Kafedra: "İctimai elmlər" Fakültə: Humanitar Fənnlər



Yüklə 449,18 Kb.
tarix02.01.2022
ölçüsü449,18 Kb.
#47535
Tarix Xədicə


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ

Sərbəst iş


Kafedra: “İctimai elmlər”

Fakültə: Humanitar Fənnlər

İxtisas: Sosial İş

Fənn: Azərbaycan tarixi

Kurs: 1


Qrup: 212807A

Mövzu: “20 Yanvar faciəsi”

Müəllim: Aybəniz Quliyeva

Tələbə: Xədicə Bayramova



Bakı-2021

20 Yanvar faciəsi 1990-cı il...



Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan hünərvərlərimiz öz sinələrini sovet tankları qarşısında sipərə çevirməklə Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu, xəyanətlərə qarşı barışmazlığını bir daha sübuta yetirdilər.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutuldu. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxan yüzlərlə silahsız insan, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yaralandı, itkin düşdü. İnzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vuruldu.
SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin həmin gün birgə həyata keçirdiyi amansız əməliyyat nəticəsində təkcə Bakı şəhərində 130-dan çox mülki şəxs öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 20 Yanvar qətliamı ilə tarixin yeni mərhələsində Azərbaycan xalqına qarşı yeni faciələr silsiləsinin əsasını qoyan sovet hakimiyyəti bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, Xocalı soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyondan artıq soydaşımız zorla öz yurd-yuvalarından qovularaq didərgin düşmüşlər.
Ən dəhşətlisi isə budur ki, sonrakı faciələrimiz kimi 20 Yanvar faciəsinin törədilməsində də “sapı özümüzdən olan baltalar”ın xidmətlərindən gen-bol istifadə edilirdi. Mərkəzin dəstəyinə arxalanaraq vəzifə statusunu qorumaq, yeni imkanlar əldə etmək naminə öz xalqına divan tutduran Ə.Vəzirovun, A.Mütəllibovun və o dövrdə respublika rəhbərliyində təmsil olunan, xalqın taleyinə biganə qalan bəzi şəxslərin günahını tarix heç zaman bağışlamayacaqdır. Eyni zamanda, hakimiyyət ambisiyası ilə əliyalın xalqı təpədən-dırnağa qədər silahlanmış azğın canilərlə üz-üzə qoyan, Bakı küçələrində cığır açmış insan qanının onları hakimiyyətə aparacağını düşünərək kütlə psixologiyasının incə məqamlarından yararlanıb vətəndaşları hər cür təxribatlara çəkən, onların imperiyaya nifrətini, ümman kimi kükrəyən istiqlal duyğularını öz məqsədlərinə yönəldən meydən “qəhrəmanları” da tarixin mühakiməsindən yayına bilməyəcəklər.
Onlar yalnız meydandan qaça bilərlər və 20 Yanvar gecəsi Bakı küçələrində ilk güllələr vıyıldayanda da həmin kəslər çoxdan meydandan qaçıb gizlənmiş, xalqı öz faciəsi ilə baş-başa buraxmışdılar. İnsanları təxribatlara, qarşıdurmalara çəkib həlledici anlarda aradan çıxmağı sonrakı siyasi proseslərdə artıq ənənəyə çevirən bəzi siyasətçilər yeri düşən kimi bu təhlükəli ənənəni yenidən diriltmək təşəbbüsündə bulunurlar. Lakin bu gün püxtələşmiş, siyasi səviyyəsi yüksəlmiş xalq daha onlara inanmır. Onlar xalqın inamını, etimadını məhz 20 Yanvar faciəsi ilə itirməyə başladılar. Bu mənada 20 Yanvar faciəsi tariximizə təkcə qəhrəmanlıq salnaməsi yazmadı, həm də Azərbaycan xalqına ağı qaradan, pisi yaxşıdan seçməyi öyrətdi, millətimizi daha da müdrikləşdirdi. Bu isə Azərbaycanı yeni faciələrdən sığortalayır.
20 Yanvar hadisəsi o dövrdə müttəfiq respublikalarda başlanmış xalq hərəkatlarını qan dənizində boğmağa çalışan keçmiş SSRİ imperiyasına öldürücü zərbə oldu. Sovet rejimi 20 Yanvar faciəsi ilə özünün qəddar, qaniçən mahiyyətini bütün dünyada bir daha nümayiş etdirməklə artıq dayaqlarının laxladığını, iflasının labüdlüyünü, sovet ordusuna və sovet xalqının sarsılmaz vahid ailə olmasına inamın saxtalığını açıb göstərdi. Bu hadisə SSRİ-nin dağılmasına, təkcə Azərbaycanın deyil, digər milli respublikaların da imperiya buxovlarından qurtulmasına, azadlıq uğrunda mübarizə əzminin möhkəmləndirilməsinə stimul yaratdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görülmüş, ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Milli Məclisi hadisəyə siyasi və hüquqi qiymət vermiş, baş verən faciənin xalqın azadlıq və müstəqillik mübarizəsinə divan tutmaq məqsədilə törədildiyi vurğulanmışdır. 20 Yanvar faciəsi hər il dünya ölkələrində qeyd edilir və faciənin dəhşətli anları həmin ölkə xalqlarının bir daha nəzərinə çatdırılır.
20 Yanvar hadisələri qurbanlarının ailə üzvləri, bu hadisələrdən ziyan çəkənlər dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanına əsasən 20 Yanvar hadisələri zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” dövlət başçısının 15 yanvar 2003-cü il tarixli sərəncamına əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Ulu öndərimizin daxili və xarici siyasətini inamla davam etdirərək xalqın arzu və istəklərini reallaşdıran və vətəndaşların hüquqlarının qorunmasının qarantına çevrilən Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 300 (üç yüz) manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Artıq bir neçə ildən bəri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsində 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə müvafiq müavinət məbləğinin nəzərdə tutulması da ölkə rəhbərliyinin bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısının ifadəsidir.
20 Yanvarın Azərbaycan tarixindəki böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 3 yanvar 2005-ci il tarixdə bu faciənin on beşinci ildönümünün qeyd edilməsi münasibətilə sərəncam imzalamış, və hər il respublikamızın bütün şəhər, rayon və kəndlərində qanlı faciənin ildönümünə həsr edilmiş tədbirlər keçirilir.
Tarixin ibrət dərsləri unudulmamalıdır, daim yaddaşlarda yaşamalıdır. 20 Yanvar faciəsi şəhidlərinin ruhu qarşısında hər bir vətəndaş borcludur ki, onların uğrunda şəhid olduqları azadlıq ideyalarının bugünkü bəhrəsini, müstəqil Azərbaycan dövlətini qoruyub saxlasınlar. Azərbaycan dövlətinin qədrini bilsinlər, müstəqil dövlətimizin qanunlarına əməl etsinlər.
Şəhidlik şərəfinin simvolu kimi ucalan möhtəşəm abidələr bu gün xalqımızın ən müqəddəs and yeridir. Prezident İlham Əliyevin göstərişi və birbaşa nəzarəti altında Şəhidlər xiyabanı kompleksində aparılan əsaslı yenidənqurma və təmir işlərinin başa çatdırılması ölkə başçısının şəhidlərin müqəddəs ruhuna olan hörmət və ehtiramının bariz nümunəsidir. Xalq onun azadlığı, gələcəyi uğrunda canlarından keçmiş qəhrəmanlarını unutmur, onların xatirəsini daim uca tutur.



Qanlı yanvarın ibrət dərsləri 

Yanvar faciəsi tarixi yaddaşımıza kədərli hadisə kimi, hüznlü gün kimi, lakin bununla bərabər həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olmuşdur.Azərbaycan xalqı yüz illiyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi.Dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir.Xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı.

Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyi qazanması yolunda dönüş məqamı oldu.Xalq bu mərhələdən keçərək başa düşdü ki, əvvəlki həyata, yarımmüstəmləkə halında yaşamağa həmişəlik son qoyulmuşdur.Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı.

Yanvar faciəsinin müxtəlif cəhətlərinin dərindən dərk edilməsi və araşdırılmasının dövlətyaratma proseslərinin inkişafı üçün çox böyük əhəmiyyəti vardır.Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının ağır və əzablı yolunu uğurla keçmək üçün Yanvar faciəsini bütün təfərrüatı ilə bilmək və yadda saxlamaq lazımdır.Belə bir həqiqəti hamımız dərk etməliyik ki, dövlətin siyasəti xalqın mənafelərinə cavab verməli və onun dəstəyinə arxalanmalıdır.Yalnız bu halda biz yeni qurbanların qarşısını ala bilərik. O faciəli günlərin tarixi təcrübəsi sübut edir ki, düşmənlərin müstəqilliyimizə qarşı yönəlmiş fitnə və hücumlarının qabağını almaq üçün, hüquqi, demokratik dövlət qurmaq üçün ölkədə sabitliyi təmin etmək, xalqı sıx birləşdirmək, vətəndaşları ümummilli ideya ilə birləşdirmək gərəkdir. Siyasi mübarizə Konstitusiyanın tələblərinə uyğun şəkildə, hüquq normaları çərçivəsində aparılmalıdır.

80-ci illərin axırları, 90-cı illər sübut etdi ki, tarixi yaddaşsızlıq ciddi nəticələrə səbəb ola bilər və o, taleyüklü məsələlərin həllində qarşısıalınmaz sədlər yaradır. Ona görə də Azərbaycanın faciəli, bir çox cəhətdən ziddiyyətli və eyni zamanda qəhrəmanlıq tarixini öyrənərkən bu tarixin ibrət dərslərini nəzərə almaq və dəfələrlə faciələrə gətirib çıxarmış səhvləri təkrarlamamaq lazımdır.Bu, böyüməkdə olan nəsli əsl vətənpərvərlik və vətəndaşlıq ruhunda daha səmərəli tərbiyə etməyə, onlara gerçəkliyin tələblərini nəzərə almaq və konkret siyasi məqamın xüsusiyyətləri ilə hesablaşmaq bacarığı aşılamağa imkan verər.

Biz  dünya  ictimaiyyətinin Azərbaycan haqqında son dərəcə az məlumatı olduğunu yəqin etdik. Təəssüf ki, biz indiyədək xaricdə təşkilati cəhətdən möhkəm diaspor yaratmağa, güclü lobbi, milli icmalar formalaşdırmağa müvəffəq olmamışıq ki, onlar MDB, Qərb və Şərq ölkələrində mənafelərimizi qoruya bilsinlər.Bu, ümummilli vəzifədir və aktuallığını indiyədək itirməmişdir. Odur ki, kütləvi informasiya vasitələrinin, dövlət orqanlarının və ictimai qurumların geniş imkanlarından istifadə edərək, Azərbaycan haqqında məlumatı bütün dünyaya operativ surətdə, başlıcası isə – peşəkarlıqla yaymaq, Azərbaycan barədə həqiqəti danışmaq, ölkəmizdə gedən proseslərə dair obyektiv və qərəzsiz ictimai rəy yaratmaq lazımdır.



Bu, ona görə lazımdır ki, “Qara yanvar” bir daha heç zaman təkrar edilməsin.



Ədəbiyyat siyahısı

1) http://20january.az/az/view/article/8/facienin-analitik-tehlili

https://referatlar.wordpress.com/2011/01/17/20-yanvar-qanla-yazilan-tarix/
Yüklə 449,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin