İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 2,13 Mb.
səhifə10/43
tarix13.02.2017
ölçüsü2,13 Mb.
#8401
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

«Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəc`əlni minəl-mutətəhhirin».
2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü.
8 - 9. Fitr və Qurban bayramı gününün qüslü. Onun vaxtı sübh azanından qüruba kimidir. Ən yaxşısı odur ki, bayram namazından əvvəl əmələ gətirilsin.
10 - 11. Zilhəccənin 8-ci, 9-cu günləri. Daha yaxşı olar ki, 9-cu günün qüslünü zöhr vaxtı əmələ gətirsin.
12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü.
13. Ehram qüslü.
14. Hərəmi-Məkkəyə daxil olmaq qüslü.
15. Məkkəyə daxil olmaq qüslü.
16. Kə`bə evinin ziyarəti qüslü.
17. Kə`bəyə daxil olmaq qüslü.
18. Nəhr və zibh üçün qüsl.
19. Həlq üçün edilən qüsl.
20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü.
21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü.
22. Peyğəmbər (s.ə.v.v.)-in məscidinə daxil olmaq qüslü.
23. Peyğəmbər (s.ə.v.v.)-in pak qəbrinin vida qüslü.
24. Düşmənlə mübahilə üçün edilən qüsl.
25. Dünyaya təzə gələn uşağa verilən qüsl.
26. İstixarə üçün edilən qüsl.
27. İstisqa üçün edilən qüsl.
Məsələ 635: Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər bəyan ediblər ki, onlardan bə`ziləri bunlardır:
1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl.
2. Zilhəccənin 24-cü gününün qüslü.
3. Novruz bayramının, şə`banın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qə`dənin 25-ci gününün qüslü.
4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü.
5. Məst halda yatan şəxsin qüslü.
6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir.
7. Yaxından, və ya uzaqdan, mə`sumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəbb olması sübuta yetməyib: bu qüslləri yerinə yetirmək istəyən şəxs qəsdi-rəca ilə əmələ gətirməlidir.
Məsələ 636: Əgər insan 634-cü məsələdə zikr edilən müstəhəbb qüslləri kimi şər`ən müstəhəbb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma 435-ci məsələdə deyildiyi rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz.
Məsələ 637: Əgər bir şəxsə bir neçə qüsl müstəhəbb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsülla kifayətlənmək məhəlli-işkaldır.

TƏYƏMMÜM
Yeddi yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır:

Birincisi suyun olmamasi
Məsələ 638: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir.
Məsələ 639: Əgər dörd tərəfin bə`zisi hamar, bə`zisi alçaq-hündür olsa, gərək hamar olan yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış aparsın.
Məsələ 640: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.
Məsələ 641: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında «suyu yoxdur» deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, oraya getməsi gərək deyil.
Məsələ 642: İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər.
Məsələ 643: Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yə`ni, düşdüyü yerdə) və ya qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir. Amma əgər əvvəllər bir halda su olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil.
Məsələ 644: Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, namazın vaxtına kimi də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su axtarsın.
Məsələ 645: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb odur ki, təzədən su axtarmağa getsin.
Məsələ 646: Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış aparması lazım deyil.
Məsələ 647: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.
Məsələ 648: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.
Məsələ 649: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, namazı səhihdir.
Məsələ 650: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa, və namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır.
Məsələ 651: Əgər namaz vaxtından qabaq dəstəmazlı olsa və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər.
Məsələ 652: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir.
Məsələ 653: Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, müstəhəbb ehtiyat o namazı qəza etməkdir.

Təyəmmümün əsaslarından ikincisi-suyu əldə edə bilməmək
Məsələ 654: Qocalıq və bacarıqsızlıq, oğrudan, vəhşi heyvanların qorxusundan və yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin.
Məsələ 655: Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi şeylər lazımdırsa, satın almaq və ya kirayə etmək məcburiyyətində qalsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa belə, onları tə`min etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış olsalar da, hökm eynidir. Amma əgər suyu tə`min etmək üçün, onun vəziyyətinə zərər verəcək qədər pul verməlidirsə, tə`min etməsi vacib deyildir.
Məsələ 656: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib deyildir.
Məsələ 657: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.
Məsələ 658: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.

Təyəmmümün əsaslarından üçüncüsü suyun işlədilməsindən törənən qorxu
Məsələ 659: Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.
Məsələ 660: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.
Məsələ 661: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi nigarançılığa səbəb olsa, bu hal istisnadır.
Məsələ 662: Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.

Təyəmmümün əsaslarından dördüncüsü-məşəqqət və çətinlik
Məsələ 663: Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən dözülə bilməyən dərəcədə zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm edə bilər. Amma əgər dözərək dəstəmaz alsa, ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir.

Təyəmmümün əsaslarından beşincisi-susuzluğu yatırmaq üçün suya ehtiyac
Məsələ 664: Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu səbəbə görə təyəmmümün caizliyi iki haldadır.
1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;
2-Özündən başqa, onunla bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa.
Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir.
Məsələ 665: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.

Təyəmmümün əsaslarından altıncısı-dəstəmaz və ya qüsl bunlardan daha mühüm və ya bunlarla bərqərar olan bir təkliflə zidd olarsa
Məsələ 666: Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.
Məsələ 667: İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.

Təyəmmümün əsaslarından yeddincisi-vaxtın darlığı
Məsələ 668: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.
Məsələ 669: Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər tə`xirə salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın qəzasını qılmaq ehtiyat-müstəhəbbdir.
Məsələ 670: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən şəxs, təyəmmüm etməlidir.
Məsələ 671: Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.
Məsələ 672: Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, yaxşı olmasına baxmayaraq sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil.
Məsələ 673: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır.

ÜZƏRINƏ TƏYƏMMÜM ETMƏK SƏHIH OLAN ŞEYLƏR
Məsələ 674: Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəbbdir ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin və əgər torpaq yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da mümkün olmasa quma, o da olmadığı təqdirdə, daşa təyəmmüm etsin.
Məsələ 675: Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa təyəmmüm etmək səhihdir. Amma ixtiyar halında onun üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbbdir. Həmçinin ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq kimi mə`dən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır.
Məsələ 676: Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. Əgər palçıq da tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunların heç biri tapılmasa, namazı təyəmmümsüz qılması ehtiyat-müstəhəbbdir. Amma bu namazın qəzasını yerinə yetirmək vacibdir.
Məsələ 677: Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa təyəmmüm etmək batildir.
Məsələ 678: Suyu olmayıb, qar və ya buzu olan bir şəxs, mümkün olduğu təqdirdə, onu əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əlindəki rütubətlə başa və ayağa məsh çəkməsi, əgər bu da mümkün deyilsə, buz və ya qara təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır. Hər iki halda qəzasını qılması lazımdır.
Məsələ 679: Əgər torpağa və quma, təyəmmümün edilməsi batil olan bir şey qatılıbsa, o torpağa və quma təyəmmüm edə bilməz. Amma əgər o şey, torpağın və ya qumun tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, o torpağa və quma təyəmmüm səhihdir.
Məsələ 680: Üzərinə təyəmmüm edəcəyi bir şeyi yoxdursa, mümkün olduğu təqdirdə, satın almaq və bu kimi yolla tə`min etməlidir.
Məsələ 681: Palçıqdan olan divara təyəmmüm səhihdir. Müstəhəbb ehtiyat odur ki, quru yer və torpaq olan yerdə, yaş yer və torpağa təyəmmüm etməsin.
Məsələ 682: Təyəmmüm edilən şey şər`ən gərək pak olsun. Vacib ehtiyata görə, ürfən də gərək təmiz olsun, yə`ni iyrəncliyə səbəb olan bir şeyə qarışmasın. Əgər təyəmmüm etməsi səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək (sonradan) onun qəzasını əmələ gətirsin. Daha yaxşı odur ki, namazı vaxtında da qılsın. Amma əgər toz-torpaqlı xalça və bu kimi şeylərə növbə çatsa, əgər onlar nəcisdirsə, vacib ehtiyat odur ki, onunla təyəmmüm etsin, namazı qılsın, sonradan namazın qəzasını da qılsın.
Məsələ 683: Əgər bir şeyin, üzərinə təyəmmüm etməyin səhih olduğuna əmin olaraq təyəmmüm edərsə, sonra da onunla təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə qılmış olduğu namazları yenidən qılmalıdır.
Məsələ 684: Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb edilmiş torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir.
Məsələ 685: Qəsbi fəzada təyəmmüm batil deyildir. Demək əgər öz mülkündə əllərini yerə vursa və icazəsiz başqasının mülkünə daxil olub əllərini alnına çəksə, günah etməsinə baxmayaraq, onun təyəmmümü səhih olar.
Məsələ 686: Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qafil olaraq üzərinə təyəmmüm edərsə, səhihdir. Amma əgər bir şeyi özü qəsb edərsə və qəsb etdiyini unudaraq üzərinə təyəmmüm edərsə, təyəmmümünün səhih olması məhəlli-işkaldır.
Məsələ 687: Bir kəs qəsb edilmiş yerdə həbs edilsə, əgər oranın suyu və torpağının hər ikisi də qəsbidirsə, təyəmmümlə namaz qılmalıdır.
Məsələ 688: Lazım-ehtiyata əsasən üzərinə təyəmmüm etdiyi şeyin əldə qalacaq qədər tozu olmalı və ona əlini vurduqdan sonra, əlini, onda qalan tozun hamısı töküləcək şəkildə şiddətlə çırpmamalıdır.
Məsələ 689: Çala yerə, yol torpağına, üzünü duz tutmamış şoran yerə təyəmmüm etmək məkruhdur. Əgər onun üzünü duz tutsa, batildir.

DƏSTƏMAZ VƏ QÜSL ƏVƏZINƏ TƏYƏMMÜMÜN QAYDASI
Məsələ 690: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir:
1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
2) Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur ki, əlləri qaşların üstünə çəksin.
3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə yetirsin.
Məsələ 691: Təyəmmümün – istər dəstəmaz əvəzi olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ gətirilməsi ehtiyat müstəhəbbdir: Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.

TƏYƏMMÜMÜN HÖKMLƏRI
Məsələ 692: İstər qəsdən, istərsə məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım deyildir. «Alının və əllərinin arxasının tamamilə məsh edilmişdir» deyilərsə, kifayətdir.
Məsələ 693: Əgər əllərinin arxasına tamamilə məsh etdiyinə yəqin olmasa, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına məsh etməsi lazım deyildir.
Məsələ 694: Alına və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında «təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.
Məsələ 695: Niyyət zamanı təyəmmümün qüsl əvəzi və ya dəstəmaz əvəzi olmasını müəyyən etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini tə`yin etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü səhihdir.
Məsələ 696: Təyəmmüm edərkən yaxşı olmağına baxmayaraq, alının və əllərin içi və arxasının pak olması lazım deyil.
Məsələ 697: İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər alında və ya əllərin içində və arxasında maneə olsa, məsələn, bir şey onlara yapışmış olsa, gərək onu aradan qaldırsın.
Məsələ 698: Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə, gərək əlini onun üstünə çəksin. Habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya bu kimi şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun, sonra alına və əllərinin üstünə çəksin. Amma əgər onun bir hissəsi açıq olsa, o qədəri yerə vurub, elə onunla məsh etməsi kifayətdir.
Məsələ 699: Əgər alın və əlin arxası adi qaydada tüklü olsa eybi yoxdur. Amma əgər başın tükü, alnın üzərinə düşsə, onu yana vurmalıdır.
Məsələ 700: Əgər insan, alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna ehtimal versə və onun bu ehtimalı camaatın nəzərində doğru bir ehtimal olarsa, maneə olmadığına əmin oluncaya qədər araşdırmalıdır.
Məsələ 701: Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təklikdə təyəmmüm edə bilməsə, başqa birisindən yardım diləməlidir. Bu zaman yardımçı onun əllərini təyəmmümün səhih olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə qoymalıdır ki, mümkün olduğu təqdirdə onun özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəksin. Əgər bu mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin arxasına çəkməlidir. Bu iki təqdirdə, lazım-ehtiyat olaraq hər ikisi də təyəmmümün niyyəti etməlidir. Amma birinci surətdə, mükəlləfin öz niyyəti kifayətdir.
Məsələ 702: Təyəmmüm əsnasında, təyəmmümün bir qismini unudub-unutmadığında şəkk edərsə, onun məhəlli keçmişdirsə, şəkkinə e`tina etməməlidir. Əgər məhəlli keçməmişdirsə, o bölümü yerinə yetirməlidir.
Məsələ 703: Sol əlini məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etmədiyində şəkk edərsə, təyəmmümü səhihdir. Amma əgər şəkk, sol əlinin məshində olarsa, onu məsh etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn; təharətli olmağın şərt olduğu bir əmələ başlamışdırsa, yaxud ardıcıllıq pozulmuş olarsa, onu məsh etməsi lazım deyil.
Məsələ 704: Vəzifəsi təyəmmüm olan şəxs, namazın tamam vaxtında üzrünün aradan gedəcəyindən ümidsiz olsa, yaxud tə`xirə salarsa vaxt daxilində təyəmmüm edə bilməyəcəyinə ehtimal versə, namaz vaxtından əvvəl təyəmmüm edə bilər. Əgər başqa bir vacib, yaxud müstəhəbb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmən təyəmmümlə namaz qıla bilər.
Məsələ 705: Vəzifəsi təyəmmüm olan şəxs, əgər vaxtın axırına qədər üzrünün qalacağını bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla bilər. Amma əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, gözləyib dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla bilməz. Amma əgər tez təyəmmümlə namaz qılmadıqda vaxtın axırına qədər hətta təyəmmümlə belə, namaz qıla bilməməsinə ehtimal versə, (əvvəl vaxtda) təyəmmümlə qıla bilər.
Məsələ 706: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, əgər üzrünün aradan getməsindən ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Amma üzrü aradan getdikdən sonra, o namazları dəstəmaz və ya qüsl ilə yenidən qılması ehtiyat vacibdir. Əgər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq, qəza namazlarını təyəmmümlə qıla bilməz.
Məsələ 707: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, gecə və gündüz nafilələri kimi, müəyyən vaxtları olan müstəhəbb namazları təyəmmümlə qıla bilər. Amma onların vaxtlarının sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq onları, vaxtlarının əvvəlində yerinə yetirməməlidir. Amma müəyyən vaxtları olmayan namazları isə hər bir halda təyəmmümlə qıla bilər.
Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin