X X X
Nazir Ramil USUBOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!Ümummilli lider Heydər Əliyevin uzun dövrə hesablanmış strateji siyasət
kursunu xalqın və dövlətin maraqlarına uyğun, müvəffəqiyyətlə inkişaf etdirməniz sayəsində ölkə həyatının
bütün sahələrində davamlı tərəqqiyə nail olunmuş, respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə
yüksəlmiş, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Sözsüz ki, rəhbərliyiniz altında əldə edilən bu nailiyyətlər, həmçinin ölkəmizdə ictimai asayişin,
sabitliyin, insan hüquq və azadlıqlarının etibarlı qorunmasında da mühüm rol oynamışdır.
Uzun illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin təmini sahəsində MDB və
Şərqi Avropa məkanında lider dövlətlərdəndir. Bu müsbət təmayül 2012-ci ildə də davam etmişdir.
Zati-aliləri!
Ölkəmizi dünya və Avropa birliyinin çox etibarlı üzvü kimi tanıtmanızın məntiqi nəticəsidir ki,
Azərbaycan Respublikası və onun paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi
məkana çevrilmişdir. Təkcə ötən il respublikanın müxtəlif yerlərində keçirilən 500-ə yaxın belə beynəlxalq
tədbirdə digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birgə ictimai asayiş və təhlükəsizlik yüksək
səviyyədə qorunmuşdur.
Çox sevindirici haldır ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini baxımından özünü sabit
ölkə kimi tam təsdiqləməsi 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakı şəhərində keçirilməsi ilə bağlı
tarixi qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
Əlbəttə, bu mühüm hadisənin təməlində ölkəmizdə idmanın inkişafına Zati-aliniz tərəfindən göstərilən
qayğı, o cümlədən müasir idman infrastrukturunun yaradılması istiqamətində gördüyünüz böyük işlər və bunun
nəticəsi kimi idmançılarımızın ən yüksək səviyyəli beynəlxalq yarışlarda qazandığı nailiyyətlər dayanır.
Möhtərəm cənab Prezident!
Məruzə edirəm ki, 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili
sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması ilə
bağlı hazırlıq işlərinə Sizin göstərişinizlə artıq başlanılmışdır.
Qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından
geniş istifadə olunacaqdır. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli
rolu olan “Təhlükəsiz Şəhər” sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi
istiqamətində
işlər
Sizin
böyük
qayğınız
sayəsində
ardıcıllıqla
həyata
keçirilməkdədir.
Sistemin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda
1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə
Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılmışdır.
Cari ilin birinci rübündə isə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara
veriləcəkdir. Bu sahədə fəaliyyətin davam etdirilməsi məqsədilə yüksək diqqətinizə məruzə olunan məsələlər, o
cümlədən 150 yerdə “Üztanıma” funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaitinin ayrılması
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
25
və qarşıda duran digər vacib vəzifələrin reallaşması üçün göstərdiyiniz əvəzsiz köməkliklərə görə Zati-aliləri,
Sizə dərin minnətdarlığımı bildirirəm.
Bundan əlavə, ötən il keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal
detektorları və digər xüsusi vasitələr alınmış, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz
olunmuşdur.
Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti
avtomobillərində də bort kompyuterlərin quraşdırılması, piyada naryadlar üçün planşet kompyuterlərin,
radiostansiyaların və metal axtaran detektorların alınması nəzərdə tutulmuşdur.
Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki
hazırlığının artırılması, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdiriləcəkdir.
Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş
diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən istirahət və
gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə
artırılacaqdır.
Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin
təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti
üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və
Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulmuşdur.
Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə mümkün təxribatların qarşısının alınması, həmçinin ölkəyə
qanunsuz gələn və yaşayan əcnəbilərin müəyyən edilməsi, paytaxtda yaşayış yeri üzrə qeydiyyat qaydalarına
riayət olunması istiqamətində tədbirlər də nəzarətdə saxlanılacaqdır.
Yarışlara hazırlıq dövründə həyata keçiriləcək bütün tədbirlərin gedişi barədə Zati-alinizə və Birinci
Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, çox hörmətli Mehriban xanım Əliyevaya
mütəmadi məruzə olunacaqdır.
Cənab Prezident, Sizi əmin edirəm ki, daxili işlər orqanlarının bütün əməkdaşları bu Olimpiya
Oyunlarının təhlükəsiz keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə sağ olun!
Dostları ilə paylaş: |