ETİBARSIZ MİLLƏT
(Aşqabaddan)
Aşqabad şəhərində iyirmi minədək müsəlman var. Bunların çoxu Qafqaz türkü olub, Şəki, Şirvan, Qarabağ və qeyri şəhərlərdən gəlmədirlər. Qalanıysa iranlıdır. Əcnəbilər bura müsəlmanlarını bir-birindən ayırmayaraq hamısına “pers” deyirlər. Özlərini də etibarsız və alçaq bir camaat hesab edirlər. Buna səbəb budur ki, məhəl “Aşxabad” qəzetəsinin hansı nömrəsini ələ götürdükdə bu “pers”lərin “hünər”lərindən bir şey gözə tullanır. Məsələn, filan küçədə oğurluq olub, filan “pars”lar tutulub; “pars” küçədən ötən arvadlara sataşır; bazarda “pars” davası düşdü, bir neçə adam yaralandı; “pars” filan oğlan uşağının namusuna toxunmaq istəyirmiş… Və qeyri bunun kimi əhvalat hər gün eşidilir. Böylə olan surətdə hər kəs özünü bu “pars”lardan uzaq tutmağı, bunların şərarət[indən] hifz olunmağı müqəddəs işlərdən bilirlər. Hətta farsların özü bu “pars” sözündən ictinab edirlər. Bəhayi dininə mənsub iranlılar (babilər) dükanlarının elan lövhələrinə iri hərflər ilə “babist” kəlməsi yazmaq ilə yaxalarını kənara çəkiblər və bir rus sual etdikdə ki, siz “pars”sınızmı, “yox, biz baxayistik” (yəni, bəhayi) demək ilə fəxr edirlər. Halbuki bunlar hansı bir dinə mənsub olsalar, yenə farslıqlarından uzaq ola bilməzlər; dini dəyişmək olar, milləti dəyişmək olmaz. Türklərə gəldikdə, bunlar da bir qədər cəhd eləyir ki, “pars”lıqdan özlərini xilas eləsinlər. Bunların bəzisi öz dillərində danışmağı eyib hesab edir, salam verənə “izdrasti” deyir. Bəzisi müsəlmanlara bilmərrə qarışmır, adını dəyişib Nikolay İvanıçdan-zaddan qoyub, ömrünü əcnəbilər ilə keçirir və balalarını da türklüyə və müsəlmanlığa yaxın qoymur. Xülasə, zahirlərini, dolanışıq və adətlərini bilmərrə dəyişib, pərhizkar bir halətdə dolanırlar ki, bunlara “pars” deməsinlər. Çünki əcnəbi xanımlarının çoxusu “pars”lar ilə tanışlıq eləməyi binamusluq hesab edirlər.
Qəribə burasıdır ki, əcnəbilər ürəklərində ziyalılarımıza qarşı da bir etibarsızlıq bəsləyirlər. Məsələn, bir gimnazistimiz və ya qeyri arif cavanımız erməni qızı ilə gəzdikdə və ya mehriban rəftarda göründükdə təhdid kağızları biçarə cavanın başına yağ[dır]ılır və ya qıza qadağan olunur, bir də o cavan ilə gəzməsin. Qızların namusunu gözləmək gözəl işlərdən biridir, amma bunları təkcə müsəlmandan mühafizə eləmək bu millətin etibarsızlığına dəlalət edir.
Etibarsız millət əxlaqı pozğun və pis hərəkətli camaatdan ibarətdir. Millət mədəni bir hala gəlməsə, bu etibarsızlıqdan xilas ola bilməz, milli məktəblərimiz və teatromuz tərəqqi etməsə, düzgün əxlaqlı adamlarımızın sayı artmasa, bu ad həmişəlik üstümüzdə qalacaq. Yaxa qırağa çəkib, “yox, mən müsəlman deyiləm”, – demək ilə işlər düzəlməyəcək. Gərək öz xoş hərəkətimiz ilə isbat edək ki, müsəlmanlığın buraya dəxli yoxdur. Adam öldürməyi, quldurluğu, oğlan uşaqlarının namusuna sataşmağı murdar hərəkətlərdən bilib, Qur’anımız çoxdan qadağan edib. Bu hərəkətlərin aramızda davam etməyinə səbəb tərbiyəsizlikdir, ayrı bir şey deyil. Tərbiyəmiz olsa idi, ümumun rəğbətini qazanmağa çalışardıq, əfkari-ümumiyyəni öz ətrafımıza döndərərdik. Erməni milləti əfkari-ümumiyyəni bir vasitə eləyib, cəmi milli məsələlərini böyük qüvvə ilə həll eləyir. Ümumun da hüsni-təvəccöhünü qazanmaq üçün millətin həmişə gərək yaxşı tərəfləri göstərilsin, tərəqqi məhsulları ortalığa çıxsın, ədəbiyyatı, teatrosu, məktəbləri, cəmiyyəti-xeyriyyələri, fikirli adamları gərək göz qabağına gətirilsin. Böylə olmasa, milləti tanımazlar, onun hörmətini gətirməzlər, dərdinə də yanan olmaz.
Bu yolda biz əsla çalışmırıq, bəlkə, millətə yeni bir rəğbətsizlik qazanırıq. Məsələn, bir neçə gün bundan əqdəm Aşqabad gimnaziyasında valideyn komitəsinin cələsəsi olurmuş. Şagirdlərə dair məsələlər müzakirəyə qoyulduqda bir doktor ayağa qalxır, deyir: “Biz gərək “pars”lar ilə mübarizə edək, bunlar oğlan uşaqlarımızı yoldan çıxardırlar, namuslarına sataşırlar… Dəxi bundan alçaq əxlaqi pozğunluq olmaz ki, törədirlər…”
Sonra əxlaqsızların adları çəkilir. Əlbəttə, hamısı müsəlman qardaşlarımızdan olur. Çox heyflər olsun ki, bu murdar şəxslərin içində bir millətpərəst adlanan adamın da adı yadavər olunur. Ol adamdır ki, hərdən mətbuat vasitəsilə bu çirkin işi pislər, özünü pak damənliyə çıxartmaq istər…
Heyf bizə ki, böylə “millətpərvərlərimiz” var! Heyf bizim mətbuata ki, əxlaqı pozğunlar onun kölgəsində gizlənirlər! Heyf bizim əziz millətimizə ki, şan və şövkətini itirib etibarsız və hörmətsiz bir hala gəlmişdir.
Yusif bəy Vəzirov
Dostları ilə paylaş: |