Məsələ 1578: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, vacib ehtiyata əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s.ə.v.v) və imamlara (ə) nisbət verməsin. Məsələ 1579: Əgər düz olmasına e`tiqadlı olduğu bir şeyi Allah, ya Peyğəmbər qövlündən nəql etsə və sonra yalan olduğunu başa düşsə, orucu batil olmaz. Məsələ 1580: Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin. Məsələ 1581: Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s.ə.v.v) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, lazım ehtiyata əsasən orucu batil olur. Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur. Məsələ 1582: Əgər oruc tutandan «Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz buyurmuşdurmu» deyə soruşsalar «yox» əvəzinə qəsdən «bəli» desə, yaxud «bəli» əvəzinə qəsdən «yox» desə, lazım ehtiyata əsasən orucu batil olur. Məsələ 1583: Əgər Allahın və Peyğəmbər (səlləllahu ələyhi və alih)-in adından düz sözü desə də, sonra «yalan demişəm» desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, «dünən gecə dediyim söz düzdür» ehtiyata əsasən, orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.
5. TOZU BOĞAZA ÇATDIRMAQ Məsələ 1584: Vacib ehtiyata əsasən, qatı tozu boğaza yetişdirmək orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun. Məsələ 1585: Qatı olmayan tozun boğaza yetişdirmək orucu batil etmir. Məsələ 1586: Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib ehtiyata əsasən orucu batil olar. Məsələ 1587: Vacib ehtiyat odur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın. Məsələ 1588: Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma əgər boğazına yetişməyəcəyini zənn etmişdirsə, o günün orucunu qəza etməsi daha yaxşıdır. Məsələ 1589: Əgər oruc olduğunu unudub, diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz. Məsələ 1590: Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.
6. SÜBH AZANINA QƏDƏR CƏNABƏT, HEYZ VƏ NİFAS HALINDA QALMAQ Məsələ 1591: Əgər cünub olan şəxs, Ramazan ayında qəsdən sübh azanına qədər qüsl etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yoxsa üqubət (cəza) orucu olması mə`lum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə tutacaq orucu mafizzimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir. Məsələ 1592: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs sübh azanına qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir. Məsələ 1593: Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəbb orucda, cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər. Məsələ 1594: Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir. Məsələ 1595: Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç, ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin. Məsələ 1596: Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs, özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir. Məsələ 1597: Əgər qüsl üçün vaxt olmadığını bilsə və özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü tə`xirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir. Məsələ 1598: Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat vacibə görə qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, qəza və kəffarə də ona vacib olur. Məsələ 1599: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, belə ki, yenidən yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına ehtimal versə, yata bilər. Məsələ 1600: Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub, bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir.
Məsələ 1601: Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olarsa, əgər yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur. Məsələ 1602: Ramazan ayı gecəsində cünub olan və yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatarsa və sonra oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də lazım ehtiyat odur ki, eyni hökmü daşıyır. Məsələ 1603: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olarsa və ya ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməlidir, kəffarə də verməsi ehtiyat müstəhəbbdir. Məsələ 1604: İnsanın mühtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna əsasən, əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki məsələdə deyildiyi kimi, gərək o günün orucunu qəza etsin. Məsələ 1605: Əgər oruc tutan gündüz mühtəlim olsa, dərhal qüsl etməsi vacib deyil. Məsələ 1606: Ramazan ayında, sübh azanından sonra oyanıb mühtəlim olduğunu görərsə, azandan qabaq mühtəlim olduğunu anlasa belə, orucu səhihdir. Məsələ 1607: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, mühtəlim olduğunu görərsə və sübh azanından qabaq mühtəlim olduğunu anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər. Məsələ 1608: Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya təyəmmüm etməsə, ehtiyat vacibə görə o günü oruc tuta bilməz. Məsələ 1609: Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir. Məsələ 1610: Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir. Məsələ 1611: Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa və qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir. Məsələ 1612: Əgər qadın, sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud gün arasında heyz ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir. Məsələ 1613: Əgər qadın, heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir. Məsələ 1614: Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməzsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da etməlidir. Amma əgər səhlənkarlıq etməzsə və məsələn; qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir. Məsələ 1615: Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 394-cü məsələsində deyildiyi şəkildə əməl etməsə də belə, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir. Məsələ 1616: Məss-meyyit edən şəxs, yə`ni bədəninin bir yerini meyyitin bədəninə toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyyitə məss etsə də, orucu batil olmaz.
7. İMALƏ ETMƏK (KLİZMA) Məsələ 1617: Axıcı şeylə imalə etmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edər.
8. QUSMAQ Məsələ 1618: Hərgah oruc tutan qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin çarəsizliyindən olsa da, orucu batildir. Amma əgər ixtiyarsız və ya səhvən qussa, eybi yoxdur. Məsələ 1619: Əgər gecə, gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi yeyərsə, orucu səhihdir. Məsələ 1620: Əgər oruc tutan qusmasının qarşısını ala bilsə, əgər onun təb`inə hadis olmuşsa, qarşısını alması lazım (vacib) deyil. Məsələ 1621: Oruc tutan kimsənin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə çıxarmalıdır. Amma əgər qusmanın ona zərəri, ya da artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur. Məsələ 1622: Əgər oruc tutan səhvən bir şeyi udsa və mə`dəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mə`dəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir. Məsələ 1623: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur. Məsələ 1624: Əgər oruc tutan bir şəxs, gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.
ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ Məsələ 1625: Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, orucu batil edən şeylərdən bə`zisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şər`i bir dəlilə istinadı olsa və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz. Məsələ 1626: Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə xəyal etsə ki, orucu batil olubdur və qəsdən ikinci dəfə o işlərdən görsə, keçən məsələdəki hökm ona da aid olar. Məsələ 1627: Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma əgər onu, orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn; əgər ona «yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik» desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında da ehtiyat vacibə görə batil olur. Məsələ 1628: Oruc tutan, kiminsə bir şeyi onun boğazına tökəcəyini, ya özünün orucunu batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən görsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, lazım ehtiyata əsasən, eyni hökmü daşıyır.
ORUC TUTANA MƏKRUH OLAN ŞEYLƏR Məsələ 1629: Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır: 1. Dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və gözə sürmə çəkmək. 2. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş. 3. Buruna dərman tökmək–əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, caiz deyildir. 4. Ətirli bitkiləri iyləmək. 5. Qadının suda oturması. 6. Fitil işlətmək. 7. Bədəndə olan paltarı islatmaq. 8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək. 9. Yaş çöplə dişləri təmizləmək. 10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi axan şey almaq. Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.
QƏZA VƏ KƏFFARƏ VACİB OLAN HALLAR Məsələ 1630: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə batil edərsə (pozarsa), bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Amma bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq kəffarə də verməsi ehtiyat-müstəhəbbdir. Məsələ 1631: Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq e`tiqadı olduğu halda edərsə, ona kəffarə də vacib olmaz. Həmçinin, həddi-büluğun əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü eynidir.
ORUCUN KƏFFARƏSİ Məsələ 1632: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç kiloqram) təam yə`ni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir. Məsələ 1633: Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur. Məsələ 1634: İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır. Məsələ 1635: Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs, əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl tutmalıdır. Məsələ 1636: Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyildir. Üzrün aradan qalxmasından sonra orucların qalanını yerinə yetirər. Məsələ 1637: Əgər orucunu haram şeylə batil etmişsə, istər o şey şərab və zina kimi əslində (zatən) haram olsun, istərsə də insana külli zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi müəyyən bir səbəb üzündən haram olsun, bir kəffarə kifayətdir, amma müstəhəbb ehtiyat odur ki, cəm kəffarəsi versin, yə`ni bir qul azad etsin, iki ay oruc tutsun və altmış fəqiri doydursun, yaxud onların hər birinə bir müdd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin. Məsələ 1638: Əgər oruc tutan, Allaha və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)-ə qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma müstəhəbb ehtiyat odur ki, kəffarə versin. Məsələ 1639: Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir. Məsələ 1640: Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini görsə, sonra isə öz halalı ilə yaxınlıq etsə, hər ikisi üçün bir kəffarə kifayətdir. Məsələ 1641: Əgər oruc tutan, orucu batil edən halal işlərdən birini görsə, məsələn su içə və sonra orucu batil edən haram bir işi görsə, məsələn, haram yemək yesə, (hər ikisi üçün) bir kəffarə kifayətdir. Məsələ 1642: Əgər oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, ehtiyat vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və o, onu udarsa, yaxşı olar ki, cəm kəffarəsi versin. Məsələ 1643: Müəyyən bir gündə oruc olacağını nəzr etsə, əgər o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzrin pozması kəffarəsində izah olunacaq. Məsələ 1644: Əgər oruc tutan, sözünə əmin olmadığı bir şəxsin «iftar oldu» deməsi ilə orucunu yeyərsə, sonra da iftar olmadığını bilərsə və ya iftar olub-olmadığında şəkk edərsə, qəza və kəffarə ona vacib olur. Əgər onun sözünün höccət olmasına e`tiqadı varmışsa yalnız qəza etməsi lazımdır. Məsələ 1645: Qəsdən orucunu batil edən şəxs, əgər zöhrdən sonra səfərə çıxsa, yaxud kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir. Məsələ 1646: Oruc tutan şəxs, qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbbdir, xüsüsilə dərman vasitəsilə heyz, yaxud xəstəliyi icad etmiş olarsa. Məsələ 1647: Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şə`banın son günü olması mə`lum olsa, ona kəffarə vacib deyildir. Məsələ 1648: Əgər insan, Ramazanın son günü, yoxsa Şəvval ayının əvvəl günü olduğunda şəkk etdiyi bir gündə, qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü olduğu mə`lum olarsa, ona kəffarə vacib olmaz. Məsələ 1649: Oruc tutan şəxs, Ramazan ayında oruc olan xanımı ilə cima edərsə, belə ki, xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur. Məsələ 1650: Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, vacib deyildir ki, ərinin orucunun kəffarəsini versin. Məsələ 1651: Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Müstəhəbb ehtiyat odur ki, kişi iki kəffarə versin. Məsələ 1652: Əgər oruc tutan, Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyildir. Məsələ 1653: Əgər kişi öz arvadını, yaxud arvad öz kişisini cimadan başqa orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir. Məsələ 1654: Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil. Məsələ 1655: İnsan gərək kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməsin, amma lazım deyildir ki, dərhal onu yerinə yetirsin. Məsələ 1656: Əgər insana kəffarə vacib olsa və bir neçə il onu yerinə yetirməsə, ona bir şey əlavə edilməz. Məsələ 1657 : Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan bir şəxs, əgər altmış fəqirin hamısını tapmağa imkanı olarsa, onların sayını azaldıb həmin qədər kəffarəni onlara verə bilməz, məsələn, otuz fəqirin hər birinə iki müdd təam verərək buna kifayət edə bilməz. Lakin, fəqirin hər bir əhli-əyalı üçün, səğir (kiçik) olsalar da, bir müdd təam o fəqirə verə bilər. Fəqir şəxs də ailənin vəkaləti və ya onlara (səğir olsa) vilayət (qəyyumluq) haqqına əsasən, qəbul edə bilər. Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat vacibə görə hər vaxt imkanı olsa, digər otuz fəqir də hər birinə bir müdd təam versin. Məsələ 1658: Ramazan ayının orucunun qəzasını tutan şəxs, əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, gərək on fəqirin hər birinə bir müdd təam versin və əgər verə bilməsə, üç gün oruc tutsun.
ORUCUN ANCAQ QƏZASI VACİB OLAN YERLƏR Məsələ 1659: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası insana vacibdir və kəffarə vacib deyildir: 1. Ramazan ayı gecəsində cünub olan şəxsə, 1602-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan durmasa. 2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, 1551-ci məsələdə deyilənlərə əsasən; 3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, ya bir neçə gün oruc tutarsa. 4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu mə`lum olarsa; 5. «Sübh olmayıb» deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu mə`lum olarsa; 6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu mə`lum olarsa; 7. Sözü onun üçün şər`ən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra iftar vaxtı olmadığı mə`lum olarsa; 8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ iftar vaxtı olmadığı mə`lum olarsa; amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu zənn edib iftar edərsə, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata əsasəndir. 9. Susuzluq cəhətindən məzməzə edərsə, yə`ni, ağzında suyu dolandırarsa və bu əsnada ixtiyarsız olaraq udarsa, amma əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəbb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur. 10. Bir kəs ikrah (məcbur edilmə), ya zərurət, ya təqiyyə cəhətindən iftar etsə və ikrah və təqiyyə cəhətindən yemək, içmək və cima hallarında olsa; həmçinin bunlardan qeyrisində ehtiyat vacibə əsasən (qəza vacibdir). Məsələ 1660: Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyildir. Məsələ 1661: Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha yaxşıdır. Məsələ 1662: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir, amma əgər bu halda məzməzə etsə, su boğazına getməsə, ehtiyat vacibə görə onun qəzası lazımdır. Məsələ 1663: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün mə`lum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması mə`lum olsa, qəza lazım deyildir. Məsələ 1664: İnsan axşam olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma əgər sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.