Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları
3. Nikahın xitam edilməsi Nikaha xitam verilməsi əsasları Ailə Məcəlləsinin IV fəslində öz əksini tapmışdır. 14-cü maddəyə görə:
1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir;
2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcədə də məhkəmə qaydasında fəaliyyət
qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər
Şəxsin məhkəmə qaydasında ölmüş elan olunması nəticəsinə nikahın xitam edilməsi onun ölmüş güman edilməsinə əsaslanır. Buna görə də həmin adamın sağ olması istisna edilmir. Həmin şəxs gəlib çıxdıqda və ya
onun yeri aşkar olunduğu halda onun ölmüş elan olunması haqqında məhkəmənin qətnaməsi yeni açılmış hallara görə Azərbaycan Respublikasının MTM-nin tələbinə görə ləğv edilir və bu vaxtdan nikah avtomatik surətdə bərpa olunmuş hesab edilir. Belə hallarda nikah ər-arvadın iradəsindən asılı olmadan bağlandığı vaxtdan bilavasitə qanunun göstərişinə əsasən bərpa olunur.
Nikahı aşağıdakı hallarda bərpa etmək olar:
a) Əgər ərin (arvadın) ölmüş elan olunması haqqında məhkəmənin qətnaməsi ləğv olunmuşsa, məhkəmənin bu yeni qətnaməsinə əsasən ərin (arvadın) ölmüş elan olunması haqqında qeyd ləğv edilir;
b) Əgər ölmüş elan edilən şəxsin əri (arvadı) yeni nikaha daxil olmamışsa, belə halda nikah şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi ləğv edildiyi vaxtdan avtomatik surətdə bərpa edilir. şəxs özünün ölmüş elan olunmasını bildikdə, əvvəlki nikah boşanma yolu ilə xitam edilmədən, o, yeni nikaha daxil ola bilməz. Əks halda yeni nikah etibarsız hesab edilməlidir.
Qüvvədə olan Ailə qanunvericiliyi üzrə nikah iki qaydada pozulur:
1. Nikahın məhkəmə tərəfindən pozulması;
2. Nikahın vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozulması.
Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanında aparılır.
1.Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2.Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3.Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
Ər-arvadın razılığı olduqda, lakin onlardan biri VVAQ-da nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması
məhkəmə qaydasında həyata keçirilir.
Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən
edildikdə, nikah məhkəmə qaydasında pozulur.