2. QƏDİM YUNANISTANDA MİLET VƏ HEFES MƏKTƏBİ Milet məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Milet məktəbinin nümayəndiləri olan Fales, Anaksimandr, Anaksimen hər şeyin, bütöv kainatın ilkin maddi əsasını suda və havada görürdülər. Milet məktəbinin əsasını Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslanaraq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi. Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil. Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır, toxumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər, susuz məhv olurlar; Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar. Deməli, hər şey sudan yaranır. Fales belə hesab edirdi ki, suyun özünda inkişaf imkanları vardır. Dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində meydana gəlir. Milet məktəbinin ikinci ən böyük nümayəndəsi Anaksimandr (e.ə. 611-546) idi. Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə ilə yanaşı təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksimandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer daimi, əbədi fırlanma hərəkətinə malikdir. İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır. Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını təşkil konkret forması olmayan "Apeyron" adlandırılan substansiyada görür, onu əbədi, sonsuz varlıq hesab edirdi. O, Milet məktəbinin sadəlövh materialist ənənələrini davam etdirmiş və bəzi dialektik fikirlər də söyləmişdir. Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi Anaksimen (e.ə. 585-524) Falesin və Anaksimandrın tələbəsi olmuş, onların təlimlərini əsaslandırmış və inkişaf etdirmişdir. Anaksimen Havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir.
Milet məktəbi dünyaya olan materialist baxışların inkişafında xüsusi rol oynamış və bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük təsir göstərmişdir. Dünyanın maddiliyini qəbul etməklə yanaşı, gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşmaq antik dövrün bəzi müdriklərinə xas olan səciyyəvi xüsusiyyət idi. Bu cəhətdən Heraklitin fəlsəfəsi diqqətə layiqdir.