7. Övladlığa götürmə Övladlığa götürmə elə bir hüquqi aktdır ki, onun nəticəsində övladlığa götürülən uşaq övladlığa götürən və onun qohumları barəsində valideynlər və uşaqlar üçün qanunla müəyyən edilmiş eyni hüquq və vəzifələrə malik olur. Övladlığa götürmə institutu ilk dəfə keçmiş ittifaq ərazisində 1926-cı ildə Azərbaycanda 1928-ci ildə
yaranmışdır. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir
Ailə Məcəlləsinin 120-ci maddəsində göstərilir ki, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslə;
2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə, qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.
Övladlığa götürmənin ləğv edilməsi Övladlığa götürmənin ləğv edilməsi haqqında işlərə iddia qaydasında baxılır:
1. Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri;
2. Uşağın valideynləri;
3. Övladlığa götürülən 14 yaşına çatmış uşaq və;
4. Yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayə orqanları həyata keçirirlər. Övladlığa götürmənin ləğv edilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir, çünki burada çox mühüm və müstəsna əhəmiyyət kəsb edən şəxsi, yəni qeyri-əmlak ailə hüququ münasibətlərinə toxunulur.