İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs



Yüklə 34,44 Kb.
səhifə2/5
tarix25.01.2022
ölçüsü34,44 Kb.
#51571
növüMühazirə
1   2   3   4   5
Mövzu 9.

9.2. Yağıntıların növləri.
Yağıntılar buludlardan yağış, qar, dolu şəklində düşür, yaxud bilavasitə havadan şeh, qırov və sırsıra şəklində çökür. Yer səthi il ərzində orta hesabla 1020 mm yağıntı alır ki, bunun 70 % - i okean və dənizlərin, 21 % - qurunun üzərinə düşür.

Yağış maye halda, qar və dolu sülb ( bərk ) halında düşür. Yağış damcılarının diametri 0,05 – 0,1 mm arasında olur. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız – narın və çiskin formada olur. Bu yağışlar əsasən topa – yağış buludlarından yağır.

Aramsız – narın yağışlar bərabər, az intensiv olur. Belə yağışlar bir neçə gün müddətində davam edir. Yağış zamanı ərazi yaxşı rütubətlənir. Ona görə də kənd təsərrüfatı məhsullarının becərilməsi üçün aramsız – narın yağıntıların əhəmiyyəti çoxdur. Bu yağış növü laylı – yağış və yüksək – laylı buludlardan əmələ gəlir. Çiskin yağışların damcıları çox kiçik olur ( 0,5 mm – dən az ) , havadan asılı vəziyyətdə yerə düşür və su damcılarının sürəti zəif olur. Çiskin yağışlar laylı və laylı – topa buludlardan yağır.

Qar yağması bərəkət gətirir – Atmosferdə, buludlar yerləşən yüksəklikdə havanın temperaturu 00 C – dən aşağı olduqda buradakı su buxarından qar dənələri yaranır. Onun dənələri müxtəlif formalı kristallardan ibarətdir. Maraqlıdır ki, sonsuz sayda olan qar dənələrinin heç biri digərinə bənzəmir. Qar çoxbucaqlı, adətən altıbucaq ulduzcuq formasında olur. Bəzən iynə formasında kristallar, 3 və ya 12 bucaqlı ulduzlar da olur. Qar kristallarının diametri bir neçə mm – dən 1 – 2 sm - ə qədər ola bilər. Qar yağmasının intensivliyi ətraf ərazilərin görünməsi, qar örtüyünün çoxalması ilə səciyyələnir. Azərbaycanda qarın yağmasına görə quşbaşı, alaçarpa, sulu qar kimi növləri vardır. Yer səthinə yaxın havanın temperaturu 00 C – dən yuxarı qalxarsa, qar dənələri əriyərək sulu qara çevrilir.

Qar ilin soyuq dövründə bir çox bulud növlərindən, əsasən də laylı – yağış və yüksək – laylı buludlardan buz kristalları şəklində düşür. Yazın əvvəli və payızda 00 C – yə yaxın temperatur şəraitində lopa qar yağır.

Qütblərdə il boyu, mülayim enliklərdə 6 aya qədər qar daimi örtük əmələ gətirir. 450 şimal enliyində qar örtüyü bir ay davam edir. Ondan cənubda daimi qar örtüyü olmur. Subtropik enliklərdə yağan qar bir neçə gün qaldıqdan sonra əriyir və daimi örtük əmələ gətirmir. Mülayim enliklərdə qar örtüyünün qalınlığı 30 – 50 sm - ə, dağlarda bir neçə metrə çatır. Qar örtüyünün hündürlüyü, sıxlığı, miqdarı və toplanmış suyun həcmi müəyyən edilir. Qar örtüyünün qalınlığı qarölçən xətkeşlə, sıxlığı qarölçənlə təyin edilir. ABŞ – da yerləşən Reynir vulkanının ətəklərinə ( 14,6 m ), Kaliforniyada Tamarak rayonunda ( 11, 5 m ) il ərzində ən çox qar düşmüşdür.

Qar örtüyünün istilik keçirmə qabiliyyəti az olduğuna görə torpağı və onun üzərindəki bitkiləri donmaqdan qoruyur, zərərverici həşəratları məhv edir, günəş radiasiyasının çox hissəsini əks etdirməklə Yeri çox qızmağa qoymur, quru sularını qidalandırır, torpağı rütubətləndirərək məhsulun bolluğuna şərait yaradır. Ona görə də qar çox yağdıqda ilin “ruzili, bərəkətli” olacağını deyirlər.

Yazın və yayın fəlakətli anları – İlin isti dövründə sıx topa – yağış buludlarından buz kristalları formasında dolu yağması baş verir. Dolunun düşməsi yazın axırı və yayın əvvəllərinə təsadüf edir. Bu zaman buxarlanan su qızmış hava ilə birlikdə dağların aşağı hissələrindən, temperaturu ( 4 – 6 km ) qalxır. Sublimasiya nəticəsində dolu dənələri yaranır. Havanın bir neçə dəfə aşağı – yuxarı hərəkəti ilə dənələr soyuq suları özünə birləşdirir və daha da böyüyür. Onlar Yer səthinə çatana qədər ərimirsə dolu yağır. Bu zaman ildırım çaxır, leysan yağışları yağır.

Dolu yağması subtropik və mülayim enliklərdə, dağətəyi və dağlıq ərazilərdə müşahidə edilir.

Ekvatorial enliklərdə də tez – tez dolu yağması müşahidə edilir. Dolu dənələrinin diametri 0,5 sm – dən bir neçə sm - ə qədər, çəkisi 300 qramdan çox ola bilər. ABŞ – ın Kanzas ştatına 750 qramlıq dolu düşməsi ( 1971 ) qeydə alınmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tez – tez dolu yağır.

Dolunun düşməsi təsərrüfata ciddi ziyan vurur, əkin sahələrini, mal – qaranı, ev heyvanlarını məhv edir, tikililəri, yolları, körpüləri dağıdır. Onlarla mübarizə aparmaq üçün uzaqvuran toplarla dolunu əmələ gətirən buludlar dağıdılır.

Yer səthində əmələ gələn yağıntılar – Yer səthində əmələ gələn yağıntılara şeh, qırov, duman, sırsıra aiddir. Yer səthində yağıntıların əmələ gəlməsinə səbəb axşamüstü hava soyuduqdan sonra buxarlanan suyun yuxarı qalxmağa imkan tapmamasıdır.

Axşamüstü havanın temperaturunun aşağı düşməsi zamanı Yerə yaxın sahələrdə olan su buxarının kondensasiyası nəticəsində yaranan su damcılarına şeh deyilir. Əmələ gələn su damcıları Yerin səthinə, əşyaların və bitkilərin üzərinə çökür. Şehin əmələ gəlməsi üçün havanın doymuş hala keçməsi və temperaturunun 00 C – dən yuxarı olması vacibdir. Mülayim qurşaqda şeh 10 – 50 mm, tropiklərdə 100 mm - ə qədər yağıntı qatı yaradır.

Havadakı su buxarı soyuq səthə təmas etdikdə qırov əmələ gəlir. O, ayaz gecələrdə Yerin və cisimlərin səthi soyuyaraq temperatur mənfi olduqda onların səthinə, otların üzərinə buz kristalları formasında çökür.

Yer səthinə yaxın havanın temperaturu 00 C – dən – 30 C – yə qədər ( bəzən daha aşağı ) olarkən soyumuş yağış və ya duman damcılarının donması zamanı budaqlar, məftillər, sütunlar üzərində bərk yağıntı əmələ gəlir və ya qalın buz qatı çökür. Buna sırsıra deyilir. Sırsıra yüksək intensivliyə malik olan zaman təhlükəli olur, məftillər qırılır, budaqlar sınır, rabitə xətlərinin dirəkləri aşır.

Duman və çən Atmosferin Yer səthinə yaxın hissələrində su buxarının və kondensasiya məhsullarının toplanması zamanı duman yaranır. Duman Yer səthində yaranan yağıntı növlərindən biridir, yuxarı qalxmağa imkan tapmayan su buxarıdır. İsti hava axınlarının soyuq olan əraziyə daxil olması, havanın dağların yamaclarında yuxarı qalxması, qurudan soyuq hava axınlarının isti suyun üzərinə hərəkəti, isti və soyuq hava axınlarının qarşılaşması zamanı duman yaranır.

Tropik səhralar yerləşən sahillərdən keçən soyuq cərəyanlar burada rütubətin əsas mənbəyidir. Soyuq Peru cərəyanının keçdiyi Ekvador, Peru və Çili sahillərində qışda əmələ gələn sıx və çiskinli dumana yerli əhali qarua deyir. Qütb enliklərində, mülayim enliklərin sahil rayonlarında duman tez – tez müşahidə olunur. O, naviqasiyanın fəaliyyətinə mənfi təsir göstərir. Hava qızdıqca dumanı təşkil edən sular buxarlanır, yuxarı qalxır və buluda çevrilir.

Quru havada toz və tüstü kimi bərk hissəciklərin toplanması nəticəsində yaranan tutqun havaya çən deyilir.

Yağıntıların coğrafi paylanması – Yağıntıların paylanmasına coğrafi enliklər, atmosfer təzyiqi sahələri, okeanlara yaxınlıq, okean cərəyanları, dağların yamaclarının daimi küləklərə görə istiqaməti və ərazinin mütləq hündürlüyü təsir edir. Yer səthinə düşən yağıntılar ekvatordan qütblərə doğru azalaraq zonal şəkildə paylanır. Bu, temperaturun azalması, təzyiq sahələrinin dəyişməsi və atmosferin ümumi dövranı ilə əlaqədardır. Yer üzərinə düşən atmosfer yağıntılarının yarısı ( 50 % ) 200 şimal və cənub enlikləri arasında yerləşən ərazilərə düşür.

İqlim xəritələrində eyni miqdarda yağıntı düşən nöqtələri birləşdirən xətlərə izogiyetlər deyilir. Maye yağıntılarının miqdarı plyuvioqrafla ölçülür.



Yüklə 34,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin